Məhkəmə qərarları › İş №1(031)-58/2021

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-58/2021

05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-58/2021 05.10.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndəsi Nümayəndə iştirakları ilə xx xxxxxxx 1992-ci il tarixdə Xızı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" QSC-nin Şimal vaqon deposunda vaqon muayinəçisi vəzifəsində işləyən, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2əsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 aprel 2021-ci il tarixdə saat 07-08 radələrində özgənin əmlakını gizli yolla talamaqla "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X12 stansiyasının dəmir yolu xətlərinə aid, ümumi dəyərləri 391 manat 68 qəpik olan 12 ədəd (6 cüt) R-65 tipli rels yanlıqlarını oğurlamış, həmin fakt Xaçmaz st. XPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Şabran şəhəri, Xəlil Əhmədov küçəsində yerləşən 5 saylı evin həyətinə baxış keçirilərkən 12 ədəd (6 cüt) R-65 tipli rels yanlıqları aşkar edilmiş, bununla da o, dəmir yolu xətlərinə münasibətdə oğurluq etmiş, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs məhkəmədə özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, ailəsi ilə birlikdə ünvan 3 ünvanda yaşayır, bir övladı var. X1 epilepsiya xəstəliyindən əziyyət çəkir. "xxxx" QSC-nin Şimal vaqon deposunda vaqon müayinəçisi vəzifəsində gecə-gündüz növbəli iş rejimində işləyir. 06 aprel 2021-ci il tarixdə saat 20:00-dan 07 aprel 2021-ci il tarixdə saat 08:00-dək o, Şabran stansiyasında işdə olmuş, işdə olduğu müddət ərzində 07 aprel 2021-ci il tarixdə saat 07 radələrindən saat 08:00-radələrinədək olan müddət ərzində Şabran stansiyası ərazisində tikinti-təmir işləri ilə əlaqədar çıxarılaraq kənara yığılmış relslərdən metal qəbulu məntəqəsinə satıb əldə pul etmək məqsədi ilə 12 ədəd rels yanlıqlarını gizli olaraq aparmaq qərarına gəlmişdir. Həmin vaxt o, ətrafda hər hansı bir şəxsin olmamasından əmin olmuş, həmin rels yanlıqlarını gizli olaraq özü ilə gətirdiyi açar və lomla sökmüş, açdığı rels yanlıqlarını yaşadığı evin həyətinə apararaq həyətin kənarına yığmışdır. Bundan bir neçə saat sonra polis əməkdaşları onun yaşadığı ünvana gəlmiş, ona stansiya ərazisindən oğurluq etməsi ilə əlaqədar onlara əməliyyat məlumatının daxil olmasını bildirmişlər. Polis əməkdaşları ondan həyətinə baxış keçirilməsinə icazə istəmiş və o, buna etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları onun yaşadığı evin həyətinə daxil olmuşlar. Həmin vaxt o, özü polislərə həyətinə X12 stansiya ərazisindən gətirdiyi 12 ədəd rels yanlıqlarını təqdim etmiş, bundan sonra onun yaşadığı ünvana gələn təhqiqatçı, polis mayoru Nadir Məmmədov həyətə baxış keçirərək həmin rels yanlıqlarını ekspertizaya təqdim edilməsi üçün götürərək qablaşdırmışdır. Sonra təhqiqatçının keçirdiyi baxışla əlaqədar tərtib etdiyi protokolu o, digər iştirakçılarla birlikdə imzalamışdır. Törətdiyi əmələ görə peşmançılıq çəkir. Zərərçəkmiş şəxsə dəymiş ziyan ödənildiyindən və barışıq əldə etdiyindən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndəsi qismində dindirilən Nümayəndə göstərdi ki, "xxxx" QSC-nin 1 nömrəli Xaçmaz yol sahəsində SƏTƏM (sağlam əməyin təhlükəsiz ətraf mühiti) üzrə mütəxəssis vəzifəsində işləyir. "xxxx" QSC-nin 1 nömrəli Xaçmaz yol sahəsinin verdiyi etibarnaməyə əsasən ona ********* saylı cinayət işində zərər çəkmiş şəxsın müvəkkil etdiyi nümayəndəsi kimi iştirak etmək hüququ verilmişdir. O, "xxxx" QSCnə vurulmuş maddi ziyanın 391 manat 68 qəpik dəyərində hesablanması ilə tam razıdır. 1 nömrəli Xaçmaz yol sahəsinə dəymiş maddi ziyan aradan qaldırılmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir tələbləri və şikayətləri yoxdur, odur ki, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Xaçmaz st. XPŞ-nin NMQnun baş əməliyyat müvəkkili, polis mayoru vəzifəsində xidmət edir. 07 aprel 2021-ci il tarixdə "xxxx" QSC-nin X12 stansiyası ərazisindən Nofəl adlı şəxsin 12 ədəd rels yanlıqlarını oğurlaması və yaşadığı evin həyətinə yığması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də o, Xaçmaz st. XPŞ-nin PPX-nin komandiri Şahid2 ilə həmin ünvana gedib Nofəl adlı şəxsə onun barəsində əməliyyat məlumatı daxil olması barədə deyərək ondan həyətinə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuş, Nofəl buna etiraz etməmişdir. Buna görə də həmin yerə Xaçmaz st. XPŞ-nin baş təhqiqatçısı Nadir Məmmədov və iki nəfər hal şahidi dəvət edilmiş, həyətə baxış keçirilmişdir. Həyətdə Nofəl özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını demiş, sonra həyətdəki giriş qapısının yanında olan 12 ədəd rels yanlıqlarını göstərərək həmin rels yanlıqlarını X12 stansiyası ərazisindən 07 aprel 2021-ci il tarixdə saat 07-08 radələrində əlində olan açarlar və lom vasitəsi ilə relslərin üstündən açaraq oğurlayıb yaşadığı evin həyətinə, hasarının üstündən ataraq həyətə giriş qapısına yaxın yerdə yığdığını bildirmişdir. Həmin rels yanlıqları baxış zamanı təhqiqatçı Nadir Məmmədov tərəfindən ekspertizaya təqdim edilməsi üçün götürülmüş, Nofəl hadisə yerini göstərərkən təhqiqatçı hadisə yerlərinin fotoşəkillərini baxış protokoluna əlavə etmək üçün çəkmişdir. Sonra təhqiqatçı keçirdiyi baxışla əlaqədar tərtib etdiyi protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 da Şahid1 ifadəsinə uyğun analoji ifadə vermişdir. “07” “aprel” 2021-ci il tarixli baxış protokolundan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs 07 aprel 2021-ci il tarixdə 12 ədəd (6 cüt) rels yanlıqlarını X12 stansiyası ərazisindən apardığını bildirmiş və aşkar olunan rels yanlıqları qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Cinayət işi materiallarında olan "xxxx" QSC-nin İnfrastruktur Departamentində 1 №-li Xaçmaz yol sahəsinin PC/ 187-01 saylı 08 aprel 2021-ci il tarixli cavab məktubundan görünür ki, 07 aprel 2021-ci il tarixdə X12 stansiyasının ərazisindən dəmir yolu xətlərindən oğurlanmış 12 ədəd (6 cüt) rels yanlıqları sahənin balansındadır və 07.04.2021-ci il tarixdə həmin detalların qiyməti 391 manat 64 qəpik təşkil etdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən məhkəməəmtəəşünaslıq ekspertizasının 08 aprel 2021-ci il tarixli 9/2230 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 12 ədəd (6 cüt) R-65 rels yanlıqlarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 391 manat 68 qəpik müəyyən edilir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. Cinayət işi materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 may 2021-ci il tarixli 4004 saylı arayışdan görünür ki, İsayev X7 şəhəri, Nizami küçəsi ev 45 ünvanda ailə üzvləri – X1, anası X3 və övladı – 2016-cı il təvəllüdlü X6 ilə birlikdə yaşayır. Cinayət işi materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 may 2021-ci il tarixli 4007 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş olan ambulator kitabçadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs X1 “epilepsiya” diaqnozu ilə xəstədir. Cinayət işi materiallarında olan "xxxx" QSC-nin Yük Daşımaları Departamentinin X4 Xidmətinin Şimal Vaqon İstismar Deposu tərəfindən verilmiş 30 sentyabr 2021-ci il tarixli 64 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən 01.10.2014-cü il tarixdən 25.01.2018-ci il tarixə qədər “Şirvan” istismar vaqon deposunda, 25.01.2018-ci il tarixdən 27.05.2021-cii il tarixə qədər “Şimal” vaqon deposunda işləmiş, 27.05.2021-ci il tarixdən hal-hazıra qədər “Şimal” vaqon istismar deposunda vaqon baxıcısı-təmirçisi peşəsi üzrə növbəli iş sistemi ilə işləyir. Həm gecə, həm gündüz növbəsi olmaqla iş yeri Şabran-Giləzi ərazisini əhatə edir. Cinayət işi materiallarında olan "xxxx" QSC-ti İnfrastruktur Departamenti 1№-li Xaçmaz yol sahəsinin rəisi Kənan Babayev tərəfindən verilmiş məktubdan görünür ki, Şabran stansiyası ərazisindən 07.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 12 ədəd (6 cüt) R- 65 tipli rels yanlıqları, Xaçmaz st. XPŞ-nin əməkdaşları tərəfindən götürülmüş və 1 nömrəli Xaçmaz yol sahəsinə təhvil verilmişdir. Ona görə də 1 nömrəli Xaçmaz yol sahəsinə dəymiş maddi ziyan aradan qaldırılmışdır. Bununla bağlı şikayətləri və tələbləri yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun ifadəsi ilə, iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.13-cü maddələrinə əsasən himayəsində bir azyaşlı uşağının olması və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyinin əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin içtimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını, həmçinin cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun və Siyəzən rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran şəhəri, Xəlil Əhmədov küçəsi ev 5 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək (işlədiyi vaxtda iş qrafikinə uyğun gecə növbəsində işdə olduğu müddət istisna olmaqla) tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 50 manat Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran və Siyəzən rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran şəhəri, Xəlil Əhmədov küçəsi ev 5 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək (işlədiyi vaxtda iş qrafikinə uyğun gecə növbəsində işdə olduğu müddət istisna olmaqla) tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 gün müddətinə Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar