Məhkəmə qərarları › İş №1(032)-100/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-100/2025

24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-100/2025 24.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 12:01-də Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X1, Zərərçəkmiş şəxs , Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi , Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1967-ci ildə Qazaxıstan Respublikası Karkaralinsk şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2rəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talamadan ibarət oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 15 aprel 2025-ci il tarixdə saat 13 radələrində tanışı Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanından yerləşən evin qarşısına cinayətkar niyyətindən məlumatı olmayan Şahid ilə birlikdə gəlib, həmin evin bibisinə məxsus olmasını sonuncuya yalandan deyərək mənzilin giriş qapısının kilidini Şahid sındırdıqdan sonra həmin mənzilə qanunsuz daxil olaraq, mənzilin yataq otağındakı dolabdan 750 manat pul əskinası, mətbəxdəki dolabda olan plastmas qabın içərisindən 70 manat dəmir pulları və mənzilə girişdə olan rəfin üzərindən isə hər biri 5 manat olmaqla 10 manat dəyərində 02 dəst qızılı və gümüşü rəngli bujiteriya sırğaları gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 830 (səkkiz yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək vermiş olduğu ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs təxminən 8 aydan çox olar ki, tanıyır, onun rəfiqəsidir. Onlar bir-birlərinin evinə tez-tez gedib gəlmişlər. xx.xx.2025-ci il tarixdə saat 19:30 radələrində Nataliya ilə əvvəlcədən danışıqları üzrə onlara gəlmişdir. Gələrkən yolda Nataliyanın evinin yanından 2 ədəd “Kuller” pivəsi və vişnə şirəsi almışdır. Nataliya evdə özünə məxsus spirtli içki olduğunu bildirmişdir. O, Nataliyanın verdiyi spirtli içkini qəbul etmiş, Nataliya isə yalnız pivə içmişdir. Onlar birlikdə xeyli söhbət etmişlər. Evdə olarkən Nataliyanın adını xatırlamadığı rəfiqəsi zəng vurmuş və onlar görüntülü danışmağa başlamışlar. O, Nataliyanın rəfiqəsinin Türkiyədən zəhg etdiyini başa düşmüş, onların danışığından Nataliyaya pul göndərdiyini, Nataliyanın isə həmin məbləği dollar edərək yığdığını başa düşmüşdür. Onlar danışığı sonlandırdıqdan sonra o, Nataliyadan nə məsələ olduğunu, pulu harda saxladığını sual etmiş, Nataliya isə ona evdə pul saxlamadığını, yığaraq göndərdiyini demişdir. Onlar bir az da söhbət etdikdən sonra o, yaşadığı evə getmişdir. xx.xx.2025-ci il tarixdə səhər yuxudan durduqda yadına borcları verməli olduğu düşmüşdür. Onun maddi sıxıntıları olduğundan və başqa-başqa şəxslərə yaranmış 900 manat borcunu verməli olduğundan Nataliyanın evində olan pulu oğurlamaq qərarına gəlmişdir. Nataliyanın işdə olduğunu, qaldığı evin boş olduğunu bildiyindən evdən təxminən saat 13 radələrində çıxaraq dəmir yolunu keçib usta axtarmağa başlamışdır. Fariz adlı su qızdırıcısı ustasına bibisinin evinin açarını itirdiyini, oranı açmaq lazım olduğunu demişdir. Fariz ona yeni kilid qoyulacağını sual etdikdə, bunu bibisinin edəcəyini demişdir. Fariz onunla razılaşıb birlikdə Nataliyanın yaşadığı mənzilin qarşısına gəlmişlər. Həmin yerə çatdıqda Fariz ona buranın Nataliyanın evi olub-olmadığını soruşmuş, o da Farizə Nataliyanın onun bibisi olduğunu demişdir. Fariz seyf qapının kilidini açmış, bunun qarşılığında ona 10 manat pul vermişdir. Fariz getdikdən sonra evin içərisinə daxil olaraq seyf qapını arxadan bağlamış, yataq otağına girərək dolabın içərisində pul axtarmağa başlamışdır. Dolabın içərisində şərfin altından 7 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq əskinaslardan ibarət ümumilikdə 750 manat olduğunu görmüş, pulun hamısını götürüb cibinə qoymuşdur. Daha sonra yataq dəstini qaldırıb altına, otaqda olan paltarların içərisinə baxmışdır. Mətbəxə keçib hündürdə olan ağ dolabın içərisinə baxmış, plastmas qabın içərisində qəpiklər olduğunu görmüş və həmin qəpikləri əynində olan jiletin ciblərinə boşaltmışdır. Bundan sonra birazda evə göz gəzdirmiş, çıxanda qapının qarşısında olan tumbanın üzərində gördüyü 2 cüt sırğanı götürüb evi tərk etmişdir. Evdən çıxdıqdan sonra yaxınlıqdaki “Oba market” adlı mağazaya getmiş, orada biraz evləri üçün bazarlıq etmiş, evdən götürdüyü dəmir pulların az bir qismini kassada vermişdir. Market işçisi ona həmin pulların ümumi 25 manat olduğunu, bazarlığın isə 15 manat tutduğuna görə ona 10 manat pul qaytarmışdır. O, oradan çıxıb evinə getmiş, evdə olarkən dəmir pulların təxminən 45 manat olduğunu saymışdır. Oğurladığı 750 manat pulu və 45 manat dəmir pulları borcları olduğu üçün həmin borclarına xərcləmişdir. Hal-hazırda zərərçəkmiş şəxsə barışmış dəymiş ziyanı tam şəkildə aradan qaldırmışdır. Əməlindən peşmandır. Bu halların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, rəfiqəsidir. Onlar hər gün onunla telefon vasitəsi ilə danışmışlar, bir-birlərinin evinə tez-tez gedib-gəlmişlər. Alla ondan 2024-cü ilin noyabr ayında 100 manat borc almışdır, həmin pulu qonşudan aldığını deyib vermişdir ki, sonra geri ala bilsin. Lakin hələ də həmin pulu verməmişdir. xx.xx.2025-ci il tarixdə saat 19:30 radələrində Alla ilə əvvəlcədən danışıqları üzrə Alla onlara gəlmiş, gələrkən yolda Alla 2 ədəd “Kuller” pivəsi və vişnə şirəsi alaraq özü ilə gətirmiş, Alla ilə xeyli söhbət edib spirtli içki içmişlər. Evdə olarkən ona rəfiqəsi Tünzalə zəng vurmuş, onunla görüntülü danışmağa başlamışlar. Rəfiqəsi Türkiyədə qalır, ona hərdən imkan edəndə pul göndərir, o da həmin pulu rəfiqəsi üçün yığır. Onlar bu barədə danışmışlar. Rəfiqəsi yenidən ona bir qədər pul göndərəcəyini, onu dollar edərək saxlamağı xahiş etmişdir. Həmin vaxt Alla da yanında olmuşdur. Onlar danışığı sonlandırdıqdan sonra Alla ondan nə məsələ olduğunu, pulu harda saxladığını sual etmişdir. O isə Allaya evdə pul saxlamadığını, yığaraq göndərdiyini demişdir. Onlar biraz söhbət etdikdən sonra Alla öz evinə getmişdir. xx.xx.2025-ci il tarixdə səhər saat 07:45 radələrində evdən çıxaraq baxıcılığını etdiyi yaşlı qadına baş çəkmişdir. Axşam saat 17:20 radələri yaşadığı evə geri qayıtmışdır. Evə çatdıqda yaşadığı mənzilin seyf qapısının aralı, yəni açıq olduğunu , qapını açanda dəsmal olduğunu görmüş, içəri daxil olmuş, evdə oğurluq olduğunu görüb geri qayıtmışdır. Qonşusu Yeganənin qapısını döymüşdür. Yeganəyə qapıya çıxdıqda evində oğurluq olduğunu, kimin etdiyini görüb görmədiyini sual etmişdir. Yeganə qapıdan boylanaraq heçnə görmədiyini demişdir. Bundan sonra polis əməkdaşlarını yığaraq məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra evinə baxış keçirmişlər. Qonaq otağında bütün paltarların yerə və yatağın üzərinə atıldığını, böyük dolabın və sürmələrin qapısının açıldığını görmüşdür. Daha öncədən özü üçün işləyərək yığdığı 750 manat pulun yerində olub- olmamasını müəyyən etmək üçün dolabın içərisində yuxarı rəfdə şarfın altına baxmış və qeyd etdiyi pulun yerində olmadığını görmüşdür. Daha sonra mətbəxdə olan dolabın üst siyirməsində daha öncə ağartı məhsulları üçün nəzərdə tutulmuş plastik materiallı qabın içərisinə atdığı qəpik pullarında yerində olmadığını görmüşdür. Həmçinin qapının qarşısında tumbanın üzərinə qoyduğu 2 cüt bijuteriya sırğaların da yerində olmadığını görmüşdür. Sonradan polis əməkdaşları tərəfindən evindən oğurluğun rəfiqəsi Alla tərəfindən törədilməsi müəyyən olunmuşdur. Hadisə nəticəsində 750 manat pul əskinası , 70 manat dəmir pulları və hər biri 5 manat olmaqla 10 manat dəyərində 02 dəst qızılı və gümüşü rəngli bujiteriya sırğaları oğurlanmışdır. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam olaraq aradan qaldırılmışdır, şikayətçi olmasa da, o, təqsirləndirilən şəxslə barışmamışdır. Qərar qəbul edərkən bu halların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, həmin ifadəsində bildirmişdir ki , xx.xx.2025-ci il tarixdə çalışdığı obyektdə su qızdırıcısını təmir etmişdir. Birdən saat 13 radələrində adı ona daha sonra məlum olan və tanımadığı Təqsirləndirilən şəxs yanına yaxınlaşmış və bibisinin evinin açarını itirdiyini, bibisinin axşam gələnə qədər evi təmizləmək istədiyini oranı açmaq lazım olduğunu demişdir. O, Allaya yeni kilid almaq lazım olduğunu, qapının açıq qalacağını xatırlatmışdır. Alla ona ehtiyac olmadığını, özünün arxadan bağlayacağını qalan işləri bibisinin edəcəyini demişdir. Binanın 3-cü mərtəbəsinə çıxdıqda qapıya çatan kimi buranın Nataliyanın evi olduğunu soruşmuşdur. Alla ona razılıq verərək düz dediyini və bibisinin olduğunu bildirmişdir. Qapının kilidini açmış, bunun qarşılığında 10 manat əziyyət haqqı vermişdir. Pulunu alıb getmişdir. Onun Allanın etdiyi cinayət əməli ilə heç bir əlaqəsi yoxdur. Təxminən 3 il öncə Nataliya özü onun iş yerinə gələrək qapının bağlı qaldığını qapının açarını itirdiyini bildirmişdir. O, yeni kilid alaraq həmin qapının açarını dəyişib təhvil vermişdir. Daha sonra su qızdırıcı təmir etmişdir. Təxminən 1 il yarım öncə eyni evə bir adını xatırlamadığı şəxs tərəfindən aparılaraq qapının kilidinin dəyişdirmişdir. Həmin vaxtı evdə körpə uşaq vardır. İndidə gedərkən düşünmüşdür ki, yenə oxşar hadisədir. Alla ona oğurluq məqsədi ilə Zərərçəkmiş şəxs yaşadığı evə daxil olmaq istədiyini bildirməmiş, o, oğurluq məqsədi ilə Allanın girdiyini bilsə qapının kilidini sındırmazdı. İş materiallarında olan və məhkəmə baxışından tədqiq edilmiş : Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanıdır. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanından götürülmüş 02 cüt sırğalara baxış keçirilən zaman həmin sırğalardan bir cütünün qızılı rəngdə, bir cütünün isə gümüşü rəngdə olması müəyyən olunmuş, baxışda iştirak edən Zərərçəkmiş şəxs 02 cüt sırğaları nəzərdə keçirib, həmin sırğaların məhz onun mənzilindən oğurlanmış sırğalar olduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi materiallarına əlavə olunmuş diskdə 01 ədəd videogörüntü vardır, həmin videogörüntüyə baxıldıqda 02 dəqiq 07 saniyə müddətində olmaqla «Oba market» adlı mağazada quraşdırılmış müşahidə kamerasında qeydə alınmış videogörüntüdür. Videogörüntü mağazanın kassa aparatının yuxarı hissəsində quraşdırılan müşahidə kamerasında qeydə alınmışdır. Videogörüntüdə mağazada kassa aparatının yanında bir nəfər əynində ağ-göy rəngli xəttləri olan köynək geyinmiş qadının dayanması, həmin vaxt kassa aparatında başqa bir qadının qəpik pullar sayması müşahidə olunur. Kassa aparatında olan qadın dəmir qəpik pulları saydıqdan sonra ağ-göy xəttləri olan köynəkdə olan qadına kassadan kağız pul verir və həmin qadın mağazadan çıxıb uzaqlaşır. Videogörüntü 15 aprel 2025-ci il tarixdə saat 13:55-dən saat 13:56-də olan müddətdə qeydə alınmışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüyə baxıb, əynində ağ-göy xəttləri olan köynəkdə olan qadının özünün olduğunu, ifadəsində qeyd etdiyi kimi Zərərçəkmiş şəxs evindən oğurladığı qəpik pulları «Oba market» adlı mağazada kağız pula dəyişməklə 25 manat olduğunu müəyyən etdiyini, həmin pulun 15 manatına bazarlıq etdiyini bildirmişdir. Azİntellekt Servis şirkəti tərəfindən verilmiş 07 may 2025-ci il tarixli AİS-100/i nömrəli rəyində göstərilmişdir ki, 2 cüt sırqanın dəyərli zinət əşyası olmadığını və sadə metaldan hazırlanmışdır. Bunlara əsaslanaraq, qiymətləndirilməyə təqdim edilmiş 2 cüt sırqanın bazar dəyəri 5-10 manat civarındadır. “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 18- 1-35/2-781/2025 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla ünvan 6 Təqsirləndirilən şəxs Şirvan ŞMX PHŞ-nın Poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və ya şifahi heç bir şikayət daxil olmamışdır. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 2719 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 8 ünvanında yaşayır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Əli-Bayramlı şəhər Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi CM-nin 70-ci maddəsi tətbiq edilməklə əsasən 03 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs istintaq orqanına verdiyi xx.xx.2025-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir iddiası , şikayəti və tələbi yoxdur. Gələcəkdə də olmayacaqdır. Ona dəyən maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 fevral 2005-ci il tarixli Qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Azərbaycan Respublikası CM-nin : 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM): 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən qəsdin obyektinin mülkiyyət münasibətlərinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə, əməlindən peşman olması və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CMnin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, üzərinə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 2 (iki) cüt sırğanın Zərərçəkmiş şəxs qaytarılması və ona dəymiş maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddianın və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır . İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “DVD-R” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 2 (iki) cüt sırğanın zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın ödənilməsi nəzərə alınsın. İş üzrə mülki iddianın və məhkəmə xərcinin olmaması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “DVD-R” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar