Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-8/2023 18.01.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1995-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şabran rayonu, Ağalıq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 sentyabr 2021-ci il tarixdə saat 20 radələrində Şabran rayonu, Ağalıq kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinə plastik pəncərəni açmaq yolu ilə qanunsuz olaraq daxil olmuş və evin yataq otağında yerləşən şkafın içərisindən ümumi dəyəri 1000 manat olan 02 ədəd gümüş komplekti, 02 ədəd gümüş üzüyü, 07 ədəd gümüş sırğanı, 02 ədəd gümüş sepi və digər yataq otağındakı paltar şkafının içərisindən isə 13510 manat nağd pulu oğurlamaqla ümumilikdə 14510 (on dörd min beş yüz on) manat məbləğində Zərərçəkmiş şəxs1 məxsus xeyli miqdarda əmlakı gizli olaraq talayıb aparmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 22 mart 2022-ci il tarixdə saat 22 radələrində Quba rayonu, İdrisqışlaq kəndində yerləşən Şahid4 Əlibaba oğluna məxsus evə həmin evin pəncərəsini açmaq yolu ilə qanunsuz daxil olaraq evin yataq otağında olan sandıqçanın içərisindən Zərərçəkmiş şəxs2 məxsus ümumi dəyəri 4000 manat olan 02 ədəd 585 əyarlı 03 qramlıq qızıl boyunbağını, 01 ədəd 585 əyarlı 5 qramlıq qızıl sırğanı, 01 ədəd 585 əyarlı 03 qramlıq sırğanı, 01 ədəd 585 əyarlı 3,6 qramlıq sırğanı, 01 ədəd 585 əyarlı 1,5 qramlıq qızıl kulonu, 01 ədəd 585 əyarlı 05 qramlıq qızıl kişi üzüyünü, 01 ədəd 585 əyarlı 2,5 qramlıq qızıl qadın üzüyünü, 01 ədəd 585 əyarlı 08 qramlıq qızıl qadın qolbağını və digər yataq otağındakı sandıqçanın içərisindən isə 1500 manat pulu oğurlamaqla ümumilikdə 5500 (beş min beş yüz) manat məbləğində Zərərçəkmiş şəxs2 məxsus xeyli miqdarda əmlakı gizli olaraq talayıb aparmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən 12 aprel 2022-ci il tarixdə saat 23 radələrində Şabran rayonu, Ağalıq kəndində yerləşən Şabran rayon Ağalıq kənd poçt şöbəsinə qapının qıfılını qırmaq yolu ilə daxil olmuş və kompüter stolunun siyirməsində olan kardon qutunun içərisindən 60 manat pulu və 217 manat dəyərində 185 ədəd “poz qazan” azərlotereyanı oğurlamaqla ümumilikdə 277 (iki yüz yetmiş yeddi) manat məbləğində Şabran rayonu, Ağalıq kənd poçt şöbəsinə məxsus əmlakı gizli olaraq talayıb aparmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, Şabran rayonu, Ağalıq kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır, ailəlidir, bir övladı var, əvvəllər məhkum olunmayıb. Təxminən 7 ilə yaxındır ki, ərazilərdə əsasən Şabran və Siyəzən rayon ərazilərində traktor sürməklə ailəsini dolandırır. 2021-ci ilin avqust-sentyabr aylarında borcları çox olmuş, həmin borclar da artıq ödəyə bilməyəcək səviyyəyə gəlib çatmışdır. 2021-ci ilin sentyabr ayının 6-da saat 20 radələrində Şabran rayonu, Ağalıq kəndində olan zaman Zərərçəkmiş şəxs1 evinin qarşısından keçmişdir. Natiqi şəxsən tanımış, belə ki, sonuncu, onun yaşadığı kəndin bələdiyyəsinin sədr olmuşdur, lakin buna baxmayaraq aralarında heç bir münasibəti olmamışdır. Həmin gün Natiqin evinin qarşısından keçən zaman sonuncunun evinin işıqlarının sönlü olduğunu görmüşdür. Natiqin evinin hasarı alçaq olduğuna görə çöldən evinin işıqlarının sönlü olduğunu aydın şəkildə görmüşdür. Həmin vaxt Natiqin evindən oğurluq etməyi fikirləşmiş, əvvəl ətrafa nəzər salıb ətrafda heç kimin olmamasına əmin olduqdan sonra hasardan tullanaraq həyətə daxil olmuş, həyətə daxil olduqdan sonra isə həyətdən tapdığı bel ilə evin sol tərəfindəki pəncərəni açmış, sonra evə daxil olmuş, evə daxil olduqdan sonra evin işıqlarını yandırmadan, əlindəki alışqan və telefonun işığı ilə evi axtarmağa başlamış, elə evə daxil olduğu otaqda yerləşən paltar şkafını axtaran zaman oradan bir ədəd plastik qabın içərisindən qadın bijuteriyaları tapmış, ardınca isə evin digər otaqlarını da axtarmağa davam etmiş, ancaq həmin bijuteriya avadanlıqlarından başqa heçnə tapmamış, evdə təxminən 10 dəqiqə olmuş, evdə axtarışlarını davam edən zaman çöl qapısının açıldığını və həyətə tanımadığı bir adamın daxil olduğunu görmüş, bunun ardınca da girdiyi otağın pəncərəsindən çıxaraq evin arxa tərəfinə, yəni bağ sahəsinə keçmiş, oradan da hasarı tullanaraq uzaqlaşmışdır. Oradan biraz uzaqlaşan zaman oğurladığı bijuteriyalara bir-bir baxmış, onları oğurlayan zaman bijuteriyaların qızıl olduğunu fikirləşmiş, ancaq onlara baxandan sonra onların dəyərsiz qadın bijuteriyaları olduğunu başa düşmüşdür. Ona görə də Natiqin evindən öz evinə kimi məsafədə həmin bijuteriyaları bir-bir yol boyunca qıraqlara tullamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında öz ifadəsində həmçinin Quba rayonu, İdrisqışlaq kənd sakini Məksəd Əskərovun onun uzaq qohumu olduğunu, 22 mart 2022-ci il tarixdə başqa bir qohumu olan Namiq Ömərovun ad günü olduğunu və sonuncunun öz evində kiçik bir məclis təşkil etdiyini, Məksədlə Namiqin də həm qohum, həmdə ki, yaxın dost olduqlarını bildiyini, buna görə də əvvəlcədən Məksədin ailəsi ilə birlikdə Namiqin ad günü məclisində iştirak edəcəyini bildiyini, buna görə də həmin gün saat 21 radələrində yaşadığı kənddən özünə məxsus velosipedi ilə İdrisqışlaq kəndi istiqamətində getdiyini, saat 22:30 radələrində Məksədə məxsus evin qarşısına çatdığını, əvvəlcə ətrafa göz gəzdirdiyini, ətrafda heç kimi görmədiyini, bundan əlavə evin hasarından evə baxdığı zaman evdəki işıqların sönülü olduğunu gördüyünü, ətrafda və evdə heç kimin olmamasından əmin olduqdan sonra evin ön tərəfindən hasarı aşaraq həyətə daxil olduğunu, həyətə daxil olduqdan sonra isə yaşadığı evin həyətindən götürdüyü uzunluğu təxminən 25 sm olan armatur parçası ilə pilləkənin yaxınlığındakı plastik pəncərəni açaraq evə daxil olduğunu, daxil olduqdan sonra isə bir-bir evi axtarmağa başladığını, evin yataq otaqlarından birinə daxil olduqda oradakı ağ sandığı açdığını, sandığa baxdığı zaman oradan 01 ədəd qırmızı rəngdə kiçik bir qutu tapdığını, onun içərisinə baxdıqda isə 02 ədəd qızıl boyunbağı, 03 ədəd qızıl sırğa, 01 ədəd qızıl kulon, 01 ədəd qızıl kişi üzüyü, 01 ədəd qızıl qadın üzüyü və 01 ədəd qızıl qadın qolbağının olduğunu aşkar etdiyini, onları götürdükdən sonra isə digər yataq otağına keçdiyini və orada olan qara rəngli sandıqçanı açıb içərisinə baxdıqda isə orada 1.500 manat pulun olduğunu gördüyünü və pulu da götürdükdən sonra qızıllarlan birlikdə gəldiyi kimi evdən çıxdığını, hasarı aşaraq evin qarşısında saxladığı velosipedinə minərək yaşadığı evə gəldiyini, saat 23 radələrində yaşadığı evə çatdığını, evə çatdıqda qızıl və pulları evdəkilər görməsin deyə onları evin həyətində gizlətdiyini və sonrada evə daxil olduğunu, həmin günün səhəri isə oğurladığı qızılları satmaq istədiyini, bu zaman ağlına bibisi Gülbənizə sata biləcəyi barədə fikir gəldiyini, buna görə də sonuncuya öz telefonu ilə zəng edərək onun Şabran şəhərindəki evində tək olduğunu bildiyini, bundan sonra qızılları götürərək bibisi Gülbənizin Şabran şəhərindəki evinə getdiyini, evə getdiyi zaman bibisinin evdə tək olduğunu, biraz söhbət etdikdən sonra Gülbənizə pula ehtiyacının olduğunu, buna görə də evdəkilərin qızıllarını satmalı olduğunu söylədiyini, bibisinin ondan qızılların oğurluq olub-olmamasını soruşduqda bibisinə onların oğurluq olmadığını və evdəkilərin qızıllarının olduğunu söylədiyini, buna görə də bibisinin də ona inandığını, ardınca da qızılları ona verdikdən sonra Gülbənizin evini tərk edərək yaşadığı kəndə getdiyini, həmin günün axşamı isə Gülbənizin onunla telefon əlaqəsi saxlayaraq qızılları satdığını və gəlib pulunu götürməyini söylədiyini, o da buna görə 23 mart 2022-ci il tarixdə axşam saatlarında yenidən Gülbənizin evinə getdiyini, evə gəldiyi zaman bibisinin evdə tək olduğunu, bibisinin ona 1.100 manat pul verdiyini, onun isə Gülbənizə əziyyət çəkdiyinə görə pulun 100 manatını onun əziyyəti qarşılığında ona qaytardığını, pulu götürdükdən sonra isə yenidən yaşadığı evə qayıtdığını göstərmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında daha sonra öz ifadəsində aprel ayının əvvəlindən etibarən Şabran rayonu, Ağalıq kəndində yerləşən poçt şöbəsindən oğurluq etmək fikrinin olduğunu, 12 aprel 2022-ci il tarixdə saat 22 radələrində təkbaşına ətrafda heç kimin olmamasından istifadə edərək əvvəl poçtun qarşısına gəldiyini, poçtun qapısının qıfılla bağlı olduğunu, hələ oğurluq etdiyi gündən əvvəl bir neçə dəfə gecə saatlarında poçtun qarşısına gəldiyini və qapının qıfılının olub-olmamasını, poçta necə girəcəyini əvvəlcədən planlaşdırdığını, buna görə də 12 aprel 2022-ci il tarixdə saat 22:30 radələrində yaşadığı evdən çıxdığını, evdən çıxan zaman qapının qıfılını qırmaq üçün evin həyətindən uzunluğu təxminən 40 sm olan armatur parçasını da götürdüyünü, daha sonra isə birbaşa poçtun qarşısına piyada getdiyini, poçta gedən zaman yol boyunca biraz da vaxt itirmək məqsədilə çöldə gəzdiyini, saat 23 radələrində poçtun qarşısında olduğunu, ətrafda heç kimin olmamasından istifadə edərək əlindəki armatur ilə qapının qıfılını sındırdığını və poçta daxil olduğunu, daxil olan kimi birbaşa poçtu axtarmağa başladığını, bu zaman kompüter stolunun altında kardonun içərisində dəqiq sayını bilmədiyi bir miqdar pul olduğunu, bundan əlavə kompüterin arxasındakı şkafın içərisində 03 ədəd ağ sellofan torbanın içərisində dəqiq sayını bilmədiyi “poz qazan” azərlotereyaları gördüyünü, onları da götürdükdən təxminən 5 dəqiqə sonra isə poçtu tərk elədiyini, ordan çıxan kimi isə kənddə yerləşən gölün yanına getdiyini, orada armaturu atdıqdan sonra isə birbaşa evə getdiyini, 14 aprel 2022-ci il tarixdə isə poçtdan oğurladığı lotereyaları Xaçmaz rayonunda satmaq məqsədilə özünə məxsus velosipedlə getdiyini, Xaçmaza gedib lotereyaları satmaq istəyən zaman isə Şabran RPŞ-nin əməkdaşlarının onu yolda saxlayaraq RPŞ-nə dəvət etdiklərini, RPŞ-nə gələrək törətdiyi bütün cinayət əməllərini etiraf etdiyini bildirmişdir. Törətdiyi əməlinə görə peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, Şabran rayonu, Ağalıq kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. 2010-cu ildən ünvan 2i vəzifəsində işləyir. 2013-cü ildə Sevinc Musayeva ilə ailə həyatı qurmuş və həmin nikahdan 3 övladı vardır. 06 sentyabr tarixdə saat 09 radələrində işlədiyi Ağalıq bələdiyyəsinə yollanmış, dayısının yoldaşı Şirin Şükürovanın xəstəliyi ilə əlaqədar Bakı şəhərində müalicə alıb qayıtmağı ilə bağlı həmin gün evə gəldikdən dərhal sonra ailəvi olaraq onlara baş çəkmək qərarına gəlmiş, buna görə də axşam saatlarında evə daxil olduqdan sonra ailəsinə dayısıgilə getməyi təklif etmiş, saat 17:30 radələrində ilk növbədə böyük oğlu Mehmanı hazırlığı olduğuna görə onu müəllim yanına yola saldıqdan sonra birbaşa həmin kənddə yaşayan dayısı Tahir Şükürovun evinə qonaq getmişdir. Evdən çıxan zaman qapı və pəncərələri bağlamış, qaz və işığın da sönülü vəziyyətdə olduğuna əmin olduqdan sonra evdən çıxmışdır. Bu zaman evdə heç kim qalmamış, həmin gün saat 21 radələrində dayısıgilin evindən çıxıb ailəsi ilə birlikdə öz idarə etdiyi “Mitsubishi-Outlander” markalı nəqliyyat vasitəsilə yaşadığı evə qayıtmışdır. Həmin vaxt evin həyət qapısını açıb həyətə daxil olan zaman üzbəüz evin sol tərəfində talvarın alt hissəsində uşaq otağının pəncərəsinin ağcaqanad torunun çıxarılaraq yerə qoyulduğunu, lakin pəncərənin bağlı vəziyyətdə olduğunu görmüşdür. Torun yerdə olması onda şübhə oyatmış və bir qədər qabağa gedərək anasının yaşadığı otağın pəncərəsinin açıq vəziyyətdə olduğunu, lakin torunun yerində olduğunu görmüş, dərhal evin qapısını açaraq içəri daxil olan zaman zala girişlə üzbəüz yataq otağının dağınıq vəziyyətdə olduğunu görmüşdür. Buna görə də evindən oğurluq olmasına əmin olduqdan sonra “102 xidməti” nə zəng edib oğurluq barədə məlumat vermiş, lakin evdən konkret olaraq nəyin oğurlanmasını əvvəl dəqiq bilməmişdir. Hadisə yerinə polis əməkdaşları gəldikdən sonra müvafiq sənədləşmə aparılmış, daha sonra polis əməkdaşlarının iştirakı ilə baxış zamanı yataq otağındakı paltar şkafının aşağı gözündəki rəfdə olan qış paltarlarının üzərindəki qara rəngli çantanın içərisində olan sənədlərin arasına qoyduğu 13400 manat məbləğdə nağd pulun, həmin şkafın digər gözündə olan yoldaşına məxsus pul qabından 110 manat məbləğdə nağd pulun, habelə anasının qaldığı otaqdakı güzgülü şkafın rəfində olan kapron materialından qabın içərisində qoyulmuş 01 ədəd komplektdə 200 manat dəyərində “Svarovski” qaşla bəzədilmiş gümüş sırğanın, 01 ədəd komplektdə 100 manat dəyərində gül formasında gümüş üzük və sırğanın, 01 ədəd 50 manat dəyərində uzun milvari qaşla bəzədilmiş gümüş sırğanın, 01 ədəd 50 manat dəyərində olan xırda qaşla bəzədilmiş gümüş sırğanın, 01 ədəd 60 manat dəyərində üçbucaq şəklində xırda qaşla bəzədilmiş gümüş sırğanın, 01 ədəd 60 manat dəyərində tac formasında iri şəffaf qaşla bəzədilmiş gümüş sırğanın, 01 ədəd 100 manat dəyərində göy rəngli “Svarovski” qaşla bəzədilmiş matros işarəli gümüş sırğanın, 01 ədəd 30 manat dəyərində 03 qaşlı gümüş üzüyün, 01 ədəd 80 manat dəyərində halqa formasında qızıl xırda uşaq sırğasının, 02 cüt 170 manat dəyərində biri qalın, digəri incə olmaqla gümüş seplərin, 50 manat dəyərində polad sırğaların, seplərin, qolbaqların, xırda polad sırğaların və 50 manat dəyərində çoxlu sayda rəngi getməyən bijuteriyalar olmaqla ümumilikdə 1000 manat dəyərində gümüş və gümüş məmulatlarının oğurlanmasını aşkar etmişdir. Ona vurulan ziyan tam ödənilmişdir. Təqsirləndiirlən şəxsə qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində 22 mart 2022-ci il tarixdə saat 18 radələrində ailə üzvləri ilə birlikdə yaşadıqları evdən çıxaraq Şabran rayonu, Ağalıq kəndində yaşayan qaynatasının dostu Namiq Ömərovun evinə qonaq getdiklərini, qonaqlıqdan çıxdıqdan sonra isə birbaşa evlərinə gəldiklərini, həyətə daxil olduqdan sonra evin pəncərələrindən birinin açıq olduğunu gördüklərini, ardınca evə daxil olduqdan sonra evin bütün avadanlıqlarının dağıdıldığını, daha sonra isə yataq otağına girdikdə otağında olan sandıqçanın içərisindəki 4000 manat dəyərindəki qızıl-zinət əşyalarının oğurlandığını, qaynatası Məqsədin isə öz otağına baxdıqda oradan yenə də özünə məxsus 1500 manat pulun da oğurlandığını aşkar etdiyini, buna görə də qaynatası Məqsədin birbaşa DİN-nin 102 xidmətinə müraciət etdiyini, bir müddət sonra isə RPŞ-dən onunla əlaqə saxladığını və evlərində baş vermiş oğurluq hadisəsini Şabran rayon sakini Təqsirləndirilən şəxs törətdiyini, ona vurulan ziyanın tam şəkildə ödənildiyini və hazırda təqsirləndirilən şəxsə qarşı heç bir tələbi və şikayəti olmadığını göstərmişdir. İş üzrə zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində təxminən 2 ilə yaxındır ki, Şabran rayon Ağalıq kənd poçt şöbəsinin müdirəsi vəzifəsində çalışdığını, poçtda ondan başqa Şahid1 adlı şəxsin də işlədiyini, sonuncunun isə poçtun poçtalyonu olduğunu, hər zaman poçtu saat 09:00-da açdığını, saat 17:00-da isə bağladığını, xx.xx.2022-ci il tarixdə də poçtu saat 17:00-da tək bağladığını, poçtu bağlayan zaman poçtda 60 manat yalnız qəpik şəklində pulun olduğunu, həmin qəpikləri də kompüter stolunun altında kardon qutunun içərisində saxladığını, bundan əlavə poçtda uduşlu, yəni istifadə olunmuş 185 ədəd “poz qazan” azərlotereyalarının da olduğunu, həmin lotereyaları da qəpiklərin yanında qoyduğunu, lotereyaların ümumilikdə 03 şəffaf torbanın içərisində olduğunu, lotereyadan 171 ədədinin 01 manatlıq, 08 ədədinin 02 manatlıq, 06 ədədinin isə 05 manatlıq olduğunu, bundan əlavə xx.xx.2022-ci il tarixdə ümumilikdə poçtda 389 manat pulun olduğunu, onun 329 manatının kağız pul olduğunu, 60 manatının isə qəpik formasında olduğunu, hər zaman poçtdan çıxan zaman kağız pulları özü ilə apardığını, qəpikləri isə poçtda saxladığını, həmin gün də eynilə kağız pulları özü ilə götürdüyünü, poçtu bağladıqdan sonra isə birbaşa evinə getdiyini, xx.xx.2022-ci il tarixdə saat 07 radələrində poçtun yaxınlığında yaşayan bibisi oğlu Şahid2 onunla telefon əlaqəsi saxlayaraq poçtun qapılarının açıq olduğunu söylədiyini, onun da ardınca Ramizin poçtu açdığını düşünərək sonuncu ilə əlaqə saxladığını, Ramizin isə ona poçtda olmadığını söylədiyini, ardınca Ramizə təcili poçta getməyi söylədiyini, Ramizin isə poçta getdikdən sonra onunla əlaqə saxlayaraq poçtdan oğurluq olduğunu söylədiyini və onun da birbaşa poçta gələrək DİN-nin “102 xidməti”nə müraciət etdiyini, bir müddət sonra isə RPŞ-dən onunla əlaqə saxlanıldığını və poçtdan baş vermiş oğurluq hadisəsinin Şabran rayon sakini Təqsirləndirilən şəxs tərəfindən törədilməsi bildirildiyini göstərmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin Şabran poçt filialı tərəfindən verilmiş 27 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, rayonun Ağalıq kəndində yaşayan Təqsirləndirilən şəxs tərəfindən Ağalıq poçt şöbsinə dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində ünvan 3 ünvanda qeydiyyatda olmaqla tək yaşadığını, heç bir yerdə işləmədiyini, Təqsirləndirilən şəxs onun qardaşı oğlu olduğunu, xx.xx.2022-ci il tarixdə günorta saatlarında yaşadığı evdə olan zaman Sahilin onunla telefon əlaqəsi saxladığını və ondan evdə olub-olmadığını soruşduğunu, onun isə cavabında evdə olduğunu söylədiyini, həmin vaxt evdə tək olduğunu, Sahilin zəngindən təxminən 40 dəqiqə sonra saat 15 radələrində tək başına yaşadığı evinə qonaq gəldiyini, gəldiyi zaman da Sahilin tək olduğunu, evə gəldikdən sonra onun qabağına çay qoyaraq söhbət etməyə başladıqlarını, söhbətlərinin gündəlik həyatla bağlı olduğunu, söhbət zamanı Sahilin geyindiyi şalvarın cibindən sellofan torbanın içərisində hər ikisi qızıl olmaqla 01 ədəd qadın üzüyü və 01 ədəd qadın sepi çıxardaraq ona verdiyini və ondan bunları satmağı xahiş etdiyini, onun Sahildən qızılların oğurluq olub-olmamasını soruşduğunu, sonuncunun isə cavabında qızılların oğurluq olmadığını və arvadına məxsus olduğunu söylədiyini, Sahilin də qohumu olduğuna görə ona inandığını və ondan qızılları götürdüyünü, həmin günün səhəri, yəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhərinə getdiyini və Bakı şəhərində xatırlamadığı yerdə və tanımadığı adama 1100 manata satdığını, həmin gün qızılları satdıqdan dərhal sonra da birbaşa Şabran rayonuna gəldiyini, evə gəldikdən sonra da Sahillə telefon əlaqəsi saxlayaraq ona qızılları satdığını və evə gəlməyini söylədiyini, axşam saatlarında isə sonuncunun təkbaşına yaşadığı evə gəldiyini və ona 1100 manatı verdiyini, Sahilin isə qızılları satmağının qarşılığında ona 100 manat pul verdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində 03 ildir ki, Şabran rayon Ağalıq kənd poçtunda poçtalyon kimi çalışdığını, 13 aprel 2022-ci il tarixdə səhər saatlarında evdə olan zaman işlədiyi poçtun müdirəsi Zərərçəkmiş şəxs3 onunla telefon əlaqəsi saxlayaraq ona qohumunun zəng elədiyini və poçtun qapısının açıq olduğunu söylədiyini, buna görə də onun təcili olaraq poçta gedib baxmağı tapşırdığını, buna görə də təcili evdən çıxaraq poçta getdiyini, poçta yaxınlaşan zaman həqiqətən də poçtun qapısının qıfılının sındırıldığını və poçtun qapısının açıq olduğunu gördüyünü, qapıdan içəri baxdıqda poçtun dağıdıldığını aşkar etdiyini və poçtdan oğurluq olduğunu başa düşdüyünü, buna görə də əvvəl Samirəyə, sonra isə Şabran rayonu üzrə “Azərpoçtun” rəhbərliyinə məlumat verdiyini, Samirə xanım da poçta gəldikdən sonra dərhal DİN-nin “102 xidməti”nə müraciət etdiyini, müraciətlərindən sonra polis əməkdaşlarının hadisə yerinə gələrək poçta baxış keçirdiklərini, bir müddət sonra isə RPŞ-dən onlara həmin oğurluq cinayətinin həmkəndlisi Təqsirləndirilən şəxs törətdiyini bildirdiklərini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 göstərdi ki, 22 mart 2022-ci il tarixdə saat 18 radələrində o, arvadı Göyərçin, oğlu Məftun və onun arvadı Aytac evdən çıxıb Şabran rayonu, Ağalıq kəndində yaşayan dostu Namik Ömərovun evinə qonaq getmişlər. Qonaqlıqda iştirak etdikdən sonra oradan çıxıb yaşadıqları evə qayıtmışlar. Həmin vaxt evin həyətinin dəmirdən olan giriş qapısını açarla oğlu Məftun açmışdır. O, avtomobili həyətə sürüb yerləşdirmişdir. Onlar həyətdə olarkən evin həyətə baxan otağının alüminiumdan olan pəncərəsini açıq vəziyyətdə olduğunu görmüşlər. Oğlu Məftun evin giriş qapısını açarla açmış, onlar hamısı evə girmişlər. Onlar evə girdikdə evin bütün otaqlarının dağınıq vəziyyətdə olduğunu görmüşlər. Gəlinləri Aytac tez öz yataq otaqlarına girib orada olan sandıqçanın içərisinə baxdıqda oraya qoyduğu özünə məxsus qızıl-zinət əşyalarının yerində olmadığını görmüşdür. Eləcə də o, onların yataq otaqlarına gedib orada olan sandıqçanın içərisinə baxdıqda orada gəlinləri Aytaca məxsus olmaqla saxlanılan 1500 manat pulun yerində olmadığını görmüşdür. Odur ki, evdən oğurluq olduğunu başa düşdüklərinə görə o, DİN-nin “102 xidməti”nə zəng vurub evlərindən oğurluq olması barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 və Şahid6 Şahid4la eyni məzmunlu ifadə vermişlər. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 dekabr 2021-ci il tarixli 9/9513 saylı rəyindən göründüyü kimi Zərərçəkmiş şəxs1 evindən oğurlanmış gümüş əşyalarının əyarları və çəkiləri müəyyən edilmədiyinə görə onların qiymətləndirilməsini aparmaq mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 19 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şabran RİH Başçısının Ağalıq İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 iyun 2022-ci il tarixli 149 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu Ağalıq kəndində ailə üzvləri – atası X2, anası X3 və arvadı X5 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Ağalıq İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 iyun 2022-ci il tarixli 150 saylı xasiyyətnamədən görünür ki, Cəfərov X1 yaşadığı müddətdə özünü çalışqan, mehriban və səmimi bir insan kimi göstərmişdir. Birgəyaşayış qaydalarına riayət etməklə öz yoldaşları, qonşuları, ümumilikdə kənd camaatı arasında zəhmətkeşliyi və çalışqanlığı ilə seçilmişdir. Ağalıq İƏD-si üzrə nümayəndəliyinə onun barəsində Ağalıq kəndində yaşadığı dövr ərzində heç bir şifahi və yazılı şikayət daxil olmamışdır. İş materiallarında olan AZ-İV seriyalı 720911 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 birgə nikahlarından 05 sentyabr 2022-ci ildə Fəxri adlı uşaqları olmuşdur. İş materiallarında olan şəxsin tutulması barədə 14 aprel 2022-ci il tarixli protokoldan və 16 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 (iki) gün şübhəli şəxs kimi tutulub saxlanılmışdır. İş materiallarında olan zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan tam ödənilmişdi, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün səmimi etirafedici ifadəsi ilə yanaşı iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyinin əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin içtimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Həmçinin həmin sərəncamda xüsusi olaraq məhkəmələrə cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tədbiqinin genişləndirilməsini, cəzanın növünü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tədbiq edildiyini əsas tutmaları, cəzanın təyin edilməsi əsaslarına dair Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirmələri tövsiyyə edilmişdir. Həmin tövsiyə və tapşırığa uyğun olaraq Cinayət Məcəlləsində bir çox əlavə və dəyişikliklərin edilməsini, o cümlədən azadlığın məhdudlaşdırılması növündə yeni alternativ cəzanın müəyyən edilməsini və tədbiqini nəzərdə tutulan qanun layihələri hazırlanaraq Azərbaycan Respublikası Prezidentinə təqdim olunmuş və “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Məhz həmin Qanunla cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Cinayət Məcəlləsinin Ümumi və Xüsusi hissələrində br çox dəyişikliklər edilmiş, o cümlədən Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlığın məhdudlaşdırılması növündə cəza əlavə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.13-cü maddələrinə əsasən himayəsində bir azyaşlı uşağının olması və cinayət nəticəsində vurulmuş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə, cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran və Siyəzən rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu Ağalıq kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 aprel 2022-ci ildən 16 aprel 2022-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq cəzadan çıxmalı, hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut hesab edilmiş 185 ədəd “poz qazan” azərlotereyalarının zərərçəkmiş şəxsin nümayəndəsinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran və Siyəzən rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu Ağalıq kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut hesab edilmiş 185 ədəd “poz qazan” azərlotereyalarının zərərçəkmiş şəxsin nümayəndəsinə təhvil verilməsi nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-8/2023
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-8/2023
18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver