Məhkəmə qərarları › İş №1(031)-57/2024

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-57/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-57/2024 27.11.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Şabran rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1964-cü il tarixdə Özbəkistan Respublikası, Gülüstan vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, mənbədən və şəraitdə xeyli miqdarda ümumi təmiz çəkisi 485,34 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq qəsdən satış məqsədilə əldə edərək Şabran rayonu Şahnəzərli kəndində yerləşən yaşadığı evdə qanunsuz saxlamış, həmin narkotik vasitədən xx.xx.2024-cü il tarixdə axşam saatlarında 1 ədəd bükümdə ümumi təmiz çəkisi 0,34 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı Şahid1 10 manat müqabilində yaşadığı ünvan 1ində satmış, bundan başqa xx.xx.2024-cü il tarixdə saat 7 radələrində Şabran RPŞ-nin əməkdaşları tərəfindən ünvan 1ində saxlanılaraq Şabran RPŞ-yə gətirildikdən sonra yaşadığı evə baxış keçirilən zaman evin yataq otağında olan masanın altında 1 ədəd yaşıl rəngli sellofan torbada təmiz çəkisi 485,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək narkotik vasitələrdən bir neçə ildir ki, istifadə etdiyini, əvvəllər narkotik vasitələrin dövriyyəsi ilə bağlı məhkumluğunun olmasını bildirmişdir. O, Şahid1 tanımış, aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında yaşadığı evin qarşısında olan zaman mülki geyimdə olan bir neçə şəxs ona yaxınlaşmış, Şahid1 narkotik vasitə satmaqda şübhəli olduğunu bildirməklə onu RPŞ-yə dəvət etmişdirlər. RPŞ-də ona şübhəli şəxs qismində tutulmağının səbəbləri izah olunmuş, Müdafiəçi ona təqdim edilmişdir. Üzərində şəxsi-axtarış keçirildikdən sonra yaşadığı evə baxış keçirilməsi üçün o, razılıq vermişdir. Onun iştirakı və razılığı ilə yaşadığı evə gedilmiş və baxışa başlanılmışdır. Baxış zamanı yaşadığı evdən 1 ədəd paketdə bitki kütləsi aşkarlanmış, lakin həmin kütlə narkotik vasitə olmamışdır. Aşkarlanmış paket sənədləşdirilərək götürülmüş, qablaşdırılmışdır. O, heç kimə narkotik vasitə satmamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində özünün üç aya yaxındır ki, nakotik tərkibli maddələrdən, qurudulmuş marixuanadan istifadə etdiyini bildirmişdir. Pulu olanda həftədə bir dəfə həmkəndlisi Bekirdən şəxsi istifadəsi üçün qurudulmuş marixuana alaraq istifadə etmişdir. Bekirdən ümumilikdə 8-10 dəfə kəndin içərisində görüşərək nakotik vasitə tərkibli qurudulmuş marixuana alaraq istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 22 radələrində yaşadığı kəndin içində o, Bekirlə görüşmüş, Bekirdən 10 manata şəxsi-istifadəsi üçün 1 bükümdə narkotik vasitə olan marixuana alaraq sağ yan cibinə qoyub Bekirdən uzaqlaşmışdır. Bir qədər sonra o, marixuanadan istifadə etməyi üçün kənar bir yerə gedərkən avtomobil ilə yoldan keçən Şabran RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, RPŞ-yə dəvət edilmişdir. Şabran RPŞ-də üzərinə ona təyin olunmuş vəkilinin iştirakı ilə şəxsi-axtarış keçirilərkən o, üzərində daşıdığı 1 ədəd bükümdə olan narkotik vasitə marixuananı sağ yan cibindən çıxardaraq masanın üzərinə qoymuşdur. Şəxsi-axtarış videoçəkilişlə keçirilirmişdir. Həmin vaxt o, üzərində daşıdığı 1 ədəd bükümdə olan narkotik vasitə olan marixuananı ünvan 1ində yaşayan Bekirdən aldığını bildirmişdir. Şəxsi-axtarış zamanı aşkar olunmuş büküm narkotik vasitə marixuana ekspertizaya göndərilməsi üçün təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Bundan sonra onun razılığı ilə evinə baxış keçirilmiş, lakin evində hər hansı bir qanunazidd əşya aşkar edilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Şabran RPŞ-nin narkomaniya ilə mübarizə qrupunda əməliyyat müvəkkili işləyir, polis kapitanıdır. xx.xx.2024-cü il tarixdə ünvan 1i ərazisində Şabran RPŞ-nin PPXB-nin komandir müavini, polis baş leytenantı Elvin Məmmədov, manqa komandiri polis nəfəri, polis baş serjantı Toğrul Heydərov, polis serjantları Əhmədağa Əkbərov və Oruc İsgəndərovla birlikdə xidməti ərazini gəzərkən kənd ərazisində bir nəfər təqribən 26-28 yaşında şəxsin özünü şübhəli apardığını görərək onu Şabran RPŞ-yə dəvət etmişdirlər. Həmin şəxsin Şahid1 olması şöbədə müəyyən olmuşdur. RPŞ-də təhqiqatçı tərəfindən Şahid1 üzərinə dəvət edilmiş vəkilinin iştirakı ilə şəxsi-axtarış keçirilərkən onun şalvarının cibindən 1 ədəd içərisində narkotik vasitəyə oxşar kütlə olan bükülü aşkar edilərək götürülmüşdür. Təhiqatçı tərəfindən Şahid1 həmin bükümdə nə olduğu soruşulduqda o, bükülüdə narkotik vasitə olan marixuana olduğunu, bükülüdəki narkotik vasitəni ünvan 1ində Bekir adlı şəxsdən aldığını bildirmişdir. Məlumat əsasında xx.xx.2024-cü il tarixdə saat 07:50 radələrində ünvan 1ində yaşayan Təqsirləndirilən şəxs saxlanılmış, Şabran RPŞ-yə dəvət edilmişdir. Şabran RPŞ-də onun üzərinə ona təyin edilmiş vəkilinin iştirakı ilə video-çəkilişlə şəxsi-axtarış keçirlərkən Bekirin üzərində qanuna zid heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Bekirin razılığı ilə yaşadığı ünvan 1ində yerləşən evinə baxış keçirilmişdir. Baxış zamanı Bekirin qaldığı evin yataq otağından, masanın altından bir ədəd içərisində yaşıl rəngdə, spesifik iyə malik olan narkotik vasitəyə oxşar kütlə aşkar edilərək ekspertizaya təqdim edilməsi üçün götürülərək qablaşdırılmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şabran RPŞ-nin narkomaniya ilə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 eyniməzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş üzrə ifadəsi elan olunmuş X4 ifadəsində bildirmişdir ki, o, Şabran RPŞ-nin PPXB-nin komandiri işləməklə, polis baş leytenantı rütbəsindədir. Belə ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olduğu zaman ünvan 1i ərazisində saat 00:10 radələrində polis nəfəri, polis baş serjantı Toğrul Heydərov, polis serjantları Əhmədağa Əkbərov və Oruc İsgəndərovla birlikdə xidməti ərazini gəzərkən orada, kənd ərazisində bir nəfər təqribən 26-28 yaşında olan şəxsin özünü şübhəli apardığını görərək ona tərəf yaxınlaşmış, həmin şəxs özünü çox şübhəli aparmış və nəyisə gizlətməyə çalışmışdır. Bu səbəbdən onlar, həmin şəxsə yaxınlaşmış, üzərində nə olduğunu soruşmuş, həmin şəxs özünü itirmişdir. Buna görə də onun üzərində narkotik vasitə gəzdirməsindən şübhələnib onu Şabran RPŞ-yə dəvət etmişdirlər. Orada növbətçi hissədə həmin şəxsin Şahid1 olması məlum olmuşdur. Sonra Şabran RPŞ-nin təhqiqatçısı dəvət olunaraq təhqiqatçı tərəfindən Şahid1 üzərinə dəvət edilmiş vəkilin iştirakı ilə şəxsi-axtarış keçirilmişdir. Şəxsi-axtarış zamanı Təbrizin əynində olan qara rəngli şalvarının sağ arxa yan cibindən bir ədəd içərisində narkotik vasitəyə oxşar kütlə olan bükülü aşkar edilərək götürülmüşdür. Təhiqatçı tərəfindən Şahid1 həmin bükümdə nə olduğu barədə soruşulduqda o, bükülüdə narkotik vasitə olan marixuana olduğunu, həmin bükülüdə olan narkotik vasitəni ünvan 1ində Bekir adlı şəxsdən aldığını bildirmişdir. Sonra təhqiqatçı tərəfindən Şahid1 aşkar edilmiş bir ədəd narkotik vasitə olan bükülü ekspertizaya təqdim edilməsi üçün götürülmüş, qablaşdırılmışdır. Bundan sonra Təbrizin razılığı ilə vəkilinin iştirakı ilə evinə baxış keçirilmiş, lakin qanunazidd hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. İş üzrə ifadəsi elan olunmuş Şabran RPŞ-nin PPXB-nün komandiri, polis baş serjantı X5 eyniməzmunlu ifadə verərək X2 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi xx.xx.2024-cü il tarixdə RPŞ-nin təhqiqatçısı Pərviz Babayev tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə başlanmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Şabran RPŞ-nin təhqiqatçısı, polis mayoru Pərviz Babayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində həmin tarixdə 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Şabran RPŞ TQ-nin təhqiqatçısı, polis mayoru Pərviz Babayev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılmasından əvvəl onu bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təqdim edilməsi təklif edilmiş, təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya olmadığını bildirmiş, bundan sonra sonuncunun üzərinə şəxsi axtarış keçirilsə də, heç nə aşkar edilməmişdir. Şabran RPŞ TQ-nin təhqiqatçısı, polis mayoru Pərviz Babayev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli baxış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, Şabran RPŞ-nin təhqiqatçısı, polis mayoru Pərviz Babayev tərəfindən saat 10:07-10:30 müddətində baxış keçirlərkən evin bir mərtəbəli, çiy kərpicdən tikilmiş, 2 otaqlı, bir aynabənddən ibarət olması, həmin otaqlara baxılarkən səliqəsiz vəziyyətdə olması, girişdən sağda olan otağa daxil olarkən sağda çarpayı, solda isə 30 sm hündürlüyündə stol yerləşməsi, stolun üzərində səliqəsizliyin olması, ətrafdada tütün boşaldılmış boş siqaretlər, boş kibrit qutuları çoxluğu təşkil etməsi müşahidə edilmişdir. Baxış zamanı 30 sm hündürlüyü olan stolun altından bir ədəd yaşıl rəngli sellafon torba, içərisində marixuanaya oxşar açıq formada spesefık iyi olan kütlələr aşkar edilərək götürülmüş, digər otaqlara və həyətə keçirilmiş baxış zamanı başqa heç bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş, marixuanaya oxşar kütlələr olan sellafon böyük zərfə qablaşdırılaraq möhürlənmişdir. İş üzrə Ədliyyə Nazirliyi MEM-in məhkəmə bioloji ekspertizasının xx.xx.2024-ci il tarixli 3-16-16/2- 7/1323 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş kağız paketdə bir ədəd kağız bükülüdə, təmiz çəkisi 0,34 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. İş üzrə Ədliyyə Nazirliyi MEM-in məhkəmə bioloji ekspertizasının xx.xx.2024-ci il tarixli 3-16-16/2- 7/1324 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində: “... Təqsirləndirilən şəxs evindən aşkar ...” sözləri yazılmış bir ədəd AZƏRPOÇT kağız paketdə bir ədəd yaşıl sellafon torbada olan təmiz çəkisi 485,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş üzrə ekspertiza icraatından sonra qaytarılan 1 ədəd kağız paketdə 484,95 qram marixuana və 1 ədəd kağız paketdə 0,32 qram marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi hesab olunmuş, saxlanılması üçün Şabran RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. İş üzrə Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin 31 avqust 2024-cü il tarixli 5971 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannaboidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tədbiq edilməsi qaydasının təstiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7 bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə şəxsi-axtarışın, baxış və üzləşmə keçirilməsinə dair istintaq hərəkətinin görüntüləri əks olunmuş 5 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş üzrə Şabran RİHB-nın Şabran rayon, Şahnəzərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1ində yaşayır, subaydır, barəsində heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. İş üzrə Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş Təqsirləndirilən şəxs adma tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2-ci maddələri xx.xx.2000-ci il tarixdə ACDİÜ AR məhkəməsi tərəfindən hökm çıxaraq 06 il müddətinə azdlıqdan məhrum edilmiş, xx.xx.2006-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırda məhkumluğu yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 3cü bəndinə əsasən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən cinayətin predmetinin narkotik vasitə, psixotrop maddə, prekursor, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddə olmasının, onların tibbi məqsədlər üçün istifadəyə yararlı olub-olmamasının, bitkilərin tərkibində narkotik maddələr olan bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən, həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Predmetin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, bitkinin tərkibində isə narkotik maddələr olması, habelə onların miqdarı dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında Cinayət Məcəlləsinin yuxarıda göstərilən maddələri ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin qərarın 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.2-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 234.2-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlaraia əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. ”Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 saylı Qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsinə dair məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadəsi kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs hazırda məhkumluğunun olmamasını və yaşını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən halla yanaşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmamasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Şabran Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd kağız paketdə 484.95 qram qurudulmuş marixuana və 1 ədəd kağız paketdə 0,32 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 5 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Şabran rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Şabran rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutun qalığı olan Şabran RPŞ-də saxlanılan 1 ədəd kağız paketdə 484.95 qram qurudulmuş marixuana və 1 ədəd kağız paketdə 0,32 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış və üzləşmə keçirilməsinə dair istintaq hərəkətinin görüntüləri əks olunmuş 5 (beş) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Şabran rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçia Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar