Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-7/2025 24.01.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1981-ci il tarixdə Dəvəçi rayonu, Sincanboyad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-514/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 1 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, ünvan 1 ünvanda yaşayan və barəsində polisin nəzarəti altında vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində Şabran şəhəri, H.Əliyev prospekti, ev 57 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə diz nahiyəsi ilə arvadı Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq sonuncuya sol gözün ağlı qişasına qansızıma ilə müşayiət olunan və sol göz yarığının daralması ilə nəticələnən sol gözün üst və alt göz qapaqlarının, sol gözaltı-almacıq nahiyəsinin qançır-şişkinliyi, sol almacıq sümüyündə pnevmatizasiyanın pozulmasından ibarət bədən xəsarətləri yetirməklə qəsdən onun sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək əri Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2010-cu il tarixdə Bakı şəhər sakininin avtomobilini qaçırdaraq aşırdığına görə barəsində cinayət işi aparıldığını və 6 il müddətinə həbs edildiyini, sonradan isə oğurluq etdiyinə görə 7 ay müddətinə həbs edildiyini, sonuncu dəfə yenə də Bakı şəhərində oğurluğa görə ona azadlığın məhdudlaşdırılması cəzasının verildiyini, hazırda ayağında azadlığın məhdudlaşdırılması cəzası olduğuna görə qolbağı olduğunu, həmin qolbağın aparatının sındığını, 7 ildir ki, ailəli olduğunu, lakin övladı olmadığını, ailəsi ilə birlikdə anasının evində birinci mərtəbədə yaşadığını, spirtli içkiyə meyilli olduğunu, mütəmadi olaraq spirtli içki qəbul etdiyini, spirtli içki qəbul etdikdən sonra hərəkətlərinə nəzarət edə bilmədiyini, xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində marketdən 0,7 litirlik spirtli içki alıb evə getdiyini və həmin içkini saat 23 radələrində evdə yemək yeyən zaman təkbaşına hamısını içdiyini, daha sonra evdə arvadı Leyla ilə mübahisə edərək valideyinlərinin onların evinə gəlmələrinə etirazını bildirdiyini, Leylanın cavab qaytarmasından əsəbləşərək onun saçından tutub diz nahiyəsi ilə Leylanın sifət nahiyəsinə zərbə endirdiyini, daha sonra isə evin servantını aşıraraq içərisindəki qabqacağı sındırdığını, səs-küyə gələn anası Natəvanın onun sərxoş olduğunu və arvadı Leylanı döydüyünü görüb “102” xidmətinə zəng edərək məlumat verdiyini, polisin gələcəyini bilib evdən çıxaraq getdiyini, səhəri günü, yəni xx.xx.2024-cü il tarixdə, səhər radələrində evə getdiyi zaman orada polis əməkdaşlarının onu saxlayaraq polis şöbəsinə dəvət etdiklərini göstərmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraat materialında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əri Təqsirləndirilən şəxs dəfələrlə cinayət hadisəsi törətdiyinə görə məhkum olunduğunu, hazırda Əhmədin ayağında məhkəmə tərəfindən elektron qolbaq vurulduğunu, Əhmədin onlarla yaşadığı müddətdə demək olar ki, hər gün evə sərxoş vəziyyətdə gələrək evdə söz söhbət, narazılıq saldığını, dəfələrlə onu döydüyünü, ailə olduqlarına görə bağışladığını, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Əhmədin evə sərxoş vəziyyətdə gələrək saçından tutub özünə tərəf çəkib dizi ilə sifət nahiyəsindən bir zərbə vurduğunu, səsə qaynanasının gəldiyini, vəziyyəti belə görəndə “102” xidmətinə zəng etdiyini, Əhmədin polisin gələcəyini görüb evdən qaçaraq getdiyini, sonra polis əməkdaşlarının gəldiklərini, onun və qaynanası Natəvanın ərizəsini aldıqlarını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində 5 uşaq anası olduğunu, uşaqlarının ailəli olduqlarını, oğlu Təqsirləndirilən şəxs Şabran rayonu, Pirəbədil kənd sakini Zərərçəkmiş şəxs ilə ailə quraraq onların yaşadıqları evin birinci mərtəbəsində yaşadığını, Əhmədin əvvələr dəfələrlə polisdə işi olduğunu, dəfələrlə məhkəməsi olduğunu, hazırda ayağında azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı qandalı olduğunu, oğlu Əhmədin mütəmadi spirtli içki içib söz söhbət saldığını, xx.xx.2024-cü il tarixdə həmişəki kimi yenə də hardasa spirtli içki içib evə gələrək arvadı Leyla ilə söz söhbət, narazılıq yaratdığını, səsə yuxarı evdən aşağıdakı otağa gəlib Əhmədin evi dağıtdığını, servant, şkaf, stol-stulu, bir sözlə hamısını yerə aşırıb qab-qacağı sındırdığını, arvadı Leylanı da döydüyünü, Leylanın sol gözünün altının çapıldığını gördüyünü, vəziyyəti belə görüb “102” xidmətinə zəng edərək polis çağırdığını, oğlu Əhmədin isa polisin gələcəyindən qorxaraq evdən qaçıb getdiyini göstərmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şabran şəhəri, H.Əliyev prospekti, ev 57 ünvanında yaşayan Şahid telefonla zəng edərək oğlu Əhmədin gəlinini döyməsi, evi dağıtması barədə məlumat vermiş, təcili polisin yaxınlaşmasını istəmişdir (cinayət işinin 1-ci vərəqəsi) İş materiallarında olan xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs tərəfindən verilən ərizədən görünür ki, xx.xx.2024-cü il tarixdə əri Təqsirləndirilən şəxs yaşadığı evdə onu döyərək ev əşyalarını yararsız hala salmışdır. Təqsirləndirilən şəxs barəsində tədbir görülməsini xahiş etmişdir (cinayət işinin 2-ci vərəqəsi). İş materiallarında olan xx.xx.2024-cü il tarixli Şahid tərəfindən verilən ərizədən görünür ki, xx.xx.2024-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs yaşadıqları evdə döyərək ev əşyalarını yararsız hala salmışdır. Təqsirləndirilən şəxs barəsində tədbir görülməsini xahiş etmişdir (cinayət işinin 3-cü vərəqəsi). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X4” X6 xx.xx.2024-cü il tarixli, 33 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasında bədəni üzərində sol gözün ağlı qişasına qansızına ilə müşayiət olunan və sol göz yarığının daralması ilə nəticələnən sol gözün üst və alt göz qapaqlarının, sol gözaltı-almacıq nahiyəsinin qançır-şişkinliyi, sol almacıq sümüyündə pnevmatizasiyanın pozulması aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərildiyi şəraitdə yarana bilər, yaranma müddəti bir günə qədər olub, xx.xx.2024-cii il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir (cinayət işinin 42-ci vərəqəsi). İş materiallarında olan xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şabran şəhəri, H.Əliyev prospekti, ev 57 ünvanında Zərərçəkmiş şəxs qaynanasına məxsus evin birinci mərtəbəsində sağda yerləşən otağına baxış keçirilmiş, baxış zamanı həmin otaqda 3 ədəd şifoner və servant içərisində olan qab-qacaqla birlikdə stol və stullar, bir sözlə nə qədər əşya varsa hamısı aşırılaraq sındırılmış vəziyyətdədir. Həmin otağın sahibi olan Zərərçəkmiş şəxs bildirmişdir ki, əri Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə görünən əşyaları sındıraraq yararsız hala salmışdır. Sonda həmin əşyaların onun cehizi olduğunu bildirmişdir (cinayət işinin 14-15-ci vərəqələri). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 13.11,2024-cü il tarixli tələbnamədən və Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 1(001)-514/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-514/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-in 177.2.3-cü maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırma cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 5 ay 6 gün müddət Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1 günə 2 gün olmaqla təyin edilmiş cəzadan çıxılmış və ona qəti olaraq 2 il 1 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir (cinayət işinin 44-47-ci vərəqələri). İş materiallarında olan Şabran Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli tarixli məktublarından görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-514/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmün icrası barədə göstəriş xx.xx.2023-cü il tarixdə Şabran Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və o xx.xx.2023-cü il tarixdə şöbədə qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Məhkum Təqsirləndirilən şəxs qeyd olunan hökm üzrə azadlığın məhdudlaşdırılması cəzasından 1 il 28 gün müddətini çəkmiş və 1 il 20 gün müddətinə çəkilməmiş cəzası qalmışdır. İş materiallarında olan Şabran RİHB-nin Qorğan İƏD üzrə nümayəndəliyi tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxsdır. Hal-hazırda Şabran şəhəri, H.Əliyev prospekti, ev 57 ünvanında yaşayırlar (cinayət işinin 48-ci vərəqəsi). İş materiallarında olan Şabran RİHB-nin Qorğan İƏD üzrə nümayəndəliyi tərəfindən verilən xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1981-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuşdur. 2012-ci ildən Qorğan kəndində yaşayış və qeydiyyatdadır. Yaşadığı müddət ərzində kəndin ictimai həyatında fəal olmuşdur. Qonşular və digər kənd sakinləri arasında hər hansı bir münaqişə ilə bağlı nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamışdır (cinayət işinin 49-cu vərəqəsi). İş üzrə xx.xx.2022-ci il tarixli böyük ictimai təhlükə törətməyən cinayət üzrə açılmış ********* nömrəli məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsi haqqında qərardan görünür ki, X1 şikayəti üzrə açılmış ********* nömrəli məhkəməyədək sadələşdirilmiş icraata və Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyi, zərər çəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurması sübuta yetirildi. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və onun barəsində həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət xarakretizə olunmasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların aşkar edilməməsini nəzərə alaraq, təqsirləndirilən şəxsə azadlığın məhdudlşadırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx.xx.2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Bununla yanaşı cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs X3 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-514/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 il 1 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2025-ci il tarixə çəkilməmiş qalan 1 il 18 gün müddəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin ediləcək cəzaya qismən birləşdirilməli, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran şəhəri, H.Əliyev prospekti, ev 57 ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalı, hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı və barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri, xüsusi müsadirə olunası əmlak və ya mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356 və 384-385-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 514/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 1 (bir) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2025-ci il tarixə çəkilməmiş qalan 1 (bir) il 18 (on səkkiz) gün müddəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə barəsində təyin edilmiş 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddəti ilə qismən birləşdirilməklə, onun üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran şəhəri, H.Əliyev prospekti, ev 57 ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altında vermə növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Şabran rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (yüz əlli) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №1(031)-7/2025
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-7/2025
24.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver