Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 1(031)-57/2022 14.09.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Aşkar cinayət üzrə şikayət vermiş və əməli törətmiş şəxs Təqsirləndirilən şəxs1, Aşkar cinayət üzrə şikayət vermiş və əməli törətmiş şəxs Təqsirləndirilən şəxs2, Müdafiəçilər – fərdi qaydada fəaliyyət göstərən vəkillər – Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx xxxx 1986-cı il tarixdə Şabran rayonu, Kuybişev kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, bitərəf, natamam orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşqul olan, Şabran rayonu, Dəvəçi kəndində daimi qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə, xx xxxx 1980-ci il tarixdə Şabran rayonu, Kuybişev kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bitərəf, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşqul olan, Şabran rayonu, Dəvəçi kəndində daimi qeydiyyatda olan və faktiki yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: 10 avqust 2022-ci il tarixdə saat 16:30 radələrində Şabran rayonu, Dəvəçi kəndində Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 əl və ayaq zərbələri ilə vuraraq bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək sonuncuya sol ayağın bayır topuq çıxıntısının qapalı sınığından, başın təpə, sol kürək və sol baldır nahiyələrinin sıyrıqlarından, sol baldır nahiyəsinin qançırından ibarət bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına az ağır zərər vurmuş, Təqsirləndirilən şəxs1 isə Təqsirləndirilən şəxs2 şlanq və əl zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq sonuncuya sol göz almasının kontuziyası, sol gözaltı nahiyənin qançırı, burun belinin, başın alın nahiyəsinin, döş qəfəsinin ön divarının, hər iki kürək və kürəküstü, sol bazu nahiyələrinin yumşaq toxumalarının əzilməsindən ibarət bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, 10 avqust 2022-ci il tarixdə saat 16:30 radələrində qonşusu İnqilab yaşadığı Dəvəçi kəndinin ərazisində onu görüb, ona yaxınlaşaraq ondan 1 manat pul istəmiş, o, İnqilaba pulunun olmadığını bildirdikdə İnqilab onun ünvanına nalayiq ifadələr işlətmiş, lakin o, İnqilaba heç bir söz deməmişdir. Dəvəçi kəndinin ərazisində fəaliyyət göstərən Qalib adlı şəxsə məxsus mağazaya gedərək bir paçka siqaret alıb çölə çıxan zaman İnqilabın mağazanın qarşısında olduğunu görmüş və İnqilab təkrar onun ünvanına nalayiq ifadələr işlətməyə başlamış, o, İnqilaba öz iradını bildirdikdə sonuncu, ona məhəl qoymayaraq nalayiq ifadələrlə təhqir etməyə davam etmiş və aralarında mübahisə baş vermiş, mübahisə zamanı bir-birlərinə əl zərbələri vurmuşlar, hər ikisi də yerə yıxılmış, yoldan keçən tanımadıqları şəxslər onları ayırmış, o, İnqilabdan ayrılaraq yaşadığı evin qarşısına getmiş, İnqilab onun yaşadığı evin qarşısına gələrək onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün təkrar dava etməyə başlamışlar, İnqilab ilə dava edən zaman İnqilab ona əl-ayaq zərbələri ilə vurduğu üçün İnqilaba gücü çatmadığına görə, yerdən şlanq parçası götürüb İnqilabın baş və kürək nahiyələrinə vurmuş, İnqilabın onu döyməsi nəticəsində qarın, bel, baş və ayaq nahiyələrindən xəsarət almış və sol topuq nahiyəsi sınmış, İnqilab ilə aralarında təxminən 25-30 dəqiqə mübahisə baş vermiş, həmin vaxt İnqilabın spirtli içki qəbul etdiyi, davranışından və ağzından gələn qoxudan hiss olunmuşdur. Etdiyi əməldən peşmandır. Hazırda Təqsirləndirilən şəxs2 onunla barışmış, ondan heç bir tələbi və şikayəti yoxdur. Odur ki, barələrində aparılan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs1 onun qonşusudur, Elnurla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Yaşadığı evdə anası Solmazla söhbət zamanı anası ona “qonşu Elnur sənin ünvanına nalayiq ifadələr işlədir” demiş, 10 avqust 2022-ci il tarixdə saat 16:30 radələrində yaşadığı Dəvəçi kəndinin ərazisində fəaliyyət göstərən Qalib adlı şəxsin mağazasının qarşısından keçən vaxt qonşusu Elnuru orda görərək Elnura yaxınlaşıb, nə üçün onun ünvanına nalayiq ifadələr işlətdiyini soruşmuş, Elnurun ona cavab olaraq nalayiq ifadələr işlədib “yaxşı eləyirəm” dediyi üçün Elnurun sifət nahiyəsinə sillə ilə vurmuş və aralarında mübahisə baş vermiş, mübahisə zamanı Elnur ilə bir-birlərinə əlayaq zərbələri vurmuşlar və Elnur onu vuraraq yerə yıxmış, Elnur ilə onu yol ilə keçən tanımadığı qadınlar ayırmışlar və o yaşadığı evə getmiş, Elnurun onu döyməsi nəticəsində bədəninin müxtəlif nahiyələrindən xəsarətlər aldığına görə Şabran RMX-na müraciət etmiş, Elnurun bədəni üzərində olan xəsarətlər onunla dava etməsi nəticəsində yaranmış və Elnurla onun arasında dava-dalaş təxminən 20 dəqiqə baş vermişdir. Etdiyi əməldən peşmandır. Hazırda Təqsirləndirilən şəxs1 onunla barışmış, ondan heç bir tələbi və şikayəti yoxdur. Odur ki, barələrində aparılan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” Birliyinin xx.xx.2022-ci il tarixli 171 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol ayağın bayır topuq çıxıntısının qapalı sınığı, başın təpə, sol kürək və sol baldır nahiyələrinin sıyrıqları, sol baldır nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərildiyi şəraitdə yarana bilər, yetirilmə müddəti 10 avqust 2022-ci il tarixə uyğun gəlir və səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” Birliyinin xx.xx.2022-ci il tarixli 176 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol göz almasının kontuziyası, sol gözaltı nahiyənin qançırı, burunun, belinin, başın alın nahiyəsinin, döş qəfəsinin ön divarının, hər iki kürək və kürəküstü, sol bazu nahiyələrinin yumşaq toxumalarının əziyi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərildiyi şəraitdə yarana bilər, yetirilmə müddəti 10 avqust 2022-ci il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 25 avqust 2022-ci il tarixli tələbnamədən və Sumqayıt Apelyasiya Məhkəməsinin CK-nın 24 noyabr 2017-ci il tarixli 1(105)-221/2017 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə təqsirli bilinib 500 manat cərimə cəzasına məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 fevral 2017-ci il tarixli hökmü ləğv edilmiş, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 10 may 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 24 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamış şəxsdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Şabran RİH Başçısının Dəvəçi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 avqust 2022-ci il tarixli 258 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Şabran rayonu Dəvəçi kəndində yaşayır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında Şabran RİH Başçısının Dəvəçi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş ictimai xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ərazidə yaşadığı müddətdə ictimai qaydalara və inzibati tələblərə zidd hərəkətləri ilə seçilmişdir. Dəfələrlə onunla aparılmış profilaktik söhbətlər, seçilmiş inzibati tənbehlər, tətbiq olunmuş cəzalardan nəticə çıxarmamış və cinayətə səbəb olan hərəkətlərə yol verilmişdir. Belə həyat tərzi və ictimai davranışı ilə sakinlər arasında nüfuzdan düşmüşdür. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Şabran RİH Başçısının Dəvəçi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 avqust 2022-ci il tarixli 259 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Şabran rayonu Dəvəçi kəndində yaşayır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Şabran RİH Başçısının Dəvəçi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş ictimai xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ərazidə yaşadığı müddət ərzində həmişə böyüklərə qarşı hörmətli, kiçiklərə qarşı diqqətcildir. Kənd sakinlərinin çində öz fəallığı ilə həmişə seçilir. Nümayəndəlikdə keçirilən mədəni kütləvi tədbirlərdə, ictimai işlərdə yaxından iştirak edir. Birgə yaşayış və ictimai qaydalara hörmətlə yanaşır. Nümayəndəliyə vətəndaş Təqsirləndirilən şəxs1 qanunlara zidd hərəkəti barədə heç bir məlumat daxil olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 ərizəsindən görünür ki, hazırda Təqsirləndirilən şəxs2 ilə barışmışlar. Ondan heç bir tələbi və iddiası yoxdur, xahiş edir ki, ərizəsi nəzərə alınaraq barələrində aparılan cinayət təqibinə xitam verilsin. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2 ərizəsindən görünür ki, hazırda Təqsirləndirilən şəxs1 ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Onun da ona qarşı törətdiyi əməli ona bağışlayır, ona qarşı heç bir tələbi və şikayəti yoxdur, xahiş edir ki, ərizəsi nəzərə barələrində aparılan cinayət təqibinə xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş və ərizə verən şəxslər bir birilə barışdığından, bir-birilərindən hər hansı bir tələbi olmadığından, eləcə də hazırki MSİ materialı üzrə cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildiyindən, onların ərizələri nəzərə alınmalı və MSİ materialı üzrə icraata xitam verilməli və onlar cinayət məsuliyyətindən azad edilməli, həmçinin barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.8, 73.2, 43.1.2, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya protesti və ya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-57/2022
Şabran Rayon Məhkəməsi Qərar — İş №1(031)-57/2022
14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver