Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-9/2022 21.01.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1994-cü il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib özündə saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 03 (üç) ədəd bükümdə müvafiq olaraq çəkiləri 0,143 qram, 0,174 qram, 0,186 qram, ümumi təmiz çəkisi 0,503 qram kustar üsulla hazırlanmış kristal şəkilli psixotrop maddə - metamfetamini əyinindəki qara rəngli gödəkçəsinin iç astar hissəsinə yerləşdirməklə qanunsuz olaraq saxlamış, 09 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində Şabran şəhəri Allahyar Xəlilov və M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində yerləşən “Optimal” mağazasının qarşısında Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri zamanı saxlanılmış və sözügedən psixotrop maddə ondan aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, ünvan 2 ünvanda yerləşən evdə ailəsi ilə birlikdə yaşayır və fərdi əməklə məşğul olur. Təxminən 10 ildən çoxdur ki, narkotik vasitə hesab edilən nəşədən, yəni marixuanadan istifadə etmiş, son 01 ildə isə psixotrop maddə hesab edilən “şüşə”dən, yəni metamfetamindən istifadə edir. 09 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Optimal” mağazasının qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq onu Şabran RPŞ-yə dəvət etmişlər. Polis əməkdaşlarına heç bir etiraz etməyərək onlarla birgə Şabran RPŞ-yə getmişdir. Şabran RPŞ-də hüquq və vəzifələri ona izah edildikdən sonra üzərində şəxsi axtarış aparılacağı izah olunmuşdur. Şəxsi axtarış keçirilməsinə etiraz etmədikdən sonra polis əməkdaşları və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Üzərində keçirilən axtarış zamanı 01 ədəd “Viceroy” markalı siqaret qutusu, 01 ədəd üzük, 01 ədəd alışqan və 80 qəpik pul aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun əynidəki gödəkçəsinin sağ yan cibindən borucuq şəklinə salınmış 01 ABŞ dolları pul əsginası (truboçka) və gödəkçənin iç astar hissəsindən 03 ədəd falqa kağızına bükülmüş ağ kristal “şüşə” şəklində olan psixotrop maddə hesab edilən metamfetamin aşkar edilmişdir. Aşkar edilmiş həmin kütlələr və 01 ədəd narkotik vasitə çəkən zaman istifadə etdiyi borucuq şəklinə salınmış pul əsginası (truboçka) baxışda iştirak edən şəxslərin və müdafiəçinin iştirakı ilə 01 ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Bu barədə müvafiq protokol tərtib olunduqdan sonra protokolun doğruluğu imzaları ilə təsdiq edilmişdir. Bundan sonra yaşadığı Şabran şəhəri, Sülh küçəsində yerləşən evinə keçirilən baxış zamanı evindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran rayon polis şöbəsinin PPXT-nın manqa komandiri, polis serjantı Şahid1 göstərdi ki, 24 aprel 2021-ci il tarixdə saat 20 radələrində PPXT-nın polis əməkdaşları Şahid2 və Seymur Ramazanovla birlikdə xidmətdə olduqları zaman Şabran şəhəri Allahyar Xəlilov küçəsində bir nəfər şəxsin hərəkətləri şübhə doğurduğu üçün həmin şəxsə yaxınlaşmaq istəmişlər. Həmin şəxsə yaxınlaşdıqda adı sonradan onlara məlum olmuş Təqsirləndirilən şəxs qaçmağa cəhd etmiş və buna baxmayaraq Təqsirləndirilən şəxs şəhərin Allahyar Xəlilov və M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində yerləşən “Optimal” mağazasının qarşısında saxlayaraq üzərinə baxış keçirilməsi üçün onu Şabran RPŞ-nə gətirmişlər. Şabran rayon PŞ-nin növbətçi hissəsində müstəntiq tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi təqdim edilərək hüquq və vəzifələri izah edilib, üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra onun üzərində keçirilən şəxsi axtarış zamanı sonuncu, üzərində olan “Viceroy” markalı siqaret qutusunu, 01 ədəd üzüyü, 01 ədəd alışqanı və 80 qəpik xırda pulu təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində keçirdikləri şəxsi axtarışda əyinindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən borucuq şəklində bükülmüş 01 manatlıq pul əsginazı və göndəkçənin iç astar hissəsindən gümüşü rəngli kağız parçalarına bükülmüş 03 ədəd bükümlərdə ağ rəngli kristallik şəkilli maddə aşkar edilmişdir. Aşkar edilmiş həmin 03 ədəd siqaret kağızının gümüşü rəngli kağız bükümləri açıldıqda onların içərisində ağ rəngli kristallik şəkilli maddələrin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd borucuğu narkotik vasitə qəbul edərkən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd bükümlərdən narkotik vasitəyə bənzər kütlələr, eləcə də bir ədəd borucuq götürülüb, zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edildikdən sonra imzaları ilə təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən RPŞ-nin əməkdaşı Şahid2 da analoji ifadə verərək iş üzrə şahid Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilərək götürüldüyünü təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2021-ci il tarixli 6/4501 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 (üç) ədəd bükümlərdə ayrı-ayırıqda təmiz çəkiləri 0,143 qram, 0,174 qram, 0,186 qram, ümumi təmiz çəkisi 0,503 qram olan ağ rəngli kristallik hissəciklərindən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir, bir ədəd bükülərək borucuq şəklinə salınmış əsginasda psixotrop maddə - metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 0,100 qramının ekspertiza tədqiqatına sərf edilməsi və 0,403 qramının qalıq qalması nəzərə alınmalıdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən ambulator məhkəmə-narkoloji ekspertizasının 16 noyabr 2021-ci il tarixli 4504 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs kannabiodlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 12 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhəri İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 noyabr 2021-ci il tarixli 4813 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda ailə üzvləri – atası X7, anası X1 və bacısı X3 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhəri İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 noyabr 2021-ci il tarixli 4814 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 09 oktyabr 2021-ci il tarixli tutma protokolundan, eləcə də 11 oktyabr 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 11 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə də barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri və məhkəmə ekspertizalarının rəyləri, eləcə də iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında xüsusi olaraq məhkəmələrə cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsini, cəzanın növünü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutmaları, cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirmələri tövsiyyə edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 oktyabr 2021-ci il tarixdən 11 oktyabr 2021-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran RPŞ-nin maddi sübütlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 (üç) ədəd bükümdə tədqiqata sərf olunduqdan sonra qalıq qalan çəkisi 0,403 qram olan ağ rəngli kristallik hissəciklərindən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 (bir) ədəd bükülərək borucuq şəklinə salınmış əsginas məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçrilmiş şəxsi axtarış və yaşadığı evə keçirilmiş baxış istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskin maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 81 manat 82 qəpik Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran RPŞ-nin maddi sübütlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 (üç) ədəd bükümdə tədqiqata sərf olunduqdan sonra qalıq qalan çəkisi 0,403 qram olan ağ rəngli kristallik hissəciklərindən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 (bir) ədəd bükülərək borucuq şəklinə salınmış əsginas məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə keçrilmiş şəxsi axtarış və yaşadığı evə keçirilmiş baxış istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskin maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 81 manat 82 qəpik məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-9/2022
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-9/2022
21.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver