Məhkəmə qərarları › İş №1(032)-102/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-102/2024

05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-102/2024 05.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 14:18-də Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi , Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı , Zərərçəkmiş şəxs , Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi , Təqsirləndirilən şəxs iştirakı ilə , xx.xx.1997-ci il tarixdə Sabirabad rayonu Axtaçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli , orta təhsilli, "xxxx" QSC-də maşinist işləyən, məhkumluğu olmayan, Sabirabad rayonu Axtaçı Muğan kəndində qeydiyyatda olan, Şirvan şəhəri T.İsmayılov küçəsi ev 19 mənzil 48 ünvanında yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Şirvan şəhəri, Şirvan küçəsi, ev 49-da qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs məxsus dəyəri 600 manat olan 01 ədəd qara rəngli elektro skuter-samokatını Şirvan şəhəri, T.İsmayılov küçəsi, 9 saylı binanın qarşısında yerləşən Mübariz Ağazadəyə məxsus ərzaq mağazasının qarşısında saxlamasından və Zərərçəkmiş şəxs mağazada olmasından istifadə etməklə qəsdən gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 600 (altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində yaşadığı mənzildə tanışı Şahid1 ilə birlikdə yeyib içdikdən sonra həyətə düşmüşdür ki, özünə mağazadan siqaret alsın. O, həyətə düşdükdən sonra yaşadığı binanın yaxınlığında yerləşən Mübarizin ərzaq mağazasına getmiş və oradan özünə 2 manat dəyərində 16 ədəd (gilə) siqaret alıb çölə çıxdıqdan sonra mağazanın yanında 1 ədəd qara rəngli elektro skuter-samokatın olmasını görmüşdür. Ətrafa baxıb göz gəzdirdikdən sonra onu heç kəsin görmədiyinə əmin olub həmin elektro skuter-samokatını götürüb yaşadığı binanın qarşısına getmiş və binanın qarşısında həmin elektro skuter-samokatını 1-2 dəqiqə sürdükdən sonra yerə yıxılmış, bundan sonra həmin elektro skuter-samokatı özü ilə aparıb yaşadığı evə qoymuşdur. Pulunun olmaması ilə əlaqədar həmin elektro skuter-samokatı yaşadığı mənzildə saxlamışdır ki, sonra münasib bir qiymətə satar. xx.xx.2023-cü il tarixdə Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları gəlib onu polis şöbəsinə dəvət etmişlər və o da, onlarla birlikdə polis şöbəsinə getmişdir . Orada törətdiyi oğurluq cinayətini etiraf etmiş, sonradan oğurladığı elektro skuter-samokatı təqdim etmişdir. Yekun olaraq o əməlindən peşman olduğunu, zərəçəkmiş səxsə dəymiş zərərin ödənildiyini, ona qarşı şikayət və tələbin olmadığını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 25 fevral 2024-cü il tarixində saat 22 radələrində valideyni Mübariz Ağazadəyə məxsus olan Şirvan şəhəri, T.İsmayılov küçəsində yerləşən mağazaya idarə etdiyi elektro skuter-samokatı vasitəsi ilə gəlmişdir. Mağazada bir sıra işləri görərək, valideyininə köməklik göstərmiş, mağazanın qarşısında dostları ilə söhbət etdikdən sonra o, təkrar mağazaya qayıtmış, dostları da getmişdir. Mağazaya gəldiyi elektro skuter-samokatını mağazanın qarşısında saxlamışdır. Mağazadan təxminən 23 radələrində çıxdığı zaman elektro skuter-samokatını dayandırdığı yerdə görə bilməmiş, ətrafa nə qədər nəzər salsa da tapa bilməmişdir. Bundan sonra oğurluq hadisəsi barədə Şirvan şəhr polis şöbəsinə məlumat vermişdir. Sonradan ona məxsus elektro skuter-samokatın Təqsirləndirilən şəxs adlı şəxs tərərfindən oğurlandığını öyrənmişdir. İkram Yəhyayev elektro skuter-samokatı əvvəlki saz vəziyyətində ona qaytarmaqla dəymiş zərəri aradan qaldırmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs məhkəmə bildirişi verilməsinə baxmayaraq sonrakı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə təqdim edərək dəymiş maddi zərərin ödənilməsini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını bildirib, növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində dostu Təqsirləndirilən şəxs yaşadığı ünvanda olmuş, onlar birlikdə çörək yeyib spirtli içki qəbul etmişlər. Həmin vaxt İkram ona bildirmişdir ki, həyətə düşüb Mübarizin mağazasından bir neçə gilə siqaret alacaq. Həmin vaxt o evdə qalmış, İkram isə siqaret almaq üçün getmişdir. Təxminən bir neçə dəqiq sonra İkram evə gələn zaman əlində bir ədəd qara rəngli elektro skuter-samokatının olmasını görmüş və kimdən almasını soruşduqda İkram ona “sənlik deyil” demişdir. O da İkramdan başqa heç bir şey soruşmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şirvan şəhər Polis Şöbəsinin Cinayət-axtarış bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə icraatına Şirvan şəhər Polis Şöbəsinin İB-nin müstəntiqi, polis kapitanı Faiq İmanovun əməliyyat tapşırığı daxil olmuşdur. Həmin əməliyyat tapşırığında xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri, Şirvan küçəsi, ev 49-da yaşayan Zərərçəkmiş şəxs Şirvan şəhər Polis Şöbəsinin ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Şirvan şəhəri, T.İsmayılov küçəsində yerləşən mağazanın qarşısından ona məxsus olan elektro skuterinin oğurlandığını göstərilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisəsini Təqsirləndirilən şəxs törətməsi müəyyən edilərək o, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Şirvan şəhər T.İsmayılov küçəsində müəyyən edilərək dindirilməsi üçün Şirvan şəhər polis şöbəsinin İB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs səmimi olaraq oğurluq etdiyini etiraf edərək cinayəti spirtli içkinin təsiri altında törətdiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Şirvan şəhəri, T.İsmayılov küçəsində yerləşən mağazanın qarşısından Zərərçəkmiş şəxs məxsus olan elektro skuterinin oğurlanması barədə daxil olmuş əməliyyat tapşırığı əsasında Şirvan şəhər Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisəsini Təqsirləndirilən şəxs törətməsi müəyyən edildiyindən o, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Şirvan şəhər T.İsmayılov küçəsində müəyyən edilərək dindirilməsi üçün Şirvan şəhər polis şöbəsinə gətirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli götürmə aparılması və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli elektro skuter-samokatına baxış aparılan zaman həmin 01 ədəd qara rəngli elektro skuter-samokatının, ekran hissəsi qara rəngli olmaqla ekranın alt hissəsində 4 ədəd rezin düymələrin, iki ədəd təkər, qara rəngli sükanın sağ və sol hissələrində qaz və tormoz pedalnın olması, elektriklə işləməsi alt hissəsində elektro skuter-samokatını işə salmaq üçün düymənin olması, işlək vəziyyət olması müşahidə edilmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı zərər çəkmiş şəxsə 01 ədəd qara rəngli elektro skuter-samokatını haradan və hansı qaydada oğurluq etdiyini hadisə yerində əyani göstərmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası CM-nin: 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir . “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “ Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununa dəyişiklik edilməklə ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə dəqiqləşdirilmiş məzmunda yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1,332.2.3,332.2.5,332.3-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barsində CM-nin 70-ci maddəsi tətbiq edilərək cəzası 06 (altı) ay sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilmişdir. xx.xx.2019-cu ildə şərti sınaq müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 2025 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda qeydiyyatdadır. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2024-cü il tarixli 126 nömrəli xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki,xx.xx.2021-ci il təvəllüdlü X2, xx.xx.2023-cü il təvəllüdlü X4 atası Təqsirləndirilən şəxs , anası X1r. “ Amin” LTD-nin direktoru Əvəzağa Həsənov tərəfindən Şirvan şəhər Polis Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixə 1 ədəd işlənmiş vəziyyətdə olan elektro skuter-samokatının qiyməti 600 manat olmuşdur. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan da görünür ki, Təqsirləndirilən şəxs "xxxx" QSC-də maşinist işləyir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Beləliklə, Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2017-ci il tarixli hökm üzrə məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası CM-in : 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 36 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, ona dəymiş zərərin tam ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CMin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin edilməli, cəzasını iş yeri üzrə çəkməli, cəzasının əvvəli onun qazancından ilk tutulmalar aparıldığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır . İş üzrə maddi sübutun qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin və cəzaçəkməsinin əvvəli onun qazancından ilkin tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Şirvan şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutun qanuni sahibinə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar