Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-80/2021 29.12.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlər ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1968-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, üzərində məhkumluğu olmayan, heç bir yerdə işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla dəqiq müəyyən edilməmiş vaxtda, mənbədən və miqdarda satış məqsədi ilə qanunsuz olaraq əldə edib özündə saxladığı kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroinin ümumi çəkisi dəqiq məlum olmayan 02 (iki) bükümünü 17 iyun 2021-ci il tarixdə saat 21 radələrində Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yaşadığı evin yaxınlığında tanışı – Şabran şəhər sakini X4 20 manata qanunsuz olaraq satmış, Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində həmin gün keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu saxlanılmış və aparılmış şəxsi axtarış zamanı sözügedən narkotik vasitənin təmiz çəkisi 0,146 qram təşkil edən 01 (bir) bükümü ondan aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır və təxminən 20 ildir ki, müxtəlif şirkətlərə məxsus “Kamaz” markalı avtomobilləri idarə edir. Təxminən 6-7 aydır ki, narkotik vasitə hesab edilən heroindən istifadə edir. 16 iyun 2021-ci il tarixdə günorta saatlarında idarə etdiyi “Hova” markalı avtomobillə Siyəzən rayonunda yerləşən “Beşbarmaq piri” adlanan əraziyə getmişdir. İlqar adlı tanışı ilə görüşüb və 02 büküm narkotik vasitə hesab edilən heroini 20 manat pula alaraq yaşadığı Şabran şəhərinə qayıtmışdır. Narkotik vasitə hesab edilən heroinin 01 bükümünü özü siqaret falqasına dolduraraq çəkərək istifadə etmiş və digər 01 bükümü isə özündə saxlamışdır. 17 iyun 2021-ci il tarixdə saat 21 radələrində yaşadığı Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən evinin yaxınlığında küçədə olarkən tanışı – Şabran şəhər sakini Elşən Əskərov onun yanına gələrək satlıq narkotik vasitə olub-olmamasını ondan soruşmuş, bu zaman o, üzərində olan 01 büküm narkotik vasitə olan heroini 10 manat pula Elşən Əskərova satmışdır. 16 avqust 2021-ci il tarixdə saat 18:30 radələrində yaşadığı evin qarşısında olarkən 2-3 nəfər şəxs ona yaxınlaşaraq özlərinin Şabran rayon PŞ-nin əməkdaşları olduqlarını bildirib onu RPŞ-yə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə RPŞ-nə getmişdir. Şabran rayon PŞ-də olan xidməti otaqlarının birində vəkil Səfər Məmmədov ona təqdim edilərək, həmçinin hüquq və vəzifələrini izah edilərək üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarışa etiraz etmədikdən sonra üzərində şəxsi axtarış keçirilməsinə başlanılmış və üzərindən bir ədəd maska və 20 qəpik puldan başqa heç bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokol ona və iştirak edən şəxslərə oxunduqdan sonra protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Törətmiş olduğu əməldən peşmandır, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 göstərdi ki, ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Təxminən 1-2 ildir ki, narkotik vasitə hesab edilən heroindən istifadə edir. 17 iyun 2021-ci il tarixdə saat 21 radələrində yaşadığı evin yaxınlığında küçədə dayandığı zaman adı sonradan ona məlum olmuş Elvin Mütəllimov adlı şəxs ona yaxınlaşaraq narkotik istifadəçisi olduğunu və istifadə etmək üçün narkotik vasitə hesab edilən heroin almaq istədiyini ona bildirmişdir. Bu zaman o, heroin alıb Elvinlə birlikdə istifadə etməsini planlaşdıraraq Elvinə məxsus mobil telefonla “kokos, yəni heroin satışı ilə məşğul olan Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yaşayan tanışı Elxan adlı şəxsə zəng edib, narkotik vasitə olub-olmamasını ondan soruşub onunla görüşmək istədiyini ona demişdir. Elxan da onu yaşadığı evin qarşısına çağırmış və Elvinlə birlikdə Elxanın yaşadığı ünvana getmişdir. Elxanla onun yaşadığı evin qarşısında görüşüb və onda satlıq narkotik vasitə olub-olmamasını soruşmuşdur. Elxan da 02 büküm narkotik vasitə olan heroini ona 20 manata sata biləcəyini bildirmişdir. O, 20 manat pulu Elxana verərək ondan 02 büküm narkotik vasitə olan heroini almışdır. Elxanla sağollaşıb, oradan aralandıqdan sonra 2-3 nəfər polis əməkdaşları ona və Elvinə yaxınlaşdığını görüb qaçmağa başlamışdır. Təxminən 10-15 metr qaçdıqdan sonra RPŞ-nin polis əməkdaşları onları saxlayıb, narkotik vasitələrin istifadəsində şübhəli olduqlarını bildirib və üzərində şəxsi axtarış keçirilməsi üçün onları RPŞ-yə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə RPŞ-nə getmişlər. RPŞ-nin inzibati otaqlarının birində vəkil Əfqan Orucovun iştirakı ilə müstəntiq tərəfindən hüquq və vəzifələri onlara izah edilərək üzərində videoçəklişlə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Əyinində olan göy rəngli cins şalvarın arxa sağ cibindən Elxandan aldığı bir büküm narkotik vasitə olan heroin aşkar olunmuşdur. Həmin narkotik vasitəni haradan əldə etməsini polis əməkdaşları ondan soruşduqda həmin narkotik vasitəni Elxan adlı tanışından 20 manat pula aldığını onlara bildirmişdir. Üzərindən aşkar edilmiş 01 (bir) büküm narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edildikdən sonra həmin protokol imzaları ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs aldığı digər 01 (bir) bükümdə olan narkotik vasitə hesab edilən heroini polis əməkdaşlarından qaçarkən yolda itirmişdir. Bundan sonra Sumqayıt şəhər sakini Elvin Mütəllimovun üzərinə keçirilmiş baxış zamanı onun üzərindən hər hansı bir cinayət xarakterili əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilənŞabran rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 göstərdi ki, 17 iyun 2021-ci il tarixdə Şabran şəhər sakini 1973-cü il təvəllüdlü X2 qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitələri əldə etməsi, istifadə etməsi və saxlaması barədə məlumat RPŞ-nin əməliyyat aparatına daxil olmuşdur. Daxil olmuş məlumata əsasən RPŞ-nin CAB-nin rəisi, polis mayoru Alış Səfərov və İTB-nin polis sahə nəfəri, polis serjantı Şahid1lə birlikdə 17 iyun 2021-ci il tarixdə saat 21 radələrində Elşən Əskərovun ola biləcəyi Şabran şəhər Ş.Vahabzadə küçəsində yerləşən avtomobil təmiri sexinin qarşısında X5 və X6 ilə birlikdə saxlamışlar. Həmin şəxslər əvvəlcə qaçmağa cəhd göstərsələr də onları saxlayaraq Şabran RPŞ-yə dəvət etmişlər. Həmin şəxslər də etiraz etməyərək onlarla birlikdə Şabran rayon PŞ-yə getmişlər. Polis şöbəsinin inzibati binasında olan iş otaqlarının birində müstəntiq İlqar Nəcəfov tərəfindən Elşən Əskərova hüquq və vəzifələri izah olunaraq Şabran rayon ərazisində fərdi qaydada fəaliyyət göstərən vəkil X12 iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Elşən Əskərovun üzərində keçirilən şəxsi axtarış zamanı onun əyinindəki göy rəngli cins şalvarının sağ arxa cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızı bükümdə narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Elşən Əskərov üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmasını və istifadə etmək üçün həmin gün Şabran şəhər sakini Təqsirləndirilən şəxs adlı şəxsdən 20 manat pula aldığını bildirmişdir. Bundan başqa Elşən Əskərov tanışı Elvin Mütəllimovla birlikdə istifadə etmək üçün Təqsirləndirilən şəxs həmin gün cəmi 02 büküm narkotik vasitə olan heroin aldığını və həmin gün Təqsirləndirilən şəxs aldığı narkotik vasitə olan heroinin 01 bükümünü qaçmağa cəhd göstərərkən yolda itirdiyini bildirmişdir. Elşən Əskərovun üzərindən aşkar edilmiş 01 büküm narkotik vasitə olan heroin ekspertizaya göndərilməsi üçün onun iştirakı ilə qablaşdırılaraq zərfə qoyulmuş və bu barədə protokol tərtib edildikdən sonra protokol imzaları ilə təsdiq edilmişdir. Sumqayıt şəhər sakini Elvin Mütəllimovun üzərinə keçirilmiş baxış zamanı onun üzərindən hər hansı bir cinayət xarakterli əşya və ya predmet aşkar edilməmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin əməkdaşı Şahid1 iş üzrə Şahid2 ifadəsində göstərdiklərini olduğu kimi təsdiq edərək analoji ifadə vermişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 iyun 2021-ci il tarixli 6/2481 saylı rəyindən görünür ki, X2 üzərindən aşkar edilmiş, zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,146 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin heroinin 0,04 qramı tədqiqata sərf edilmiş və qalıq olan 0,106 qramı RPŞ-nin maddi sübutlar otağında saxlanılır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 14 oktyabr 2021-ci il tarixli 3951 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq nəticəsində (aslılıq sindromu narkomaniya) xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 25 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Cinayət işi materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 sentyabr 2021-ci il tarixli 4129 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda ailə üzvləri – arvadı X7, anası X3, uşağı X9 və nəvəsi X10 ilə birlikdə yaşayır. Cinayət işi materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 sentyabr 2021-ci il tarixli 4132 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan Şabran rayon məhkəməsinin 18 avqust 2021-ci il tarixli 4(031)-27/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmiş və həbs etmə müddətinin əvvəli 16 avqust 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş özünün səmimi etirafı ilə yanaşı iş üzrə dindirilmiş şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş materiallarında toplanmış digər sübutlarla tam sübuta yetirilmiş, onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, barəsində olan cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddində cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 109 manat 90 qəpik Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut hesab edilmiş, Şabran RPŞ-də saxlanılan 01 ədəd bükümdə təmiz çəkisi 0,106 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, Elşən Əskərovun, Elvin Mütəllimovun və Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış, sonuncunun yaşadığı evə keçirilmiş baxış istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 02 ədəd DVD diskin cinayət işinə əlavə olunması nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 16 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilmiş, Şabran RPŞ-də saxlanılan 01 ədəd bükümdə təmiz çəkisi 0,106 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin, Elşən Əskərovun, Elvin Mütəllimovun və Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış, sonuncunun yaşadığı evə keçirilmiş baxış istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 02 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 109 manat 90 qəpik məbləğində ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-80/2021
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-80/2021
29.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver