Məhkəmə qərarları › İş №1(031)-76/2022

Şabran Rayon Məhkəməsi Qərar — İş №1(031)-76/2022

21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 1(031)-76/2022 21.12.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Nəsrəddin oğlunun, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxx 1979-cu il tarixdə Şabran rayonu Daşlıyataq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şabran rayon Ağalıq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində Şabran rayonu Ağalıq kəndində yerləşən “Dağlı” kafesinin qarşısında Şabran rayonu Padar kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus “VAZ-2101” markalı **-BL-*** qeydiyyat nömrə nişanlı avtomobilin sürücü hissəsinə düşən qapısını əlindəki simlə açaraq Təqsirləndirilən şəxs Nizami oğluna məxsus avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib qaçırmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, ailəlidir, 04 övladı vardır, Şabran rayon Ağalıq kəndində icarə əsasında bərbərxana işlədir. 02 sentyabr 2022-ci il tarixdə saat təxminən 11 radələrində tanışı Zərərçəkmiş şəxs məxsus “VAZ-21011” markalı **-BL-*** qeydiyyat nömrə nişanlı avtomobilin Şabran rayon Ağalıq kəndində yerləşən “Dağlı” restoranının qarşısında dayandığını görmüşdür. Avtomobilə yaxınlaşan zaman isə Talehin avtomobildə olmadığını, qapılarının isə bağlı olduğunu görmüş və bu zaman əlində olan bərbərxana açarlarının arasında saxladığı simlə avtomobilin qapısını açmaq üçün yoxlamış, həmin vaxt isə təsadüfən avtomobilin sürücü hissəsi tərəfdəki qapısı açılmışdır. Qapı açıldıqdan sonra isə avtomobili işə salınması üçün nəzərdə tutulmuş açarların avtomobilin üzərində olduğunu görərək avtomobili işə salıb bərbərxanadan 10 ədəd boş butulka götürərək yaxınlığdakı bulağa gedib qabları su ilə doldurub onları bərbərxanaya boşaltmışdır. Su qablarını bərbərxanaya boşaldan zaman polis əməkdaşları gələrək Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin “102 xidməti”nə zəng edərək avtomobilinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirməsini ona söyləmişlər. O da polis əməkdaşlarına həmin avtomobilin onda olduğunu, su qablarını doldurmaq üçün götürdüyünü, işi bitdikdən sonra isə Zərərçəkmiş şəxsla telefon vasitəsilə əlaqə saxlayaraq avomobilinin onda olduğunu bildirəcəyini söyləmişdir. Zərərçəkmiş şəxs Nəsrəddin oğlu ilə barışmışdır, ona dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Odur ki, barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Nəsrəddin oğlu göstərdi ki, ailəlidir, 03 övladı vardır, Şabran rayonu Padar kəndində ailəsi ilə birlikdə yaşayır, özünə məxsus **-BL-*** qeydiyyat nömrə nişanlı “VAZ-21011” markalı avtomobili vardır. 02 sentyabr 2022-ci il tarixdə saat 08 radələrində özünəməxsus avtomobili Şabran rayon Ağalıq kəndində yerləşən “Dağlı” kafesinin qarşısında saxlayaraq işləri ilə bağlı Quba və Xaçmaz rayonlarına yollanmışdır. Saat təxminən 13 radələrində işlərini bitirərək Şabran rayon Ağalıq kəndində yerləşən “Dağlı” kafesinin qarşısına gələn zaman avtomobilini saxladığı yerdə olmadığını görmüşdür. Bundan sonra o, Azərbaycan Respublikası DİN-nin “102 xidməti”nə zəng edərək baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra məlum olmuşdur ki, avtomobili onunla qonşu kənddə yaşayan tanışı Təqsirləndirilən şəxs ondan xəbərsiz sürərək Şabran rayon Ağalıq kəndində yerləşən icarə əsasında işlətdiyi bərbərxananın qarşısında saxlamışdır. Avtomobili Elçindən götürdükdən sonra polis əməkdaşları ilə birlikdə RPŞ-yə gəlmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur, sonuncunun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Bu barədə məhkəməyə rəsmi ərizə də təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində işləyən Şahid1 göstərdi ki, o, 02 sentyabr 2022-ci il tarixdə xidmətdə olan zaman Azərbaycan Respublikası DİN-nin “102 xidməti”nə Şabran rayon Ağalıq kəndində yaşayan Zərərçəkmiş şəxs tərəfindən cinayət xarakterli məlumat daxil olmuşdur. Məlumat əsasında o və RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2la birlikdə dərhal sözügedən ünvana yollanmışlar. Hadisə yerinə, yəni Şabran rayon Ağalıq kəndinə çatan zaman əvvəlcə onlar Zərərçəkmiş şəxs görmüş və o, saat 11 radələrində özünə məxsus “VAZ- 21011” markalı **-BL-*** qeydiyyat nömrə nişanlı avtomobilini magistral yolun kənarında yerləşən “Dağlı” restoranının qarşısında saxladığını, işləri bitdikdən sonra həmin əraziyə gələn zaman isə avtomobilinin yerində olmadığını, naməlum şəxs(lər) tərəfindən avtoblinin qaçırılmasını bildirmişdir. Bundan sonra Şahid2la birlikdə Şabran rayonu Ağalıq kəndini gəzən zaman Təqsirləndirilən şəxs məxsus bərbərxananın qarşısında sözügedən avtomobilin dayandığını görmüşlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq həmin avtomobilin kimə məxsus olmasını soruşduqda sonuncu, avtomobilin tanışına məxsus olduğunu və müəyyən işlərini görmək üçün onun qapısını açaraq “Dağlı” restoranının qarşısından götürdüyünü səmimi olaraq etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şabran RİH Başçısının Ağalıq İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 oktyabr 2022-ci il tarixli 270 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu Ağalıq kəndində ailə üzvləri – uşaqları – 2003-cü il təvəllüdlü X3, 2006-cı il təvəllüdlü X6, 2008-ci il təvəllüdlü X2, 2012-ci il təvəllüdlü X7 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Ağalıq İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 oktyabr 2022-ci il tarixli 271 saylı xasiyyətnamədən görünür ki, Bağırov X1 yaşadığı müddətdə özünü çalışqan, mehriban və səmimi bir insan kimi göstərmişdir. Birgəyaşayış qaydalarına riayət etməklə öz yoldaşları, qonşuları, ümumilikdə kənd camaatı arasında zəhmətkeşliyi və çalışqanlığı ilə seçilmişdir. Bir insan kimi kənd camaatının hörmətini qazanmışdır. Onun barəsində nümayəndəliyə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. İş materiallarında olan Şabran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin çağrışlarına gəlmədiyinə görə onun barəsində axtarış elan edilməklə barəsində seçilmiş “polisin nəzarəti altına vermə növündə” qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Şabran rayon polis şöbəsi tərəfindən verilmiş axtarışda olan şəxsin tutulması barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yeri Ağalıq kəndində müəyyən edilərək tutulmuşdur. İşə əlavə edilmiş Zərərçəkmiş şəxs Nəsrəddin oğlunun ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, xahiş edir ki, ərizəsi nəzərə alınaraq işin icraatına xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı bir tələbi olmadığından, eləcə də hazırki iş üzrə cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildiyindən, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayətinin olmaması səbəbindən zərərçəkmiş şəxsin ərizəsi nəzərə alınmalı və cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə, göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.11, 43.1.2, 321.2.1, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya protesti və ya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar