Məhkəmə qərarları › İş №1(031)-53/2024

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-53/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-53/2024 04.12.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Siyəzən rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1987-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olan, evli, işsiz, Şabran şəhəri, Heydər Əliyev prospekti, ev 1, mənzil 29 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan və barəsində həbs növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla dəqiq müəyyən edilməyən miqdarda, vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi ümumi təmiz çəkisi 0,239 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla xeyli miqdarda hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz çəkisi 0,153 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla xeyli miqdarda hazırlanmış psixotrop maddə metamfetamini üstündə qanunsuz olaraq saxladıqdan sonra xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Şabran şəhəri, Heydər Əliyev prospektində tanışı X3 üstündə saxladığı təmiz çəkisi 0,239 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla xeyli miqdarda hazırlanmış narkotik vasitə heroini 5 manata qanunsuz olaraq satmış, həmin günü Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində davamlı keçirilən əməliyyat tədbirləri zamanı yaşadığı Şabran şəhəri, Heydər Əliyev prospekti ərazisində saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilib üzərində polis şöbəsində aparılan şəxsi axtarış zamanı onun əynində olan qara rəngli gödəkcənin sol iç qoltuq cibindən 3 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,040 qram, 0,067 qram və 0,046 qram, ümumi təmiz çəkisi 0,153 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla xeyli miqdarda hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, şəxsiyyət vəsiqəsində subay kimi göstərilsə də 2016-cı ildə X11 ilə evlənmiş və hazırda onların bu nikahdan 2 azyaşlı övladı vardır, ailəsi ilə birlikdə Şabran şəhərində yaşayır, əvvəllər 2 dəfə məhkum olunmuşdur. O, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Bakı şəhərində olan zaman tanımadığı şəxsdən ümumilikdə 4 ədəd bükümdə narkotik vasitə olan metamfetamini 20 manata almış və aldıqdan sonra Şabran şəhərinə qayıtmışdır. Aldığı 4 ədəd bükümdən 1 ədəd bükümü xx.xx.2024-cü il tarixdə Şabran şəhərində yaşadığı evin yaxınlığında yerləşən içərisində yarımtikili olan həyətdə istifadə etmişdir, istifadə etdiyi 1 ədəd yanmış falqa kəsiyini də üzərində saxlamışdır. Həmçinin digər 3 ədəd bükümü də üzərində şəxsi istifadəsi üçün saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 23:20 radələrində yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib polis şöbəsinə dəvət etmişdirlər. Polis şöbəsində olan zaman üzərində şəxsi axtarış aparılmış və əynində olan gödəkcənin sol iç cibindən 1 ədəd sarı rəngli plastik qabın içərisində saxladığı 3 ədəd içərisində narkotik vasitə olan bükümü və 1 ədəd içərisində narkotik vasitə istifadə etdiyi bükümü təqdim etmişdir. Təqdim etdiyi bükümlərə baxıldıqdan sonra ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və möhürlənib imzalanmışdır. Daha sonra onun və anasının razılığı və iştirakı ilə birlikdə narkotik vasitəni istifadə etdiyi ünvana baxış keçirilmiş və qanunsuz heç bir əşya aşkarlanmamışdır. Şəxsi axtarış və baxış zamanı videoçəkilişdən istifadə olunmuş və onun buna etirazı olmamışdır. Baxış bitdikdən sonra sənədləşmə üçün RPŞ-yə gəlmişlər. Ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməmişdir. Bundan başqa onun üzərinə Şabran RPŞdə yalnız müstəntiq tərəfindən şəxsi axtarış keçirildiyini, üzərindən aşkar olunmuş bükümlərdə metamfetamin olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını, həmin bükümləri Bakı şəhərində tanımadığı şəxsdən 20 manata aldığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, Kənan Orucəliyevə heroin satmadığını və onun üzərində aşkar olunanın heroin deyil, psixotrop maddə metamfetmin olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsə elan edilmiş Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid kimi dəvət edilmiş və dindirilmiş şahid X5 ifadəsində bildirmişdir ki, o narkotik vasitəni Xaçmaz şəhərinə tanımadığı şəxsi taksi sürücüsü kimi apardıqdan sonra həmin adamdan almışdır. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Şabran şəhəri Babək küçəsində piyada hərəkət edən zaman 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş və onu Şabran RPŞ-nin inzibati binasına dəvət etmişlər. Şabran RPŞ-də o, əynində olan qara rəngli gödəkcənin sol iç qoltuq cibindən 1 ədəd "Rothmans” markalı siqaret qutusunu çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin siqaret qutusunun içərisində 1 ədəd siqaret, həmçinin siqaret qutusunun üzlüyü olan sellofan üzlüyün içərisində olan 1 ədəd bükümdəki narkotik vasitəni təqdim etmişdir. Narkotik vasitəni tanımadığı şəxsdən Xaçmaz şəhərindən qayıdarkən almışdır. Şahid Kənan Orucəliyevin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə hazırkı ifadəsi ilə ziddiyət təşkil etdiyindən əvvəllər vermiş olduğu ifadəsi elan olunmuş və həmin ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Şabran şəhəri Babək küçəsində piyada hərəkət edən zaman 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş və xidməti vəsiqələrini göstərmiş, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Şabran RPŞ-nin inzibati binasına dəvət etmişdirlər. Şöbədə dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, onun hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya, narkotik varsa onları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli gödəkcənin sol iç qoltuq cibindən 1 ədəd "Rothmans” markalı siqaret qutusunu çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin siqaret qutusunun içərisində 1 ədəd siqaret, həmçinin siqaret qutusunun üzlüyü olan sellofan üzlüyün içərisində olan 1 ədəd bükümdəki narkotik vasitə aşkarlanmışdır. Həmin bükümdə narkotik vasitə olan heroin olmasını və həmin 1 ədəd bükümü xx.xx.2024-cü il tarixdə tutulmamışdan əvvəl Şabran şəhəri sakini olan tanışı Təqsirləndirilən şəxs 5 manat müqabilində aldığını bildirmişdir. Aşkarlanmış bükümə baxıldıqdan sonra ağ zərfə qoyulub qablaşdırılmış və zərfin üzəri onun tərəfindən imzalanmışdır. Şəxsi axtarış videoçəkilişlə aparılmış və buna etirazı olmamışdır. Ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməmişdir. Bundan başqa bildirmişdir ki, onun üzərinə Şabran RPŞ-də yalnız müstəntiq tərəfindən şəxsi axtarış keçirilmişdir. Üzərindən aşkarlanmış 1 ədəd bükümdə olan kütlə heroindir və həmin bükümü 5 manat müqabilində Təqsirləndirilən şəxs almış, sonuncu Şabran şəhər sakinidir və Heydər Əliyev prospektində yaşayır, Elvini çoxdan tanıyır və həmin şəxsin tam adı Təqsirləndirilən şəxsdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində X2 qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlamaqla daşımasında şübhəli olduğundan Şabran RPŞ-nin əməkdaşı Seymur Əliyev iştirakı ilə keçirilən tədbir zamanı xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Şabran şəhəri, Babək küçəsində piyada hərəkət edən zaman saxlanılaraq Şabran RPŞ-yə gətirilmişdir. Şabran RPŞ-də növbətçi hissəsində Kənan Orucəliyevə üzərində şəxsi axtarış keçirilməsi zamanı dəvət edilmiş, müdafiəçisi Şahin Abbasov da iştirak etmişdir. Şəxsi-axtarış video-çəkilişlə aparılmış və şəxsi axtarışa başlamazdan əvvəl Kənan Orucəliyevə narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamasında və gəzdirməsində şübhəli olması elan edilməklə, hüquq və vəzifələri izah edilməklə vəkil Şahin Abbasov ona təqdim edilmişdir. Kənana üzərində qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etməsi bildirilmiş, şəxsi axtarış zamanı Kənanın əynində olan qara rəngli gödəkçəsinin sol iç qoltuq cibindəki siqaret qutusunun üzlüyü olan sellofan üzlüyün içərisindən 1 ədəd büküm aşkarlanmış, Kənandan bükümdə olan kütlənin nə olması soruşulduqda, Kənan həmin bükümlərdə olan kütlələrin narkotik vasitə olan heroin olduğunu və həmin narkotik vasitəni Elvin adlı şəxsdən 5 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmiş, bundan sonra aşkar olunmuş 1 ədəd büküm kağız zərfə qoyularaq qablaşdırılmaqla götürülmüşdür. Bu barədə videoçəkiliş aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X13 eyniməzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixdə Şabran RPŞ İB-nin rəisi, polis kapitanı X8 tərəfindən ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işinin ayrılması barədə qərar qəbul edilərək istintaqı aparılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Şabran RPŞ-nin İB-nin baş müstəntiqi, polis kapitanı Əli Abidli tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində həmin tarixdə 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Şabran RPŞ-nin İB-nin baş müstəntiqi, polis kapitanı Əli Abidli tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolla müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Təklifdən sonra o, əynində olan qara rəngli gödəkcənin yan iç qoltuq cibindən 1 ədəd sarı rəngli plastik qab, 1 ədəd yaşıl rəngli və 1 ədəd gümüşü rəngli alışqan, həmin qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd “Nokia” markalı mobil telefon, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 manat və 10 qəpik pul çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Aşkar olmuş sarı rəngli plastik qaba baxıldıqda içərisindən 3 ədəd içərisində ağ rəngli kristallik kütlə olan gümüşü rəngli falqa bükümlər və 1 ədəd içərisi yanmış olan gümüşü rəngli falqa büküm aşkarlanmışdır. Aşkarlanmış 3 ədəd büküm elektron tərəzidə ölçülmüş və çəkisinin 0,27 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq narkotik vasitələrdən istifafdə etdiyini, üzərindən aşkarlanmış 3 ədəd bükümdə narkotik vasitə olan metamfetamin olduğunu və tanımadığı şəxsdən aldığını və 1 ədəd yanmış falqa bükümünün içərisində isə narkotik vasitə istifadə etdiyini bildirmişdir. Şabran RPŞ-nin İB-nin baş müstəntiqi, polis kapitanı Əli Abidli tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokolla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni istifadə etdiyi yerə baxış keçirilməsinə dair təklif edilən zaman etiraz etməmiş, bununla əlaqədar olaraq yazılı formada ərizə ilə razılıq vermiş, baxış keçiriləcək ərazinin sahibi X6 baxış keçirilməsinə etiraz etməmiş, bununla əlaqədar olaraq yazılı formada ərizə ilə razılıq vermişdir. ünvan 1 ünvansız torpaq sahəsinin qarşısına gəlinmiş və həmin ünvanda hazırda kiminsə olması soruşulduqda Alidə Nağıyeva baxış keçiriləcək ərazinin özünə məxsus olmasını və evin darvazasının açarının özündə olduğunu bildirib qapını açmışdır. Tədbirdə iştirak edən şəxslərin iştirakı ilə həyət darvazasından içəri daxil olunmuşdur. İçəri daxil olan zaman sağ tərəfdə yarım tikili yerləşdiyi, həmçinin həyət darvazasının qarşı tərəfində sağda da tikilinin olduğu müəyyən edilmişdir. Qeyd olunan hər iki tikiliyə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni istifadə etdiyi yeri göstərmişdir. Baxış zamanı qeyd olunan ərazidə hər-hansı qanunla qadağan edilmiş əşya və predmet aşkarlanmamışdır. İş üzrə Ədliyyə Nazirliyi MEM-in məhkəmə bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2502 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs - imza ... beş imza...” sözləri və imzalar qeyd edilmiş bir ədəd kağız zərfdəki 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,040 qram, 0,067 qram, 0,046 qram, ümumi çəkisi 0,153 qram olan ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. 1 ədəd yanmış gümüşü kağız parçası üzərində metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin çəkisini və bükümlərdəki metamfetaminlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ümumi təmiz çəkisi 0,153 qram olan metamfetamlərin 0,06 qram (hər biri 0,02 qram olmaqla) tədqiqata sərf edilmiş və qalıq 0,093 qram təşkil etmişdir. İş üzrə ekspertiza icraatından sonra qaytarılan 1 ədəd kağız zərfdəki 0,093 qram metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi hesab olunmuş, saxlanılması üçün Şabran RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. İş üzrə Məhkəmə-Narkoloji Ekspertizasının xx.xx.2024-cü il tarixli, 4917 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunmuş və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş üzrə şəxsi axtarış keçirilməsinə dair istintaq hərəkətinin görüntüləri əks olunmuş 1 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Həmin görüntülərdəki məlumatlar iş üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli axtarış və götürülmə aparılması haqqında protokolla eynilik təşkil edir. Bununla yanaşı iş materilaalrında əlavə olunmuş X2 üzərində şəxsi axtarış aparılması zamanı qeyd edilmiş videoçəkilişə baxış zamanı müəyyən edilmişdir ki, o, üzərindən aşkar edilmiş psixotrop maddəni Elvin adlı şəxsdən 5 manat müqabilində aldığını özü heç bir kənar təsir olmadan könüllü bildirmişdir. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Əliyev X12 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs Şabran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 7 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Şabran rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1 (031 )- 57/2021 nömrəli hökmündə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 228.4- cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa, Şabran rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(031)-20/2022 nömrəli hökmündə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 7 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəzanın çəkilməmiş hissəsi 9 ay 6 gün təşkil etməkdədir. İş üzrə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılan Təqsirləndirilən şəxs məlumatlarının sorğulanmasının çıxarışına əsasən onun 2-ci qrup əlilliyinin olduğu müəyyən olunmuşdur. İş üzrə Şabran rayon İcra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 90/23-29 nömrəli sorğuya cavab məktubundan görünür ki, X1 Rayon Məhkəməsinin 1(031)-60/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün surəti və hakimin göstərişi icra olunması üçün xx.xx.2023-cü il tarixdə Şabran rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Qeyd olunan hökm üzrə məhkum X5 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Şabran rayon ərazisi hüdudlarını tərk etməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsi tərəfindən hər hansı məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 3cü bəndinə əsasən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən cinayətin predmetinin narkotik vasitə, psixotrop maddə, prekursor, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddə olmasının, onların tibbi məqsədlər üçün istifadəyə yararlı olub-olmamasının, bitkilərin tərkibində narkotik maddələr olan bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən, həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Predmetin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, bitkinin tərkibində isə narkotik maddələr olması, habelə onların miqdarı dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında Cinayət Məcəlləsinin yuxarıda göstərilən maddələri ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin qərarın 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.2-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 234.2-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlaraia əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. ”Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 saylı Qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə əlavə şahid kimi dəvət edilmiş X2 məhkəmə istintaqı və ibtidai istintaqda verdiyi fərqli ifadələrə münasibətdə bildirir ki, Kənan Orucəliyevin məhkəmə istintaqında verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Şabran Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, 90/23-29 nömrəli məktubundan da görünür ki, xx.xx.2023-cü il tarixli, 1(031)- 60/2023 nömrəli hökmlə Kənan Orucəliyev barəsində azadlığın məhdudlaşdırılması cəzası tətbiq edilmiş və onun hərəkətlərinə nəzarət etmək üçün elektron nəzarət vasitəsi tətbiq edilmiş, lakin müvafiq məktubda onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Şabran rayonu ərazisi hüdudlarını tərk etməsi barədə məlumat əks olunmamışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, X2 ifadəsi təqsirləndirilən şəxsi müdafiə xarakter daşıyır. Belə ki, cəzaçəkmə müəssələrində narkotik vasitəni alan şəxs həmin narkotik vasitəni satan şəxsi ifşa edirsə cəzaçəkmə müəssəsində olan məhkumlar tərəfindən mənfi münasibətlə qarşılaşırlar. Bu səbədən məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadədən fərqli ifadə vermişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə dair məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadəsi kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs 2 azyaşlı övladının olmasını, ikinci qrup əlil olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən halla yanaşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (məhkumluğunun olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı vardır və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Şabran Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd kağız zərfdəki 0,093 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Şabran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 9 (doqquz) ay 6 (altı) gün hissəsi 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) gün azadlıqdan məhrum etməyə bərabər tutmaqla 4 (dörd) ay 18 (on səkkiz) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutun qalığı olan Şabran RPŞ-də saxlanılan 1 ədəd kağız zərfdəki 0,093 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair istintaq hərəkətinin görüntüləri əks olunmuş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X4, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar