Məhkəmə qərarları › İş №1(031)-6/2022

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-6/2022

12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-6/2022 12.01.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxx 1980-ci il tarixdə Şabran şəhərində doğulmuş, subay, orta təhsilli, işləməyən, üzərində məhkumluğu olan, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki olaraq ünvan 2 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Şabran rayon məhkəməsinin 24.01.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Binəqədi rayon məhkəməsinin 12.06.2020-ci il tarixli qərarı ilə 01 ay 12 gün müddətinə vaxtından əvvəl şərti olaraq azad olunmasına, 24.07.2021-ci il tarixdə cəza müddəti başa çatmasına baxmayaraq islah olunmamış və yenidən qəsdən cinayət törətmişdir. Belə ki, o, 2021-ci il avqustun 17-dən 18-nə keçən gecə saat 03 radələrində tamah niyyəti ilə Şabran şəhəri Nigar Rəfibəyli küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus evin darvazasından həyətə oradan isə evin həyətyanı sahəsində yerləşən tövlənin qapısı üzərindəki cəftəni açıb, içəri qanunsuz olaraq daxil olmaqla tövlədən 180 manat dəyərində bir baş çəkisi 30 kq olan diri erkək toğlunu (xırdabuynuzlu heyvanı) gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, ünvan 3 ünvanda qeydiyyatda olmasına baxmayaraq ünvan 4 heç bir yerdə işləmir. Əvəllər törətdiyi cinayətlərə görə bir neçə dəfə məhkum olunmuş və sonuncu dəfə isə 2020-ci ilin iyun ayında azadlığa çıxmışdır. 18 avqust 2021-ci il tarixdə saat 03:20 radələrində Şabran şəhəri Nigar Rəfibəyli küçəsində olarkən həmin küçədə yaşayan Qəzənfər adlı şəxsin yaşadığı evin həyət darvazasının açıq olduğunu görüb həyətə daxil olmuşdur. Qoyunların saxlanıldığı tövlənin qapısı üzərindəki cəftəni açaraq içəri daxil olub və oradan bir baş qoyun tutaraq içəridən çıxarmışdır. Qapını bağlayaraq həyət darvazasından küçəyə çıxıb oğurladığı qoyunu qucağına götürərək həmin yerdən uzaqlaşıb və Bakı-Xaçmaz avtomobil yoluna çıxmışdır. Avtomobil yolundan keçən avtomobillərə əl edib saxlatmaq istəyərkən yanında “Kamaz” markalı bir yük avtomobili dayanmışdır. Pula ehtiyacı olduğuna görə bir baş qoyunu 70 manat pula satdığını ona dedikdə avtomobilin sürücüsü olan tanımadığı şəxs ona 50 manat pul verə biləcəyini bildirmişdir. Avtomobilin sürücüsü ilə razılaşıb, 50 manat pulu ondan alaraq oğurladığı qoyunu ona satdıqdan sonra yaşadığı evə çıxıb getmişdir. Növbəti gün qoyunun satışından əldə etdiyi 50 manat pulu kafelərdə yeyib-içərək ehitiyacları üçün xərcləmişdir. Bir neçə gün sonra Şabran rayon PŞ-nin əməkdaşları onu RPŞ-nə dəvət etdikdə onlara etiraz etməyərək onlarla birlikdə Şabran rayon PŞ-nə gedib izahat vermiş, etmiş olduğu oğurluq əməlini səmimi olaraq etiraf etmişdir. Törətdiyi əməlinə görə peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs bildirdi ki, ünvan 5 ünvanda qeydiyyatda olmasına baxmayaraq ünvan 6lə birlikdə yaşayır və xırdabuynuzlu heyvanların alış-satışı ilə məşğul olaraq ailəsini dolandırır. Belə ki, həyətyanı sahəsində yerləşən tövlədə xırdabuynuzlu heyvanları saxlayaraq onları küçəyə buraxmadan, həmin tövlədə yemləyib və kökəldərək satmaqla məşğul olur. 2021-ci ilin avqust ayının əvvələrində dostluq etdiyi Şahin adlı şəxslə birlikdə ona məxsus “VAZ-2106” markalı avtomobillə Siyəzən rayonu ərazisində yerləşən kəndlərdən mal-qara almaq üçün getmişlər. Siyəzən rayonu ərazisində yerləşən Taqay kəndindən adı yadında qalmadığı bir nəfər şəxsdən bir baş dəyəri təxminən 175 manat, ümumi dəyəri isə 350 manat olan 2 (iki) baş xırdabuynuzlu heyvanları (qoyunları) alaraq onları yaşadığı evə gətirmişdir. Aldığı heyvanları həyətyanı sahəsində olan tövləyə, yəni digər heyvanların yanına salmış və həmin zaman tövlədə ümumilikdə 20 baş qoyun-quzusu olmuşdur. 17 avqust 2021-ci il tarixdə axşam saatlarında tövləyə girərək özünə məxsus təsərrüfatda saxladığı 20 baş qoyun-quzunu yemləyib və tövlənin qapısını, yəni cəftəsini bağlayaraq yaşadığı evə getmişdir. Ertəsi gün, yəni 18 avqust 2021-ci il tarixdə səhər saatlarında yuxudan ayılaraq tövləyə girib və heyvanlara yem vermək istəyərkən Siyəzən rayonundan 175 manat pula aldığı bir baş çəkisi 30 kq olan diri erkək toğlunun tövlədə olmadığını görmüşdür. Başa düşmüşdür ki, 2021-ci ilin avqust ayının 17-dən 18-nə keçən gecə naməlum şəxs və ya şəxslər ona məxsus tövləyə daxil olub oradan 1 (bir) baş qoyunu oğurlayıblar. Buna görə də Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat verdikdən bir neçə dəqiqə sonra Şabran RPŞ-nin polis əməkdaşları yaşadığı evə gəlmişlər. RPŞ-nin əməkdaşları yaşadığı evə gələrək ona məxsus tövləyə baxış keçirib sənədləşdirmə işləri aparmışlar. Polis əməkdaşları getdikdən sonra yaşadığı evin əks tərəfində yerləşən anbarın qarşısında quraşdırılmış videokamera görüntütərinə baxmaq üçün həmin obyektin sahibi Şabran rayon sakini Elşad Şahbazovun yanına getmişdir. E.Şahbazova məxsus obyektdə olan videokamera görüntülərinə baxdıqda 2021-ci ilin avqustun 17-dən 18-nə keçən gecə saat 03 radələrində evindən oğurluq etmiş şəxsin Şabran şəhər sakini Təqsirləndirilən şəxs olması ona məlum olmuşdur. Həmin videogörüntüləri bir ədəd DVD diskə köçürdükdən sonra Şabran RPŞ-nə gedib və həmin diski təqdim etmişdir. Ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Onun təqsirləndirilən şəxsə qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, ünvan 7 ünvanda yerləşən evdə ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Təxminən 10-15 ildir ki, Zərərçəkmiş şəxslə dostluq edir və münasibəti də onunla həmişə yaxşı olmuşdur. Zərərçəkmiş şəxs mal-qara alış verişi ilə məşğul olaraq xırdabuynuzlu heyvanları alıb, onları həyətindəki tövlədə saxlayıb və kökəltdikdən sonra satıb, dolanır. 2021-ci ilin təxminən avqust ayının əvvələrində dostluq etdiyi Zərərçəkmiş şəxslə birlikdə idarə etdiyi “VAZ-2106” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Siyəzən rayonu Taqay kəndinə xırdabuynuzlu hevanlar almaq üçün getmişlər. Zərərçəkmiş şəxs həmin kənddə tanımadığı bir nəfər şəxsdən 2 (iki) baş xıdabuynuzlu heyvanları təxminən 200-300 manat pula aldıqdan sonra yaşadıqları Şabran rayonuna qayıtmışlar. 18 avqust 2021-ci tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs onunla birlikdə aldığı qoyunlardan birini Şabran şəhər sakini Təqsirləndirilən şəxs tövlədən oğurlaması ona məlum olmuşdur. Təqsirləndirilən şəxs qoyunu oğurlayıb, həyətdən çıxıb qaçarkən onun videogörüntüləri Zərərçəkmiş şəxs yaşadığı evin əks tərəfində yerləşən Elşad adlı şəxsə məxsus obyektin kamerasına düşmüşdür. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 sentyabr 2021-ci il tarixli 9/6115 saylı rəyindən görünür ki, qərarda göstərilən bir baş çəkisi 30 kq olan diri erkək toğlunun (xırdabuynuzlu heyvanın) 2021-ci ilin avqust ayına orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 180,00 manat müəyyən edilir. İş materiallarında olan Şabran rayon məhkəməsinin 24 yanvar 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 09 aprel 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs apelyasiya şikayətinə əsasən, onun Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Şabran rayon məhkəməsinin 24 yanvar 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədəri rayon məhkəməsinin 12 iyun 2020-ci il tarixli 7(001)-194/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Şabran rayon məhkəməsinin 24 yanvar 2018-ci il tarixli, 1(031)-8/2018 nömrəli hökmü ilə təyin edilmiş 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 ay 12 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir, odur ki, əməlində cinayətlərin residivi vardır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 oktyabr 2021-ci il tarixli 4256 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 8 ünvanda ailə üzvü olan anası X1 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 oktyabr 2021-ci il tarixli 4257 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun ifadəsi ilə, iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olması Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 12 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilsin və barəsində həbs qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar