Məhkəmə qərarları › İş №1(031)-72/2022

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-72/2022

14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-72/2022 14.12.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1980-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işsiz, Şabran rayonu, Dəvəçi kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 avqust 2022-ci il tarixdə saat 02 radələrində tamah niyyəti ilə Şabran rayonu, Dəvəçi kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətində yerləşən tövləyə qanunsuz olaraq daxil olmuş və oradan çəkisi 15 kiloqram, dəyəri isə 110 manat olan bir baş quzunu gizli olaraq talayıb özü ilə aparmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, Şabran rayonu, Dəvəçi kəndində qeydiyyatda olmaqla həmin ünvanda tək yaşayır, heç bir yerdə işləmir, bir neçə dəfə oğurluq faktı ilə bağlı məhkumluğu olmuş, sonuncu dəfə 2021-ci ilin dekabr ayında cəzasını tam çəkib azadlığa buraxılmışdır. 16 avqust 2022-ci il tarixdə saat 02 radələrində yaşadığı kənddə yol ilə gedən zaman yolun kənarında bir baş quzunun olduğunu görmüş, bu zaman ətrafda heç kimin olmamasından əmin olduqdan sonra həmin quzunu götürərək evinə aparmışdır. Səhərə yaxın quzunu götürüb piyada Şabran rayonunda yerləşən avtovağzalın yanına yaxınlaşmış, burada markasını dəqiq bilmədiyi və sürücüsünü tanımadığı taksiyə minib həmin quzunu Xaçmaz rayonunda yerləşən bazara aparmış və orada tanımadığı qəssaba 120 manat dəyərində satmışdır. Bundan sonra, o, birbaşa yaşadığı kəndə getmişdir. 16 avqust 2022-ci il tarixdə isə RPŞ-nin əməkdaşlarının onu quzu oğurluğunda şübhəli olduğunu bildirərək RPŞ-yə dəvət etmişdilər. O, quzunu həyətə girib tövlədən oğurlamamış, yoldan tapmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Şabran rayonu, Dəvəçi kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır, ailəlidir, övladı var. Həm heyvandarlıqla, həm də müxtəlif yerlərdə fəhləlik etməklə məşğul olur. Yaşadığı fərdi yaşayış evinin həyətində tövləsi vardır. Həmin tövlədə təsərrüfatında olan 10 baş qoyun, 05 baş quzu və 04 baş inək saxlayır. 16 avqust 2022-ci il tarixdə səhər saatlarında heyvanlarını otarmağa aparmaq məqsədilə tövləyə girən zaman tövlədə bir baş quzusunun əksik olduğunu müəyyən etmişdir. O, hər axşam heyvanları tövləyə salarkən onları sayıb tövləyə bir-bir buraxmışdır. Eynilə də 15 avqust 2022-ci il tarixdə heyvanları otarmağa çıxartmış və sonra da onları otarmaqdan gətirib bir-bir sayıb tövləyə salaraq qapısını bağlamışdır. Səhəri gün bir quzusunun oğurlandığını aşkar etdikdən sonra bu barədə Şabran RPŞ-yə məlumat vermişdir. Bir müddət sonra rayon polis şöbəsindən ona quzusunu oğurlayan şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs quzunu tövlədən oğurlamadığını bildirsə də o, quzusunun çöldən yox, həyətində yerləşən tövlədən oğurlandığını söyləmişdir. Oğurluq nəticəsində ona 150 manat maddi ziyan dəymiş, oğurlanmış quzusunun qaytarılaraq özünə verildiyini nəzərə alaraq təqsirləndirilən şəxsə qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır. Ailəlidir və 2 övladı var. 2012-ci ildən özünə məxsus olan “Opel Zafira” markalı **- BF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şabran-Xaçmaz rayonlararası taksi fəaliyyəti ilə məşğul olur. 16 avqust 2022-ci il tarixdə saat 06 radələrində Şabran rayonunda yerləşən avtovağzalın qarşısında özünə məxsus avtomobili ilə dayanıb müştəri gözləyən zaman orta yaşlarında tanımadığı bir kişi ona yaxınlaşaraq Xaçmaz rayonuna getməli olduğunu söyləmiş və o da həmin şəxslə razılaşmışdır. Yolda olan zaman adını Fizuli kimi bildiyi həmin şəxs ona Dəvəçi kəndində bir nəfər şəxsin olduğunu və onunla görüşməli olduğunu bildirmişdir. Buna görə də o, maşını Fizulinin dediyi istiqamətdə sürmüşdür. Avtomobili Dəvəçi kəndində birmərtəbəli evin qarşısında saxlamış, Fizuli avtomobildən düşərək bir evə yaxınlaşmış, təxminən 10 dəqiqə sonra əlində bir baş quzu ilə geri qayıtmış, quzunun kimə məxsus olduğunu soruşduqda həmin şəx quzunun qonşusuna məxsus olduğunu və həyat yoldaşının xəstə olduğuna görə quzunu satıb təcili şəkildə ona pul verməli olduğunu söyləmişdir. O, Fizuliyə inanmış, ona görə kənddən çıxaraq maşını Xaçmaz rayonu istiqamətində sürmüşdür. Xaçmaz rayonunda yerləşən bazarın içərisində bir nəfər tanımadığı qəssabın yanında avtomobili saxlamış və Fizuli quzunu həmin şəxsə 120 manata satmış, ardınca isə yenidən Xaçmaz rayonunda yerləşən avtovağzalın yaxınlığına qayıdıb orada Fizulini düşürmüşdür. Fizuli ona əziyyətinin qarşılığında ümumilikdə 18 manat pul vermiş, pulu verib düşəndə isə Fizuli ona “nə sən məni görmüsən, nədə ki mən səni görmüşəm” sözlərini deyib getmişdir. Fizulinin bu sözlərindən sonra sonuncudan şübhələnmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Şabran rayonu, Dəvəçi kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır, ailəlidir, 3 övladı var, heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun oğlu olmaqla onunla birlikdə eyni evdə yaşayır, yaşadıqları fərdi yaşayış evinin həyətində tövlə vardır, bundan əlavə təsərrüfatlarında olan 10 baş qoyun, 05 baş quzu və 04 baş inəyi də məhz həmin tövlədə saxlayırlar, heyvanlara bir qayda olaraq oğlu Dəyanət baxır, ancaq o və ailəsinin digər üzvləri də oğluna vaxtı olmayanda bu işlərdə köməklik göstərmişlər. Dəyanət hər gün heyvanları otarmağa kəndin içərisinə çıxarmışdır. Eynilə 15 avqust 2022-ci il tarixdə heyvanları otarmaq məqsədilə çölə çıxarmış, axşama yaxın heyvanları otarmaqdan gətirmiş, bu zaman o və gəlini Gülnar da həyətdə olmuşlar. Oğlu yanlarında ikən bir-bir heyvanları sayaraq əvvəl həyətə, oradan isə birbaşa tövləyə salmış, növbəti gün, yəni 16 avqust 2022-ci il tarixdə səhər saatlarında oğlu Dəyanət yenidən heyvanları otarmaq məqsədilə çölə çıxartmaq istəmiş, lakin həmin vaxt quzulardan birinin oğurlandığını görmüş, ardınca bu barədə oğlu Şabran RPŞ-yə gedərək ərizə ilə müraciət etmişdir. Müraciətindən bir neçə saat sonra RPŞnin əməkdaşlarının Dəyanətlə əlaqə saxlayaraq sonuncunu RPŞ-yə dəvət etmişlər. RPŞ-də olan zaman onların tövləsindən oğurluq edən şəxsin həmkəndliləri Təqsirləndirilən şəxs olduğunu öyrənmiş, sonuncunun oğurladığı quzu da sonradan polis əməkdaşları tərəfindən onlara qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X2 iş üzrə Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan məhkəməəmtəəşünaslıq ekspertizasının 07 oktyabr 2022-ci il tarixli 9/7191 saylı rəyindən görünür ki, 15 kiloqram ağırlığında diri halda 01 baş quzunun hazırki orta bazar qiyməti nəzəri qaydada təxminən 110,00 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 03 sentyabr 2022-ci il tarixli tələbnamədən və Şabran rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Ocaqov X1 rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29,177.2.3 və 29,326.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Şabran RİH Başçısının Dəvəçi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 avqust 2022-ci il tarixli 266 saylı məktubdan görünür ki, Ocaqov X1 rayonu Dəvəçi kəndində yaşayır və subaydır. İş materiallarına əlavə edilmiş Şabran RİH Başçısının Dəvəçi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş ictimai xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə ictimai qaydalara və inzibati tələblərə zidd hərəkətləri ilə seçilmişdir. Dəfələrlə onunla aparılmış profilaktik söhbətlər, seçilmiş inzibati tənbehlər, tətbiq olunmuş cəzalardan nəticə çıxarmamış və cinayətə səbəb olan hərəkətlərə yol vermişdir. Belə həyat tərzi və ictimai davranışı ilə sakinlər arasında nüfuzdan düşmüşdür. İş materiallarına əlavə edilmiş Şabran rayon məhkəməsinin 18 avqust 2022-ci il tarixli 4(031)- 39/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay 15 (on beş) gün müddətinə həbs növündə qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 16 avqust 2022-ci il tarixdən hesab edilmişdir. Məhkəmənin qərarı ilə sonradan onun həbsdə saxlama müddəti uzadılmışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun ifadəsi ilə, iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olması Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətində yerləşən tövlədən oğurladığı 01 baş quzu cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərə məsul saxlanc üçün zərərçəkmişə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və maddi ziyan tələbi yoxdur. Ekspertiza ilə əlaqadar məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 16 avqust 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətində yerləşən tövlədən oğurlanan 01 baş quzu cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək məsul saxlanc üçün zərərçəkmişə təhvil verilməsi nəzərə alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar