Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 1(031)-60/2021 05.10.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi oğlunun iştirakları ilə 27 may 1986-cı il tarixdə Şabran rayonu Şahnəzərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əməklə məşqul olan, Şabran rayonu, Şahnəzərli kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda faktiki yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 avqust 2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs ilə aralarında yaşadığları Şabran rayonu, Şahnəzərli kəndində yerləşən evdə ailə münasibətləri zəminində yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə vuraraq sonuncuya başın gicgah nahiyələrinin yumşaq toxumalarının əzilməsi, baş beyin silkələnməsi, sol bazu nahiyəsinin qançırı və sol kürək nahiyəsinin sıyrığından ibarət olan bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır, bir ildir ki, ailə həyatı qurmuşlar, birgə nikahdan 3 aylıq Rəşad adlı bir oğlu vardır, Rəşad üçün doğum şəhadətnaməsi almamışlar. 21 avqust 2021-ci il tarixdə saat 23 radələrində yaşadığı evə getdiyi zaman arvadı Günel ilə aralarında söz mübahisəsi baş vermişdir. Mübahisə zamanı əsəbi olduğuna görə Günelin qol nahiyəsinə yumruq ilə vurmuşdur. Güneli vurması nəticəsində Günel sol qol nahiyəsindən xəsarət almışdır. Günel ilə mübahisə etdiyi zaman yaşadığları evdə heç kim olmamışdır. Oğlu Rəşad üçün doğum şəhadətnaməsi almadığına görə Günel ilə aralarında tez-tez söz mübahisələri olmuşdur. O, etdiyi əməldən peşmandır, bir daha belə hallara yol verməyəcəyinə söz verir. Hazırda Zərərçəkmiş şəxs onunla barışmış, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Odur ki, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs bir ildir ki, onun əridir, lakin nikahları rəsmi qeydəiyyata alınmamışdır. Birgə nikahlarından 3 aylıq bir oğlanları vardır. Hacı ilə ailə həyatı qurandan sonra mütəmadi olaraq Hacı onunla mübahisə yaratdığından münasibətləri yaxşı olmamışdır. 21 avqust 2021-ci il tarixdə saat 23 radələrində əri Hacı yaşadığları evə gəlmişdir. Hacı ilə nikahları rəsmiləşdirilmədiyindən Hacıya oğlu üçün doğum şəhadətnaməsi almaq lazım olduğunu bildirmişdir ki, uşağa ad qoysunlar. Nikahlarını qeyd etdirməmək üçün Hacı onunla mübahisə edərək, yumruq və ayağı ilə onun bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Hacının onu vurması nəticəsində sol qolu əzildiyinə görə qaraltı əmələ gəlmişdir. Hacı onu yaşadığları evdə döyən zaman yanlarında heç kim olmamışdır. 22 avqust 2021-ci il tarixdə o, Xaçmaz rayon Xudat şəhərində yaşayan ailə üzvlərinə zəng edərək məlumat vermişdir. 22 avqust 2021-ci il tarixdə atası Balahməd onun yaşadığı evə gələrək onu və 3 aylıq oğlunu Xaçmaz rayonuna aparmışdır. İş məhkəmənin icraatında olduğu vaxt oğluna doğum haqqında şəhadətnamə almışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Bu barədə məhkəməyə rəsmi ərizə təqdim etmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” Birliyinin Şabran rayon şöbəsinin 23 avqust 2021-ci il tarixli 202 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər – başın gicgah nahiyələrinin yumşaq toxumalarının əzilməsi, baş beyin silkələnməsi, sol bazu nahiyəsinin qançırı və sol kürək nahiyəsinin sıyrığı bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın ilkin məlumatda göstərdiyi vaxtda və şəraitdə yarana bilər, özü tərəfindən özünə yetirilən və öz boyu hündürlüyündən yıxılma zamanı yaranan xəsarətlərə xarakterik deyil, yaranma müddəti müayinə olunanın göstərdiyi 21 avqust 2021-ci il tarixə uyğundur, səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. MSİ materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ idarəsi tərəfindən verilmiş 03 sentyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şabran rayon məhkəməsinin 18 fevral 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən 02 il şərti sınaq müddəti tətbiq edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 21 may 2021-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. MSİ materiallarında olan Şabran rayon İHB-nın Şahnəzərli İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 sentyabr 2021-ci il tarixli 245 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu Şahnəzərli kəndində ailə üzvləri – atası X2, anası X3, bacıları – X5 və X1, bacısı oğlu X7, bacısı qızı X6 ilə birlikdə yaşayır. MSİ materiallarında olan Şabran RİH Başçısının Şahnəzərli İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 sentyabr 2021-ci il tarixli 244 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. MSİ materialına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur, xahiş edir ki, ərizəsi nəzərə alınaraq cinayət təqibinə xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışdığından və ondan hər hansı bir tələbi olmadığından, eləcə də MSİ materialı üzrə cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildiyindən, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsdən şikayətinin olmaması səbəbindən zərərçəkmiş şəxsin ərizəsi nəzərə alınmalı və məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, həmçinin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8, 73.2, 43.1.2, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya protesti və ya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-60/2021
Şabran Rayon Məhkəməsi Qərar — İş №1(031)-60/2021
05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver