Məhkəmə qərarları › İş №1(031)-65/2023

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-65/2023

22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-65/2023 22.11.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X25 Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, fərdi identifikasiya nömrəsi "xxxxxxx" olan, xx.xx.1993-cü il tarixdə Goranboy rayonunun Hacallı kəndində anadan olmuş, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs AR CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi həmin iş üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şabran rayon prokuroru X2 tərəfindən xx.xx.2023-cü il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:30-da yeni inşa olunmaqda olan Bakı-Quba-Rusiya Federasiyası avtomobil yolunun Şabran rayonu ərazisindən keçən 86-cı kilometrində “BC103627” nömrəli, B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi və xx.xx.2023-cü il tarixli, 7E-2914 nömrəli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamə əsasında idarə etdiyi “HOWO” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı yük maşınının yük yerində olan əsaslı qırma daşı yükünü boşaltmaq məqsədilə nəqliyyat vasitəsini arxaya istiqamətdə hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə əsasən nəqliyyat vasitəsini geriyə hərəkət etdirərkən manevri təhlükəsiz və hərəkətin digər iştirakçıları üçün maneə yaratmadan, həmçinin lazım olduğu təqdirdə başqa şəxslərin köməyindən istifadə etməklə həyata keçirməli olduğu halda həmin qaydaların tələblərini pozaraq həmin ərazidə əmək fəaliyyətini həyata keçirən X4 nəqliyyat vasitəsinin arxa hissəsində olduğunu görmədən nəqliyyat vasitəsini arxaya doğru hərəkət etdirən zaman nəqliyyat vasitəsinin arxa qapaq hissəsinin Rüstəm Rüstəmovun sağ çiyin və qarnın sağ yan divar nahiyəsinə dəydiyini, habelə sonuncunun yerə yıxıldığını gördükdən sonra nəqliyyat vasitəsini saxlamaq məqsədilə əyləcə basmış, ancaq tormozlanma ilə hərəkətdə olan yük avtomobilinin arxa təkərinin Rüstəm Rüstəmovun ayaqlarının üzərinə çıxması nəticəsində nəqliyyat vasitəsinin təkərlərinin təsiri ilə Rüstəm Rüstəmovun hər iki aşağı ətrafında çanaq, bud, diz və baldır nahiyələrini əhatə etməklə dəri və dərialtı piy toxumanın soyularaq əzələlərdən ayrılması, əzələ, qan damarları və vətərlərin əzilib-dağılması, geniş qansızmalarla müşayiət olunan böyük sahəli cırılmış-didilmiş parçaşəkilli yarası, xayalığın cırılması, hər iki ayağın cırılmış-didilmiş parçaşəkilli yaraları, sol dizin əzilmiş yarası, çanağın sol yarısının və sol baldırın sıyrıqları, sağ bud sümüyü boynunun, qasıq və oturaq sümüklərinin yerini dəyişən qəlpəli sınıqlar, sol baldır sümüklərinin yerini dəyişən qəlpəli ikili sınığından ibarət aldığı bədən xəsarətləri ilə sağlamlığına ağır zərər vurulması, habelə hər iki aşağı ətrafın küt travması nəticəsində çanaq, sağ bud və sol baldır sümüklərinin sınıqları, sağ aşağı ətrafda dəri, dərialtı piy toxuması, əzələ, vətər və qan damarlarının geniş qansızmalarla müşayiət olunan əzilib-dağılmalarmdan törəyən ağır travmatik şok nəticəsində ehtiyatsızlıqdan ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, yükü boşaltmaq məqsədi ilə idarə etdiyi nəqliyyat vasitəsini arxa-arxaya verdiyi zaman X4 nəqliyyat vasitəsinin arxa hissəsində olduğunu görməmiş və onun idarə etdiyi nəqliyyat vasitəsinin arxasında yerə yıxılmış X4 ayaqlarının üstündən keçmişdir. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq idarə etdiyi nəqliyyat vasitəsinin arxa-arxaya verdiyi zaman güzgüdən geri baxdığını, lakin X6 görmədiyini, həmin güzgülər vasitəsi ilə X4 nəqliyyat vasitəsinin arxasında yerə yıxıldığını gördükdən sonra əyləc vasitəsi ilə idarə etdiyi nəqliyyat vasitəsini saxlamağa cəhd etməsinə baxmayaraq, nəqliyyat vasitəsini dayandıra bilmədiyini, X4 əvvəllər tanımadığını, aralarında hər-hansı bir münaqişənin olmadığını, X4 dərhal hadisə yerində dünyasını dəyişmədiyini, hadisədən təqribən 20-25 dəqiqə X4 orada qaldığını, bundan sonra Sumqayıt şəhərində həkimlərin yanında olduğu zaman rəhmətə getdiyini, zərər çəkmiş şəxsin ailəsinə bu hadisənə sonra maddi yardım etdiyini, aralarında barışığın əldə edildiyini, törətdiyi əməldən peşman olduğunu, müdafiəçinin suallarına cavab olaraq isə idarə etdiyi yük markalı nəqliyyat vasitəsindən yükü boşaldığı zaman onlarda olan təlimata əsasən bir nəfər şəxsin nəqliyyat vasitəsinin arxasında dayanıb ona istiqamət verməli olduğunu və belə bir şəxsin həmin vaxt orada olmadığını bildirmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəmə iclaslarına gəlməmiş, ancaq məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə ünvanlayaraq təqsirləndirilən şəxsə ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Bununla belə, məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, mərhum X11 onun qardaşıdır. X17 təxminən 02 (iki) ilə yaxın Şabran rayonunda “X29 və Turizm” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyində əvvəl dəmiryolu xətti çəkilişi layihəsində, daha sonra isə yeni inşa olunmaqda olan Bakı-Rusiya Federasiyası avtomobil yolunun çəkilişi layihəsində fəhlə vəzifəsində işləmişdir. Özü isə Bakı şəhərində yaşayaraq ayrı-ayrı yerlərdə fəhləlik edir. Ailədə 02 (iki) qardaş olmuşlar. X18 2002-ci ildə dəmiryolu xəttində baş vermiş nəqliyyat hadisəsində, anaları Şəfiqə Rüstəmova isə 2012ci ildə Bakı-Quba yolunda baş vermiş yol-nəqliyyat hadisəsində vəfat etmişlər. X17 2017-ci ildə Şabran şəhər sakini X13 ilə ailə həyatı qurmuşdur. Həmin evlilikdən onların bir övladları, 2020-ci il təvəllüdlü X9 dünyaya gəlmiş, lakin Rüstəm ilə Şəfiqə arasında rəsmi nikah olmamışdır.xx.xx.2023-cü il tarixdə, təxminən saat 16-17 radələrində Bakı şəhərində olduğu zaman əmisi Natiq Rüstəmov onun mobil telefonuna zəng edərək qardaşı Rüstəmin ayaqlarının üstünə yük maşınının çıxdığını, vəziyyətinin ağır olması ilə əlaqədar onu təcili-tibbi yardım xidməti maşını ilə Bakı şəhərinə X8 yola salınacağını demişdir. Tez X8 gedərək təcili tibbi yardım maşını ilə qardaşının gəlməyini gözləmişdir. Təcili-tibbi yardım xidməti maşını təxminən saat 18:00 radələrində xəstəxanaya çatmış, ancaq qardaşı aldığı xəsarətlərin təsirindən artıq ölmüşdür. Daha sonra Şabran rayonuna gəldikdən sonra qardaşı Rüstəmin iş yoldaşlarının dediklərindən xx.xx.2023-cü il tarixdə, saat 14:30 radələrində yeni inşa olunmaqda olan Bakı-Quba-Rusiya Federasiyası avtomobil yolunun Şabran rayonu ərazisindən keçən 86-cı kilometrində yol çəkilişi işlərinin aparılması zamanı “Kolin İnşaat” şirkətinin işçisi kimi X17 əmək fəaliyyətini yerinə yetirərəkən həmin ərazidə əsaslı qırma daşı yükünü boşaltmaq məqsədilə arxa-arxaya istiqamətdə hərəkətdə olan daha sonradan adını öyrəndiyi Goranboy rayon sakini Təqsirləndirilən şəxs idarə etdiyi yük maşının arxa qapaq hissəsi qardaşı Rüstəmə dəyərək onu yerə yıxması və Rüstəmin hər iki ayaqları yük maşının təkərlərinin altında qalması məlum olmuşdur. Həmin hadisə sürücünün ehtiyatsızlığından baş verdiyindən X17un ölməsi ilə bağlı yük avtomobilini idarə edən Təqsirləndirilən şəxs barəsində hər hansı şikayəti və tələbi yoxdur. Ailəsi həmin şəxslə barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 bildirmişdir ki, o, finişerin arxasında dayandığı üçün hadisənin neçə baş verdiyini görməyib, hadisə baş verdikdən sonra ora yaxınlaşdığı zaman isə X4 artıq yerdə uzandığını görüb. Bundan əlavə dövlət ittihamçısının sualına cavab olaraq ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini, müdafiəçinin suallarına cavab olaraq isə hadisə baş verdiyi zaman finişerin arxasında dayandığı üçün Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsindən yükü boşaldığı zaman kiminsə nəqliyyat vasitəsinin arxasında dayanıb ona istiqamət verib-vermədiyini görmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərmişdir ki, onlar həmişə gördükləri işi görürdülər və o, özü topoqraf işləyir. X11 da onların yanlarında işləyirdi. Finişerin arxasında kodları yoxladığı zaman, finişer yola asfalt çəkilməsində istifadə edilən maşının adıdır, finişerlərdən biri də həmin vaxt xarab olmuşdur, Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsini arxaya verərkən yəqin ki, X6 görmədiyi üçün onu taptaladığını görüb. Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilk öncə X1 tərəfinə dəyib, X11 yerə yıxıldıqdan sonra isə onun ayağının üstündən keçib. Təqsirləndirilən şəxs günahlandırmır, 50-60 ton yükü olan nəqliyyat vasitəsini dayandırmaq həqiqətən də çətindir, 04 (dörd) ildir ki bu işin içindədir və bilir ki yüklü maşını dayandırmaq mümkün olmur, lakin Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi X7 dəyən kimi orada olan insanlar səs-küy salaraq və finişerlərin siqnalları vasitəsi ilə Təqsirləndirilən şəxs bu barədə məlumat veriblər. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq hadisənin neçə baş verdiyini gördüyünü, Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsini arxaya verdiyi zaman həmin nəqliyyat vasitəsinin X1 tərəfinə dəydiyini və X6 yerə yıxıldıqdan sonra ayağının üstündən keçdiyini və ibtidai istintaqda verdiyi izahatı təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə birlikdə eyni adama məxsus yük markalı nəqliyyat vasitələrini idarə edir. İdarə etdikləri nəqliyyat vasitələrini yüklədikdən sonra həmin yükü boşaldıcaları yerə gəliblər. Həmin vaxt orada 02 (iki) ədəd finişer işləyirdi. Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsini arxa-arxaya verərək finişerə yaxınlaşdığı zaman X11 qəflətən qaçaraq həmin nəqliyyat vasitəsinin arxasından keçməyə cəhd etdi. O, idarə etdiyi nəqliyyat vasitəsinin siqnalı vasitəsi ilə, həmin vaxt orada olan insanlar isə səs küy salaraq bu barədə Təqsirləndirilən şəxs dərhal məlumat verdilər, Təqsirləndirilən şəxs da idarə etdiyi nəqliyyat vasitəsini dayandırmağa cəhd etsə də, nəqliyyat vasitəsi lazım olandan 80- 100 santimetr gec dayandı. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq hadisənin neçə baş verdiyini gördüyünü, Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsini arxaya verdiyi zaman həmin nəqliyyat vasitəsinin X1 tərəfinə dəydiyini və X6 yerə yıxıldıqdan sonra ayağının üstündən keçdiyini və ibtidai istintaqda verdiyi izahatı təsdiq etdiyini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, dövlət ittihamçısı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilməsini və iş üzrə Şahid3, Şahid1 və Şahid2 şahid qismində məhkəmə iclasında dindirilmələrini, ittihamın təsdiqi üçün tədqiq edilmiş sübutların kifayət olmasını, istintaqının ittiham tərəfindən təqdim olunmuş sübutların tədqiqinin baxılmış sübutlarla məhdudlaşdırılması barədə vəsatət qaldırmış, Təqsirləndirilən şəxs və müdafiəçisi vəsatətin təmin olunmasına etirazlarının olmadıqlarını bildirmiş, məhkəmə tərəfindən dövlət ittihamçısının vəsatəti təmin edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -“nəqliyyat vasitəsindən istifadə edilməsinə dair” xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs X10 mülkiyyətində olan “HOWO” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti vardır (cinayət işinin İ cildinin 23-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli, 78 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs müayinədən keçən tarixdə spirtli içki qəbul etməmişdir, ayıq olmuşdur. (cinayət işinin İ cildinin 11-12-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri yeni inşa olunmaqda olan Bakı-Quba-Rusiya Federasiyası avtomobil yolunun Şabran rayonu ərazisindən keçən 86-cı kilometrliyidir. Hadisə yerində dayanmış vəziyyətdə, həmçinin yük yerində əsaslı qırma daşı olan “HOWO” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı yük maşının arxasında yük maşınından 300 sm məsafədə 1 ədəd parça materialdan ibarət ayaqqabı, həmin ayaqqabıdan 100 santimetr məsafədə isə üzərində qanabənzər ləkələr olan cırılmış vəziyyətdə tikintidə istifadə olunan narıncı rəngli jilet aşkar olunmuşdur. Bundan əlavə, həm “HOWO” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı yük maşınının sol tərədən arxa təkərində, həm də ayaqqabıda və ayaqqabıdan jiletə qədər olan məsafədə 02 (iki) xətt şəklində qanabənzər ləkələr aşkar olunmuşdur. Həmçinin, yük maşının qabaq təkərləri ilə bir istiqamətdə, hər iki tərəfdən ölçüsü 280 santimetr olan tormoz izləri, yük maşının sağ qabaq təkərinin arxasında olan tormoz izinin üstünə isə qabaq təkərdən qopması ehtimal olunan rezin material vardır. Hadisə yerindən 03 (üç) müxtəlif yerdən pambığa hopdurulmuş qan nümunəsi, yük maşının təkərindən qopmuş hissə, 01 (bir) ədəd ayaqqabı və 01 (bir) ədəd cırılmış vəziyyətdə olan narıncı rəngli jilet müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (cinayət işinin İ cildinin 13-16-cı vərəqələri). - “BC103627” nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs B1, B, C1, C kateqoriyaları üzrə yük maşını və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək hüququ olmuşdur (cinayət işinin İ cildinin 22-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli əşyanın maddi sübut kimi tanınması haqqında qərardan görünür ki, “HOWO” markalı, 77BC353 dövlət qeydiyyat nişanlı yük maşını nəqliyyat vasitəsi iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınaraq Şabran RPŞnin mühafizə duracağında saxlanılmışdır. xx.xx.2023-cü il tarixli protokoldan isə görünür ki, iş üzrə maddi sübut kimi tanınan “HOWO” markalı, 77BC353 dövlət qeydiyyat nişanlı yük maşını nəqliyyat vasitəsi saxlanc üçün mülkiyyətçi X12 təhvil verilmişdir (cinayət işinin İ cildinin 50-ci vərəqəsi). - "X30 və Turizm Anonim Şirkəti" - nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən Şabran rayon prokurorluğuna təqdim edilən əmək müqaviləsi və əmrdən görünür ki, işəgötürən "X30 və Turizm Anonim Şirkəti” - nin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə işçi X11 arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanılmışdır. X11 xx.xx.2023-cü il tarixdən "X30 və Turizm Anonim Şirkəti” - nin Azərbaycan Respublikasındakı nümayəndəliyində fəhlə vəzifəsinə təyin edilmişdir (cinayət işinin İ cildinin 167-171-ci vərəqələri). - Şabran Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13-107/2- 8560/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququna xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək heç bir məhdudiyyət qoyulmamışdır (cinayət işinin İİ cildinin 45-46-cı vərəqələri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi "xxxxxxx" olan, xx.xx.1993-cü ildə Goranboy rayonu Hacallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Goranboy rayonu Hacallı kəndi ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cinayət işinin İİ cildinin 34-cü vərəqəsi). - Məhkəmə tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli, 06 nömrəli ekspert rəyindən görünür ki, R. Rüstəmovun meyitinin xarici müayinəsində sağ çiyin qurşağının və qarnın sağ yarısının yan divarının sıyrıqları, hər iki aşağı ətrafda çanaq, bud, diz və baldır nahiyələrini əhatə etməklə dəri və dərialtı piy toxumanın soyularaq əzələlərdən ayrılması, əzələ, qan damarları və vətərlərin əzilib- dağılması, geniş qansızmalarla müşayiət olunan böyük sahəli cırılmış-didilmiş parçaşəkilli yarası, xayalığın cırılması, hər iki ayağın cırılmışdidilmiş parçaşəkilli yaraları, sol dizin əzilmiş yarası, çanağın sol yarısının və sol baldırın sıyrıqları, sağ bud sümüyü boynunun, qasıq və oturaq sümüklərinin yerini dəyişən qəlpəli sınıqlar, sol baldır sümüklərinin yerini dəyişən qəlpəli ikili sınığından ibarət bədən xəsarətləri, daxili müayinəsində üzvlərin kəskin azqanlılığından ibarət dəyişiklikləri aşkar edilmişdir. Həmin xəsarətlər həyatidir, şəxsin ölümündən bir neçə saat əvvəl bərk küt əşyanın (əşyaların) yerli təsirindən yaranmışlar və qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hərəkətdə olan ağır yüklü avtomobil təkərlərinin aşağı ətraflar üzərindən fırlanaraq keçməsi nəticəsində yarana bilər, canlı adamlarda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. R. Rüstəmovun meyitində aşkar olunmuş xəsarətlərin yaranma mexanizmi belə təsvir olunmuşdur: aşağı sürətlə hərəkətdə olan yük avtomobilinin arxa çıxıntı hissələrinin ilk zərbəsi zərər çəkmişin sağ çiyni və qarnın sağ yan divarı nahiyəsinə olmuş, bu zərbədən sonra şəxs arxası üstə yıxılmış, hərəkətdə olan yük avtomobilinin arxa təkərinin təsiri ilə şəxsin sağ aşağı ətrafında qasıqbud-diz-baldır nahiyəsində yara və qatlanmış vəziyyətdə olan sol aşağı ətrafın baldır və ayaq nahiyəsində olan xəsarətlər alınmışdır. R. Rüstəmovun ölümünə səbəb hər iki aşağı ətrafın küt travması nəticəsində çanaq, sağ bud və sol baldır sümüklərinin sınıqları, sağ aşağı ətrafda dəri, dərialtı piy toxuması, əzələ, vətər və qan damarlarının geniş qansızmalarla müşayiət olunan əzilib- dağılmalarından törəyən ağır travmatik şok olmuşdur. Ölümün baş vermə vaxtı ilkin meyit əlamətlərinə əsasən meyitin meyitxanada müayinə anından (xx.xx.2023-cü il tarixdə, saat 21:00) 06 (altı) saata qədər əvvələ uyğun gəlir. R.A. Rüstəmovun meyitindən götürülmüş qanın məhkəmə-kimya laborator tədqiqatı zamanı etil spirti, narkotik vasitələr və güclü təsiredici maddələr aşkar edilməmişdir (cinayət işinin İİ cildinin, 57-60-cı vərəqələri). - “Kompleks məhkəmə əmək təhlükəsizliyinin tədqiqi və yol-nəqliyyat hadisələri hallarının tədqiqi ekspertizasının” xx.xx.2023-cü il tarixli, 10/4852- 8/1896 nömrəli ekspert rəyinin “Yol-nəqliyyat hadisələri hallarının tədqiqi ekspertizasına” aid hissəsindən görünür ki, baş vermiş hadisənin yol-nəqliyyat hadisəsi olub-olmaması xüsusi texniki bilik tələb etmədiyindən yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətlərinə aid deyil, hüquqi məna kəsb etdiyindən həmin hala istintaq orqanı tərəfindən qiymət verilə bilər. Qeyd olunan şəraitdə “HOWO” markalı “**-BC-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Tağıyev “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 13cü hissəsinin tələblərini rəhbər tutmalı idi. Həmin maddənin tələblərinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçıları üçün maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Baş vermiş hadisənin yol-nəqliyyat hadisəsi olmasına istintaq orqanı tərəfindən qiymət verilməsi şəraitində “HOWO” markalı “**-BC-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununu 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (cinayət işinin İİ cildinin 92- 97-ci vərəqələri). - Hadisə yerinə baxış zamanı hadisə yerindən götürülmüş 1, 2 və 3 nömrə ilə nömrələnmiş zərflərdə olan 3 ədəd pambığa hopdurulmuş qan nümunəsi, yük maşının təkərindən qopmuş 1 ədəd rezin hissə, 1 ədəd ayaqqabı və 1 ədəd cırılmış vəziyyətdə olan narıncı rəngli jilet həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Şabran RPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılmışdır. (cinayət işinin İİ cildinin 101-119-cu vərəqələri) -Goranboy rayonu İHB-nın Qarqucaq kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 avqust 2023-cü il tarixli 172 saylı arayışdan görünür ki, Tağıyev X16 rayonu Hacallı kəndində ailə üzvləri – həyat yoldaşı X14, uşaqları – 2017-ci il təvəllüdlü X22, 2022-ci il təvəllüdlü X23, anası –X15 və atası- X20 ilə birlikdə yaşayır. -Goranboy rayonu İHB-nın Qarqucaq kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 iyul 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - Zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs notariatda təsdiq edilmiş ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs heç bir tələbi və şikayəti yoxdur. Gələcəkdə də heç bir şikayəti və tələbi olmayacaqdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini və əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində 2 azyaşlı uşağının olmasını, eləcə də zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətmişdir. Hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvləri ilə barışıq əldə etmiş, hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut kimi tanınmış - hadisə yerindən götürülmüş 1, 2 və 3 nömrə ilə nömrələnmiş zərflərdə olan 03 (üç) ədəd pambığa hopdurulmuş qan nümunəsi yük maşının təkərindən qopmuş 01 (bir) ədəd rezin hissə, 01 (bir) ədəd ayaqqabı və 01 (bir) ədəd cırılmış vəziyyətdə olan narıncı rəngli jilet hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 200 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunan cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilmiş - hadisə yerindən götürülmüş 1, 2 və 3 nömrə ilə nömrələnmiş zərflərdə olan 03 (üç) ədəd pambığa hopdurulmuş qan nümunəsi yük maşının təkərindən qopmuş 01 (bir) ədəd rezin hissə, 01 (bir) ədəd ayaqqabı və 01 (bir) ədəd cırılmış vəziyyətdə olan narıncı rəngli jilet hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 200 (iki yüz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar