Məhkəmə qərarları › İş №1(031)-8/2025

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-8/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-8/2025 15.01.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1992-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şabran şəhəri, X6 küçəsi, ev 9 ünvanında qeydiyyatda olan, faktiki olaraq Şabran şəhəri, X6 küçəsi, ev 5 ünvanında yaşayan və barəsində "polisin nəzarəti altında vermə" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan tarixdə, mənbədən və şəraitdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni, 136,47 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan qurudulmuş marixuana və 1,251 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin əldə edərək daşımaqla üzərində və Şabran şəhəri, X6 küçəsi ev 5 ünvanında yerləşən evində saxlamış, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində Şabran şəhərinin X6 küçəsində saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilmiş, Şabran Rayon Polis Şöbəsində üzərində şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan patron cibindən 01 (bir) ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi 0,085 qram olan narkotik vasitə heroin aşkar edilərək müvafiq qaydada qablaşdırılıb götürülmüş, tədbirin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,166 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 (bir) ədəd kağız bükümdə 11,47 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 (bir) ədəd üzərində “Berqa” yazısı olan qutuda təmiz çəkisi 125 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 01 (bir) ildən az olar ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2024-cü il tarixdə təxminən saat 09:00 radələrində yaşadığı evdən çıxıb fəhləlik etmək üçün işləməyə gedəndə küçənin yuxarı hissəsinə çatan zaman əlində olan zibili atdığı vaxt, dəmir torbanın yanında yerdə bağlama aşkar etmişdir. Həmin sellofan bağlamaya açıb baxdıqda 02 (iki) ədəd bükümdə heroin, 01 (bir) ədəd bükümdə və 01 (bir) ədəd Berqa qutusunda qurudulmuş marixuanalar aşkarlamışdır. Tapdığı narkotik vasitələri istifadə etmək məqsədilə yaşadığı evə gətirmiş və onlardan 01 (bir) ədəd bükümdə olan heroini üzərində saxlamışdır ki, gün ərzində istifadə etsin. 01 (bir) ədəd bükümdə olan heroini, 01 (bir) ədəd bükümdə və 01 (bir) ədəd Berqa qutusunda olan qurudulmuş marixuananı isə yaşadığı evdə saxlamışdır. xx.xx.2024-cü il tarixdə, saat 11:00 radələrində yaşadığı evdən çıxmış və avtovağzala tərəf gəlmiş, avtovağzalda olan zaman mülki geyimdə olan 01 (bir) nəfər və polis formasında olan 03 (üç) nəfər şəxs ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirib, onu bununla bağlı qərarla tanış edib Şabran Rayon Polis Şöbəsinə dəvət etmişdirlər. O, polis əməkdaşları ilə birlikdə Şabran Rayon Polis Şöbəsinə gəlmişdir. Şabran Rayon Polis Şöbəsində ona dövlət hesabına müdafiəçi təyin edilmiş və o, şübhəli şəxs kimi tutulmuşdur. Daha sonra isə Şabran Rayon Polis Şöbəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş və o, üzərində saxladığı 01 (bir) ədəd bükümdə olan heroini çıxarıb təqdim etmişdir. O, həmin kütlənin narkotik vasitə olan heroin olduğunu və özü istifadə etməyi üçün üzərində saxladığını polis əməkdaşlarına bildirmişdir. Daha sonra onun razılığı ilə yaşadığı evə baxış keçirilmiş, evində saxladığı heroin və marixuanalar aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Hal-hazırda törətdiyi əməldən peşmandır. Xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq ibtidai istintaq zamanı yaşadığı evə baxış vaxtı aşkarlanmış heroin və qurudulmuş marixuananın ilk öncə ona məxsus olmadığını deməsinə səbəbin qorxmağı və həyəcanlı olmağı olduğunu, həmin vaxt aşkarlanmış kütlənin çox olmasına görə daha ağır cəza ala biləcəyi və məsuliyyətinin ağırlaşacağını fikirləşib qorxduğunu, buna görə də həmin narkotik vasitələrin ona məxsus olmadığını dediyini, lakin yaşadığı evə baxış zamanı aşkarlanmış qurudulmuş marixuana və heroinin də ona məxsus olduğunu, həmin narkotik vasitələri ailə üzvlərinin xəbəri olmasın deyə gizlətdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Şabran şəhərinin X6 küçəsində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlamaqla daşımasında şübhəli olduğundan, onun və Şabran Rayon Polis Şöbəsinin əməkdaşları Şahid1, Şahid4 və Şahid3 iştirakı ilə keçirilən tədbir zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:00 radələrində Şabran şəhərinin X6 küçəsində avtovağzalın yaxınlığında tərəflərindən saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilmiş və orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi zamanı onun əynində olan şalvarın sağ cibliyindən 01 (bir) ədəd büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükümdə olan kütlənin nə olduğu soruşulan zaman o, həmin kütlənin narkotik vasitə olan heroin olduğunu və şəxsi istifadəsi üçün saxladığını, daşıdığını bildirmişdir. Aşkarlanmış 01 (bir) ədəd büküm kağız zərfə qoyulmaqla qablaşdırılmış və üzəri yazılmaqla möhürlənərək götürülmüşdür. Daha sonra Şahinin özünün razılığı ilə yaşadığı ünvana baxış keçirilmiş, həmin ünvanda baxış zamanı narkotik vasitə olan heroin və qurudulmuş marixuanalar aşkar edilmişdir. Aşkarlanmış narkotik vasitələr götürülmüş müvafiq qaydada götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Şabran şəhərinin X6 küçəsində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlamaqla daşımasında şübhəli olduğundan, onun və Şabran Rayon Polis Şöbəsinin əməkdaşları Şahid2, Şahid4 və Şahid1 iştirakı ilə keçirilən tədbir zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:00 radələrində Şabran şəhərinin X6 küçəsində avtovağzalın yaxınlığında tərəflərindən saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilmişdir. Şabran Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi zamanı dəvət edilmiş müdafiəçisi Müdafiəçi da iştirak etmişdir. Şəxsi axtarış zamanı video çəkilişlə aparılmış və şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamasında və gəzdirməsində şübhəli olması elan edilməklə, hüquq və vəzifələri izah edilmiş və vəkil Müdafiəçi ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etməsi təklif edilmiş və şəxsi axtarış zamanı onun əynində olan şalvarın sağ cibliyindən 01 (bir) ədəd büküm aşkarlanmışdır. Təqsirləndirilən şəxs bükümdə olan kütlənin nə olduğu soruşulan zaman o, həmin kütlənin narkotik vasitə olan heroin olduğunu və şəxsi istifadəsi üçün saxladığını, daşıdığını bildirmişdir. Aşkarlanmış 01 (bir) ədəd büküm kağız zərfə qoyulmaqla qablaşdırılmış və üzəri yazılmaqla möhürlənmişdir. Bu barədə videoçəkiliş aparılmışdır. Daha sonra Şahinin özünün razılığı ilə yaşadığı ünvana baxış keçirilmiş, həmin ünvanda baxış zamanı narkotik vasitə olan heroin və qurudulmuş marixuanalar aşkarlanmışdır. Aşkarlanmış predmetlərə baxış keçirilərək götürülmüş, zərfə qoyulmaqla qablaşdırılmış, üzəri yazılaraq möhürlənmiş, bu barədə videoçəkiliş aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, Şabran şəhərinin X6 küçəsində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlamaqla daşımasında şübhəli olduğundan, onun və Şabran Rayon Polis Şöbəsinin əməkdaşları Şahid1, Şahid2 və Şahid3 iştirakı ilə keçirilən tədbir zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:00 radələrində Şabran şəhərinin X6 küçəsində avtovağzalın yaxınlığında tərəflərindən saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilmiş və orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi zamanı onun əynində olan şalvarın sağ cibliyindən 01 (bir) ədəd büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükümdə olan kütlənin nə olduğu soruşulan zaman o, həmin kütlənin narkotik vasitə olan heroin olduğunu və şəxsi istifadəsi üçün saxladığını, daşıdığını bildirmişdir. Aşkarlanmış 01 (bir) ədəd büküm kağız zərfə qoyulmaqla qablaşdırılmış və üzəri yazılmaqla möhürlənərək götürülmüşdür. Daha sonra Şahinin özünün razılığı ilə yaşadığı ünvana baxış keçirilmiş, həmin ünvanda baxış zamanı narkotik vasitə olan heroin və qurudulmuş marixuanalar aşkar edilmişdir. Aşkarlanmış narkotik vasitələr götürülmüş müvafiq qaydada götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:00-dan etibarən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürülmə aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 13:00-dan 13:10-a kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə nəticəsində onun əynində olan şalvarın sağ yan cibliyindən 01 ədəd bükümdə narkotik maddəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür. - xx.xx.2024-cü il tarixdə, saat 13:00-dan 13:10-a kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilmiş və "DVD" diskdə köçürülmüş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə nəticəsində onun əynində olan şalvarın sağ yan cibliyindən 01 ədəd bükümdə narkotik maddəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür. - xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs həmin ərizədə faktiki olaraq yaşadığı Şabran şəhəri, X6 küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin həyətyanı sahəsinə Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. - xx.xx.2024-cü il tarixli baxış və götürülmə aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 13:35-dən 14:05-ə kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Şabran şəhəri, X6 küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evində və həmin evin həyətyanı sahəsində keçirilmiş baxış və götürmə nəticəsində 01 (bir) ədəd bükümdə narkotik maddə heroinə bənzər kütlə, 01 (bir) ədəd kağız bükümdə və 01 (bir) ədəd üzərində “Berqa” yazısı olan qutuda isə narkotik maddə qurudulmuş marixuana bənzər kütlələr aşkar edilərək götürülmüşdür. - xx.xx.2024-cü il tarixdə, saat 13:35-dən 14:05-ə kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Şabran şəhəri, X6 küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evində və həmin evin həyətyanı sahəsində keçirilmiş baxış və götürmə zamanı çəkilmiş və "DVD" diskə köçürülmüş videogörüntüdən görünür ki, baxış və götürmə nəticəsində 01 (bir) ədəd bükümdə narkotik maddə heroinə bənzər kütlə, 01 (bir) ədəd kağız bükümdə və 01 (bir) ədəd üzərində “Berqa” yazısı olan qutuda isə narkotik maddə qurudulmuş marixuana bənzər kütlələr aşkar edilərək götürülmüşdür. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 7/1503 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs evindən aşkar edilmiş kütlələr ...” yazı və imzalar olan 01(bir) ədəd polietilen bağlamada bir ədəd kağız bükümdə təmiz çəkisi 11,47 qram, bir ədəd üzərində “Berqa” yazılan qutunun içərisində təmiz çəkisi 125 qram bitki mənşəli kütlələr eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitədir-qurudulmuş marixuanadır. Həmçinin polietilen bağlamada 01 (bir) ədəd kəsilmiş siqaret qutusunda tütünlə qarışıq narkotik vasitə olan cüzi miqdarda marixuana vardır. Həmin marixuana cüzi miqdarda olduğu üçün onunla müqayisəli tədqiqat aparılmadı. Aparılmış tədqiqatın dəyəri 70 (yetmiş) manat təşkil etmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/4515 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: üzərində “Təqsirləndirilən şəxs üzərindən...” və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,085 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən ...” və s. soyadlar, imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 1,166 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, -Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunmuş ümumilikdə təmiz çəkiləri 1,251 qram heroin kütlələri kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edirlər, üzərində “Təqsirləndirilən şəxs evindən aşkar edilmiş ...” və s. soyadlar, imzalar olan paketdəki 01 ədəd bükümdə çəkisi 17,512 qram ağ rəngli kristalşəkilli maddə kütləsi nəzarətdə olan maddələrin siyahılarına daxil olmayan limon turşusudur, 02 (iki) ədəd burulmuş vəziyyətdə market çeklərindən birində narkotik vasitə heroinin izləri (heroin iz formasında olduğu üçün təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqat aparılmadı), digərində psixotrop maddə-metamfetaminin izləri müəyyən edildi. 02 (iki) ədəd folqa kəsiyində heç bir maddə izi müəyyən edilmədi. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil etmişdir. - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-74/2-3314/24 saylı xasiyyətnamədən görünür ki, Şabran şəhəri, X6 küçəsi, ev 9 ünvanında qeydiyyatda olan xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-74/2-3305/24 saylı arayışdan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.1971-ci il təvəllüdlü anası X2 ibarət ailə tərkibi vardır. - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin X4 azad edilməsi və barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Şabran Rayon Polis X3 yerindən həbsdən azad edilmiş və onun barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmişdir. - xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 136,37 qram qurudulmuş marixuana, 01 (bir) ədəd kağız paketdə 1,151 qram heroin və 17,312 qram limon turşusu cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi hesab olunub, saxlanılması üçün Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - “Azərbaycan Respublikalının Səhiyyə Nazirlinin Respublika Narkoloji Mərkəzi” X5 Ambulator Məcburi-Narkoloji Yoxlaması tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 6722 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, onun etirafedici ifadələri, video çəkilişdən istifadə edilməklə keçirilmiş şəxsi axtarış və götürmə aparılmasına dair protokol və ona əlavə edilmiş DVD disk, şəxsin yaşadığı evdə video çəkilişdən istifadə edilməklə keçirilmiş baxış və götürülmə aparılması haqqında protokol və protokola əlavə edilmiş DVD disk, şahidlərin ifadələri, məhkəmə kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri və məhkəmə istintaqında tədqiq olunmuş digər mötəbər dəlillərlə tam sübuta yetirilmiş hesab edir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara Azərbaycan Respublikasının CPM-in 144-146-cı maddələri ilə nəzərdə tutulmuş qaydada qiymət verərək, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməklə ittiham hökmü çıxarılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-ci il tarixli, 8 nömrəli Qərarının 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə hesab olunan qurudulmuş marixuananın xeyli miqdarının (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram, külli miqdarının (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 500 qram, xüsusilə külli miqdarının isə (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 50000 qram təşkil edir. Bununla yanaşı həmin Siyahının 83-cü bəndinə əsasən narkotik vasitə hesab olunan heroinin xeyli miqdarının (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram, külli miqdarının (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 02 qram, xüsusilə külli miqdarının isə (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədi 800 qram təşkil edir. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş ümumilikdə 136,47 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1,251 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin əldə edilməsi, saxlanılması və daşınması CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. CM-in 234.1-ci maddəsinə əsasən - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikasının Qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılıq hissi keçirməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 02 (iki) növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yüngülləşdirən halları, o cümlədən üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş narkotik vasitələrin miqdarını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, “hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən Cinayət Məcəlləsinin Xüsusi hissəsinin normasının düzgün tövsif təmin edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan müddət ərzində həbsdə saxlanıldığı 02 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə onun barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı, onun barəsində seçilmiş "polisin nəzarəti altında vermə" növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, CMin 56.1.2-ci maddəsinə əsasən barəsində təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalı, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olan 180 (yüz səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli və iş üzrə maddi sübutlar Şabran Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 136,37 qram olan qurudulmuş marixuana, qalıq çəkisi 1,151 qram olan heroin və 17,312 qram çəkidə limon turşusu hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, şəxsi axtarış, baxış və götürmə aparılmasına dair görüntüləri özündə əks etdirən 02 (iki) ədəd “DVD” disk isə cinayət işində saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan müddət ərzində həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə onun barəsində təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və onun barəsində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altında vermə" növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olan 180 (yüz səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübutlar Şabran Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 136,37 qram olan qurudulmuş marixuana, qalıq çəkisi 1,151 qram olan heroin və 17,312 qram olan limon turşusu hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, şəxsi axtarış, baxış və götürmə aparılmasına dair görüntüləri özündə əks etdirən 02 (iki) ədəd “DVD” disk cinayət işində saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar