Məhkəmə qərarları › İş №1(032)-103/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-103/2025

10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-103/2025 10.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 10:18 Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırmışdır. Belə ki, Təqsirləndirilən şəxs 14 mart 2025-ci il saat 17 radələrində yaşadığı Şirvan şəhəri, Xaqani küçəsi 225 nömrəli fərdi yaşayış evinin həyətindən Zərərçəkmiş şəxs məxsus “Mercedes Benz E-220” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobili heç bir idarə etmə və ya sərəncam vermə hüququ omadan 16 mart 2025-ci il saat 19 radələrinədək olan müddət ərzində özündə saxlamaqla idarə edərək qeyd olunan avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o atası Nazim Əsgərov ilə birlikdə dəmirçi-malyar işi ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs özünə məxsus “Mercedes Benz E-220” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilə bəzi kosmetik işlərə ehtiyacı olduğundan təmir üçün avtomobili atası Şahid1 yanına gətirmişdir. xx.xx.2025-ci il tarixdə anası və atası Bakı şəhərində olan zaman saat 17 radələrində avtomobili avtoyuma məntəqəsinə aparmaqdan ötrü yaşadığı evdən uzaqlaşmış, yolda olarkən şəhərin Energetik küçəsində avtomobili akkumulyatorunda problem olduğu üçün avtomobil sönmüşdür. Bundan sonra o usta axtarmağa getmiş, lakin saat gec olduğu üçün usta tapa bilməmişdir. Daha sonra avtomobilin yanına gəlmiş və akkumulyatoru götürərək taksi vasitəsilə evə gətirmişdir. Akkumulyatoru evdə toka qoyduqdan 30 dəqiqə sonra avtomobilin yanına gedərək akkumulyatoru avtomobilə yerləşdirib avtomobili sürməyə başlamışdır. Təxminən 50-60 metr hərəkət etdikdən sonra avtomobil yenidən sönmüşdür. Bundan sonra akkumulyatoru yenidən çıxardaraq yenidən evə gətirərək toka qoymuşdur. xx.xx.2025-ci il tarixdə yenidən akkumlyatoru götürüb avtomobilin yanına gəlib akkumlyatoru avtomobilə qoşmuşdur. Bundan sonra avtomobili sürərək Hacıqabul rayonunda yerləşən “Qədir-Xum” restoranın yanında yerləşən elektrik ustasının yanına gəlmişdir. Həmin usta avtomobilin dinamosunun nasaz olduğunu ona bildirmişdir. Akkumlyatoru 3-4 saat toka qoyduqdan sonra avtomobilə minərək Şirvan şəhəri Energetik küçəsində yerləşən avtoyuma məntəqəsinə gəlmişdir. Həmin avtoyuma məntəqəsinin qarşısında avtomobil yenidən sönmüş, nə qədər etsə də avtomobil işləməmişdir. Avtomobili avtoyuma məntəqəsinə gətirdikdə axşam radələri olduğu üçün usta tapa bilməmişdir. Həmin avtomobili təmir etdirə bilmədiyi üçün həmin gecə evə getməmişdir. Səhəri günü ustaya zəng edərək gəlməsini bildirmiş, usta isə işlərinin olduğunu gec gələcəyini bildirmişdir. Axşam saatlarında evə gedərkən polis əməkdaşları ona yaxınlaşmışlar və onu polis şöbəsinə gətirmişlər. Son olaraq əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, baş etibarnamə əsasında idarə etdiyi ona məxsus “Mercedes Benz E- 220” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Avtomobilinin bəzi kosmetik işlərə ehtiyacı olduğundan təmir üçün xx.xx.2025-ci il tarixdə onunla qonşuluqda yaşayan Nazim Əsgərov adlı avtomobil ustasına qeyd etdiyi avtomobili vermişdir. xx.xx.2025-ci il tarixdə təxminən saat 11 radələrində Nazim Əsgərov ona mobil telefon vasitəsilə zəng edərək, oğlu Rəşadın onun avtomobilini xx.xx.2025-ci il tarixdə saat 17 radələrində sürərək həyətdən getdiyini, Rəşada zəng çatmadığını bildirmişdir. Bundan sonra o bu barədə qanuni tədbir görülməsindən ötrü Şirvan şəhər Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları avtomobili Şirvan şəhərində müəyyən edərək ona təhvil vermişlər. Avtomobilinə heç bir maddi ziyan dəyməmişdir. Son olaraq təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində göstərilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şirvan şəhərində dəmirçi-malyar işi ilə məşğul olur. Rəşad Əskərov onun oğludur, onun yanımda işlərinə köməklik edir. Qonşusu Zərərçəkmiş şəxs “Mercedes Benz E-220” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilə bəzi kosmetik işlərə ehtiyacı olduğundan təmir üçün xx.xx.2025-ci il tarixdə onun yanına gətirmişdir. Həmin gün qonşusu Elbinlə danışığı zamanı avtomobil onun həyətində olmalı idi və həmin avtomobili təmir etməli idi. Avtomobilin açarını Elbindən götürüb həyətə qoymuşdur. Onun danışığını oğlu Rəşad da görmüşdür. Həmin gün Bakı şəhərində işi olduğundan çıxıb getmişdir. Axşam Şirvan şəhərinə qayıtdıqda həmin avtomobilin yerində olmadığını görmüşdür. Rəşadın mobil nömrəsinə zəng etmiş, lakin Rəşad telefona cavab verməmişdir. Avtomobilin Rəşad tərəfindən qaçırıldığını bilmişdir. Həmin günün səhəri də Rəşad evə gəlməmiş və telefonlara cavab verməmişdir. xx.xx.2025-ci il tarixdə o yenə də Rəşad ilə əlaqə saxlamaq istəsə də alınmamışdır. Sonradan isə Rəşadın avtomobil ilə birlikdə Şirvan şəhəri ərazisində Azpetrol yanacaq doldurma mərkəzinin qarşısında Şirvan şəhər polis əməkdaşları tərəfindən tutulduğunu bilmişdir. xx.xx.2025ci il tarixdə Elbin yaşadığı evin həyətinə gəlib avtomobil barədə maraqlanmaq istəyərkən avtomobilin həyətdə olmadığının şahidi olmuş, ondan avtomobilin harada olmasını soruşduqda oğlu Rəşadın həmin avtomobili ondan xəbərsiz götürüb qaçdığıını demişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)— min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 185.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2025-ci il tarixdə, saat 21:10-da tutulmuşdur. “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Mercedes Benz E-220” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilə heç bir maddi ziyan dəyməmişdir. Avtomotoservis və ticarət müəssisəsi mütəxəssinin 18 mart 2025-ci il tarixli rəy aktından görünür ki, “Mercedes Benz E-220” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilə heç bir maddi ziyan dəyməmişdir. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan olunması barədə qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. xx.xx.2025-ci il tarixli cinayət işi üzrə icraatın dayandırlması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2025-ci il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə müvafiq isitntaq hərəkətlərinin keçirilməsi məqsədi ilə icraat təzələnmişdir. xx.xx.2025-ci il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsindən həmin Məcəllənin 185.1-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək ona CM-nin 185.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 18-1-35/2-455/2025 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan ŞMX-nın Poliklinika şöbəsinin ruhi-əsəb, nevroloji və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2025-ci il tarixli 163 A nömrəli xasiyyətnamədə göstərilir ki, onun barəsində Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tamamilə ödədiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, iş üzrə özünü tam təqsirli bilir, Əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş ziyan tərəfindən ödənilmişdir. Zərərçəlmiş şəxsin ona qarşı heç bir tələbi yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir ; 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73-1.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi materialına CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz E-220” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz E-220” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmaması nəzərə alınsın. Qərardan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar