Məhkəmə qərarları › İş №1(032)-1/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-1/2023

04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-1/2023 04.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 15:30 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Şahid, Zərərçəkmiş şəxsin nümayəndəsi və eyni zamanda müdafiəçisi - Şirvan Regional Vəkil bürosunun vəkili X4, Təqsirləndirilən şəxsin müdafiəçisi - Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1991-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, haqqında Şirvan şəhər Məhkəməsinin 07 iyun 2022-ci il tarixli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilməklə «axtarış» elan edilmiş, 19 mart 2023cü il tarixdə tutulmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Sabirabad rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(056)-2031/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(032)-321/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli, 3(032)-426/2020 saylı qərarına əsasən 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2021-ci il tarixədək 2630,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və bu nikahdan xx.xx.2018-ci il tarixdə Elcan adlı övladları anadan olmuşdur. Nikahda olduqları müddətdə Zərərçəkmiş şəxs ilə yola getmədiyindən ayrılmaq qərarına gəlmiş və həmin vaxtdan da Nazilə övladlı ilə birlikdə ayrı yaşamağa başlamışdır. Ayrılandan sonra Zərərçəkmiş şəxs övladını tək başına saxlaya bilmədiyini əsas gətirərək ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış, Sabirabad Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2018-ci il tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat manat sabit pul məbləğində alimentin alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra qeydiyyatda olduğu yer üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmişdir. Buna baxmayaraq o, qətnamə üzrə Zərərçəkmiş şəxs yaranmış olan aliment borcunu ödəyə bilməmişdir. Sabirabad rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli qərarları ilə hər iki halda 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilmişdir. Törətmiş olduğu cinayət əməlindən peşmandır. Hazırda törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, maddi ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan tələb və ya şikayətinin olmamasını nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidin ifadəsi, iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid və eyni zamanda zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, qızı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs ilə evlənib rəsmi ailə qurmuş, xx.xx.2018-ci il təvəllüdlü X8 adlı bir övladları anadan olmuşdur. Sonradan qızı Təqsirləndirilən şəxs ilə münasibətləri pozulduğundan, yəni sonuncunun qızına və övladına baxmadığından, pis rəftar etdiyindən ayrılmaq qərarına gəlmişlər və həmin vaxtdan da qızı övladı ilə onun himayəsində yaşamağa başlamışdır. Qızı uşağı tək başına saxlaya bilmədiyindən Təqsirləndirilən şəxs qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış və Sabirabad rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq qızı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli qərarları ilə hər iki halda 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də təqdimat verilən günə, yəni xx.xx.2021-ci il tarixədək köhnə aylara dair 2630 manat aliment borcu yığılıb qalmışdır. Həmçinin bu müddət ərzində Təqsirləndirilən şəxs övladı ilə maraqlanmamış, mənəvi köməkliyi olmamış, səhhəti ilə maraqlanmamışdır. Hazırda Təqsirləndirilən şəxs bacısı tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ondan heç bir tələb və ya şikayəti yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış X6 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. X9 həmin ifadəsində bildirmişdir ki, Sabirabad rayon Məhkəməsinin 2(056)-2031/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə verilməlidir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsində xx.xx.2019-cu il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb tam şəkildə yerinə yetirilməmişdir. Məcburi icra tədbirlərinin tətbiq olunması məqsədi ilə Təqsirləndirilən şəxs mülkiyyətində tələbin yönəldilməsinə yol verilən əmlak gəlirlərin müəyyən edilməsi məqsədi ilə icra tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və qətnamədəki tələbi icra etmədiyinə Təqsirləndirilən şəxs xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixlərdə Şirvan şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün, müddətinə inzibati qaydada həbs edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan sonra, borcluya icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət verilmiş və məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilmişdir. Lakin tələb yenə icra olunmamışdır. Təqsirləndirilən şəxs öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, aliment borcunu ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. İcra sənədi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Təqsirləndirilən şəxs tələbkar Zərərçəkmiş şəxs ödəməli olduğu 4350,00 manat alimentdən cəmi hissə-hissə 1720,00 manat ödəmiş, nəticədə 2630,00 manat məbləğində aliment borcu yaranmışdır. Tələbkar Zərərçəkmiş şəxs şöbəyə xx.xx.2021-ci il tarixlin ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X1 ifadəsində X6 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə oxşar ifadə vermişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: X2 13 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının arayışından görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində xx.xx.2020-ci il tarixdən işsiz kimi qeydiyyatdadır və aktiv əmək müqaviləsi aşkarlanmamışdır. (i.v 89) xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktublarından, Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(032)-321/2019 saylı və xx.xx.2020-ci il tarixli, 3(032)-426/2020 saylı qərarlarından və digər sənədlərdən görünür ki, Muradov X3 rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(056)-2031/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. (i.v 46, 47, 62, 63, 74, 90) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v 113-114) Təqsirləndirilən şəxs təqdim etdiyi ərizəsindən müəyyən olunur ki, dəymiş ziyanı tam şəkildə ödəmiş, zərərçəkmiş şəxslə barışmış, ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. Zərərçəkmiş şəxs nümayəndəsi Şahid təqdim etdiyi ərizəsindən müəyyən olunur ki, dəymiş ziyan tam şəkildə ödənilmiş, məhkəmənin qətnaməsi tam icra edilmiş, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8 nömrəli qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağın saxlamaq, qanunvericilikdə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 306.1-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, məhkəmədə işin icraatına xitam verilməsi əsasları müəyyən edildiyindən cinayət təqibinə xitam verilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs nümayəndəsi Şahid məhkəməyə ərizə ilə müraciət edərək tələbin tam icra olunmasını, şikayət və tələbinin olmamasını bildirdi. Məhkəmə iclasında Dövlət ittihamçısı çıxış edərək qanuni qüvvəyə minmiş Sabirabad rayon Məhkəməsinin 2(056)-2031/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin tam icra edilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxs Muradov X3 rayon Məhkəməsinin 2(056)-2031/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsini tam icra etdiyindən o, cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 351, 353, 384-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbayan Respublikası CM-nin 306.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində pul vəsait Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Şirvan Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar