Məhkəmə qərarları › İş №1(031)-60/2024

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-60/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-60/2024 04.12.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1972-ci il tarixdə Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına verilmə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, mənbədən və şəraitdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni, təmiz çəkisi 268,09 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək 9,18 qram qurudulmuş marixuananı üzərində gəzdirməklə və qalan 258,91 qram qurudulmuş marixuananı isə yaşadığı evdə saxlamış, Şabran RPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Şabran şəhəri İ.Qayıbov küçəsində saxlanıldığı vaxt üzərində qanunsuz olaraq narkotik vasitələri gəzdirməsində şübhəli olduğundan Şabran RPŞ-yə gətirilməklə xx.xx.2024-cü il tarixdə saat 10:45-dən 11:00-dək növbətçi hissədə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sol yan cibindən 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda çəkiləri 4,42 qram və 4,13 qram, sağ yan cibindən “Keno” markalı siqaret qutusundan 1 ədəd kağız bükümdə 0,63 qram olmaqla ümumi təmiz çəkisi 9,18 qram qurudulmuş marixuana və xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən yaşadığı evə saat 16:10-dan 16:45-dək baxış keçirilən zaman paltar şkafının üzərindən 1 ədəd bükümdə 1,21 qram və divanın yanında sellofan torbadan isə 257,7 qram olmaqla ümumi təmiz çəkisi 258,91 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, rəsmi nikaha girməsədə, ailəlidir, 3 övladı var. Narkotik vasitə olan marixuanadan iki ildir ki, istifadə etməkdədir. O, 2024-cü ilin fevral ayının əvvəllərində Bakı şəhərində, Şamaxinka adlanan ərazidə olan zaman yerdən siqaret qutusu tapmış və içərisinə baxan zaman qurudulmuş marixuana aşkarlarmışdır. Aşkarladığı qurudulmuş marixuananı istifadə etmək məqsədilə üzərində saxlamış və Şabran şəhərinə gəldikdən sonra istifadə etmişdir. Həmin kütlənin içərisindən 2 ədəd toxum tapmış və həmin toxumları əkmək məqsədilə saxlamış, həmin toxumları 2024-cü ilin mart ayının sonlarında yaşadığı evdən bir qədər aralıda, çayın yaxınlığında kolluq ərazidə torpağa əkmişdir. Əkdiyi kolların biri tez yetişsə də gül açmışdı və əmələ gəlməmişdir. O da həmin kolu çıxarıb çaya tullamışdır. Digər kol isə yetişmiş və həmin kolu 2024-cü ilin iyul ayının əvvələrində torpaqdan çıxarıb həmin kolluq sahədə qurutmuşdur. Qurutduğu kütləni şəxsi istifadəsi üçün evdə saxlamış, ondan ara-sıra istifadə etmiş və bir hissəsini yaşadığı evdə sellofan torbada divanın arxasında gizlətmişdir. Sellofanda olan kütləni 2 ədəd bükümə və 2 ədəd kibrit qutusuna yığmışdır. 1 ədəd bükümü şkafın üzərində gizlətmiş, 1 ədəd büküm və 2 ədəd kibrit qutusunu isə istifadə etməsi üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Sumqayıt şəhərinə getmək üçün yaşadığı evdən çıxmış və İ.Qayıbov küçəsində olan zaman mülki geyimdə olan bir neçə şəxs ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlamağı barədə məlumat olmasını bildirib, onu qərarla tanış edib və Şabran RPŞ-yə dəvət etmişdirlər. O da polis əməkdaşları ilə birgə Şabran RPŞ-yə gəlmişdir. Şabran RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edilmiş və o, şübhəli şəxs kimi tutulmuşdur. Müdafiəçi kimi Müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunmasını istəmişdir. Daha sonra isə Şabran RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, o da üzərində saxladığı “Keno” markalı siqaret qutusundakı içərisində qurudulmuş marixuana olan 1 ədəd bükümü və içərisində qurudulmuş marixuana olan 2 ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş, həmin kütlələrin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş kütlələr 1 ədəd büküm kağız zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, o və digər iştirakçılar həmin zərfi imzalamışdırlar. Şəxsi axtarış zamanı video çəkiliş aparılmış, protokol tərtib olunmuşdur. Daha sonra onun razılığı ilə yaşadığı evə baxış keçirilmiş, evdə paltar şkafının üzərindən 1 ədəd bükümdə və divanın yanından isə 1 ədəd sellofan torbada saxladığı qurudulmuş marixuanalar aşkarlanmışdır. Həmin kütlələr də qablaşdırılmış, üzərinə möhür vurulmuş, baxış zamanı video çəkiliş aparılmış, protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Şabran şəhəri, H.Nağıyev küçəsində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlamaqla daşımasında şübhəli olduğundan Şabran RPŞ-nin əməkdaşları Şahid2 və Şahid3 iştirakı ilə keçirilən tədbir zamanı xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Şabran şəhəri, İ.Qayıbov küçəsində köhnə klub binasının yaxınlığında saxlanılaraq Şabran RPŞ-yə gətirilmişdir. Şabran RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi zamanı dəvət edilmiş müdafiəçisi Müdafiəçi da iştirak etmişdir. Şəxsi axtarış video çəkilişlə aparılmış və şəxsi axtarışa başlamazdan əvvəl Elmana narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamasında və gəzdirməsində şübhəli olması elan edilməklə, hüquq və vəzifələri izah edilməklə vəkil Müdafiəçi ona təqdim edilmişdir. Elmana üzərində qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etməsi bildirilmiş, şəxsi axtarış zamanı Elmanın əynində olan şalvarın sol yan cibindən 2 ədəd kibrit qutusu, sağ yan cibindən "Keno” markalı siqaret qutusu aşkarlanmışdır. Kibrit qutularının hər birində və “Keno” markalı siqaret qutusunun içərisindəki 1 ədəd bükümdə olan kütlənin barəsində Elmandan soruşulan zaman həmin kütlələrin narkotik vasitə olan marixuana olduğunu və şəxsi istifadəsi üçün saxladığını, daşıdığını bildirmişdir. Aşkarlanmış predmetlər kağız zərfə qoyulmaqla qablaşdırılmış və üzəri yazılmaqla möhürlənmişdir. Daha sonra Elmanın özünün razılığı ilə yaşadığı ünvana baxış keçirilmiş və həmin ünvanda yataq otağındakı şkafın üzərindən 1 ədəd kağız bükülü və qonaq otağındakı divanın yanından isə 1 ədəd sellofan torba aşkarlanmışdır. Aşkarlanmış predmetlərə baxış keçirilərək götürülmüş, zərfə qoyulmaqla qablaşdırılmış, üzəri yazılaraq möhürlənmişdir. Bu barədə videoçəkiliş aparılmışdır. Məhkəmə istintaqı zamanı ibtidai istintaqda verdiyi ifadəsi elan edilmiş Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlamaqla daşımasında şübhəli olduğundan xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Şabran şəhəri, İ.Qayıbov küçəsində köhnə klub binasının yaxınlığında saxlanılaraq Şabran RPŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən, Elmana üzərində qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etməsi bildirilmiş, şəxsi axtarış zamanı Elmanın əynində olan şalvarın sol yan cibindən 2 ədəd kibrit qutusu, sağ yan cibindən "Keno” markalı siqaret qutusu aşkarlanmışdır. Kibrit qutularının hər birində və “Keno” markalı siqaret qutusunun içərisindəki 1 ədəd bükümdə olan kütlənin barəsində Elmandan soruşulan zaman həmin kütlələrin narkotik vasitə olan marixuana olduğunu və şəxsi istifadəsi üçün saxladığını, daşıdığını bildirmişdir. Aşkarlanmış predmetlər kağız zərfə qoyulmaqla qablaşdırılmış və üzəri yazılmaqla möhürlənmişdir. Daha sonra Elmanın özünün razılığı ilə yaşadığı ünvana baxış keçirilmiş və həmin ünvanda yataq otağındakı şkafın üzərindən 1 ədəd kağız bükülü və qonaq otağındakı divanın yanından isə 1 ədəd sellofan torba aşkarlanmışdır. Aşkarlanmış predmetlərə baxış keçirilərək götürülmüş, zərfə qoyulmaqla qablaşdırılmış, üzəri yazılaraq möhürlənmişdir. Bu barədə videoçəkiliş aparılmışdır Məhkəmə istintaqı zamanı ibtidai istintaqda verdiyi ifadəsi elan edilmiş Şahid3 ifadəsi Şahid2 ifadəsi ilə eyniməzmunlu ifadə təşkil etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi xx.xx.2024-cü il tarixdə RPŞ-nin baş təhqiqatçısı, polis polkovnikleytenantı İsmayıl Novruzov tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024 -cü il tarixdə Şabran RPŞ-nin TQ-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı İsmayıl Novruzov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Şabran RPŞ-nin TQ-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı İsmayıl Novruzov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılmasından əvvəl onu bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təqdim edilməsi təklif edilmiş, təklifdən sonra Təqsirləndirilən şəxs üzərində və əynində olan cins şalvarın cibindən 2 ədəd kibrit qutusunu və siqaret qutusunun içərisindən 1 kağız bükümdə yaşıl rəngli spesifik iyi olan marixuananı təqdim etmiş, bundan sonra üzərinə şəxsi axtarış aparılsa da, başqa heçnə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olub-olmadığı soruşulduqda, o, evində də narkotik olduğunu bildirmiş, aşkar edilmiş 2 kibrit qutusu və 1 kağız bükümdə aşkar edilmiş narkotikə bənzər kütlələr 1 ədəd zərfə qablaşdırılaraq möhürlənmişdir. Şabran RPŞ-nin TQ-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı İsmayıl Novruzov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli baxış və götürmə haqqında protokolla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilmiş, baxış zamanı o, yaşadığı evdə öz otağında olan paltar şkafının üzərinə yığılmış xırda döşəkçələrin arasından spesifik qoxusu olan 1 ədəd kağız bükümdə marixuanaya oxşar bükümü təqdim etmiş, ondan evdə başqa qanunla qadağan edilmiş əşyanın olubolmaması soruşulduqda, o, başqa heçnə olmadığını bildirmişdir. Baxış zamanı televizor olan zalda divanın arxasından 1 ədəd üzərində “Şimal mall” sözləri yazılmış sellofan torba aşklar edilmiş, həmin sellofanın içərisinə baxılarkən 1 ədəd şəffaf sellofanda spesifik qoxusu olan marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Elmandan aşkar edilmiş kütlənin nə olduğu soruşulduqda, həmin kütlədən məlumatı olmadığını bildirmişdir. Aşkar edilmiş 1 bükümdə və sellofan torbada aşkar edilmiş marixuanaya oxşar kütlələr ekspertizaya göndərilməsi üçün 1 ədəd iri zərfə qoyularaq möhürlənmişdir. Həmin istintaq hərəkətlərinin videogörüntüləri ilə aparılmış istintaq hərəkətlərinin işin faktiki hallarına uyğunluğu müəyyən edilmişdir. İş üzrə Ədliyyə Nazirliyi MEM-in məhkəmə bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/1177 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd kibrit qutusunda və bir ədəd kağız bükümdə marixuanaya oxşar ...” yazılar və imzalar olan 1 nömrəli zərfdə 2 ədəd kibrit qutusunda və 1 ədəd qəhvəyi rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,42 qram, 4,13 qram, 0,63 qram ümumi çəkisi 9,18 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs yaşadığı evdən... aşkar olunaraq götürülmüş” yazılar və imzalar olan 2 nömrəli zərfdə 1 ədəd ağ rəngli kağız bükülüdə təmiz çəkisi 1,21 qram və 1 ədəd çəhrayı rəngli polietilen paketdə göy rəngli sellofan torbada təmiz çəkisi 257,7 qram ümumi təmiz çəkisi 258,91 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş marixuanaların ümumi çəkisi 268,09 qramdır. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş marixuanalar tərkiblərinə görə eynidir. ümumi çəkisi 268,09 qram (1-5№li ob.) marixuanaların cəmi 0,1 qramı (hər obyektdən 0,02 qram) tədqiqata sərf edilmiş, qalıq 267,99 qram təşkil etmişdir. İş üzrə ekspertiza icraatından sonra qaytarılan 2 ədəd kağız paketdə 267,99 qram qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi hesab olunmuş, saxlanılması üçün Şabran RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. İş üzrə Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin xx.xx.2024-cü il tarixli, 5707 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərdən qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə şəxsi axtarış və götürmə aparılması, baxış keçirilməsinə dair istintaq hərəkətinin görüntüləri əks olunmuş 2 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş üzrə Şabran RİHB-nin Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs 1978-ci il təvəllüdlü arvadı X1, 1997-ci il təvəllüdlü oğlu Elxan Məmmədovdan ibarət ailə tərkibi vardır, Şabran RİHB-nın Şabran şəhər İƏD nümayəndəsinin verdiyi xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş üzrə Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Dəvəçi rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 159.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmiş, xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1998-ci il tarixli amnistiya qərarının 4-cü maddəsinə əsasən azad edilib, Siyəzən rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə və 1 il balıqçılıq fəaliyyəti ilə məşğul olmaqdan məhrum etmə cəzası verilmiş, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin 05.11,2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 6 ay müddətinə azaldılmışdır. Həmin məlumatlara əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 3cü bəndinə əsasən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən cinayətin predmetinin narkotik vasitə, psixotrop maddə, prekursor, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddə olmasının, onların tibbi məqsədlər üçün istifadəyə yararlı olub-olmamasının, bitkilərin tərkibində narkotik maddələr olan bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən, həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Predmetin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, bitkinin tərkibində isə narkotik maddələr olması, habelə onların miqdarı dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında Cinayət Məcəlləsinin yuxarıda göstərilən maddələri ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin qərarın 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlaraia əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. ”Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 saylı Qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs 3 övladının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən halla yanaşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Şabran Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2 ədəd kağız paketdə 267,99 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş pul vəsaiti Təqsirləndirilən şəxsdən tutulmalıdır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Şabran rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Şabran rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına verilmə növündə növündə qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutun qalığı olan Şabran RPŞ-də saxlanılan 2 ədəd kağız paketdə 267,99 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış vəgötürmə aparılması, baxış keçirilməsi istintaq hərəkətlərinin görüntüləri əks olunmuş 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Şabran rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar