Məhkəmə qərarları › İş №1(031)-54/2021

Şabran Rayon Məhkəməsi Qərar — İş №1(031)-54/2021

14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 1(031)-54/2021 14.10.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi oğlunun iştirakları ilə xx xxxxxxx 2001-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, “Kollin” şirkətində fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Şabran şəhəri Füzuli küçəsi ev 67 ünvanda qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 may 2021-ci il tarixdə saat 14 radələrində Şabran şəhəri H.Əliyev prospektində yerləşən “Optimal” mağazasının yaxınlığında tanımadığı qıza qarşı qeyri-etik hərəkətlərə yol verdiyinə görə irad bildirməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı bir qolu amputasiya olunmuş və bu səbəbdən özünü aktiv müdafiə etmək imkanlarından məhrum olmaqla köməksiz vəziyyətdə olan İİ-ci qrup müharibə əlili Şabran şəhər sakini Zərərçəkmiş şəxs qarşı zor tətbiq edib yumruqla çənə nahiyəsindən bir zərbə endirərək ona səhhətin qısa müddətə pozulmasına səbəb olduğuna görə xəsarətlərin yüngül növünə aid edilmiş alt çənənin sağ yarısında lokalizə olunmuş hematomadan ibarət bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır, təxminən 5 aydır ki, Şabran rayon ərazisində fəaliyyət göstərən “Kollin” şirkətində fəhlə işləyir. 11 may 2021-ci il tarixdə saat 14 radələrində Şabran şəhəri H.Əliyev prospektindən Şabran şəhər dəmir yol stansiyası istiqamətində piyada yolun sağ səkisi ilə telefonla danışa-danışa getmişdir. Qarşısında bir nəfər təxminən 19 yaşlarında bir qızın getməsini görüb və telefonla danışa-danışa qızdan bir-iki kəlmə söz soruşmuş və həmin qız ona cavab vermişdir. Bu zaman arxasından kimsə onu səsləmiş və arxaya dönərkən adı sonradan ona məlum olmuş bir qolu olmayan İmran adlı şəxsin olduğunu görmüşdür. İmrana yaxınlaşdıqda sonuncu ondan həmin qızı tanıyıb-tanımadığını soruşduqda o, qızı tanımadığını bildirmişdir. İmran əlində olan sellofanı səkinin üstünə qoyub, onun yaxasından tutub qızın qardaşına zəng edəcəyini deyib onun boğazından tutmuşdur. İmranın əlini boğazından çıxardaraq onu sakitləşdirmək istəmiş və dava salmaq istəmədiyini ona demişdir. Bu zaman İmran onun sifətindən yumruq zərbəsi vurduqda arxaya çəkilərək İmranın sifətinə bir yumruq zərbəsi vurmuş və nəticədə İmran yerə yıxılmışdır. Oradan uzaqlaşmaq istəyərkən yoldan keçən tanımadığı avtomobil saxlamış və içərisindən yerə düşmüş bir nəfər şəxs onun yanına gəlmişdir. Həmin tanımadığı avtomobilin sürücüsü qolundan tutub və İmran adlı şəxsi nə üçün vurduğunu ondan soruşmuşdur. Həmin şəxs onu İmranın yanına aparmaq istəyərkən qolunu buraxmağını sürücüdən xahiş etmiş və həmin şəxs onun qolundan buraxdıqdan sonra onun yanından qaçaraq çıxıb getmişdir. Şabran şəhəri H.Əliyev prospektində yerləşən istirahət parkına getdikdən bir neçə saat sonra Şabran rayon PŞ-nin əməkdaşları onun yanına gələrək onu RPŞ-yə aparmışlar. Etdiyi əməldən peşmandır. Hazırda Zərərçəkmiş şəxs onunla barışmış, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Odur ki, barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, ünvan 3 ünvanda qeydiyyatda olmasına baxmayaraq ünvan 4a ailəsi ilə birlikdə yaşayır. İİ-ci qrup Qarabağ müharibəsi əlili olduğuna görə Şabran şəhəri H.Əliyev prospektində yerləşən binada ona yaşayış evi verilmişdir. 1996-cı ildə Qarabağ döyüşlərində minaya düşdüyü üçün sağ qolunu itirmişdir. 11 may 2021-ci il tarixdə saat 14 radələrində mağazadan balıq alıb sellofan paketə qoymuş və yaşadığı evə doğru Şabran şəhəri H.Əliyev prospekti ilə hərəkət etmişdir. Yolun sağ səki hissəsi ilə yaşadığı evə tərəf gedərkən ondan təxminən 30-40 metr qarşıda qonşuluqda yaşayan Hicran adlı şəxsin qızının getdiyini görmüşdür. Həmin prospektdə yerləşən istirahət parkının qarşısından keçərək adı sonradan ona məlum olmuş Təqsirləndirilən şəxs adlı şəxs qıza yaxınlaşaraq ona nə isə demiş və həmin qız da Fəridin sözünə pis münasibət göstərərək yoluna davam etmişdir. Buna baxmayaraq Fərid qızın ardınca düşərək getməyə başlamışdır. Həmin qızı qonşusu kimi tanıdığına görə Fəridə irad bildirmək üçün onlara çatmaq məqsədilə arxaları ilə getməyə başlamışdır. Həmin prospektdə yerləşən “Optimal” mağazasının qarşısında onlara çatıb və Fəridi kənara çağırmışdır. Fərid onun yanına gəldikdən sonra ona qonşuluğunda yaşayan qıza söz deməsinə görə iradını bildirmiş və Fərid qəfildən onun çənəsinin sağ tərəfindən bir yumruq zərbəsi vurmuşdur. Sağ qolu olmadığına və sol əlində sellofan olduğu üçün zərbə nəticəsində özünü saxlaya bilməyərək sol qolu üstə yerə yıxılmışdır. Bundan sonra Fərid həmin yerdən uzaqlaşaraq çıxıb getmiş və bu zaman mühafizə polisinin əməkdaşı ona yaxınlaşaraq köməklik göstərib və onu Şabran rayon MX-na aparmışlar. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, ona görə də Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur, sonuncunun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Bu barədə məhkəməyə rəsmi ərizə də təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Şabran rayonu Aygünlü kəndində ailəsi ilə birlikdə yaşayır və 2010-cu ildən Siyəzən regonal Mühafizə Şöbəsinin polis nəfəri vəzifəsində işləyir, polis baş serjantıdır. 11 may 2021-ci il tarixdə Şabran şəhəri H.Əliyev prospektində yerləşən rayon prokurorluğunun inzibati binasında xidmətdə olduğu zaman qarşı tərəfdə yerləşən “Optimal” mağazasının yaxınlığında iki nəfərin bir-biriləri ilə mübahisə etmələrini görmüşdür. Onlara yaxınlaşarkən onlardan birinin digərinə yumruq vurmaq istədiyini, lakin vura bilmədikdə digər şəxsin həmin şəxsə bir yumruq zərbəsi vurduqdan sonra onun zərbədən yerə yıxılmasını görüb və həmin şəxslərə yaxınlaşmışdır. Onlara yaxınlaşarkən ayaq üstə olan şəxs həmin yerdən uzaqlaşaraq qaçıb getmişdir. Yerdə olan şəxsə köməklik edərkən onun Şabran şəhər sakini İİ-ci qrup Qarabağ müharibəsi əlili olan Zərərçəkmiş şəxs olması ona məlum olmuşdur. Zərərçəkmiş şəxs nə baş verməsini soruşduqda o, həmin şəxsin qonşuluğunda yaşayan qıza söz atdığını və buna görə də ona iradını bildirdikdə həmin şəxsin onu vuraraq qaçdığını bildirmişdir. Zərərçəkmiş şəxs sağ qolu olmadığından digər qolu üstə yerə yıxılması ona məlum olmuşdur. Zərərçəkmiş şəxs həmin şəxsin çənəsindən bir zərbə vurduğu üçün özünü saxlaya bilməyərək yerə yıxılmasını və bu səbəbdən də sol qolundan xəsarət aldığını ona demişdir. Xidmət etdiyi yerə qayıdaraq təcili tibbi yardıma və Şabran rayon PŞ-nə zəng edərək bu barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra təcili tibbi yardım avtomobili həmin yerə gələrək Zərərçəkmiş şəxs Şabran rayonu MX-na apardıqdan sonra Zərərçəkmiş şəxs vuran şəxsin Şabran şəhər sakini Təqsirləndirilən şəxs adlı şəxs olması ona məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, ünvan 5 ünvanda yerləşən evdə ailəsi ilə birlikdə yaşayır və təxminən 5-6 aydır ki, Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən inşaat malları satışı ilə məşğul olan mağazada fəhlə işləyir. İşlədiyi mağaza Şabran rayon prokurorluğunun və “Optimal” mağazasının yaxınlığında yerləşir. 11 may 2021-ci il tarixdə saat 14 radələrində işdə olarkən əks tərəfdə yerləşən “Optimal” mağazasının yaxınlığında bir nəfər şəxsin yerdə yıxıldığını görüb həmin şəxsə yaxınlaşmışdır. Bu zaman Şabran rayon prokurorluğunda mühafizəçi olan Ariz adlı polis əməkdaşı da həmin yerə gəlmişdir. Yıxılmış vəziyyətdə olan rayon sakini kimi tanıdığı İİ-ci qrup Qarabağ müharibəsi əlili olan Zərərçəkmiş şəxs nə baş verdiyini soruşduqda sonuncu, bir nəfər şəxsin yumruqda onu vuraraq qaçdığını bildirmişdir. Zərərçəkmiş şəxs sağ qolu olmaması səbəbindən digər qolu üstə yerə yıxılmış vəziyyətdə olduğu üçün ona köməklik edərək İmranı yerdən qaldırıb ona su vermişlər. Zərərçəkmiş şəxs həmin şəxsin onun çənəsindən bir zərbə vurduğuna görə özünü saxlaya bilməyərək yerə yıxıldığını və bu səbəbdən də sol qolundan xəsarət aldığını bildirmişdir. Mobil telefonu vasitəsi ilə təcili tibbi yarıdıma zəng etməsinə baxmayaraq əlaqə yarada bilməmiş və polis əməkdaşı Şahid1 xidmət etdiyi yerə qayıdaraq təcili tibbi yardıma və Şabran rayon PŞ-nə zəng edərək bu barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra təcili tibbi yardım avtomobili həmin yerə gələrək Zərərçəkmiş şəxs Şabran rayonu MX-na aparmışlar. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən məhkəmə-tibb ekspertizasının 24 may 2021-ci il tarixli 77/01 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilən xəsarət – alt çənənin sağ yarısında lokalizə olunmuş dərialtı qansızma (hematoma), sol bazunun qançırı, sol dirsək oynağının çıxıq-sınığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın ilkin məlumatda, eləcə də qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 11.05.2021-ci il tarixdə döyülmə zamanı yumruqla vurulan zərbə nəticəsində alına bilərdi, alt çənənin sağ yarısında lokalizə olunmuş hematoma yumruqla vurulan zərbə nəticəsində alına bilərdi, səhhətin qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül, sol bazunun qançırı sağlamlığa zərər vurmadığı üçün ağırlıq dərəcəsi təyin olunmayan xəsarətlərə, sol dirsək oynağının qapalı çıxıq-sınığı səhhətin uzun müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Təqsirləndirilən şəxs münasibətdə cinayət işini materiallarında olan ibtidai istintaq orqanı tərəfindən qəbul edimiş «Əməlin tövsif edilməsi haqqında» 30 iyul 2021-ci il tarixli qərardan belə məna hasil olur ki, Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında baş vermiş münaqişə zamanı sonuncunun Zərərçəkmiş şəxs yumruqla vurduğu zərbə nəticəsində almış olduğu sağlamlığa yüngül zərərvurmaya aid xəsarət – alt çənənin sağ yarısında lokalizə olunmuş hematoma Təqsirləndirilən şəxs qəsdi ilə əhatə olunsa da Zərərçəkmiş şəxs sol qolu üstə yerə yıxılması nəticəsində almış olduğu sağlamlığa az ağır zərəvurmaya aid xəsarət – sol dirsək oynağının qapalı çıxıq-sınığı Təqsirləndirilən şəxs ehtiyatsızlığından olduğu üçün və ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma cinayət məsuliyyəti yaratmadığından Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə yanaşı zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmiş, həmçinin Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 01 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Şabran RİH Başçısının Şabran şəhəri İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 iyun 2021-ci il tarixli 2520 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanda ailə üzvləri – anasıTalıbova Aliyə Əhliman qızı və bacısı X1 ilə birlikdə yaşayır. Cinayət işi materiallarında olan Şabran RİH Başçısının Şabran şəhəri İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 iyun 2021-ci il tarixli 2518 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, xahiş edir ki, ərizəsi nəzərə alınaraq işin icraatına xitam verilsin. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır, əməlindən peşmandır, xahiş edir ki, ərizəsi nəzərə alınaraq işin icraatına xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı bir tələbi olmadığından, eləcə də hazırki iş üzrə cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildiyindən, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayətinin olmaması səbəbindən zərərçəkmiş şəxsin ərizəsi nəzərə alınmalı və cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, həmçinin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.8, 73.2, 43.1.2, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya protesti və ya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar