Məhkəmə qərarları › İş №1(031)-8/2022

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-8/2022

19.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-8/2022 19.01.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmuş, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən üzərindən məhkumluğu götürülmüş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib özündə saxladığı 01 (bir) ədəd kibrit qutusunda şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,561 qram kustar üsulla hazırlanmış kristall şəkilli psixotrop maddə olan metamfetamini əyinindəki gödəkçəsinin sağ yan cibinə yerləşdirməklə qanunsuz olaraq saxlamış, 16 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində Şabran şəhəri R.Behbudov küçəsində yerləşən yaşadığı evin yaxınlığında Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri zamanı saxlanılmış və sözügedən psixotrop maddə ondan aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır. Təxminən 1-2 ildir ki, narkotik vasitə hesab edilən heroin və psixotrop maddə sayılan “patı” kimi deyilən metamfetmindən istifadə edir. 2020-ci ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 2021-ci ilin oktyabr ayının əvvəllərində Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən avtovağzalda olduğu zaman təsadüfən yerdən bir ədəd kibrit qutusunda 02 büküm narkotik vasitələri tapmış və istifadə etmək üçün özündə saxlamışdır. 16 oktyabr 2021-ci il tarixdə axşam saat 21 rədələrində siqaret almaq üçün Şabran şəhəri R.Behbudov küçəsində yaşadığı evin yaxınlığında küçədə olduğu zaman 2-3 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb Şabran rayon PŞ-nin polis əməkdaşları olduqlarını ona bildirib narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli olduğunu deyərək onu RPŞ-nə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə RPŞ-nə getmişdir. Şabran rayon PŞ-nin növbətçi hissəsində müstəntiq tərəfindən vəkil Müdafiəçi iştirakı ilə hüquq və vəzifələri ona izah edildikdən sonra üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Keçirilən şəxsi axtarışa etiraz etmədikdən sonra əyinindəki qırmızı rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd kibrit qutusunda 01 ədəd siqaretin kağız bükümündə ağ kristallik şəkildə narkotik vasitə hesab edilən “patı”, yəni metamfetamin və 01 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroin, eləcə də narkotik vasitə qəbulu zamanı istifadə etdiyi kağızdan hazırladığı trubka aşkar olunmuşdur. Polis əməkdaşları onun üzərindən aşkar edilmiş 02 ədəd bükümün içərisindəki kütlələrin nə olmasını ondan soruşduqda o, həmin kütlələrin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Üzərindən aşkar olunmuş kütlələr və trubka onların iştirakları ilə qablaşdırılaraq zərfə qoyulmuş, bu barədə müvafiq protokol tərtib olunduqdan sonra imzalarla təsdiq edilmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran rayon polis şöbəsinin PPXT-nın polis nəfəri, polis serjantı Şahid2 göstərdi ki, 16 oktyabr 2021-ci il tarixdə saat 21 radələrində Şabran RPŞ-nin PPXT-nın əməkdaşları Nemət Mürsəliyev, Şahid1 və Əmirxan Qasımovla birlikdə Şabran şəhəri ərazisində xidmətdə olduqları zaman şəhərin R.Behbudov küçəsində bir nəfər şəxsin narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli olmasına görə saxlamaq istəmişlər. Həmin şəxs qaçmağa cəhd göstərməsinə baxmayaraq, onu saxlayıb və üzərinə şəxsi axtarış keçirilməsi üçün Şabran rayon PŞ-nə dəvət etmişlər. Həmin şəxs etiraz etməyərək onlarla birlikdə ünvan 3 ünvanda yerləşən evdə yaşayan xx xxxx 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması onlara məlum olmuşdur. RPŞ-nin növbətçi hissəsində müstəntiq tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi izah edildikdə Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərində keçrilən şəxsi axtarış zamanı əynindəki gödəkçəsinin sağ yan cibindən 01 ədəd kibrit qutusunda 02 ədəd büküm aşkar edilmişdir. Aşkar edilmiş 01 ədəd qara rəngli kağız bükümün içərisində ağ rəngli kristallikşəkilli narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Həmin kütlənin nə olmasını Təqsirləndirilən şəxs soruşduqda o, həmin maddənin narkotik vasitə olan patı olduğunu və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş digər bükümün içərisində qəhvəyi rəngli maddənin olması müəyyən olunmuşdur. Hüseyn Hsənəov həmin maddənin narkotik vasitə hesab edilən heroin olmasını və istifadə etmək məqsədilə üzərində saxladığını demişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən boru şəklində olan kağız parçası aşkar olunmuş və sonuncu, həmin kağız parçası vasitəsi ilə narkotik vasitə hesab edilən heroin istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd bükümdə narkotik vasitəyə bənzər kütlələr və 01 ədəd borucuq şəklində hazırlanmış kağız parçası götürülərək bir ədəd zərfə qoyulmaqla qablaşdırılmış və bu barədə protokol tərtib edildikdən sonra imzaları ilə təsdiq edilmişdir. İş üzrə şahid qismində dindirmiş RPŞ-nin əməkdaşı Şahid1 iş üzrə Şahid2 ifadəsində göstərdiklərini olduğu kimi təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti ilə şahid qismində dindirilən X4 bildirdi ki, o, Hüseynin anasıdır, bir yerdə yaşayırlar, Hüseynin üç körpə uşağı vardır. Hüseyn əvvəllər narkotik maddələrin qanunsuz saxlanılması ilə bağlı azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Lakin bundan sonra da Hüseyn yenə də narkotik maddələri qanunsuz əldə edir və saxlayır. Bir ana kimi oğlunun xoşbəxtliyini və sağlamlığını istədiyindən məhkəmədən xahiş edir ki, az bir müddətdə Hüseynə azadlıqdan məhrumetmə cəzası verilsin, bəlkə onda Hüseyn düz yola qayıdar və pis yoldaşlarından ayrılar. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2021-ci il tarixli 6/4626 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,561 qram olan (tədqiqata sərf olundu 0,050 qr, qalıq 0,511 qr) ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,033 qram (tədqiqata sərf olundu 0,010 qr, qalıq 0,023 qr) olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 01 (bir) ədəd bükülərək boru şəklinə salınmış kağız kəsiyinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqat aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixiatrop maddələrin siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən ambulator məhkəmə-narkoloji ekspertizasının 16 noyabr 2021-ci il tarixli 4505 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin, kannabioidlərin və psiotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinenasiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 12 dekabr 2021-ci il tarixli tələbnamədən və 23 yanvar 2020-ci il tarixli Şabran rayon məhkəməsinin 1(031)-4/2020 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Şabran rayon məhkəməsinin 13 dekabr 2021-ci il tarixli 7(031)-41/2021 saylı qərarından görünür ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Şabran rayon məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 1(031)-4/2020 saylı hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 09 ay 16 gün hissəsindən azad edilmiş, Təqsirləndirilən şəxs üzərindən məhkumluq götürülmüşdür. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhəri İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 dekabr 2021-ci il tarixli 5146 saylı məktubdan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda ailə üzvləri – arvadı X1, uşaqları – X6, X5 və X7 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhəri İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 dekabr 2021-ci il tarixli 5147 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 16 oktyabr 2021-ci il tarixli tutma protokolundan, eləcə də 18 oktyabr 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 18 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə də barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan toplanmış sübutların qiymətləndirilməsi haqqında 16 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə narkotik vasitə hesab edilən heroinin çəkisi 0,033 qram olması müəyyən edildiyindən həmin epizod üzrə onun barəsində cinayət təqibinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş özünun etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri və məhkəmə ekspertizalarının rəyləri, eləcə də iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində üç azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə, cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, əvvəllər eyni növdə cinayət törətməsini və yenidən cinayət törətməsinin qarşısının alınması məqsədi ilə, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 oktyabr 2021-ci ildən 18 oktyabr 2021-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran RPŞ-nin maddi sübütlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə tədqiqata sərf olunduqdan sonra qalıq qalan çəkisi 0,511 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, 01 (bir) ədəd bükümdə tədqiqata sərf olunduqdan sonra qalıq qalan çəkisi 0,023 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və 01 (bir) ədəd üzərində heroinin izləri olan boru şəklindəki kağız parçası məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçrilmiş şəxsi axtarış və yaşadığı evə keçirilmiş baxış istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskin maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 81 manat 82 qəpik Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətdə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbs olunsun. Cəzaçəkmə müddətinin başlanğıcı 19 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran RPŞ-nin maddi sübütlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə tədqiqata sərf olunduqdan sonra qalıq qalan çəkisi 0,511 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, 01 (bir) ədəd bükümdə tədqiqata sərf olunduqdan sonra qalıq qalan çəkisi 0,023 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və 01 (bir) ədəd üzərində heroinin izləri olan boru şəklindəki kağız parçası məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə keçrilmiş şəxsi axtarış və yaşadığı evə keçirilmiş baxış istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskin maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 81 manat 82 qəpik məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar