Məhkəmə qərarları › İş №1(032)-101/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-101/2023

21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-101/2023 21.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 09:30-da Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs Şirvan Bələdiyyəsinin nümayəndəsi Nümayəndə, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1969-ci ildə Sabirabad rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icra hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işləri aparmışdır. Belə ki, o, 2020-ci ildə Şirvan şəhəri, ünvan 5-də yerləşən Şirvan Bələdiyyəsinin balansında olan 165.8 kv.m torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tutmaqla torpaq üzərində mülkiyyət hüququnu pozaraq həmin torpaq sahəsini hasara alıb, vahid niyyətlə əhatə olunmuş qəsdlə hərəkətlərinin davamı olaraq torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi inşa etməklə, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 11 ildir ki, o, Şirvan şəhəri, Bağ evləri adlanan ərazidə Naxçıvan küçəsində bir mərtəbəli ev almış və ailə üzvləri ilə birlikdə həmin evdə yaşamış, aldığı və rəsmi çıxarış əsasında mülkiyyətində olan torpaq sahəsinin ölçüsü 165.8 kv.m olmuşdur. Sonradan 2016-cı il tarixdən o, qızı Yeganə üçün ev tikmək qərarına gəlmiş, həmin vaxt ona məxsus fərdi yaşayış evinin arxa tərəfi boş torpaq sahəsi olduğundan həmin torpaq sahəsində ev tikmək qərarına gəlmiş, bundan sonra həmin torpaq sahəsində ev tikmək və başqa işlər aparmaq üçün aidiyyəti üzrə Şirvan şəhər Bələdiyyəsinə müraciət etmişdir. Lakin, həmin torpağa dair ona heç bir sənəd verilməmişdir. Bundan sonra o, rəsmi qaydada müraciət etdiyi üçün 2020-ci il tarixdə həmin torpaq sahəsində tikinti işlərinə başlamış, belə ki, həmin torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi tikmişdir. Torpaq sahəsində tikinti işləri aparan zaman bələdiyyə tərəfindən ona heç bir xəbərdarlıq olunmamışdır. O da, bu səbəbdən bələdiyyə torpağında fərdi yaşayış evi tikmiş və həmin yerdə 165.8 kv.m torpaq sahəsini zəbt etmişdir. O, həmin torpaq sahəsinin bələdiyyə torpağı olmasını bilmiş, lakin müraciət etdiyindən sonrasında heç bir problem olmayacağını fikirləşmişdir. Əməlindən peşmandır. Hazırda zəbt edilmiş torpaq sahəsini hasardan azad etməklə bələdiyyə mülkiyyətinə qaytarmış, sənədləşdirmə işlərinin aparılması üçün qanuna müvafiq qaydada şifahi və yazılı ərizə ilə Şirvan şəhər bələdiyyəsinə müraciət etmişdir. İ Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, yaralanmışdır, eşitmə problemləri ilə əlaqədar əlilliyə görə pensiya alır. Bu halların cəza təyini zamanı nəzərə alınmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Şirvan Bələdiyyəsinin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabrında Şirvan şəhər İcra Hakimiyyəti tərəfindən yaradılmış komissiya əsasında Şirvan şəhəri ərazisində tikilmiş özbaşına tikililərin müəyyən edilməsi ilə bağlı keçirilən yoxlama zamanı ünvan 2 ünvanda yaşayan X1 tərəfindən ünvan 3əxsus 165.8 kv. metr torpaq sahəsində özbaşına tikili tikilməsi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən yaşadığı ünvanda Şirvan bələdiyyəsinin torpaq sahəsində birmərtəbəli fərdi yaşayış evi tikilmiş və torpaq sahəsi mişar daşlarla hasarlanmışdır. Tərəflərindən dəfələrlə Samit Dəmirova şifahi və rəsmi qaydada xəbərdarlıq edilsə də, sonuncu tərəfindən qanunsuz hərəkətlər davam etdirilmiş və fərdi yaşayış evi tikintisi başa çatdırılmışdır. Hazırda həmin torpaq sahəsi hasardan azad edilmiş, Təqsirləndirilən şəxs tərəfindən Şirvan Bələdiyyəsinə zəbt etdiyi torpaq sahəsinə dair rəsmiləşdirmə aparılması üçün şifahi və ya yazılı qaydada müraciət etmişdir. Ona qarşı hər hansı bir şikayət və tələbləri yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: «Şirvan şəhər mərkəzi xəstəxanası» X3 02 mart 2023-cü il tarixli, 237 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ŞMP-nın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. (i.v.29) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 13 saylı Şirvan ərazi idarəsinin 30 yanvar 2023-cü il tarixli, 3-21-3-38/2-185/23 saylı məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs mülkiyyətində olan torpaq sahəsi 600.0 kv.m, ona bitişik, zəbt olunmuş torpaq sahəsi isə 165.8 kv.m təşkil edir. Torpaq sahəsi üzərində Təqsirləndirilən şəxs tərəfindən tikintialtı sahəsi 81.0 kv.m olan yeni fərdi yaşayış evi inşa edilmişdir. Həmin evin 50.4 kv.m hissəsi Təqsirləndirilən şəxs xüsusi mülkiyyətində olan torpaq sahəsinə, 30.6 kv. m hissəsi isə zəbt olunmuş torpaq sahəsinə düşür. Zəbt olunmuş 165.8 kv.m torpaq sahəsi Şirvan bələdiyyəsinin mülkiyyətinə aiddir və üzərində daşınmaz əmlakın dövlət reyestrində hüquq qeydə alınmamışdır (i.v.17 ) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.25) Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 139 nömrəli, 10 mart 2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. (i.v.31) Şirvan Bələdiyyəsinin 10 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Şirvan şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin həmin sahəyə dair yerquruluşu və şəhərsalma qaydalarına uyğun olaraq rəyi Şirvan Bələdiyyəsinə daxil olduqdan sonra sənədləşmə işləri əsasnamənin tələblərinə uyğun olaraq davam etdiriləcəkdir. Sözügedən cinayət işi ilə bağlı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2-ci maddəsinə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, törətdiyi əməlin ictimai təhlükəliliyini aradan qaldırmaq niyyəti ilə müvafiq bələdiyyə orqanına zəbt etdiyi torpağın rəsmiləşdirilməsi ilə əlaqədar müracitə etməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən əməlində cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları və ağırlaşdırıcı halların olmamasını nəzərə alır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunmasını, üzərinə müvafiq olaraq daimi yaşayış yerlərini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək öhdəliyi qoyulmasını məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Üzərinə daimi yaşayış yeri olan Şirvan şəhəri, ünvan 5 ünvanını hər gün saat 23:00dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar