Məhkəmə qərarları › İş №1(031)-78/2022

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-78/2022

21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-78/2022 21.12.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1960-cı il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şabran rayonu Ağalıq kəndində qeydiyyatda olmaqla Şabran rayonu Günəşli kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 08 avqust 2022-ci il tarixdə saat 13 radələrində Şabran rayonu Günəşli kəndində yaşadığı evin həyətyanı sahəsində yaxın qohumları arasında şəxsi münasibətlər zəminində yaranmış və sonradan küçədə davam edən dava-dalaşa çevrilmiş münaqişə zamanı qonşuluğunda yaşayan kürəkəni Zərərçəkmiş şəxs ilə aralarında mövcud olan həmin münaqişə ilə əlaqədar, yəni qızının öz evinə qayıdıb gəlməsi səbəbindən sonuncuya qarşı zor tətbiq edərək yumruq və təpiklə onun qarın nahiyəsinə zərbələr endirmiş, nəticədə sonuncuya sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş “qarnın ön divarının sağ yarısının əməliyyat sahəsində dərialtı yumşaq toxumalarının hematoması və qanaxması halında əziyindən” ibarət bədən xəsarəti yetirməklə qəsdən onun sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, Şabran rayonu Ağalıq kəndində qeydiyyatda olmasına baxmayaraq Şabran rayonu Günəşli kəndində ailəsi ilə birlikdə yaşamış, hazırda isə bu söz-söhbətə görə ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb orada yaşayır. Heç yerdə işləmir. Barəsində şikayət etmiş kürəkəni Zərərçəkmiş şəxs qızı Yasəmənin həyat yoldaşıdır və onlar onun evinin qonşuluqda yaşayırlar. Qızı Yasəmən və Orxan təxminən 14 ildir ki, ailə həyatı qurmuşlar və onların birgə nigahdan 02 övladları olmuşdur. 08 avqust 2022-ci il tarixdə saat 13 radələrində özünə məxsus torpaq sahəsində işlədikdən sonra yaşadığı evə gəlib hamamda yuyunaraq həyətyani sahəsində oturmuşdur. Bu zaman küçə qapısı açıldığını və qohumu Yasəf və arvadı Gülarənin həyətə daxil olduqlarını görmüşdür. Yasəf həyətə daxil olduqdan sonra qışqıra-qışqıra danışmağa başladığı zaman onun nə üçün qışqırmasını başa düşməyərək onu çay içməyə dəvət etmişdir. Yasəf həyətdə olan həyat yoldaşı Zöhrəyə hücüm edərək nalayiq ifadələr işlədib Yasəmənin evini yıxdığını və buna görə də Yasəmən onların evini tərk edib öz evinə gəlməsi barədə ona demişdir. Yasəfin bu sözlərindən sonra qızı Yasəmən acıq eləyərək onun evinə gəldiyini, lakin evə girmədiyinə və bu barədə ona məlumat verilmədiyi üçün qızının evinə gəlməsindən xəbəri olmamışdır. Gülarəyə yaxınlaşaraq qızı Yasəmənin 5 dəfə acıq edib evinə gəldiyini və hər dəfəsində də gəlib xahiş edərək qızını evə apardığını bildirmişdir. Bu mövzuda aralarında söz mübahisəsi baş vermiş və mübahisə zamanı Yasəf küçəyə çıxmaq istədikdə o, əlləri ilə qollarından tutaraq onu divara zərblə vurmuşdur. Bu zaman yeznəsi Orxan həyətə daxil olmuş və həyətdəki səs-küyü eşitmiş oğlu Natiq də evdən həyətə çıxmışdır. Oğlu Natiqlə birlikdə qohumları – Yasəf, Orxan və Gülarəni həyətlərindən, yəni darvazasından itələyərək küçəyə çıxarıb darvazanı bağlamışlar. Orxan nalayiq ifadələr işlədib onları hədələyərək qaçıb yaşadığı evə tərəf getmiş və təxminən 2 dəqiqə sonra Orxan əlində ov tüfəngini götürüb öz darvazalarından küçəyə çıxmaq istədiyini görmüşlər. Orxanın ata və anası isə onun əlindən tüfəngi qapıb almaq istəyərkən Orxan bu zaman yerə yıxılmışdır. Bundan sonra yerə yıxılmış vəziyyətdə olan Orxanı valideyinləri ayağa qaldırıb öz evlərinə aparmışlar. Ailə üzvləri ilə bu hadisəni öz həyət darvazalarının arasından baxaraq görmüşlər. Özü və oğlu Natiq yeznələri Orxanın qarın nahiyəsinə ayaq zərbəsi ilə vurmamış, Orxanı, onun atası Yasəfi və anası Gülarəni döyməmişlər. Onların barəsində göstərdikləri yalan və böhtandır. X1 incitdiyi üçün Yasəmən artıq bunlara dözməyərək onun evinə gəlmişdir. Orxanın əməliyyat olunduğunu bilmiş, həmin zaman onun əməliyyat olunduğu bədən nahiyəsindən heç bir zərbə vurmamış və onun qarın nahiyəsindən qanın axmasını onun yarasının çirk etməsi ilə əlaqələndirmişdir. X6 barışmasının tərəfdarıdır. Bu gün qızı Yasəməni də məhkəməyə gətirmişdir ki, onlar barışsınlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Şabran rayonu Ağalıq kəndində qeydiyyatda olmasına baxmayaraq, Şabran rayonu Günəşli kəndində ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Təxminən 14 ildir ki, evlərinin əks tərəfində yaşayan qonşusu Təqsirləndirilən şəxs qızı Yasəmənlə ailə həyatı qurmuş və onların 02 azyaşlı uşaqları vardır. 27 iyul 2022-ci il tarixdə Şabran rayon MX-da öd kisəsindən əməliyyat olunduqdan sonra ev şəraitində müalicə olunmuşdur. Son vaxtlar həyat yoldaşı Yasəmənlə aralarında tez-tez münaqişələr baş vermişdir. 08 avqust 2022-ci il tarixdə səhər saatlarında atası Yasəf və anası Gülarə ilə birlikdə şəxsi işləri ilə əlaqədar atasının idarə etdiyi avtomobillə Quba şəhərinə getmişlər. Evdə həyat yoldaşı Yasəmən, azyaşlı uşaqları və bacısının oğlu Mirhəsən qalmışdır. Həmin gün saat 12 radələrində Mirhəsən ona zəng edərək həyat yoldaşı Yasəmənin əşyalarını yığıb və azyaşlı uşaqları ilə birlikdə evdən çıxaraq qonşuluqda yaşayan atasının evinə getdiyini dedikdən sonra bu barədə valideyinlərinə məlumat vermişdir. Bundan sonra dərhal yaşadıqları evə qayıdıb gəldikdə həqiqətən də Yasəmənin evdən çıxıb və atasının evinə getməsi onlara məlum olmuşdur. Evlərini tərk edib getməsinin səbəbini soruşmaq üçün atası və anası qonşuluqda yaşayan Yasəmənin atasının evinə getmiş, o isə paltarlarını dəyişmək üçün öz yaşadığı evə daxil olmuşdur. Paltarlarını dəyişərkən küçədən səs-küy səslərinin gəlməsini eşidib dərhal küçəyə çıxmışdır. X2 birlikdə ata və anasının üstünə hücum edib nalayiq ifadələr işlədərək onları döydüklərini görmüşdür. O, hansı səbəbdən ata və anasını döymələrini onlardan soruşub və onları sakitləşdirmək istədikdə Ramiz və Natiq onun üstünə hücum edib yumruq və təpiklə onu vurmağa başlamışlar. Bu zaman Natiq ona sillə vurmuş, qayınatası Ramiz isə təpiklə onun qarın nahiyəsindən, yəni əməliyyat olunduğu yerdən vurduğuna görə zərbə nəticəsində yerə yıxılmışdır. Əməliyyat olunduğu qarın nahiyəsi cırıldığından və qarnından qan axdığına görə valideyinlərindən ona köməklik etmələrini xahiş etmişdir. Bu zaman yeznəsi Emin həmin yerə gələrək onun yerdə olduğunu görərək onu yerdən qaldırıb və özlərinə məxsus avtomobilə qoyaraq Şabran rayon MX-na aparmışdır. Həyat yoldaşı Yasmən onunla barışarsa o, da şikayətini geri götürməyə hazırdır. Əks halda Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Şabran rayonu Günəşli kəndində ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Oğlu Orxan təxminən 14 il əvvəl qonşusu Təqsirləndirilən şəxs qızı Yasəmənlə ailə həyatı qurmuş və onların 02 azyaşlı uşaqları vardır. Son vaxtlar Yasəmən və Orxanın arasındakı münasibətlər korlandığı üçün Yasəmən tez-tez acıq edərək qonşuluqda yaşayan valideyinlərinin evinə getmişdir. Oğlu Orxan 27 iyul 2022-ci il tarixdə öd kisəsindən əməliyyat olunub ev şəraitində müalicə almışdır. 08 avqust 2022-ci il tarixdə səhər saatlarında həyat yoldaşı Yasəf və oğlu Orxanla birlikdə Quba rayonuna getmişlər. Evdə isə Yasəmən özünün 02 azyaşlı uşaqları və qızı Gülanənin azyaşlı oğlu Mirhəsən qalmışdır. Həmin gün saat 12 radələrində Quba rayonunda olduqları zaman Mirhəsən onlara zəng edərək Yasəmənin evdəki əşyalarını yığıb 02 azyaşlı uşağını da özü ilə götürərək ata evinə getməsini bildirmişdir. Bu xəbəri eşitdikdən sonra yaşadıqları evə qayıdıb gələrək həyat yoldaşı Yasəflə birlikdə qonşuluqda yaşayan Yasəmənin ata evinə getmişlər. Həyat yoldaşı Yasəflə evlərinin əks tərəfində yerləşən Yasəmənin ata evinə keçib və onun valideyinlərini çağmışlar. Ramiz və onun həyat yoldaşı Zöhrəni görərək qızları Yasəmənə öyüd-nəsiyyət verərək qızlarının evlərinə qaydıb gəlməsini onlardan xahiş etmişlər. Lakin Ramiz və onun oğlu Natiq onların üstünə hücum edərək yumruq və sillə ilə onu və həyat yoldaşı Yasəfi vuraraq onları həyətlərindən küçəyə çıxarmışlar. Bu zaman oğlu Orxan onlara yaxınlaşaraq nə üçün onları döyüb və həyətdən qovduqlarını onlardan soruşduqda onlar Orxanın üstünə hücum çəkmişlər. Natiq oğlunu sillə ilə vurduqdan sonra onun atası Ramiz də təpiklə oğlunun qarın nahiyəsindən zərbə vurduğu üçün oğlu əli ilə qarın nahiyəsini tutub və yerə yıxılmışdır. Ramizin vurduğu təpik Orxanın əməliyyat olunduğu yerdən dəydiyi üçün onun qarın nahiyəsindən qan gəlməyə başlamışdır. Həmin zaman kənarda olan kənd sakinləri Natiq və Ramizi sakitləşdirməyə çalışmışlar. Elə bu zaman qohumu Emin küçədən keçərkən bu hadisəni gördüyü üçün Orxanı yerdən qaldırıb, onlara məxsus “Opel” markalı avtomobilə əyləşdirib onu Şabran rayon MX-na aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 və X3 da şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdiklərini bir daha təsdiq edərək analoji ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X4 göstərdi ki, Şabran rayonu Günəşli kəndində ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs və Şahid2 onun qonşularıdır və münasibəti onlarla həmişə yaxşı olmuşdur. 08 avqust 2022-ci il tarixdə saat 13 radələrində yaşadığı evdə olduğu zaman küçədən səs-küy səslərinin gəlməsini eşidib və dərhal küçəyə çıxmışdır. Küçədə qonşusu Təqsirləndirilən şəxs evinin qarşısında Ramiz və onun oğlu Natiqin qonşusu Yasəf və onun arvadı Gülarə ilə münaqişə edərək nalayiq ifadələr işlətdiyini eşitmiş və görmüşdür. Bu zaman səsə onların oğlanları Orxan öz evlərindən çıxaraq bunlara dözməyib, onlara yaxınlaşaraq hansı səbəbdən valideyinlərini döyməsinin səbəbini Ramiz və Natiqdən soruşmuşdur. Bundan sonra Orxan onları ayırmaq üçün onlara yaxınlaşmaq istəyərkən Təqsirləndirilən şəxs təpiklə Orxanın qarın nahiyəsindən vurduğu üçün Orxan zərbədən yerə yıxılmış və əli ilə qarın nahiyəsini tutmuşdur. Bir neçə dəqiqə sonra Orxanın qohumu Emin həmin yerə gələrək Orxanı yerdən qaldırıb və “Opel” markalı avtomobillə onu Şabran rayon MX-na aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 göstərdi ki, Şabran rayonu Günəşli kəndində ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun qonşusudur və münasibəti onunla həmişə yaxşı olmuşdur. 08 avqust 2022-ci il tarixdə saat 13 radələrində yaşadığı evdə olduğu zaman qonşusu Təqsirləndirilən şəxs həyətindən səs-küy gəldiyini eşitmiş və təxminən 10 dəqiqə sonra Ramizin həyətinə gəlib nə baş verməsini ondan soruşmuşdur. Ramiz qızları Yasəmənin evlərinə gəlməsi səbəbinə görə qohumu Yasəf, həyat yoldaşı Gülarə və oğlanları Orxanın həyətlərinə gəlib və onunla münaqişə etdiklərini ona bildirmişdir. Həmin hadisəni gözü ilə görməsə də, səs-küy səslərini Təqsirləndirilən şəxs həyətindən gəlməsini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 göstərdi ki, Şabran rayonu Ağalıq kəndində qeydiyyatda olmasına baxmayaraq Şabran rayonu Günəşli kəndində ailəsi ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Barəsində Şabran rayon polis şöbəsinə şikayət etmiş Zərərçəkmiş şəxs bacısı Yasəmənin həyat yoldaşıdır və onlar qonşuluqda yaşayırlar. Bacısı Yasəmən və Orxan 14 ildir ki, ailə həyatı qurmuşlar və onların birgə nigahdan 2 övladları vardır. 08 avqust 2022-ci il tarixdə saat 12 radələrində evlərinə gəldiyi zaman bacısı Yasəmənin evdə olmasını görüb və nə üçün evlərinə gəlməsinin səbəbini ondan soruşmuşdur. Bacısı evlərində həyat yoldaşı Orxanla aralarında olan söz-söhbətə dözməyərək artıq onunla birlikdə yaşaya bilmədiyini və bu söz-söhbətə dözməyərək ata evinə qayıdıb gəlməsini ona bildirmişdir. Bundan sonra digər otağa keçmiş və təxminən bir saat sonra həyətdən səs-küy gəldiyini eşdiərək həyətə çıxmışdır. Həyətə çıxdıqdan sonra Yasəf və Gülarənin ata və anasının üstünə hücüm etdiklərini, Yasəfin atası Ramizin qollarından tutaraq onu divara vurduğunu və elə bu zaman yeznəsi Orxanın da həyətə daxil olmasını görmüşdür. Buna görə də atası ilə birlikdə onların üçünü də evlərinin həyətindən küçəyə çıxarıb və darvazalarını bağlamışlar. Orxan nalayiq ifadələr işlədib onları hədələyərək yaşadığı evə tərəf qaçıb getmişdir. Təxminən 2 dəqiqə sonra Orxan əlində ov tüfəngini götürüb və öz darvazalarından küçəyə çıxmaq istədiyini onun ata və anasının isə Orxanın əlindən tüfəngi qapıb almaq istədiklərini görmüşdür. Valideyinləri Orxanın əlindən tüfəngi aldıqları zaman Orxan yerə yıxılmış və bundan sonra onlar Orxanı ayağa qaldıraraq öz evlərinə aparmışlar. Ailə üzvləri ilə birlikdə bu hadisələri öz həyət darvazasının arasından baxaraq görüb və küçəyə çıxmamışlar. Atası yeznəsi Orxanın qarın nahiyəsinə ayaq zərbəsi ilə vurmamış və onlar ümumiyyətlə Orxan, Yasəf və Gülarəni döyməmişlər. Onların barələrində göstərdikləri yalan və böhtandır. Orxanın əməliyyat olunması onlara məlum olmuş və həmin zaman onun əməliyyat olunduğu qarın nahiyəsinin hansı səbəbdən qanaması ona məlum deyildir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən məhkəmə-tibb ekspetizasının 09 avqust 2022-ci il tarixli 170 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə öd kisəsinin çıxarılması əməliyyatına məruz qalmış və onun qarın divarının sağ yarısında sağalmaqda olan əməliyyat yarası olmuşdur. Zərərçəkmiş şəxs bədəni üzərində qarnın ön divarının sağ yarsının əməliyyat səthində dərialtı yumşaq toxumaların hematoması və qanaxması halında əziyi aşkar olunmuşdur. Həmin xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, ayaq zərbəsilə yetirilə bilməsi inkar olunmur, yetirilmə müddəti 08 avqust 2022-ci tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 15 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. İş materiallarında olan Şabran RİH Başçısının Ağalıq İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 oktyabr 2022-ci il tarixli 263 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu Ağalıq kəndində ailə üzvləri ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Ağalıq İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 oktyabr 2022-ci il tarixli 265 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu Günəşli kəndində yaşadığı müddətdə özünü çalışqan, mehriban və səmimi bir insan kimi göstərmişdir. Birgəyaşayış qaydalarına riayət etməklə öz yoldaşları, qonşuları, ümumilikdə kənd camaatı arasında zəhmətkeşliyi və çalışqanlığı ilə seçilmişdir. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsini, onun 08 avqust 2022-ci il tarixdə saat 13 radələrində yaşadığı Şabran rayonu Günəşli kəndində yerləşən evinin həyətyanı sahəsində qohumlar arasında münaqişə olsa da, onun sözügedən yüngül dərəcəli bədən xəsarətini yeznəsi Zərərçəkmiş şəxs yetirməyərək onu döyməməsini və hansı şəraitdə Orxanın bədən xəsarəti alması barədə məlumatının olmaması ilə bağlı irəli sürdüyü bu dəlilləri iş üzrə toplanmış sübutlar məcmusu ilə hərtərəfli təhlil edib belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin irəli sürdüyü bu dəlillər özünü müdafiə xarakteri daşımaqla məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Belə ki, işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi məhkəmətibb ekspertizasının rəyinə əsasən ayaqla vurulmuş xəsarətin zərərçəkmişə yetirilməsi inkar edilməmiş və baxış zamanı götürülən hadisə zamanı zərərçəkmiş şəxsin əyinində olmuş qısaqol köynəyin üzərində ayaq izinə bənzər izin olması müəyyən edilmişdir. Eyni zamanda zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı çoxsaylı şahid ifadələrindən görünür ki, Zərərçəkmiş şəxs valideynləri ilə münaqişə edən Ramiz və onun oğlu Şahid6 gördükdən sonra onlara yaxınlaşıb və buna öz etirazını bildirdiyi zaman sonuncu, onu sillə ilə vurduqdan sonra qayınatası Təqsirləndirilən şəxs yumruq və ayaq zərbəsi ilə onun qarın nahiyəsindən təpiklə vuraraq onu yerə yıxmış və nəticədə bir neçə gün əvvəl əməliyyat olunduğu qarınından qan gəlmişdir. Orxan qarın nahiyəsindən ağrı hiss etdiyi üçün valideynlərindən və qonşularından ona köməklik göstərilməsini xahiş etdiyi zaman küçədən keçən yaxın qohumu Emin Zəkaralıyev tibbi yardım göstərilməsi məqsədilə onu Şabran rayon MX-na aparmışdır. Odur ki, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş zərərçəkmiş şəxs və şahid ifadələri, üzləşdirmə protokolu, fotoşəkillər, məhkəmə ekspertizasının rəyi, eləcə də icraat materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 3-cü bəndində qeyd edilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə verilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş üzrə maddi sübut kimi tanınmış Şabran RPŞ-nin maddi sübütlar otağında saxlanılan zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd qısaqol köynək ona təhvil verilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 1200 (bir min iki yüz) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Şabran rayon İcra və probasiya şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut kimi tanınmış Şabran RPŞ-nin maddi sübütlar otağında saxlanılan zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd qısaqol köynək ona təhvil verilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar