Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-1/2024 27.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 10:01 Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx xxxxxx 1983-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, SOCAR-ın “Qaz İxrac” İdarəsinin Hacıqabul Magistral X6 X7 Xidmətinin 5-ci dərəcəli Şirvan-QPS-da qaz paylayıcı stansiyasında operator vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Şirvan şəhər Məhkəməsinin hazırlıq iclasının xx.xx.2024-cü il tarixli qərarı ilə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir ondan ötrü ki, o, 19 dekabr 2022-ci il tarixdən 21 dekabr 2022-ci il tarixədək olan müddətdə tamah niyyəti ilə vahid niyyətlə əhatə olunan qəsdlə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanındakı fərdi yaşayış evinin həyətin hasardan aşmaq yolu ilə qanunsuz daxil olduqdan sonra xx.xx.2022-ci il tarixdə saat 03 radələrində həyətdən 170 manat dəyərində olan 01 ədəd samovar və xx.xx.2022-ci il tarixdə saat 03 radələrində həyətdə yerləşən hindən 200 manat dəyərində olan 10 ədəd toyuğu gizli yolla talamaqla Zərərçəkmiş şəxs cəmi 370 (üç yüz yetmiş) manat məbləğində ziyan vurmaqla qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə baxışında özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyən Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsi və əlavə şahidləri dindirib, ibtidai istintaq orqanı tərəfindən cinayət işi materiallarına əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə işin digər hallarını müəyyən etmişdir. Belə ki, məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilmədi və ifadə verərək bildirdi ki, “Qax İxrac” İdarəsi Hacıqabul Magistral Qaz Kəmərləri sahəsində operator vəzifəsində işləyir. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Əvvəllər narkotik vasitələrin müxtəlif növlərindən istifadə etsə də, artıq uzun müddətdir ki, spirtli içki və narkotik vasitə qəbul etmir. Əvvəllər narkotik vasitə istifadəçisi olduğu üçün 23 dekabr 2023-cü il tarixdə Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları onu Şirvan şəhəri ərazisində, “Üçbarmaq” adlanan yerin yaxınlığında saxlayaraq polis şöbəsinə aparmışlar. Polis əməkdaşları polis şöbəsində ona qanunsuz olaraq üzərində narkotik vasitələri gəzdirməsi, daşıması, istifadəsi barədə məlumat daxil olduğunu bildirmişlər. Lakin, o, dəfələrlə polis əməkdaşlarına narkotik vasitələrdən istifadə etmədiyini və halhazırda da üzərində narkotik vasitə olmadığını bildirmişdir. Onu həmin vaxt döymüşlər, nalayıq ifadələrlə təhqir edərək tələb etmişlər ki, bu oğurluq cinayətini boynuna alsın, əks təqdirdə külli miqdarda narkotiklə rəsmiləşdirəcəklərini, bununla da vəziyyətinin daha ağırlaşacağını bildirib təzyiq göstərmişlər. O da qorxduğu üçün onlarla razılaşmış, oğurluq etməsi ilə bağlı sənədləri imzalamış, cinayəti törətdiyini bildirmişdir. Həmin oğurluq hadisəsi baş verdiyi göstərilən vaxtda – 20 dekabr 2022-ci il tarixdə gecə saat 03 radələrində (19 dekabr saat 20-dən 20 dekabr saat 08-ə kimi) işdə növbədə olmuşdur. İşdə olduğu müddət ərzində xidməti ərazini tərk etmək mümkünsüz bir şeydir. O, Zərərçəkmiş şəxs evindən oğurluq etməmiş, ümumiyyətlə nə Farizi, nə də ki, Farizin evini tanımamışdır. Onun bu cinayətin törədilməsinə aidiyyəti yoxdur. İbtidai istintaq zamanı dəymiş ziyanın ödənilməsi tələb edilən zaman, həmçinin polis əməkdaşlarının ziyan ödənilmiş olarsa cəza da verilməyəcək deməsinə görə çarəsiz qalıb zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, lakin məhkəmə istintaqı zamanı polis əməkdaşı tərəfindən Şirvan şəhər Polis Şöbəsinə çağırılaraq ödəmiş olduğu pulu ona geri qaytararaq cinayətin onun tərəfindən törədilməiyini bildirmişlər. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Şirvan şəhəri, Energetika küçəsi ev 178-də yaşayır. xx.xx.2022-ci il tarixdə yaşadığı evdə olmuşdur. Həyətdən evə gedən zaman ona məxsus olan 01 ədəd işlənmiş, latun materialından olan, 5 litr su tutumlu, 4 ayaqlı samovar da həyətdə olmuşdur. xx.xx.2022-ci il tarixdə səhər saatlarında həyətə düşən zaman samovarın və özünə məxsus olan 10 ədəd, hər birinin çəkisi 3.5 kiloqram olan, 3 illik, serberest cinsindən olan toyuqların həyətdə olmadığını görmüş, həyəti nə qədər axtarsa da samovarı və toyuqları tapa bilməmişdir. Halbuki həmin toyuqları bir gün öncə özü hinə salmış və həmin samovar da həyətdə olmuşdur. Təqsirləndirilən şəxs Şirvan şəhər Polis əməkdaşları ilə birlikdə onun yaşadığı evə gələrkən ifadənin yerində yoxlanması zamanı əli ilə samovarı oğurladığı yeri göstərmiş, halbuki samovar həmin yerdə deyil, evin həyətyanı sahəsinin digər hissəsində olmuşdur. Onun toyuqları isə 21 dekabr 2022-ci il tarixdə deyil, 20 dekabr 2022-ci il tarixdə oğurlanmışdır. Hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi heç də inandırıcı deyil. Belə ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi başlandıqdan sonra da həmin ərazidə eyni oğurluq hadisələri bir neçə dəfə baş vermişdir. Sonrakı məhkəmə iclasının yeri və vaxtı barədə Zərərçəkmiş şəxs məhkəmə bildirişi verilməsinə baxmayaraq o, məhkəməyə gəlməmiş, ərizə verərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbi olmadığını, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə baxışında əlavə şahid qismində ifadə vermiş Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs xeyli müddətdir ki, tanıyır, münasibətləri normaldır. “Qax İxrac” İdarəsi Hacıqabul Magistral Qaz Kəmərləri sahəsində operator vəzifəsində işləyirlər. Onların iş vaxtları növbəli şəkildə olur, 19 dekabr 2022-ci İl tarixdə Təqsirləndirilən şəxsla birlikdə işdə olmuşlar. Həmin gün saat 20:00-da növbəni təhvil almışlar, 20 dekabr 2022-ci İl tarixdə saat 08:00-da növbəni təhvil vermişlər. Həmin vaxt aralığında xidməti ərazidən kənarlaşmamışlar, Mehman da həmin müddət ərzində onlarla birlikdə olmuşdur. Ümumiyyətlə istər Mehman, istərsə də onlar, işdə olduqları müddət ərzində iş yerindən kənarlaşmaq, ərazini özbaşına tərk etmək mümkünsüz bir şeydir. Məhkəmə baxışında əlavə şahid qismində ifadə vermiş Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs xeyli müddətdir ki, tanıyır, münasibətləri normaldır. “Qax İxrac” İdarəsi Hacıqabul Magistral Qaz Kəmərləri sahəsində operator vəzifəsində işləyirlər. Onların iş vaxtları növbəli şəkildə olur, 19 dekabr 2022-ci İl tarixdə Təqsirləndirilən şəxsla birlikdə işdə olmuşlar. Həmin gün saat 20:00-da növbəni təhvil almışlar, 20 dekabr 2022-ci İl tarixdə saat 08:00-da növbəni təhvil vermişlər. Həmin vaxt aralığında xidməti ərazidən kənarlaşmamışlar, Mehman da həmin müddət ərzində onlarla birlikdə olmuşdur. Ümumiyyətlə istər Mehman, istərsə də onlar, işdə olduqları müddət ərzində iş yerindən kənarlaşmaq, ərazini özbaşına tərk etmək mümkünsüzdür. İş materiallarında olan : Şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 23 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 dekabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində Şirvan şəhər Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli qərarı ilə 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. 26 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ünvan 4 ünvanında ifadəsi yerində yoxlanılmış, ifadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərdiklərini əyani olaraq göstərmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 21 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış sahəsidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 mart 2023-cü il tarixli rəyinə əsasən 01 ədəd işlənmiş, latun materialından olan, 5 litr su tutumlu, 4 ayaqlı samovar 170 manat təşkil edir. 10 ədəd, hər birinin çəkisi 3.5 kiloqram olan, 3 illik serberet cinsindən olan toyuğun ümumi qiyməti 200 manat təçkil edir. Ekspertiza təyini haqqında qərarda göstərilən malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 370 manat müəyyən edilir. 03 yanvar 2023-cü il tarixli Qəbzdən görünür ki, Şirvan şəhəri Energetika küçəsi ev 178-də yaşayan Zərərçəkmiş şəxs zərəçəkmiş şəxs qismində tanınmış olduğu cinayət işi üzrə ona dəymiş 400 manat məbləğində maddi ziyandan 200 manatı Təqsirləndirilən şəxs atası X1 təhvil almışdır. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 20 fevral 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yaşayır. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. “Qaz İxrac”İdarəsi Hacıqabul Magistral X6 04 may 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən 17 oktyabr 2011-ci il tarixindən hal hazıradək "Qaz İxrac” İdarəsinin Hacıqabul Magistral X6 X7 xidmətində qaz paylayıcı stansiyanın operatoru peşəsində işləyir və X7 xidmətinin rəisi Kamil Həmidovun 03 may 2023-cü il tarixli yazılı məlumatına əsasən bildirilir ki, Təqsirləndirilən şəxs 19 dekabr 2022-ci il saat 20-00-dan, 20 dekabr 2022-ci il tarixində saat 08-00-a kimi gecə növbəsində olmuşdur. 02 iyun 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmasına dair toplanmış material üzrə Sabirabad RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili, polis baş-leytenantı X3 və qeyrilərinin əməllərində cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. “Qaz İxrac” İdarəsi Hacıqabul Magistral X6 19 iyun 2023-cü il tarixli arayışından görünür ki, SOCAR-ın “Qaz İxrac” İdarəsinin Hacıqabul Magistral X6 X7 Xidmətinin 5-ci dərəcəli qaz paylayıcı stansiyasının operatoru peşəsində işləyən Təqsirləndirilən şəxs Şirvan QPS-da növbəli iş reğimində çalışır. İ növbə saat 08:00-dan 20:00-dək İİ növbə 20:00-dan 08:00-dək təşkil edir. Növbə ərzində (xüsusi ilə İİ-ci növbədə) məsul şəxslər işdə olmadıqları saatlarda (gecə saatları) Təqsirləndirilən şəxs növbəni qəbul etdikdən sonra iş yerini öz başına qısa müddət ərzində tərk etməsi barədə hər-hansı məlumat yoxdur. "xxxx"MMC və "xxxx"MMC-nə məxsus rabitə və anten məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli 20 dekabr 2022-ci il tarixdə 02:43-07:34 radələrində Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində, ********** nömrəyə dair məlumatda isə xx.xx.2022-ci il tarixdə saat 00:02-07:38 radələrinə kimi Şirvan şəhəri Cənub-şərq hissəsində teleqüllənin yaxınlığında anten şəbəkə əhatəsində olmuşdur. “Qaz İxrac”İdarəsi Hacıqabul Magistral X6 25 sentyabr 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs SOCAR-ın “Qaz İxrac” İdarəsinin Hacıqabul Magistral X6 X7 Xidmətinin 5-ci dərəcəli Şirvan-QPS-da qaz paylayıcı stansiyasının operatoru peşəsində növbəli iş relimində çalışır. SOCAR-ın “Qaz İxrac” İdarəsinin Hacıqabul Magistral X6 X7 Xidmətinin “Şirvan-QPS”-sı Şirvan-Salyan magistral avtomobil yolunun 6-cı km-də yerləşir. Şirvan şəhər İcra hakimiyyəti Başçısının 03 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Şirvan Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi tərəfindən X9 proqramından yerləşdirilmiş elektron xəritədən istifadə etməklə sorğuda qeyd olunmuş ünvanlar arasındakı məsafələr müəyyən edilmişdir. Sorğuda qeyd olunmuş Şirvan-Salyan magistral avtomobil yolunun 6-cı kilometrliyindən (ünvan 8 ünvanınadək olan məsafə 11.1 kilometr, habelə Şirvan şəhərinin cənub-şərqində yerləşən Teleqüllədən Şirvan şəhəri, Energetik küçəsi, ev 178 ünvanınadək olan məsafə 5.71 kilometr təşkil edir (elektron xəritədən əldə edilmiş sxemlər əlavə olunur). "xxxx" MMC və "xxxx"MMC-nə məxsus rabitə və anten məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli 21 dekabr 2022-ci il saat 08:16:59, xx.xx.2022ci il saat 10:13:56, xx.xx.2022-ci il saat 12:52:06 radələrində Şirvan şəhəri Xəqani küçəsi 191 , xx.xx.2022-ci il saat 13:54:29 radələrində X2 anten şəbəkə əhatəsində olmuşdur. "xxxx"MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ********** saylı mobil nömrə 20 dekabr 2022-ci il saat 18.00-dan 21 dekabr 2022-ci il saat 18.00-dək Azerfon şəbəkəsində istifadə edilməmişdir. Beləliklə cinayət işi materiallarına əlavə edilmiş sənədlərə baxdıqda və məhkəmə istintaqında tədqiq edilmiş sübutlardan aydın olur ki, Təqsirləndirilən şəxs qarşı ittihamın irəli sürülməsinə məhz Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadə əsas olmuşdur. İş üzrə dindirilmiş Zərərçəkmiş şəxs cinayətin hansı şəraitdə baş verməsi haqqında deyil, oğurluq hadisəsinin baş verməsi faktını aşkar etməsi barədə məlumat verən şəxsdir. Bundan başqa Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona məxsus toyuqların 21 dekabr 2022-ci il tarixdə deyil, 20 dekabr 2022-ci il tarixdə oğurlandığını, ifadənin yerində yoxlanılması zamanı təqsirləndirilən şəxsin samovarın olduğu yeri düz göstərmədiyini bildirmişdir. Məhkəmə iş materiallarında olan “Qaz İxrac”İdarəsi Hacıqabul Magistral X6 25 sentyabr 2023-cü il tarixli və 04 may 2023-cü il tarixli arayışlarını, "xxxx" MMC və "xxxx" MMC-nə məxsus rabitə və anten məlumatlarını, Şirvan şəhər İcra hakimiyyəti Başçısının 03 oktyabr 2023-cü il tarixli məktubunu nəzərdən keçirərək belə bir qənaətə gəlir ki, təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamda göstərilən vaxtda təqsirləndirilən şəxs iş yerində və iş yerinin yaxınlığında olmuşdur ki, həmin yerlər ilə zərərçəkmiş şəxsə məxsus olan ev arasında olan məsafə müvafiq olaraq 5.71 və 11.1 kilometrdir, bu isə cinayətin onun tərəfindən törədilməməsinə dəlalət verir. İbtidai istintaqı aparan orqan ittihamın sübut olunmasında yaranan, sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verməyən şübhələr olmasına baxmayaraq bu şübhələrin aradan qaldırılması üçün qanunda nəzərdə tutulan tədbirləri görmədən, sübutlar arasında ziddiyyətləri aradan qaldırmadan ona qarşı oğurluq cinayəti törətməsi ittihamı irəli sürmüşdür. Halbuki şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə və ehtimallara əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda, cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyatı olmadıqda, təqsirliliyi sübuta yetirilmədikdə. 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir,yeni sübutlar toplanır, əldə olunmuş subutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü,mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. 351.2-ci maddəsinin tələblərinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125,144,145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarın 1-ci bəndində məhkəmələrə tövsiyyə edilir ki, məhkəmələrin diqqəti məhkəmə hökmünün qanuni,əsaslı,ədalətli və inandırıcı olması tələbinə cəlb edilsin. Hökmün inandırıcı olması o deməkdir ki,burada forma və məzmun etibarilə hökmün qanuni, əsaslı və ədalətli olması aydın və mötəbər şəkildə əks etdirilir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki,məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir.Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.(CPMin 28.5-ci maddəsi) Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər.Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.3-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayətin törədilməsinə aidiyyəti olmadıqda çıxarılır. Həmin Məcəllənin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət əməlini törətməkdə aidiyyəti sübut edilmədiyindən, o ona verilmiş ittiham üzrə təqsirsiz bilinərək barəsində bəraət hökmü çıxarılmalıdır. İş üzrə 50 manat məbləğində ekpertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.2-ci maddəsinə əsasən dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 42, 344-350, 352- 353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə Cinayət Prosessual Məcəlləsinin 42.1.3-cü maddəsinə əsasən onun cinayətin törədilməsinə aidiyyəti olmadığından bəraət verilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə 50 manat ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Cinayət törətmiş şəxs müəyyən edilməmiş qaldığından hökm qanuni qüvvəyə minəndən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həlli üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №1(032)-1/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-1/2024
27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver