Məhkəmə qərarları › İş №1(031)-7/2022

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-7/2022

28.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-7/2022 28.01.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1995-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, heç bir yerdə işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində 14 sentyabr 2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X7 istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,285 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini özünə məxsus olan “VAZ-21099” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön oturacaqlarının arasına yerləşdirməklə qanunsuz olaraq saxlamış, 12 sentyabr 2021-ci il tarixdə saat 10 radələrində Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində, şəhərin giriş hissəsində yerləşən dairənin yaxınlığında Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri zamanı saxlanılmış və ona məxsus “VAZ-21099” markalı **- KU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə keçirilmiş baxış zamanı sözügedən psixotrop maddə ondan aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən X7 özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır və təxminən 1 ildir ki, “patı” kimi tanınan narkotik vasitə olan metafetamindən istifadə edir. Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən narkoloji dispanserdə qeydiyyatdadır və orada müalicə almış, müalicəni yenicə bitirib, 2021-ci ilin avqust ayının əvvəllərində dispanserdən çıxmışdır. Təxminən bir həftə əvvəl Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji dispanserdə olduğu zaman tanımadığı şəxsdən 60 manat pula təxminən 2-3 qram bir bükümdə “patı”, yəni psixotrop maddə olan metamfetamini almış və istifadə etməyə başlamışdır. Həmin psixotrop maddənin bir hissəsini istifadə etmiş, bir hissəsi isə özündə qalmışdır. 11 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində idarə etdiyi “VAZ-21099” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “Sünbül” kafesinin qarşısında olduğu zaman tanışı Bibiseydə adlı qızı görmüş, bundan sonra Bibiseydə ilə birlikdə idarə etdiyi avtomobilini Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsininin sonuna, şəhərin girişində olan dairənin yanına sürmüşdür. Avtomobilində oturacaqların arasında gizlətdiyi psixotrop maddə olan “patı”dan bir qədər çıxarıb falqaya doldurmuş, həmin falqadakı maddəni Bibisəyidə ilə birlikdə çəkmiş və gecəni avtomobildə sonuncu ilə bir yerdə keçirmişdir. 12 sentyabr 2021-ci il tarixdə saat 10 radələrində 2-3 nəfər polis əməkdaşları onun avtomobilinə yaxınlaşaraq onları yuxudan ayıltmış və üzərlərinə baxış keçrilməsi üçün Şabran rayon polis şöbəsinə dəvət etmişlər. Buna etiraz etməyərək polislərlə birlikdə Şabran rayon polis şöbəsinə gəlmişlər. RPŞ-də müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra üzərlərində keçirilmiş şəxsi axtarış zamanı üzərindən hər hansı bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Ona məxsus “VAZ-21099” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı ön oturacaqların arasında gizlətdiyi bir ədəd qara rəngli siqaret kağızna bükülmüş psixotrop maddə olan metamfetamin, avtomobilin arxa oturacağında isə bir ədəd papiros aşkar olunmuşdur. Polis əməkdaşları bir ədəd bükümdə olan maddənin nə olmasını ondan soruşduqda o, həmin ağ rəngli kristalik şəkilli kütlənin psixotrop maddə olan “patı”, yəni metamfetamin olduğunu və öz istifadəsi üçün avtomobildə saxladığını bildirmişdir. Aşkar olunmuş bir ədəd papirosda narkotik vasitə olan nəşəni, yəni qurudulmuş marixuananı balaca bir bükümdə bir neçə gün əvvəl şəhərin avtovağzalın ərazisindən yerdən tapmış, həmin nəşəni əvvəlcədən doldurub çəkmiş və onun qalığı maşında qalmışdır. Ona məxsus avtomobildən aşkar edilmiş bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin və bir ədəd papiros onların iştirakı ilə qablaşdırılaraq zərfə qoyulmuş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Protokol onlara ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Törətmiş olduğu əməldən peşmandır, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran rayon polis şöbəsinin PPXBnün manqa komandiri vəzifəsində işləyən Şahid3 göstərdi ki, 12 sentyabr 2021-ci il tarixdə saat 10 radələrində Şabran RPŞ-nin əməkdaşları – Şahid1, Seymur Ramazanov və Rauf Məmmədovla birlikdə Şabran şəhərində 2 saylı xidməti marşrutda olduqları zaman şəhərin giriş hissəsində yolayrıcı dairənin yaxınlığında “VAZ-21099” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisinə baxdıqda iki nəfərin – bir oğlan və bir qadının qeyrietik formada yatdıqlarını görmüş, həmin avtomobildəki şəxsləri oyatmış və özlərini təqdim etmişlər, həmin vaxt avtomobildəki cavan oğlan üzərində olan həmin anda onlara məlum olmayan kütləni avtomobilin döşəmə hissəsinə atdığını gördükdə həmin şəxsləri avtomobillə birlikdə polis şöbəsinə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Artıq şöbədə avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Şabran şəhər sakini X7, qadın isə 1985-ci il təvəllüdlü Xudat şəhər sakini X6 olması müəyyən edilmişdir. Tərəfindən həmin şəxslərin polis şöbəsinə gətirilməsi barədə raport yazılmış, raport aidiyyəti üzrə İstintaq bölməsinə verildikdə müdafiəçinin iştirakı ilə M.Mövlüdovun və Şahid4 üzərində şəxsi axtarış aparıldıqda heç bir narkotik və psixotrop maddə və ya hər hansı bir qeyri-qanuni əşya aşkar olunmamış, lakin Mövlüd Mövlüdovun avtomobilinə baxış keçirilən zamanı “VAZ- 21099” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı ön oturacaqlarının arasında sonuncunun yerləşdirdiyi bir bükümdə psixotrop maddə hesab olunan metamfetamin və arxa oturacaqdan sonradan məlum olduğu kimi içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd papiros aşkar olunub götürülərək qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin əməkdaşları – Şahid1 və Şahid2 Şahid3 ifadəsində göstərdiklərini olduğu kimi təsdiq edərək analoji ifadələr vermişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, Xaçmaz rayonunun Xudat şəhərində yaşayır, təxminən 1-2 il olar ki, psixotrop maddə olan və “patı” kimi tanınan metamfetamindən istifadə edir. 11 sentyabr 2021-ci il tarixdə saat 19 radələrində Xaçmazdan Şabran şəhərinə gəlmişdir. Həmin gün saat 21 radələrində Şabran şəhərinin M.Ə.Rəsulzadə küçəsində yerləşən “Sünbül” kafesinin qarşısında tanışı Mövlüd Mövlüdovla rastlaşmış, həmin vaxt sonuncu, özünün “VAZ-21099” markalı avtomobili ilə gəlmişdir. Mövlüdün avtomobilinə oturduqda onlar Şabran şəhərinin girəcəyində olan dördyol ayrıcı dairəsinin yanına gəlmişlər. Mövlüd özündə falgaya doldurulmuş hazır “patı”, yəni metamfetaminin olmasını bildirmiş və onlar həmin patını çəkməyə başlamış, çəkdikdən sonra gecə olduğuna görə elə oradaca avtomobildə ikisi də yatmışlar. Növbəti gün, yəni 12 sentyabr 2021-ci il tarixdə səhər saatlarında 2-3 nəfər polis əməkdaşları onları Şabran polis şöbəsinə dəvət etdikdə onlara etiraz etmiyərək polis şöbəsinə gəlmişlər. Mövlüdün və onun üzərində şəxsi axtarış aparılan zaman hər hansı bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Sonradan ona Mövlüdün avtomobilinə keçirilən baxış zamanı oturacaqların arasından bir bükümdə psixotrop maddə metamfetamin və bir ədəd papirosda qurudulmuş marixuana aşkar edilib götürülməsi oan məlum olmuşdur. Həmin psixotrop maddə və narkotik vasitədən onun heç bir məlumatı olmamışdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan məhkəmə-kimyəvi ekspertizasının 12 sentyabr 2021-ci il tarixli 7/923-6/4015 saylı rəyindən görünür ki, X2 aşkar edilib götürülmüş marixuananın təmiz çəkisi – 0,09 qram (tədqiqata sərf edildi 0,04 qram, qalıq 0,05 qram), 01 ədəd bükümdə təmiz çəkisi 0,285 qram (tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,235 qram) ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Cinayət işi materiallarında olan toplanmış sübutların qiymətləndirilməsi haqqında 01 dekabr 2021-ci il tarixli qərardan görünür ki, X2 aşkar edilib götürülmüş narkotik vasitə qurudulmuş marixuana Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş şəxsi istehlak miqdarından aşağı çəkidə-0,09 qram olduğuna görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Şabran RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 20 oktyabr 2021-ci il tarixli 4047 saylı rəyindən görünür ki, X4 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 20 sentyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, X7 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 sentyabr 2021-ci il tarixli 4130 saylı məktubdan görünür ki, X1 şəhəri, Meliorator küçəsi ev 8 ünvanda ailə üzvləri – atası X8 və anası X10 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 sentyabr 2021-ci il tarixli 4131 saylı xasiyyətnamədən görünür ki, X7 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 12 sentyabr 2021-ci il tarixli tutma protokolundan, eləcə də 14 sentyabr 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, X7 12 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 14 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə də barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri və məhkəmə ekspertizalarının rəyləri, eləcə də iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxs X3 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X3 törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə cəza növü və həddi müəyyən edərkən təqsirləndirilən şəxs X3 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. X3 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 3 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X3 12 sentyabr 2021-ci ildən 14 sentyabr 2021-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı, hökmün icrası X3 faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. X7 narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran RPŞ-nin maddi sübütlar otağına təhvil verilmiş 01 ədəd bükümdə tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,235 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd uc hissəsi yanmış papiros formasında düzəldilmiş borucuq məhv edilməli, eləcə də Mövlüd Mövlüdovun avtomobilinə keçirilmiş baxış istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdir. Aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 88 manat 70 qəpik X2 tutulub Respublika büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: X7 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X3 həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X3 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran şəhəri, Meliorator küçəsi, ev 8 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası X3 faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli X3 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. X3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. X7 narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran RPŞ-nin maddi sübütlar otağına təhvil verilmiş 01 ədəd bükümdə tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,235 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd uc hissəsi yanmış papiros formasında düzəldilmiş borucuq məhv edilsin, eləcə də Mövlüd Mövlüdovun avtomobilinə keçirilmiş baxış istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. X2 məhkəmə məsrəfi hesab olunan 88 manat 70 qəpik məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X5, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar