Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-77/2021 27.12.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 04 dekabr 1994-cü il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, Şabran şəhəri, Çingiz Mustafayev küçəsində qeydiyyat nömrəsi olmayan evdə faktiki yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 avqust 2021-ci il tarixdə Şabran rayon mərkəzi xəstəxanasında ondan götürülmüş “Covid-19” yeni növ koronavirus test nümunələrinin “pozitiv” çıxması ilə əlaqədar 17 avqust 2021-ci il tarixdə müəyyən edilmiş qaydada xəbərdarlaq edilib müvafiq izolyasiya tədbirləri görülməklə adıçəkilən xəstəxananın həkimlərinin nəzarəti altında yaşadığı evdə müalicə olunarkən bir vətəndaş kimi “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaysan Respublikası Qanununun “… vətəndaşlar təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli; sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə, xəstələnmə hallarının qarşısının alınmasına və azaldılmasına yönəldilən sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görməli; dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etməli” barədə 11-ci maddəsinin 1-ci bəndinin və “… vətəndaşlar yoluxucu xəstəliklərin əmələ gəlməsinin və yayılmsının qarşısını almaq üçün tədbirlər görülməsini təmin etməlidirlər” barədə 25-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməli olduğu halda bunları etməmiş, Qanunun sözügedən tələblərini pozaraq 30 avqust 2021-ci il tarixdə saat 12 radələrində bu növ koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılması ilə əlaqədar ev şəraitində müalicəsi aparılan xəstələrə qarşı tətbiq olunan sanitariya-gigiyena və karantin rejimlərini kobud surətdə pozaraq yaşadığı Çingiz Mustafayev küçəsində yerləşən nömrəsiz evi özbaşına tərk edərək öz təşübbüsü ilə “Covid-19” yeni növ koronavirus test nümunəsini vermək məqsədilə Şabran rayon mərkəzi xəstəxanasına gedib xəstəxanadan yaşadığı Çingiz Mustafayev küçəsinə qayıtdıqda Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da yoluxucu xəstəliyin daha da geniş yayılmasına real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, ünvan 1 ünvanda ata evində qeydiyyatda olsa da, özü valideynləri ilə birlikdə Şabran şəhəri, Çingiz Mustafayev küçəsində nömrəsi olmayan evdə yaşayır, özü subaydır. Ailəsini dolandırmaq məqsədi ilə arada toylarda nağara instrumentində ifa edib özünü dolandırır. 15 avqust 2021-ci il tarixdə özünü pis halsız hiss etdiyinə görə 16 avqust 2021-ci il tarixdə “COVİD-19” xəstəliyi ilə əlaqədar boğazdan yaxma test analizini vermişdir. 17 avqust 2021-ci il tarixdə axşam toyda olduğu zaman ona xəstəxanadan zəng gəlmiş və aktiv “COVİD-19” xəstəsi olduğu və evdə təcrid olunub 14 gün ərzində müalicə almalı olduğu barədə ona məlumat verilmiş, bununla əlaqədar yaşadığı evi tərk etməməsi ona izah edilmişdir. 14 gün ərzində özü müalicə olunmuş, ona sistemlər köçürülmüş, evində müalicə almışdır. 30 avqust 2021-ci il tarixdə saat 12-də öz təşəbbüsü ilə evdən çıxıb “COVİD-19” xəstəliyi ilə əlaqədar test analizini vermək üçün xəstəxanaya getmiş və qayıdan zaman evdən ona zəng etmişlər ki, polis əməkdaşları evinə gəlib onu axtarırlar. Artıq saat təxminən 12-30 radələrində yaşadığı Çingiz Mustafayev küçəsinə çatdıqda onu polis əməkdaşları saxlamış, şöbədən xüsusi karantin geyimində digər polis əməkdaşları gəlmiş və sənədləşməni aparmış, bu barədə protokol tərtib olunmuş, fotoşəkillər çəkilmiş, özü də həmin protokola imza etmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 göstərdi ki, 30 avqust 2021-ci il tarixdə şöbənin rəhbərliyinin göstərişi ilə İTB-nin PPXB-nin polis nəfərləri – Şahid2 və Şahid1la birlikdə 2 saylı marşrutda xidmətdə olduqları zaman xüsusi karantin rejimi dövründə evdə müalicə alan “COVİD-19” adlanan aktiv koronavirus xəstələrinin özünü təcrid etmə qaydalarına riayət edib-etmələrinin müəyyən edilməsi üçün keçirdikləri yoxlamalar zamanı aktiv “koronavirus” xəstəsi olan 1993-cü il təvəllüdlü Şabran şəhər sakini Təqsirləndirilən şəxs evini tərk etməsi faktı aşkar olunmuş və sonuncu, Şabran şəhəri, Çingiz Mustafayev küçəsində saxlanılmış, dərhal şöbədən əməliyyat-istintaq qrupu çağırılmış və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs xüsusi karantin rejim qaydalarını kobud surətdə qanunsuz olaraq pozma faktı rəsmi olaraq sənədlşədirilmişdir. Eyni zamanda bu barədə onun tərəfindən raport tərtib olunaraq, rəhbərliyə məruzə olunduqdan sonra həmin raport da araşdırılması üçün təhqiqat bölməsinə aidiyyəti üzrə verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən RPŞ-nin polis əməkdaşı Şahid2 iş üzrə Şahid3 ifadəsində göstərdiklərini olduğu kimi təsdiq edərək analoji ifadə vermişdir. Azərbaycan Respublikası İcbari tibbi sığorta üzrə dövlət agentliyi Tibbi Ərazi Bölmələrini X4 rayon mərkəzi xəstəxanası Publik hüquqi şəxs tərəfindən verilmiş sorğuya alınmış 01 sentyabr 2021-ci il tarixli 508 saylı cavabdan görünür ki, Təqsirləndirilən şəxs “COVİD-19” pandemiyası ilə əlaqədar verdiyi analizin cavabı 17.08.2021-ci il tarixdə saat 13:33 radələrində pozitiv olaraq gəlmiş və 31.08.2021-ci il tarixə qədər evdə nəzarətə götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 11 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 noyabr 2021-ci il tarixli 4845 saylı məktubdan görünür ki, Ağayev X3 şəhəri, Niyazi küçəsində ailə üzvləri – atası X1 və anası X2 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 noyabr 2021-ci il tarixli 4846 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan İ-1578 saylı Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli 2373 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İş materiallarında olan ******* saylı Hərbi Biletdən görünür ki, Təqsirləndirilən şəxs 04 iyul 2012-ci il tarixdə hərbi bilet verilmiş, o, Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli 2373 nömrəli Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün səmimi etiraf ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, eləcə də iş materiallarında toplanmış digər sənədlərlə tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən maddi cinayət qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal aşkar olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək etdiyi əməldən peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ikinci Qarabağ Müharibəsində iştirak edərək, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Laçının azad olunmasına görə” medal ilə təltif olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, lakin barəsində cəzasını yüngülləşdirən halları, eləcə də təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün sayır və barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq etməklə ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti verilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 70.3-cü maddəsinə əsasən isə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Məhkəmə Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsini qoymağı məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CM-nin 344-356-cı maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilsin, ona təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay sınaq müddətinə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: CİNGİZ İSGƏNDƏROV
Məhkəmə qərarları › İş №1(031)-77/2021
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-77/2021
27.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver