Məhkəmə qərarları › İş №1(031)-53/2025

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-53/2025

03.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-53/2025 03.02.2026 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Tariyel Aydın oğlunun katibliyi, Xüsusi ittihamçı X4 nümayəndəsi Fides Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs X5 və onun müdafiəçisi, Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, fərdi identifikasiya nömrəsi “1F9NYXD” olan, xx.xx.1967ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyən etdi: Xüsusi ittihamçı X4 nümayəndəsi Fides Vəkil Bürosunun vəkili Nümayəndə xx.xx.2025-ci il tarixdə xüsusi ittiham qaydasında şikayətlə Şabran Rayon Məhkəməsinə müraciət edərək, X5 CM-nin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə, onun cinayət məsuliyyətinə cəlb olunması və barəsində CM-nin 147.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ən ağır cəzanın yuxarı həddində cəza təyin edilməsini barədə hökm çıxarılmasını xahiş etmişdir. Yuxarıda qeyd edilmiş xüsusi ittiham qaydasında şikayət onunla əsaslnadırılmışdır ki, xx.xx.2025-ci il tarixdə X15 “TikTok” sosial şəbəkəsində “mahbuba_7978” adlı profil vasitəsilə (video linki: https://vt.tiktok.com/ZSf25yrwx) geniş auditoriyaya açıq olan bir video paylaşmışdır. Həmin videoda X1 Tahir Süleyman oğluna qarşı çox ağır ittihamlar səsləndirmişdir. Belə ki, X1 Tahir Süleyman oğlunu ağır cinayət törətməkdə - konkret olaraq, X5 həyat yoldaşının öldürülməsi üçün göstəriş verməkdə ittiham etmişdir. Bununla yanaşı, həmin videoda X9 rüşvət verərək bəzi dövlət orqanlarının və vəzifəli şəxslərin “ələ alınmasında" iştirak etdiyini iddia etmiş və onun dövlət hakimiyyətinə qarşı olan X30 qruplaşmasına mənsub olduğunu bildirmişdir. Sözügedən açıqlamalar birbaşa və geniş kütlə qarşısında ifadə edildiyi üçün kütləvi xarakter daşıyır. Video materialında iddia edilən bütün bu əməllər heç bir sübuta əsaslanmır - yəni qarşı tərəfin hər hansı faktiki dəlil göstərmədən irəli sürdüyü iddialardır. Sözügedən “TikTok” sosial şəbəkəsi vasitəsilə paylaşılan videoda X5 X8 ağır cinayətdə ittiham etməklə böhtan atdığını hesab edilən ifadələr aşağıdakılardır:

1. X15 - “Şabran rayon prokuroru Cəlaləddin Axundov, müstəntiq Tahir Süleymanovun hökmüynən nə bilim, Cəlaləddin Axundov tutar nə vəzifə veribsə ona daha onun hər şeyini gedir ki, bunlar mənə gizlətirlər ki, hələ ekspertin rəyi yoxdur” (videonun - 01:32 dəqiqəsi).

2. X15 - “bunu mən onsuz da əvvəl gündən demişəm ki, mənim yoldaşımı Tahir Süleymanovun göstərişi ilə, qızı Süleymanov Kəmalə baş həkim olduğuna görə Kəmalə Süleymanova da deməli, xəstəxanada öz göstərişini verib mənim yoldaşımı hələ belə... Deməli, bunlar qabaqcadan deyirlər ki, ağciyərində su iki yüz səkkiz qram” (videonun – 03:30 dəqiqəsi).

3. X15 – “bunu mən o vaxt dedim ki, mənim yoldaşıma iynə vurub öldürüblər” (videonun – 04:22 dəqiqəsi).

4. X15 – “Tahir Süleymanov, mən sənə açıq-aşkar deyirəm ki, sən Cəlaləddin Axundovun pul ilə ələ ala bilərsən. Ləmanı ələ ala bilərsən. Baş Prokurorluğu ələ ala bilərsən. Mən, X16, ələ ala bilməyəcəksən. Mən sənə burdan açıq-aydın izah edirəm ki, sən mənim qabağımdan qaça bilməyəcəksən. Sənin bu oyunların mənim qabağımda heç nədir” (videonun – 04:41 dəqiqəsi).

5. X15 – “Sənin qızın X23 nətər əmr verib mənim yoldaşımı iynə vurub öldürtübsə, mənə çəkdirən dağı sənə o dağı çəkdirəcəyəm” (videonun – 07:25 dəqiqəsi).

6. X15 – “Mən onu qəşəng bilirəm ki, Azərbaycanda Ramiz nə oyun tuturlar. Onlar içərisində Tahir Süleymanov olmaq şərti ilə bu Şabran rayonunda Bəşər Əsəd rejimi aparılırsa bunlara son qoyulacaq” (videonun – 08:08 dəqiqəsi).

7. X15 – “Sən qadını aprelin on yeddisi nətər ola bilir qanuni məhkəmə bizim tərəfə ola-ola, pulla Könül xanıma məhkəməyə pul verib özünü təmiz çıxartdırırsan. Sən təmiz deyilsən, Tahir Süleymanov. Mən sənə göstərəcəyəm ki, orada yetmiş iki dənə işçini qanın nətər içirsən sən” (videonun – 08:35 dəqiqəsi). Yuxarıda qeyd edilən ittiham xarakterli fikirlər tamamilə əsassız, yalan və böhtan xarakterlidir. Əfqan Süleymanzadə tərəfindən yayımlanan məlumatlar xüsusi ittihamçı (zərər çəkmiş şəxs) X4 şərəf və ləyaqətini ləkələyən, onun nüfuzuna xələl gətirən uydurma məlumatlardır. Bu iddialar həm mahiyyət etibarilə ağır cinayətdə ittiham hesab edildiyi üçün, həm də geniş ictimaiyyətə açıq platformada yayılaraq cəmiyyət qarşısında səsləndirildiyi üçün xüsusi ittihamçıya ciddi mənəvi zərər vurmuş, onun cəmiyyətdəki nüfuzunu zədələmişdir. Şərəf və ləyaqəti alçaldan bu cür yalan məlumatların kütləvi şəkildə yayılması Azərbaycan Respublikasının Qanunlarına görə yolverilməzdir və cinayət məsuliyyəti doğurur. Təqsirləndirilən şəxs X15 xx.xx.2025-ci il tarixdə xüsusi ittihamçı X4 onun barəsində verdiyi xüsusi ittiham qaydasında şikayətə etirazı məhkəməyə təqdim edərək, X4 etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətinin rədd edilməsi və təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X15 həmin etirazı onunla əsaslandırılmışdır ki, X4 etibarnamə əsasında nümayəndəsi və vəkili Kərəmov X6 Əfqan Bəhmən oğlu barəsində Şabran Rayon Məhkəməsinə “Xüsusi ittiham qaydasında şikayət” vermişdir. X15 ona qarşı irəli sürülmüş xüsusi ittihamla razı deyil, və həmin ittihama etirazını bildirir. X17 ağır cinayət törətməkdə konkret olaraq, X5 arvadının öldürülməsi üçün göstəriş verməkdə ittiham etməyimə gəldikdə bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ona ünvanlanmış xx.xx.2025-çi il tarixli, 2-2- 040/2-252842/2025 nömrəli sənədə əsasən 1993-cü il təvəllüdlü X7 xx.xx.2025-ci il tarixdə ölməsi faktına görə Şabran rayon prokurorluğunda xx.xx.2025-ci il tarixdə CM-nin 314.2-ci maddəsi ilə cinayət işi başlanılmış, aparılmış istintaq zamanı guya cinayət hadisəsi müəyyən edilmədiyindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 39.1.1-çi maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. X2 rayon prokurorunun cinayət işi üzrə icraata xitam verilməsi haqqında qəbul etdiyi qərar ilə razı deyil. O, həmin qərardan Baş Prokurora və “Məhkəmə nəzarəti qaydasında” vəkili vasitəsilə qərarı rəsmən aldıqdan sonra şikayət verəcək. X15 videoda X9 rüşvət verərək bəzi dövlət orqanlarının və vəzifəli şəxslərin “ələ alınmasında” iştirak etdiyi iddia etməsinə və onun dövlət hakimiyyətinə qarşı olan Ramiz Mehdiyev qruplaşmasına mənsub olduğunu bildirməsinə gəldikdə bildirmək istəyir ki, X17 barəsində CM-nin 296 və 297-cı maddələrinin tələblərinə uyğun tədbir görülməlidir və o, cinayət məsuliyyətinə cəlb edilməlidir. Belə ki, 1999-cu ildə X17 oğurluq əməlini törətmiş Şabran (Dəyəçi) şəhər sakinləri X39 və X10 ilə cinayət əlaqəsinə girərək onu tutdurmaq məqsədilə onlara hərəsinə 3000 (üç min) ABŞ dolları verərək törətdikləri oğurluq əməlini törədəndə onunla olduqlarını istintaqa bildirmələrinə nail olmuşdur. Bu səbəbdən Şabran (Dəvəçi) rayon prokuroru Mehman Zeynalov və prokurorun köməkçisi Səmayə də X3 pul alıb onu qeyri qanuni olaraq təqsirləndirilən şəxs kimi cinayət işinə cəlb edib qanunsuz olaraq barəsində həbs qətimkan tədbiri seçmişdirlər. Lakin buna baxmayaraq valideynlərinin Azərbaycan Respublikasının Baş X38 etdikləri müraciət əsasında cinayət işinin istintaqı Dəvəçi rayon prokurorluğundan alınıb Sumqayıt şəhər prokurorluğuna həvalə ediləndən sonra obyektiv və qərəzsiz aparılmış istintaq nəticəsində ona bəraət verilmiş və o, azad edilmişdir. Təqsirləndirilənlər istintaqda Tahir Süleymanovun onlara pul verdiyini və onun cinayət hadisəsi ilə heç bir əlaqəsi olmadığı barədə izahatlar vermişdirlər. Qanunsuz həbs olunduğuna görə ona 2000-ci ildə külli miqdarda mənəvi zərər də ödənilmişdir. İstintaq zamanı Tahir Süleymanov və qardaşı Aydın Süleymanov istintaqda yalan izahat verib bildirmişdirlər ki; “X25 onlara hədə-qorxu gələrək onlardan külli miqdarda pul tələb etmişdir. Aydın Süleymanovun güya oğurlanmış oğlunun azad edilməsi müqabilində” Tahir Süleymanov atasının qardaşı olduğuna görə barəsində cinayət qaydasında tədbir görülməməsi üçün ondan şikayətçi olmamışdır. Göründüyü kimi X17 indidə onu tutdurmaq niyyətindən əl çəkmir. Qaldı ki, X4 dövlət hakimiyyətinə qarşı olan Ramiz Mehdiyev qruplaşmasına mənsub olduğunu bildirməsinə, yazıb bildirmək istəyirəm ki, Ramiz Mehdiyev CM-nin 278.1-ci (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274-cü (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri maddələri ilə ittiham edilir. Bu cinayət işi üzrə istintaq hələ davam edir. Ramiz Mehdiyevə məxsus Şabran rayonunun Giləvar kəndində yerləşən villasını Tahir Süleymanov cinayət yolu ilə əldə etmiş çirkli pullar vasitəsilə tikdirmişdir. O, özü şəxsən villa tikilən vaxtı Tahir Süleymanovun tapşırığına əsasən oraya ustalar üçün yemək və tikinti materialları aparmışdır. Xüsusilə qeyd etmək istəyir ki, Tahir Süleymanovun tapşırığı ilə villa tikilib qurtardıqdan sonra Ramiz Mehdiyev üçün oraya qara kürü və balıq aparmış mühafizəçiyə vermişdir. Çox çəkməz Tahir Sülüeymanovu da cinayət işinə təqsirləndirilən kimi cəlb edəcəklər. Bu barədə Prezidentə, Baş Prokurora, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Rəisinə və Prezident Yanında Korrupsiya Qarşı Mübarizə Komissiyasına, Sədrinə ərizə ilə müraciət etmişdir. Yuxarıda qeyd etdiklərini təsdiqləyən sübut növlərini məhkəməyə təqdim edəcəkdir. Məhkəmə istintaqı zamanı ifadə verən təqsirləndirilən şəxs X15 xüsusi ittihamçı X4 onun barəsində verdiyi xüsusi ittiham qaydasında şikayət üzrə törətməkdə təqsirləndirildiyi ittihamda özünü təqsirli bilməyərək həmin şikayətə etirazının məzmununa uyğun izahat vermiş və əlavə olaraq ifadəsində göstərmişdir ki, sözü gedən şikayətdə qeyd edilən video onun tərəfindən “TikTok” sosial şəbəkəsində paylaşılmışdır. Onun mərhum həyat yoldaşı X21 xx.xx.2025-ci il tarixdə X4 göstərişi ilə onun qızı X11 baş həkimi olduğu Şabran Rayon Mərkəzi Xəstəxanasında öldürülüb və X17 da bu hadisəni ört basdıq etmək üçün Şabran rayonunda olan bir çox vəzifəli şəxslərə rüşvət verib. Bununla yanaşı X4 dövlət hakimiyyətinə qarşı olan Ramiz Mehdiyev qruplaşmasına mənsub olduğuna gəldikdə isə onun özü buna şahid olub və ona məlum olan faktları videoda səsləndirib. Xahiş edir ki, əməlində cinayət tərkibi olmadığı nəzərə alınaraq barəsində başlanmış icraata xitam verilsin, ona bəraət verilsin və X4 törətdiyi cinayət əməllərinə görə cinayət məculiyyətinə cəlb edilməsi təmin edilsin. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq videoda səsləndirdiyi fikirlərə sübutu olaraq öz ifadəsi və həyat yoldaşı X7 xx.xx.2025-ci il tarixdə vəfat etməsi olduğunu, X4 bu əməlini bağışlamayacağını və hazırki cinayət işi üzrə törətməkdə təqsirləndirildiyi cinayət əməlini törətməkdə özünü təqsirli bilmədiyini, habelə fərdi əmək fəaliyyəti ilə məşğul olduğunu, rəsmi iş yerinin olmadınığı və X21 dünyasını dəyişdikdən sonra uşaqlarını təkbaşına saxladığını bildirmişdir. Xüsusi ittihamçı X4 nümayəndəsi Fides Vəkil Bürosunun vəkili Nümayəndə məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununa uyğun çıxış edərək, X5 CM-nin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə, onun cinayət məsuliyyətinə cəlb olunması və barəsində CM-nin 147.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ən ağır cəzanın yuxarı həddində cəza təyin edilməsini barədə hökm çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “USB fleş kart” köçürülərək məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixdə X5 “TikTok” sosial şəbəkəsində “mahbuba_7978” adlı profil vasitəsilə (video linki: https://vt.tiktok.com/ZSf25yrwx) paylaşdırığı videodan görünür ki, o, həmin videonun 01:32 dəqiqəsində “Şabran rayon prokuroru Cəlaləddin Axundov, müstəntiq Tahir Süleymanovun hökmüynən nə bilim, Cəlaləddin Axundov tutar nə vəzifə veribsə ona daha onun hər şeyini gedir ki, bunlar mənə gizlətirlər ki, hələ ekspertin rəyi yoxdur”, videonun – 03:30 dəqiqəsində “bunu mən onsuz da əvvəl gündən demişəm ki, mənim yoldaşımı Tahir Süleymanovun göstərişi ilə, qızı Süleymanov Kəmalə baş həkim olduğuna görə Kəmalə Süleymanova da deməli, xəstəxanada öz göstərişini verib mənim yoldaşımı hələ belə... Deməli, bunlar qabaqcadan deyirlər ki, ağciyərində su iki yüz səkkiz qram”, videonun – 04:22 dəqiqəsində “bunu mən o vaxt dedim ki, mənim yoldaşıma iynə vurub öldürüblər”, videonun – 04:41 dəqiqəsində “Tahir Süleymanov, mən sənə açıq-aşkar deyirəm ki, sən Cəlaləddin Axundovun pul ilə ələ ala bilərsən. Ləmanı ələ ala bilərsən. Baş Prokurorluğu ələ ala bilərsən. Mən, X16, ələ ala bilməyəcəksən. Mən sənə burdan açıq-aydın izah edirəm ki, sən mənim qabağımdan qaça bilməyəcəksən. Sənin bu oyunların mənim qabağımda heç nədir”, videonun – 07:25 dəqiqəsində “Sənin qızın X23 nətər əmr verib mənim yoldaşımı iynə vurub öldürtübsə, mənə çəkdirən dağı sənə o dağı çəkdirəcəyəm”, videonun – 08:08 dəqiqəsində “Mən onu qəşəng bilirəm ki, Azərbaycanda Ramiz nə oyun tuturlar. Onlar içərisində Tahir Süleymanov olmaq şərti ilə bu Şabran rayonunda Bəşər Əsəd rejimi aparılırsa bunlara son qoyulacaq”, videonun – 08:35 dəqiqəsində isə “Sən qadını aprelin on yeddisi nətər ola bilir qanuni məhkəmə bizim tərəfə ola-ola, pulla Könül xanıma məhkəməyə pul verib özünü təmiz çıxartdırırsan. Sən təmiz deyilsən, Tahir Süleymanov. Mən sənə göstərəcəyəm ki, orada yetmiş iki dənə işçini qanın nətər içirsən sən” ifadələrini işlətmişdir. - Şabran rayon prokurorunun köməkçisi X29 tərəfindən icraatında olan ********* nömrəli cinayət işinin materialları nəzərdən keçirilərək qəbul edilmiş cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Moldova Respublikasının vətəndaşı, xx.xx.1993-cü il təvəllüdlü X7 xx.xx.2025-ci il tarixdə ölməsi faktında cinayət hadisəsi müəyyən edilmədiyindən həmin fakta görə başlanmış ********* nömrəli cinayət işi üzrə icraata CPM-nin 39.1.1-ci maddəsinə əsasən xitam verilmiş və “Şabran rayon Mərkəzi Xəstəxanası” X41 Reanimasiya və İntensiv terapiya şöbəsinin müdiri X12 və həmin xəstəxananın Təcili yardım bölməsinin müdiri X18 xidməti vəzifələrini yerinə yetirməmələri ilə barələrində tədbir görülməsi ilə əlaqədar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X44 təqdimat verilməsi məsələsinə baxılması üçün rayon prokuroruna müraciət edilməsi və qərarın surətinin zərər çəkmiş şəxsin hüquqi varisi X13 göndərilməklə CPM-nin 282-ci maddəsinə əsasən 10 (on) gün müddətində qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şabran rayon prokuroruna, yuxarı prokurora, yaxud məhkəməyə şikayət etmək hüququnun olduğunun izah olunması qərara alınmışdır. - CMS – “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən təqsirləndirilən şəxs X5 şəxsi məlumatlarına dair çıxarışdan görünür ki, onun himayəsində 03 (üç) azyaşlı uşaqları, yəni oğlu xx.xx.2012-ci il təvəllüdlü X19, oğlu xx.xx.2012-ci il təvəllüdlü X20 və qızı xx.xx.2017-ci il təvəllüdlü X14 vardır. - “Şabran Rayon Mərkəzi Xəstəxanası” X46 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-34/2-S-190-xx-xx/2025 saylı arayışdan görünür ki, X15 xx.xx.2025-ci il tarixdə “Şabran Rayon Mərkəzi Xəstəxanası” X41 poliklinika şöbəsində həkim terapevtin qəbulunda olub və ona “arterial hipertoniya İİ mərhələ” diaqnozu qoyulduqdan sonra o, müalicəyə göndərilib. - Şabran Rayon Məhkəməsinin 1(031)-53/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin qərarla barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə xüsusi ittiham qaydasında təqsirləndirilməsinə dair X4 şikayəti məhkəmə icraatına qəbul edilmiş və X15 barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2026-cı il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, X15 xx.xx.1999-cu il tarixdə barəsində Dəvəçi Rayon Polis X22 qüvvədən düşmüş CM-nin 93-3 maddəsinin 3-cü hissəsi ilə istintaqı aparılan 2531 nömrəli material üzrə həbs edilmiş, lakin Sumqayıt şəhər prokurorluğunun xx.xx.1999-cu il tarixli qərarı ilə cinayət işinin icraatına xitam verilmişdir. Hazırda onun üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur. CM-nin 15.4-cü maddəsinə əsasən həmin Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. CM-nin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə — doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma— min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma — iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 312.1-ci maddəsinə əsasən rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi – beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 312.2-ci maddəsinə əsasən vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə — səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi CPM-in müddəalarına uyğun üç növə bölünür: xüsusi, ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilən cinayət təqibi (CPM-in 37.1-ci maddəsi). Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında CM-in 147-ci (böhtan), 148-ci (təhqir), 165.1ci (tövsifedici əlamətlər olmadan müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) və 166.1-ci (tövsifedici əlamətlər olmadan ixtiraçılıq və patent hüquqlarını pozma) maddələrində nəzərdə tutulmuş cinayətlər üzrə həyata keçirilir. Cinayət-prosessual qanunvericiliyi zərər çəkmiş şəxsə imkan verir ki, yuxarıda qeyd olunan cinayət əməlləri ilə onun hüquqlarına və qanuni maraqlarına zərər yetirildiyi halda, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəməyə müraciət etməyi və xüsusi ittihamı müdafiə etməyi özü həll etsin (CPM-in 41.7 və 87-ci maddələri). Məhz buna görə də belə işlər xüsusi ittihamlı işlər adlanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2014-cü il tarixli, 3 nömrəli Qərarının: 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. 6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda, onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, böhtan cinayətinin bilavasitə obyektini başqa şəxsin şərəfi, ləyaqəti və ya nüfuzu; obyektiv cəhətini yalan olduğunu bilə-bilə hərhansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılması təşkil edir. Böhtan cinayətin subyekti cinayət törədənədək 16 (on altı) yaşına çatmış anlaqlı fiziki şəxs ola bilər və bu cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Şərəf – cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. CM-nin 147.2-ci maddəsində isə böhtan cinayətinin ağırlaşdırıcı tərkib əlamətində - ağır və ya xüsusi ilə ağır cinayətdə ittiham etməklə böhtan atmaya görə məsuliyyət müəyyən edilmişdir və ağır və ya xüsusi ilə ağır cinayətlərin anlayışı da CM-nin 15-ci maddəsində verilmişdir. Beləliklə CM-nin 147.1-ci maddəsi ilə məsuliyyətinin yaranması üçün üç hal, yəni 1 - məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması, 2 - həmin məlumatların doğru olmaması və 3 - belə məlumatların yayılması, CM-nin 147.2-ci maddəsi ilə məsuliyyətinin yaranması üçün isə əlavə olaraq 4-cü hal, yəni ağır və ya xüsusi ilə ağır cinayətdə ittiham etməklə böhtan atılması müəyyən edilməlidir. Hazırki iş üzrə isə təqsirləndirilən şəxs X15 isə məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayətdə qeyd edilən videonun xx.xx.2025-ci il tarixdə “TikTok” sosial şəbəkəsində “mahbuba_7978” adlı profil vasitəsilə (video linki: https://vt.tiktok.com/ZSf25yrwx) onun tərəfindən paylaşıldığını etiraf etmiş və həmin videoda da o, X9 ağır cinayətlər yəni CM-nin 120-ci (Qəsdən adam öldürmə) və 312-ci (Rüşvət vermə (aktiv rüşvətxorluq)) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törətməsində günahlandırsa da, bu ittihamların həqiqəti əks etdirməsini təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmiş, bunun əksinə məhkəmə iclasında Şabran rayon prokurorunun köməkçisi X29 tərəfindən icraatında olan ********* nömrəli cinayət işinin materialları nəzərdən keçirilərək qəbul edilmiş cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Moldova Respublikasının vətəndaşı, xx.xx.1993-cü il təvəllüdlü X7 xx.xx.2025-ci il tarixdə ölməsi faktında cinayət hadisəsi müəyyən edilmədiyindən həmin fakta görə başlanmış ********* nömrəli cinayət işi üzrə icraata CPM-nin 39.1.1-ci maddəsinə əsasən xitam verildiyi aşkar edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsi və yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, X15 “TikTok” sosial şəbəkəsində “mahbuba_7978” adlı profil vasitəsilə (video linki: https://vt.tiktok.com/ZSf25yrwx) geniş auditoriyaya açıq şəkildə paylaşdığı videoda X9 ağır cinayətlər törətməsində, yəni CM-nin 120-ci (Qəsdən adam öldürmə), 312-ci (Rüşvət vermə (aktiv rüşvətxorluq)), maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ittiham etsə də, bu halları təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmiş və nəticə etibarı ilə, X15 tərəfindən birbaşa qəsdlə X8 onun tərəfindən ağır cinayətlər törətməsində ittiham edilməklə böhtan atmışdır. Göründüyü kimi törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin X15 tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli CM-nin 147.2-ci maddəsi ilə tövsif edilməlidir, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də CPM-nin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X13 cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X5 himayəsində 03 (üç) azyaşlı uşaqlarının olmasını (xx.xx.2012-ci il təvəllüdlü X19, xx.xx.2012-ci il təvəllüdlü X20 və xx.xx.2017-ci il təvəllüdlü X14) CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən halkimi nəzərə alır. Təqsirləndirilən şəxs X5 CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin sanksiyasında 03 (üç) növ cəza, yəni islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə növündə cəzalar nəzərdə tutulsa da, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları, törətdiyi əməlin xarakterini, cəzasını yüngülləşdirən halı, habelə mərhum həyat yoldaşı X21 dünyasını dəyişdikdən sonra 14 (on dörd) yaşına çatmamış uşaqlarını təkbaşına böyütməsini, rəsmi iş yerinin olmamasını, habelə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx.xx.2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Bununla yanaşı cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X13 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, X5 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılmalı, CM-nin 52-1.2-ci maddəsinə əsasən üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran şəhəri, Sabir küçəsi, ev 13 ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalı, hökmün icrası X5 faktiki yaşadığı yer üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, habelə hazırki iş üzrə dövlət hesabına müdafiəçi təyin edilmiş vəkil Müdafiəçi X13 göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Dövlət Büdcəsi vəsaiti hesabına 110 (yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak və ya mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq,

hökm etdi:

X15 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X5 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran şəhəri, Sabir küçəsi, ev 13 ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. X5 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası X5 faktiki yaşadığı yer üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli X5 yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hazırki iş üzrə dövlət hesabına müdafiəçi təyin edilmiş vəkil Müdafiəçi X13 göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Dövlət Büdcəsi vəsaiti hesabına 110 (yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar