Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-101/2024 11.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 10:15 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X1 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxx 1991-ci il tarixdə Sabirabad rayonu, Çağırğan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sabirabad rayonu, Çağırğan kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində Şirvan şəhər Məhkəməsinin 16 may 2024-cü il tarixli qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Şirvan şəhəri, T.Ələkbərov küçəsində Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi “Ford Fusion” minik markalı, **-ML-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qolaltında olan Zərərçəkmiş şəxs məxsus 1600 manat pulu sonuncunun avtomobili tərk etməsindən, yəni avtomobildə olmamasından istifadə etməklə qəsdən gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 1600 (min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq edib bildirdi ki, hadisədən təxminən 10 gün əvvəl Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində yerləşən “Elvin Kafe” adlı obyekti aylıq 150 manata icarə əsasında işlətməyə başlamışdır. Ondan başqa həmin kafedə bibisi Çimnaz və onun nəvəsi Mirağa işləmişdir. Zərərçəkmiş şəxs adlı şəxsi şəxsən tanımamış, onunla heç bir şəxsi münasibəti olmamışdır. Hadisədən təxminən 3 gün əvvəl həmin şəxs onun işlətdiyi kafeyə gələrək orada bir qədər spirtli içki qəbul etmiş, daha sonra çıxıb getmişdir. Sonuncu dəfə 25 fevral 2024-cü il tarixdə saat 21 radələrində həmin şəxs yenidən yanında 2 nəfər də tanımadığı şəxs ilə birlikdə işlətdiyi kafeyə gəlmiş, onlar 10 bokal pivə və digər sifarişlər etmişlər. Saat təxminən 22 radələrində o, kafeni bağlamalı olduğunu demiş, onlar ödənişlərini etdikdən sonra Fərid onu getməli olduğu yerə çatdıra biləcəyini demişdir. Həmin vaxt o, bibisi Çimnaz, onun nəvəsi Mirağa, Aylə adlı rəfiqəsi və qızı Fatimə Fəridin idarə etdiyi avtomobilə əyləşmişlər. O, qabaq sərnişin oturacağında əyləşmiş, digərləri isə həmin avtomobilin arxa oturacağında əyləşmişlər. Fəridin yanında gəlmiş iki nəfər şəxs isə kafenin yanında qalmışlar. Bundan sonra onlar Şirvan şəhəri, T.Ələkbərov küçəsi ilə hərəkətdə olan zaman Fərid yol hərəkəti qaydasını pozmuş və bu səbəbdən də Şirvan şəhər PŞ-nin YPX-nin əməkdaşları Fəridin avtomobilini saxlamışlar. Bundan sonra Fərid maşından düşərək polis əməkdaşlarına yaxınlaşmışdır. Həmin vaxt Fərid içkili olmuşdur. Fərid YPX əməkdaşlarının yanında olarkən o, avtomobilin qolaltısını açmış və orada pulun olmasını gördükdə həmin pulu oğurlamaq qərarına gəlmişdir. Qolaltında olan pulu sakitcə götürüb cibinə qoyduqdan sonra qolaltını bağlamışdır ki, sübhələn olmasın. Həmin vaxt arxa sərnişin oturacağında əyləşmiş olan bibisi Çimnaz, onun nəvəsi Mirağa, Aylə və qızı Fatimə Fəridi saxlayan polis avtomobilinə baxdıqları üçün onun pulu oğurladığını görməmişlər. Daha sonra polis əməkdaşları Fəridin avtomobilini duracağa aparılacağını demişlər. Bundan sonra onlar qərara gəlmişlər ki, onun avtomobilindən düşsünlər. Avtombildən düşdükdən sonra həmin vaxt yol ilə keçən VAZ-2106 markalı taksi saxlatdırmış, hamısı taksiyə əyləşərək yaşadıqları ünvana getmişlər. Yolda gedən zaman o, Fəridə məxsus avtomobildən götürdüyü pulu saymış və 1600 manat olmasını görmüşdür. Taksi ilə ilk olaraq rəfiqəsi Ayləni 9 nömrəli məktəbin yanında düşürdükdən sonra bibisi Çimnazı evinə gətirib düşürmüşdür. O bibisi Çimnaz taksidən düşərkən ona 50 manat pul vermiş və bibisi ondan 50 manatı ona niyə verdiyini soruşduqda cavabında həmin pulu dərmanlarını alması üçün verdiyini bildirmişdir. Bundan sonra o, qızı ilə birlikdə yaşadığı ünvana getmişdir. Həmin günün səhəri o, işlədiyi kafeyə gəlmiş və Fəriddən oğurladığı puldan 40 manatı bibisi nəvəsi Mirağaya vermiş və bir neçə dəqiqə sonra Mirağadan həmin pulu alıb işıq pulu vuracağını və həmin pulu ona sonra yenidən qaytaracağını demişdir. Bundan bir neçə dəqiqə sonra işlədiyi kafeyə polis əməkdaşları gəlmiş və ona, bibisinə və Mirağaya polis şöbəsinə getməli olduqlarını bildirdikdən sonra onlar polis şöbəsinə gəlmişlər. Polis şöbəsində o, bildirmişdir ki, Fərid adlı şəxsin maşınından ümumilikdə 1600 manat pul oğurlamışdır, həmin puldan 50 manatını bibisi Çimnaza vermiş, yerdə qalan pulu isə xx.xx.2024-cü il tarixdə səhər saatlarında Şirvan şəhər ərazisində yerləşən ödəmə terminallarından "xxxx" ASC-yə aid ona məxsus 4169 73** **** 8632 nömrəli plastik karta 80 manat, 940 manat, 100 manat və 50 manatı köçürmüş, qalan 380 manatı isə öz şəxsi tələbatına xərcləmişdir. Oğurluq nəticəsində dəymiş ziyan tərəfindən Zərərçəkmiş şəxs ödənilmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı tələb və ya şikayəti yoxdur. Hazırda törətmiş olduğu əməldən peşmandır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Zərərçəkmiş şəxs məhkəməyə gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq ona vurulmuş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin və tələbinin olmadığını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Zərərçəkmiş şəxs həmin ifadəsində bildirmişdir ki, 25 fevral 2024-cü il tarixidə saat 20 radələrində yaşadığı Sabirabad rayonu, Qaratəpə kəndindən etibarnamə əsasında idarə etdiyi “Ford Fusion” minik markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə dostları Samir və Zülfiqar ilə birlikdə Şirvan şəhəri, Salyan avtovağzalının yaxınlığında yerləşən “Oba” marketin arxasında olan “Elvin Kafeyə” birlikdə gəlmişlər. Kafedə əyləşdikdən sonra oradan pivə və məzələri sifariş etmişlər və pivə gəldikdən sonra onlar içməyə başlamışlar. Onlar təxminən 10 bakala yaxın pivə içdikdən sonra kafenin sahibi olan qadın kafeni bağlamaq istədiyini bildirmiş və o, həmin şəxlərə onları yaşadıqları ünvana apara biləcəyini bildirdikdə onlar da onunla razılaşmış, sonra kafenin sahibi kafeni bağlayaraq yanında olan işçilərlə birlikdə onun etibarnamə əsasında idarə etdiyi “Ford Fusion” minik markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilinə minmişdirlr. Abtomobilində kafeni işlədən qadın ön oturacağa, qalan digər üç qadın və bir oğlan isə avtomobilin arxa oturacağına əyləşmişdir. Həmin vaxtı onun yanında olan Samir və Zülfiqar kafenin yanında qalıb onu gözləmişlər. O, saat 22 radələrində Şirvan şəhəri, T.Ələkbərov küçəsində hərəkətdə olan zaman etibarnamə əsasında idarə etdiyi “Ford Fusion” minik markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilinə Şirvan ŞPŞ-nin YPX-nin inspektorları saxla işarəsi vermişdir. O da sərxoş olduğundan avtomobili dayandırmış və avtomobildən düşərərk, polis əməkdaşlarına yaxınlaşmışdır. Həmin vaxt onun avtomobilinin qolaltında 1600 manat pul olmuşdur. Polis əməkdaşları tərəfindən onun alkoqolunun dərcəsinin müəyyən edilməsi üçün alkotesterdən keçmiş və onun sərxoşluq dərəcəsi müəyyən olunmuşdur. Bu vaxt avtomobilində olan kafenin işçiləri avtomobildən aşağı düşərək, onlar oradan keçən vaz 2106 markalı taksiyə əyləşərək getmişlər. Onun avtomobili Şirvan ŞPŞ-nin duracağına yerləşdirilmişdir. Duracaqda olan zaman da o, avtomobilini təhvil verdiyi vaxt avtomobilinin qabaq oturacağının sağ hissəsində olan qolaltıda qalan 1600 manat pulunu götürmək istəmiş və həmin yerə baxdıqda, 1600 manat pulunun orada olmadığını görmüşdür. Avtomobilinin içərisinə nə qədər nəzər salsa da, pulunu tapa bilməmişdir. Daha sonra duracaqdan çıxdıqdan sonra o, DİN-in 102 Xidmətinə baş verən oğurluq barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Sabirabad rayonu, Çığırğan kəndində qeydiyyatda olmaqla ünvan 3 ünvanında nəvəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs Tarverdi qızı onun qardaşı qızıdır. Onunla münasiətləri həmişə yaxşı olmuş, aralarında ədavət və düşmənçiliyi olmamışdır. Simuzər təxminən 10 gün olardı ki, Şirvan şəhəri, G.Şıxbala oğlu küçəsində yerləşən “Elvin Kafe” adlı obyekti icarədar kimi işlədirdi. O, isə həmin obyektdə qabyuyan kimi çalışmışdır. Onunla birlikdə nəvəsi Mirağa da orada ofisiant kimi çalışmışdır. 25 fevral 2024-cü il tarixdə saat təxminən 21 radələrində kafeyə tanımadığı 3 nəfər şəxs gəlmiş, onlar bir neçə spirtli içki və sair məzələr sifariş etmişlər. Saat təxminən 22 radələrində Simuzər kafeni bağlamaq istədiyini bildirdikdə kafeyə müştəri kimi gələn həmin şəxslərdən biri demişdir ki, “mən sizi ünvanınıza qədər apara bilərəm”. Onlar da onun bu təklifi ilə razılaşmışlar. Daha sonra müştəri qismində gələn şəxslərdən ikisi kafenin yanında qalmış, təklif edən şəxs isə onları avtomobilinə dəvət etmişdir. Həmin vaxt Simuzər avtomobilin ön qabaq oturacağında, o, nəvəsi Mirağa, Simuzərin qızı Fatimə və Simuzərin rəfiqəsi Aylə isə arxa oturacaqda əyləşmişlər. Şirvan şəhəri, T.Ələkbərov küçəsi ilə hərəkətdə olan zaman həmin şəxs kobud şəkildə yol hərəkəti qaydalarını pozduğu üçün YPX əməkdaşları həmin şəxsin avtomobilini saxlamışlar. Həmin vaxt avtomobili idarə edən tanımadığı şəxs içkili olmuş və özü düşüb polis əməkdaşlarına yaxınlaşmışdır. Bir qədər həmin şəxsə məxsus avtomobildə əyləşdikdən sonra onun qayıtmadığını və polis əməkdaşlarının avtomobilin duracağa aparılacağını dedikdən sonra onlar qərara gəlmişlər ki, onun avtomobilindən düşsünlər. Daha sonra hamısı həmin avtomobildən düşmüş, həmin vaxt yol ilə keçən “Vaz 2106” markalı taksi saxlatdırıb, taksiyə əyləşərək yaşadıqları ünvanlara getmişlər. Simuzərin rəfiqəsi Ayləni 9 nömrəli məktəbin yanında taksidən düşürdükdən sonra onu və nəvəsini taksi gətirib evə düşürən zaman Simuzər ona 50 manat pul vermişdir. O, Simuzərdən niyə ona pul verməsini soruşduqda Simuzər ona bildirmişdir ki, dərmanlarını almaq üçün verir. Bundan sonra Simuzər qızı ilə birlikdə yaşadığı ünvana getmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Simuzər işlədikləri kafeyə gələrək nəvəsi Mirağaya 40 manat pul vermiş və pulu verdikdən yarım saat sonra Simuzər yenidən gəlib nəvəsi Mirağadan 40 manatı almışdır ki, işıq pulu qurtarıb aparıb karta pul vuracaq, sonra ona pul verər. Bundan bir neçə dəqiqə sonra Şirvan ŞPŞ-nin əməkdaşları gəlib onu, Mirağanı və Simuzəri Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Şirvan ŞPŞ-yə gəldikdən sonra ona məlum olmuşdur ki, Simuzər Fərid adlı şəxsin avtomobilindən 1600 manat pulunu oğurlamışdır. Hadisə baş verən vaxt o, avtomobildə arxa oturacaqda əyləşmişdir və o, Simuzərin avtomobildən pul götürməsini görməmişdir. Özü astma xəstəsi olduğundan arada Simuzər ona dərman almaq üçün maddi yardım etdiyinə görə ona vermiş olduğu 50 manatın oğurluq olması onda şübhə yaratmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid1 vermiş olduqları ifadələrində Şahid2 göstərdiklərini təsdiq etməklə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Tarverdi qızına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 27 fevral 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X4 icraatına qəbul edilmişdir; 27 fevral 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə, saat 10:00-da tutulmuşdur; 27 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir; 27 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində digər cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə Şirvan şəhər məhkəməsi tərəfindən seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri nəzərə alınmış və o, Şirvan ŞPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir; 18 mart 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(032)-16/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 01 bir il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işi xx.xx.2024-cü il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir; Sabirabad rayon İcra və Probasiya şöbəsinin 13 iyun 2024-cü il tarixli, 90059 saylı məktubunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Tarverdi qızı Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancının 20 %-i məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmiş ve 8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 Noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinin təsiri altına düşərək xx.xx.2022-ci il tarixdə cəzadan azad edilmişdir; Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 129 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; şəxsin qohumluq əlaqələri barədə məlumat vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X3 adlı uşaqları var; "xxxx" ASC tərəfindən verilmiş 05 vərəqdən ibarət 4169 73** **** 8632 nömrəli plastik kart hesabından çıxarışın ksero surətindən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 4169 73** **** 8632 nömrəli plastik karta xx.xx.2024-cü il tarixdə 80 manat, 940 manat, 100 manat və 50 manatın mədaxil edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən oğurluq cinayət əməlini törətməsi, yəni özgənin əmlakını gizli olaraq talaması və onun həmin əməli törətməkdə təqsirli olması özünün etirafedici, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X2 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respbulikası CM-nin 59.1.4-cü maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini Azərbaycan Respbulikası CM-nin 59.1.13-cü maddəsinə, törətmiş olduğu cinayəti etiraf etdiyini və əməlindən peşman olmasını Azərbaycan Respbulikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıqaşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə onun barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdə saxlanıldığı Şirvan şəhər Polis şöbəsinin MSY-dən azad olunaraq barəsində digər cinayət işi üzrə seçilmiş ev dustaqlığı qətimkan tədbiri nəzərə alınmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən həmin hal nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Zərərçəkmiş şəxs maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanıb ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılmaqla üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şirvan şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs maddi ziyanın ödənilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-101/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-101/2024
11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver