Məhkəmə qərarları › İş №1(031)-64/2022

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-64/2022

03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-64/2022 03.11.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1997-ci il tarixdə Şabran rayonu Xəlfələr kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Şabran rayonu Xəlfələr kəndində qeydiyatda olmaqla həmin kənddə faktiki yaşayan, barəsində Şabran rayon məhkəməsinin qərarı ilə “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 30 iyun 2022-ci il tarixdə Şabran şəhər Xətai küçəsi nömrəsiz evdə yaşayan qardaşı X2 02 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə etdiyi ayrı-ayrılıqda çəkiləri 0,036 və 0,380 qram olan ümumi təmiz çəkisi 0,416 qram təşkil edən 02 ədəd bükümdə psixotrop maddə hesab edilən metamfetamini şəxsi istifadə məqsədilə alıb müvafiq olaraq əynindəki şalvarın sağ və sol yan ciblərinə yerləşdirib üstündə gəzdirməklə qanunsuz olaraq saxlamış, 30 iyun 2022-ci il tarixdə saat 18 radələrində Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran şəhəri mərkəzi bazarının yaxınlığında yerləşən “Məkan” çay evinin qarşısında saxlanılmış, RPŞ-də üzərində keçirilmiş şəxsi axtarış zamanı sözügedən psixotrop maddə ondan aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, Şabran rayonu Xəlfələr kəndində yaşayır və daimi iş yeri yoxdur, fərdi əməklə məşğuldur. Təxminən 1 aydır ki, narkotik vasitə olan marixuana və “patı” yaxud “şüşə” kimi tanınan psixotrop maddədən istifadə edir. 30 iyun 2022-ci il tarixdə saat 15 radələrində Şabran şəhəri Xətai küçəsində yaşayan qardaşı Qəşəm Əzimovdan narkotik vasitə almaq üçün onun yaşadığı evə gəlmiş, qardaşı Qəşəmin yaşadığı evdə iş görməkdə ona köməklik etdikdən sonra ondan narkotik vasitə marixuana və “patı” istəmişdir. Qəşəm də evin mətbəxindəki soyuducunun üzərindən 01 ədəd bükümdə qurudulmuş marixuana və 02 ədəd bükümdə psixotrop maddə hesab edilən metamfetamini ona vermişdir. O, həmin narkotik vasitə və psixotrop maddəni əynindəki qara rəngli cins şalvarın ciblərinə qoyaraq Şabran şəhər mərkəzi bazarına getmişdir. Həmin gün saat 18 radələrində Şabran şəhəri mərkəzi bazarının yaxınlığında yerləşən “Məkan” çay evinin qarşısında 03 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini RPŞ-nin əməkdaşları kimi təqdim edib onu RPŞ-yə dəvət etmişlər. O da, polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə RPŞ-yə getmişdir. RPŞ-nin növbətçi hissəsində hüquq və vəzifələri Müdafiəçi iştirakı ilə ona izah edildikdən sonra üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə videoçəklişlə onun üzərində şəxsi axtarış aparılan zaman o, əyinindəki qara rəngli şalvarın sağ və sol yan ciblərindən qardaşı Qəşəm Əlizadənin ona verdiyi ümumilikdə 01 ədəd bükümdə narkotik vasitə hesab edilən qurudulmuş marixuananı və 02 ədəd bükümdə psixotrop maddə hesab edilən metamfetamini təqdim etmişdir. Törətmiş olduğu əməldən peşmandır, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin CAB-nin rəisi Şahid1 göstərdi ki, 30 iyun 2022-ci il tarixdə Şabran rayon Xəlfələr kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu ilə məşğul olması barədə etibarlı və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Şabran RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, PPX-nün sahə polis nəfəri, polis serjantı Şahid3la birlikdə Təqsirləndirilən şəxs Şabran rayon Mərkəzi bazarının yaxınlığında “Məkan” çay evinin qarşısında saxlanılaraq RPŞ-yə gətirilmişdir. RPŞ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən 02 ədəd bükümdə psixotrop maddə metamfetamin, sol yan cibindən isə özünəməxsus mobil telefonun arxa hissəsindən 01 ədəd bükümdə narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddələri qardaşı Qəşəm Əzimovdan aldığını, narkotik vasitə, psixotrop maddə qəbul etməsi səbəbindən onları şəxsi istifadəsi məqsədilə üzərində saxladığını səmimi olaraq etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, PPXB-nün sahə polis nəfəri, polis serjantı Şahid3 iş üzrə Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi halları təsdiq etmişlər. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan məhkəmə-bioloji ekspertizasının 02 iyul 2022-ci il tarixli 6/3642-7/717 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,036 qram və 0,380 qram olmaqla ümumi çəkisi 0,416 qram (tədqiqata sərf edilən ümumi miqdar – 0.04 qram, qalıq – 0.376 qram) ağ rəngli kristalşəkilli maddələri öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,357 qram (tədqiqata sərf edilən miqdar – 0.05 qram, qalıq – 0.307 qram) bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Metamefetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxildir. İş materiallarında olan toplanmış sübutların qiymətləndirilməsi haqqında 28 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitə hesab edilən qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarında az miqdarda olduğundan barəsində həmin xüsusat üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 14 iyul 2022-ci il tarixli 3792 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 19 iyul 2022-ci il tarixli tələbnamədən, Şabran rayon məhkəməsinin 16 iyul 2018-ci il tarixli hökmünün surətindən və Şabran rayon İcra və probasiya şöbəsinin 14 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 16 iyul 2018-ci il tarixdə Şabran rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3, 69.3-cü maddələri ilə təqsirli bilinib 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdən Şabran rayon İcra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan Şabran RİH Başçısının Düzbilici İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 avqust 2022-ci il tarixli 95 saylı arayışdan görünür ki, Əzimov X4 rayonunun Xəlfələr kəndində yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Düzbilici İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 avqust 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs bu vaxtadək ailəsinə məxsus ailə kəndli təsərrüfatında təsərrüfat işləri ilə məşğul olmuşdur. Kənd sakinləri tərəfindən onun barəsində nümayəndəliyə bu vaxtadək heç bir müraciət və şikayət ərizəsi daxil olmamışdır. İş materiallarında olan 30 iyun 2022-ci il tarixli tutma protokolundan, eləcə də 02 iyul 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 02 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə də barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şabran rayon məhkəməsinin 02 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qardaşı X3 barəsində 04 (dörd) ay müddətinə «həbs» növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri və məhkəmə ekspertizalarının rəyləri, eləcə də iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında xüsusi olaraq məhkəmələrə cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tədbiqinin genişləndirilməsini, cəzanın növünü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tədbiq edildiyini əsas tutmaları, cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirmələri tövsiyyə edilmişdir. Həmin tövsiyə və tapşırığa uyğun olaraq CM-də bir çox əlavə və dəyişikliklərin edilməsini, o cümlədən azadlığın məhdudlaşdırılması növündə yeni alternativ cəzanın müəyyən edilməsini və tədbiqini nəzərdə tutulan qanun layihələri hazırlanaraq Azərbaycan Respublikası Prezidentinə təqdim olunmuş və “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Məhz həmin Qanunla cəza siyasətinin humanistləşdirilməsi istiqamətində CM-nin Ümumi və Xüsusi hissələrində br çox dəyişikliklər edilmiş, o cümlədən CM-nin 234.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlığın məhdudlaşdırılması növündə cəza əlavə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, qardaşının da həbs olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu Xəlfələr kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 iyun 2022-ci ildən 02 iyul 2022-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 gün və ev dustağlığında saxlanıldığı 04 (dörd) ay 01 (bir) gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 163.4-cü maddəsinə əsasən ev dustaqlığı, onun müddətinin müəyyən edilməsi və uzadılması, ev dustaqlığından azad etmə barədə qərarların qəbul edilməsi əsasları və qaydası bu Məcəllənin həbs qətimkan tədbirinə aid olan müddəaları ilə tənzimlənir. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran RPŞ-nin maddi sübütlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 02 ədəd bükümdə tədqiqatdan sonra qalıq qalan 0,376 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, 01 ədəd bükümdə tədqiqatdan sonra qalıq qalan 0,307 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 88 manat Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə və ev dustağlığında saxlanıldığı 04 (dörd) ay 03 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 24 (iyirmi dörd) gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu Xəlfələr kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dəktərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran RPŞ-nin maddi sübütlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 ədəd bükümdə tədqiqatdan sonra qalıq qalan 0,376 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, 01 ədəd bükümdə tədqiqatdan sonra qalıq qalan 0,307 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 88 manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar