Məhkəmə qərarları › İş №1(031)-9/2025

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-9/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-9/2025 22.01.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Siyəzən rayonunun Dağquşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğu olmayan, Siyəzən rayonu, Dağ Quşçu kəndində qeydiyyatda olan, faktiki olaraq Şabran rayonu, Udulu kəndində yaşayan və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2024-cü il tarixdə, saat 23:00 radələrində yaşadığı Şabran rayonunun Udulu kəndində yerləşən evinin qarşısında tanıdığı Zərərçəkmiş şəxs əvvəldən aralarında şəxsi münasibətlər zəminində yaranmış narazılığa görə yumruqla sonuncunun baş və bədəninin müxtəlif nahiyələrinə vuraraq, Zərərçəkmiş şəxs “başın təpə-gicgah nahiyəsinin hematoma halında əziyi, üzün sol yarısının, sol qulaq seyvanının və sol dizin yumşaq toxumlarının əziyi, burun belinin və hər iki göz altı nahiyənin qançırları, üst çənə dördüncü dişin tac hissəsinin hissəvi travmatik qopması” ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun yaşadığı Şabran rayonunun Udulu kəndində yaşayan qonşuları Türkiyə Respublikasına köçmələri ilə əlaqədar olaraq evlərini Şabran rayonunun Ağalıq kəndində yaşayan Fəzail adlı şəxsə satmışlar. Fəzailin Şabran rayonunun Ağalıq kəndində evinin olmasına baxmayaraq o, həmin evdə qalmamış, öz mal-qarasını həmin həyətin tövləsində saxlamışdır. 2024-cü ildə Fəzailin aldığı evdə elektrik xəttində nasazlıqlar olduğu üçün həmin evdə yanğın baş vermiş, lakin evin tövləsi salamat qalmışdır. Hazırda Fəzail həmin tövlədə mallarını saxlayır. xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində qonşuluqda yaşayan Binəli adlı şəxsin oğlu əsgər getdiyinə görə çalğılı yığıncaq keçirmiş, o da bir qonşu olaraq həmin yerə getmiş, yeyib-içərək öz yaşadığı evə ailəsi ilə birlikdə qayıtmışdır. Həmin günü, təxminən saat 23:00 radələrində ailəsi ilə birlikdə sözü gedən məclisdən evlərinə geri qayıtdıqları zaman Zərərçəkmiş şəxs onun qolundan tutan uşağın köməkliyi ilə onlardan təqribən 10-15 metr arxada gəldiyi zaman uca səslə ünvansız nalayiq ifadələr işlətmişdir. O, ailəsi ilə birlikdə yaşadıqları evin qarşısına çatdıqda ailəsi evə daxil olmuş, o isə, çöldə dayanıb Zərərçəkmiş şəxs onun yanına catmasını gözləmiş və ondan kəndin ərazisində və onun ailəsinin yanında nalayiq ifadələr işlətməməsini xahiş etmiş və bununla bağlı ona dəfələrlə öz iradını bildirdiyini onun nəzərinə catdırmışdır. Zərərçəkmiş şəxs isə buna cavab olaraq uca səslə onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O, buna görə Fəzailə yaxınlaşaraq evində ailəsinin olduğunu bildirmiş və ondan söyüş söyməməsini xahiş etmişdir. Fəzailin uca səslə nalayiq ifadələr işlətməyə davam etməsi səbəbi ilə o, Fəzailə daha da yaxın gedərək ondan təkrarən söyüş söyməməyini istəmiş, bu vaxt Fəzail yumruqla onun sifət nahiyəsindən vurmuş və onun boğazından tutmuşdur. O, Fəzaili özündən kənarlaşdırmaq üçün onu kənara, yəni arxaya itələmiş və Fəzaildə arxası üstə yerə yıxılmışdır. Bu vaxtı onun həyat yoldaşı çölə çıxaraq ondan Fəzaili vurmamasını xahiş etmiş və o, Fəzaildən kənarlaşaraq evinə tərəf çıxıb getmişdir. Buna baxmayaraq Fəzail ondan əl çəkməmiş, yerdən daş götürərək onun yaşadığı evin həyətində olan çardağın üstünə atmışdır. Biraz keçəndən sonra Fəzailin anası da həmin yerə gələrək onu söyməyə başlamışdır. Lakin o, bayıra çıxmamışdır. Həmin vaxtı o, baş verənləri mobil telefona çəkmək istəsə də hava qaranlıq olduğu üçün hadisəni videogörüntüyə almaq mümkün olmamışdır. Xahiş edir ki, barəsində bəraətverici hökm çıxarılsın. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq xx.xx.2024-cü il tarixdə, saat 23:00 radələrində yaşadığı Şabran rayonunun Udulu kəndində yerləşən evinin qarşısında Zərərçəkmiş şəxs uca səslə onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün ona yaxınlaşdığı zaman Zərərçəkmiş şəxs yumruqla onun sifət nahiyəsindən vurması və onun boğazından tutduğu üçün Zərərçəkmiş şəxs itələdiyini, bundan sonra Zərərçəkmiş şəxs yerə yıxıldığını, Zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra hansısa ona məlum olmayan səbəbdən yerdə sürünməyə başladığını, bu vaxt onun həyat yoldaşının evdən çölə çıxaraq ondan Fəzaili vurmamasını xahiş etdiyini, həmin vaxtı Zərərçəkmiş şəxs vurmadığını və Şabran rayonunun Ağalıq kəndinin sakini Xanad adlı şəxsin də hadisənin baş verdiyi zaman orada olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, İ qrup əlildir və 02 (iki) uşaq atasıdır. Şabran rayonunun Ağalıq kəndində evinin olmasına baxmayaraq qonşuluqda yerləşən Şabran rayonunun Udulu kəndində özünə bir müddət əvvəl ev almışdır. Həmin evdə də ara-sıra gedib qalırdı və evin həyətində olan tövlədə mal-qarasını və qaz-ördəyini saxlayırdı. Lakin, xx.xx.2024cü il tarixdə Şabran rayonunun Udulu kəndində yerləşən evi yanmışdır. Yanğınla bağlı hazırda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində istintaq araşdırması da aparılır. O, həmin evin yanmasında onunla qonşu olan Heybəttulla və onun yaxın dostu Şabran rayonunun Ağalıq kəndinin sakini Xanad adlı şəxsdən şübhələnir. Belə ki, bir müddət öncə onun Şabran rayonunun Udulu kəndində yanmış evinin həyətində olan tövlənin qarşısında it bağlamış, həmin itində oradan sonradan yoxa çıxıdığını görmüşdür. Ona məxsus itin də Heybəttulla və Xanad tərəfindən aparıldığını güman edir. Həmin şəxslərdən şübhələnməsinə səbəb bir müddət əvvəl onu Xanadın qardaşı tərəfindən döyülməsi, bu barədə onun Şabran Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etməsi və Xanadın qardaşının barəsində Şabran Rayon Məhkəməsi tərəfindən 15 (on beş) gün müddətinə inzibati həbs cəzası təyin edilməsi səbəb olmuşdur. Buna görə də Xanad və onun dostu Heybəttulla onunla ədavət apararaq yola getməmişlər. xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində o, azyaşlı oğlu ilə Şabran rayonunun Udulu kəndinə getmiş, mal qarasını tövləyə salıb geri qayıtmışdır. Kəndə çatanda kənddə əsgər getdi məclisinin olmasını görmüş, musiqi səsini eşitmişdir. Buna görə də o, malları tövləyə salmış, uşağı ilə birlikdə həmin yığıncağa getmişdir. Kənarda dayanıb musiqiyə qulaq asdıqda yanından keçən şəxsin çiyni ilə onu vurub keçməsini hiss etmişdir. Buna görə də oğlundan ona çiyin vuran şəxsin kim olduğunu soruşmuş, oğlu Qabil də ona cavab olaraq ona çiyin vurub keçən şəxsin Heybəttullanın atası Teymuraz olmasını demişdir. Biraz keçəndən sonra onu toy sahibi oğlu ilə birlikdə məclisə oynamağa dəvət etmişdir. Oda etiraz etmədən çıxıb oğlu ilə bir qədər oynamış, sonra məclisdən çıxıb həyətinə getmişdir. Həyətindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzinə zəng edərək itinin yoxa çıxması və Teymurazın ona qarşı etdiyini şikayət edərək bildirmişdir. Sonra evdən çıxıb uşağı ilə birlikdə qayınanasının evinə getmişdir. Orada çay içəndən sonra o, yenə də oğlu ilə birlikdə evinə tərəf qayıdaraq getmişdir. Yolda Şabran rayonunun Ağalıq kənd sakini Xanad adlı şəxsin avtomobilinin dayandığını oğlu Qabil ona demiş, onlar avtomobilin yanından keçəndə, həmin avtomobildə olan şəxs bir neçə dəfə maşının işıqlarını yandırıb söndürmüşdür. Lakin o, buna məhəl qoymamış, yolunu davam etmişdir. O, oğlu ilə həyətə çatdıqda oğlu ona tövlənin yanında kiminsə olduğunu bildirmişdir. Buna görə də o, dərhal yüksək səslə həmin yerdə olan kimdir soruşmuşdur. Bu vaxt həmin şəxsin cavab səsindən o, həmin şəxsin Heybəttulla olmasını səsindən bilmişdir. Heybəttulla ona yaxınlaşaraq onun yaxasından tutmuş, oda onun onu tutduğuna görə onu söymüşdür. Heybəttullada ondan qapısının ağzında söyüş söyməməsini tələb etdiyini ona bildirmişdir. Bu vaxt aralarında mübahisə yaranmış, o, oğluna polisə məlumat verməyə ona köməklik etməsini demiş, bu anda Heybəttulla onun sifət nahiyyəsindən bir neçə yumuruq zərbəsi vuraraq onu yerə yıxmış, sonra Xanad ona yaxınlaşaraq onun qarın və ayaq nahiyələrindən bir neçə dəfə təpiklə vurmuşdur. Bir qədər sonra o, bir təhər oradan uzaqlaşmış, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzinə zəng edərək şikayətini bildirmişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə anası, daha sonra isə polis əməkdaşları gəlmişlər. Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə edilməyib və o, ondan şikayətcidir. Xahiş edir ki, Təqsirləndirilən şəxs barəsində ağır cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Gülnərgiz Eldar qızı ifadəsində bildirmişdir ki, oğlu Fəzail İ qrup əlildir və onun hər iki gözü görmür. xx.xx.2024-cü il tarixdə, saat 23:30-da oğlu Fəzail ona zəng etmiş, qonşulusu Heybət və Şabran rayonunun Ağalıq kəndində yaşayan Xanad adlı şəxslər tərəfindən döyüldüyünü demiş, buna görə də o, dərhal taksi ilə Şabran rayonunun Ağalıq kəndindən qonşu Şabran rayonunun Udulu kəndinə gedərək oğlu Fəzailin döyülmüş vəziyyətdə olduğunu görmüşdür. O, Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında dayanaraq uca səslə onu çölə çağırsa da, sözü gedən evdən heç kim çölə çıxmamışdır. Bundan sonra onların müraciəti əsasında hadisə yerinə polis əməkdaşları gəlmişlər. Bundan əlavə sədrlik edənin sualına cavab olaraq oğlu Fəzailin Heybət və Şabran rayonunun Ağalıq kəndində yaşayan Xanad adlı şəxslər tərəfindən döyülməsini öz gözü ilə görmədiyini bildirmişdir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid ifadəsində bildirmişdir ki, oğlu Təqsirləndirilən şəxs onunla birlikdə Şabran rayonu, Udulu kəndində yaşayır. Ailəlidir. xx.xx.2024-cü il tarixdə yaşadıqları evdən bir qədər məsafədə qonşunun evində məclis olduğu üçün ora gedib axşam saat 23:00 radələrində öz evinə qayıdarkən Şabran rayonunun Ağalıq kəndinin sakini Fəzailin içkili vəziyyətdə sərxoş halda oğlu ilə avtomobil yolu ilə evi istiqamətdə getdiyini görmüşdür. Fəzailin evi onun evi ilə qonşuluqda yerləşir. Bir qədər sonra Fəzail qapılarına yaxınlaşaraq oğlu Heybəttulanı söyməyə daha sonra oğlu ilə dalaşmağa başlamışdır. Oda evdən çıxaraq onlardan sakitləşmələrini, Fəzaildən isə oradan çıxıb getməsini xahiş etmişdir. Mübahisə sakitləşdikdən sonra o, oğlu Heybəttulla ilə çıxıb evə getmişdir. İş materiallarından olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış ********* nömrəli məhkəməyədək sadələşdirilmiş icraat materialına qəsdən sağlamlığa yüngül zərər vurma cinayətinin tərkib əlamətlərinin mövcudluğuna dəlalət edən kifayət qədər xüsusatlar olması nəzərə alınaraq fakta görə CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cinayət işinin İ cildinin 1-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” zəng xidmətindən xx.xx.2024-cü il tarixdə, saat 23:23 radələrində Şabran Rayon Polis Şöbəsinə daxil olmuş məlumatda Zərərçəkmiş şəxs 070 646 88 98 nömrəsindən zəng edərək, Həybət adlı şəxsin onu gözündən yumruqla vurması barədə məlumat verdiyi göstərilmişdir (cinayət işinin İ cildinin 3-cü vərəqəsi). - xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Şabran Rayon Polis Şöbəsinə ünvanlandığı ərizəsində Xanad və Heybət adlı şəxslərin onu döyərək xəsarət yetirdiklərini bildirmiş və onların barəsində ciddi tədbir görülməsini xahiş etmişdir (cinayət işinin İ cildinin 5-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 14:30-dan 14:45-ə kimi olan müddət ərzində Şabran rayonunun Udulu kəndi ərazisində keçirilmiş baxış nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısından keçən asfalt örtüklü yola gələrək Zərərçəkmiş şəxs həmin yerə gəlib dayanaraq onun ünvanına nalayiq ifadələr işlətdiyi yeri göstrərmiş, özünün isə həyətindən Zərərçəkmiş şəxs qarşısına çıxdığını və mübahisə edərkən Zərərçəkmiş şəxs ona yumruq atdığını, onun isə öz növbəsində Zərərçəkmiş şəxs arxaya itələyədiyini bildirmiş və Zərərçəkmiş şəxs yıxıldığı yol kənarında olan tikanlığına da göstərmişdir (cinayət işinin İ cildinin 39-cu vərəqəsi). - Foto cədvəldən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Şabran rayonunun Udulu kəndi ərazisində Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə yerini əyani olaraq təqdim etmişdir (cinayət işinin İ cildinin 40-cı vərəqəsi). - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 tərəfindən verilmiş 225 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs üzərində “başın təpə-gicgah nahiyəsinin hematoma halında əziyi, üzün sol yarısının, sol qulaq seyvanının və sol dizin yumşaq toxumlarının əziyi, burun belinin və hər iki göz altı nahiyənin qançırları, üst çənə dördüncü dişin tac hissəsinin hissəvi travmatik qopması” aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Törənmə müddəti bir günə qədər, xx.xx.2024-cü il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (cinayət işinin İ cildinin 41-42-ci vərəqələri). - Şabran Rayon İcra Hakimiyyəti Başçısının Ağalıq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs həyat yoldaşı xx.xx.1992-ci il təvəllüdlü X4, oğlu xx.xx.2012-ci il təvəllüdlü X9 və oğlu xx.xx.2013-cü il təvəllüdlü X1 ibarət ailə tərkibi vardır (cinayət işinin İ cildinin 54-cü vərəqəsi). - Şabran Rayon İcra Hakimiyyəti Başçısının Ağalıq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cinayət işinin İ cildinin 55-ci vərəqəsi). - “Şabran Rayon Mərkəzi Xəstəxanası” X19 xx.xx.2024-cü il tarixli, 18-1-34/2- 836/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatı yoxdur (cinayət işinin İ cildinin 58-ci vərəqəsi). - “Şabran Rayon Mərkəzi Xəstəxanası” X19 xx.xx.2024-cü il tarixli, 18-1-34/2- 821/2024 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatı yoxdur (cinayət işinin İ cildinin 59-cu vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Şabran Rayon Polis Şöbəsində CM-in 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra CPM) 39.1.11-ci maddəsinə əsasən xx.xx.2016-cı il tarixdə xitam verilmiş, bununla yanaşı Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə o, CM-in 221.3, 69.3 və 70-ci maddələri ilə 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq 02 (iki) il 01 (bir) ay 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cinayət işinin İ cildinin 60-cı vərəqəsi). - Xaçmaz Rayon Məhkəməsinin 1(067)-37/2022 saylı, 05.04.202-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs CM-in 221.3, 69.3 və 70-ci maddələri ilə 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq 02 (iki) il 01 (bir) ay 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cinayət işinin İ cildinin 62-66-cı vərəqələri). - xx.xx.2024-cü il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İ cildinin 68-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 13:10-dan etibarən ********* nömrəli cinayət işi üzrə CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İ cildinin 69-cu vərəqəsi). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 84-85-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin X13 azad edilməsi və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:50-də Şabran Rayon Polis X8 Yerindən azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 95-96-cı vərəqələri). - xx.xx.2024-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İ cildinin 98-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli zərər çəkmiş şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında qərardan görünür ki, Nümayəndə ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs qanuni nümayəndəsi təyin edilmişdir (cinayət işinin İ cildinin 107-ci vərəqəsi). - Şabran Rayon İcra Hakimiyyəti Başçısının Ağalıq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cinayət işinin İ cildinin 130-cu vərəqəsi). - Şabran Rayon İcra Hakimiyyəti Başçısının Ağalıq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı xx.xx.1999-cu il təvəllüdlü X16, qızı xx.xx.2018-ci il təvəllüdlü X5 və oğlu xx.xx.2021-ci il təvəllüdlü X3 ibarət ailə tərkibi vardır (cinayət işinin İ cildinin 131-ci vərəqəsi). - ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qəardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, iş üzrə X6 təqsirliyi sübuta yetmədiyindən onun barəsində CM-in 128 və 221ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cinayət işinin İ cildinin 135- 139-cu vərəqələri). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin 1(067)- 37/2022 saylı, 05.04.202-ci il tarixli hökmünə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədə göstərilən məlumatlara əsasən Təqsirləndirilən şəxs üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur. Belə ki, CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs vurmadığını və onu sadəcə itələyərək yerə yıxdığını bildirməsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi bu hal özünü müdafiə xarakteri daşıyır və həqiqəti əks etdirmir. Belə ki, iş üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 tərəfindən verilmiş 225 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs üzərində “başın təpə-gicgah nahiyəsinin hematoma halında əziyi, üzün sol yarısının, sol qulaq seyvanının və sol dizin yumşaq toxumlarının əziyi, burun belinin və hər iki göz altı nahiyənin qançırları, üst çənə dördüncü dişin tac hissəsinin hissəvi travmatik qopması” aşkar olunmuşdur; həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir və törənmə müddəti bir günə qədər olub, xx.xx.2024-cü il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Göründüyü kimi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xx.xx.2024-cü il tarixə uyğun gələn xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir və həmin xəsarətlərin də sadəcə şəxsin arxası üstə yerə yıxılması nəticəsində alınması, habelə Zərərçəkmiş şəxs sifət nahiyəsinə və bədəninə hər-hansı bir zərbə endirilmədən əmələ gəlməsinin mümkün olmadığı açıq aşkar görünür. Bununla yanaşı Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməsə də, göstərmişdir ki, Zərərçəkmiş şəxs itələdikdən sonra sonuncu yerə yıxılmış və bu vaxt onun həyat yoldaşının evdən çölə çıxaraq ondan Fəzaili vurmamasını xahiş etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Əliyev X2 Fəzail Qabil oğluna hər-hansı bir xəsarət yetirmədiyi və onu sadəcə itələyərək yerə yıxandan sonra kənara çəkildiyi halda bunu görən həyat yoldaşı ondan Zərərçəkmiş şəxs vurmamasını xahiş etməzdi. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyi, zərər çəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurması sübuta yetirildi. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və onun barəsində həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də CPM-nin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in: 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakretizə olunmasını və himayəsində 02 (iki) azyaşlı övladının olmasını CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-in 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Göründüyü kimi, CM-in 128-ci maddəsinin sanksiyasında 05 (beş) növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların aşkar edilməməsini nəzərə alaraq, təqsirləndirilən şəxsə azadlığın məhdudlşadırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx.xx.2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Bununla yanaşı cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs X10 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan müddət ərzində həbsdə saxlanıldığı 02 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla barəsinbdə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu, Udulu kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalı, hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı və təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri, xüsusi müsadirə olunası əmlak və ya mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356 və 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan müddət ərzində həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu, Udulu kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddətinin başlanğıcı Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar