Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-105/2023 06.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, saat 10:30 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X4 Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxxxx 1991-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(032)-190/2022 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını tam çəkib qurtarmamış, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Şirvan şəhər məhkəməsinin 13 fevral 2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 11 fevral 2023-cü il tarixdə saat 11 radələrində Şirvan şəhəri Energetik küçəsində tanışı Şirvan şəhər sakini X2 qabaqcadan aralarında olan danışıq əsasında 20 manat pul müqabilində 0,647 qram narkotik vasitə heroini alaraq, üzərində saxlamaqla daşımış, 11 fevral 2023-cü il tarixdə, saat 19:00-da Şirvan şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri Energetik küçəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarının sağ arxa cibində qanunsuz olaraq saxladığı 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,647 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, arabir narkotik vasitələrdən istifadə edir. 11 fevral 2023-cü il tarixdə saat 11 radələrində yaşadığı evdə olarkən tanışı Şirvan şəhər sakini X3 istifadəsində olan ***-***-**-** saylı nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək, ona narkotik vasitə almaq istədiyini bildirmiş, Rahildə şəhərin Energetik küçəsinə gəlməyini, orada görüşmək istədiyini bildirmişdir. O da, evdən çıxmış və həmin küçəyə getmişdir. Orada Rahillə görüşmüş, orada Rahilə 20 manat pul vermiş, Rahil də 20 manat pulu almış və ona 1 ədəd sellofan bükümdə narkotik vasitə heroin vermişdir. Sonra Rahillə sağollaşmış və oradan işlərinin dalınca getmişdir. Həmin gün saat 19 radələrində şəhərin Energetik küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, özünü şübhəli apardığından onu polis şöbəsinə dəvət etmişlər. O da, polis əməkdaşları ilə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Polis şöbəsində olarkən ona hüquqlarının müdafiəçi üçün vəkillərin siyahısı təqdim olunmuş, siyahıdan Müdafiəçi seçmişdir. Müdafiəçi gəldikdən sonra ona hüquq və vəzifələri izah olunaraq, üzərində video müşahidə vasitəsi ilə şəxsi axtarış aparılacağı və buna etirazının olub olmadığı soruşulduqda, heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə polis əməkdaşı tərəfindən üzərində qanunsuz əşya, predmet və ya maddə vardırsa onları könüllü təqdim etməyini təklif etmişlər, əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən bir ədəd sellofan bükümü təqdim etmiş və şifahi sorğulara cavab olaraq bildimişdir ki, üzərindən aşkar edilmiş 1 ədəd bükümdə olan kütlə narkotik vasitə heroindir, Rahil Cabbarlıdan 20 manat pul müqabilində almışdır, istifadə etmək üçün üzərində saxlamışdır. Onun üzərindən bundan başqa heç bir qanunla qadağan olunmuş əşya, predmet və ya narkotik vasitə aşkar olunmamışdır. Sonra vəkil və polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar olunmuş kütlə müvafiq qaydada qablaşdırılmışdır. Bu barədə polis əməkdaşları tərəfindən protokol tərtib olunmuş, protokol ilə tanış olaraq orada imza etmiş, o, vəkili və polis əməkdaşlarıda həmin protokola imza etmişlər. Şirvan şəhər Polis şöbəsinə gətirilərkən və orada olarkən ona qarşı heç bir fiziki və ya mənəvi təzyiq olunmamışdır. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şirvan şəhər Polis şöbəsinin X1 baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 11 fevral 2023-cü il tarixdə xidmətdə olarkən Şirvan şəhər sakini Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqla məşğul olması barədə məlumat daxil olmuşdur. Bununla əlaqədar tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuşdur. 11 fevral 2023-cü il tarixdə saat 19 radələrində Şirvan şəhər Polis şöbəsinin MSY-nin polis nəfəri Şahid2 ilə birlikdə Şirvan şəhəri, Energetik küçəsində getmişlər. Həmin küçədə əməliyyat tədbirləri keçirərkən Təqsirləndirilən şəxs görmüşlər və onun barəsində məlumat daxil olduğu üçün qərara gəlmişlər ki, yaxınlaşaraq məlumatın yoxlanılması məqsədilə onu Şirvan şəhər Polis şöbəsinə dəvət etsinlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb Şirvan şəhər Polis şöbəsinin əməkdaşları olduqlarını bildirdikdə, sonuncu onların polis əməkdaşı olduqlarını görüb özünü şübhəli apararaq onlardan yayınıb getmək istəmiş, buna baxmayaraq onlar onu Şirvan şəhər Polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların təkliflərini qəbul etmiş və onlarla birlikdə Şirvan şəhər Polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs TB-də vəkillərin siyahısı təqdim olunduqda, siyahını nəzərdən keçirib hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi seçmiş, vəkil Müdafiəçi gəldikdən sonra isə Təqsirləndirilən şəxs üzərində videokamera vasitəsi ilə şəxsi axtarış aparılacağı bildirilmiş və təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən bir ədəd sellofan bükümü təqdim etmiş, həmin 1 ədəd sellofan bükümün içərisindən narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuş, şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 1 ədəd sellofan bükümdə olan kütlə narkotik vasitə heroindir və istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı üzərindən heç bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin MSY-nin polis nəfəri Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin sellofan bükümlərin içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 12 fevral 2023-cü il tarixli, 18/165 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi - 0,647 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9-narkoloji tibbi yoxlamanın 07 aprel 2023-cü il tarixli, 1973 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanerində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(032)-190/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Şirvan Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin Şirvan şəhər Polis şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli təyin edilən azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı hökmü xx.xx.2022-ci il tarixdə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə daxil olmuş və məhkum xx.xx.2022-ci il tarixdə qeydiyyata düşmüş, xx.xx.2023-cü il tarixə kimi Təqsirləndirilən şəxs cəzasından 03 ay 25 günü çəkilmiş, 01 il 02 ay 01 gün çəkilməmiş cəzası qalmışdır. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs 13 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 13 fevral 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə, yəni 11 may 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 198 nömrəli xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Medalının vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs “Cəbrayılın azad olunmasına görə” İ-16975 nömrəli, “Xocavəndin azad olunmasına görə” İ-13214 nömrəli, “Füzulinin azad olunmasına görə” İ-18717 nömrəli medallarla təltif edilmişdir. İş materiallarında olan İ-164174 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il tarixli 1 saylı Qərarının 3-cü bəndinə görə əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisi, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və s. hərəkətlər başa düşülməlidir. Təqsirli şəxsin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin öz ixtiyarında saxlanılması ilə əlaqədar olan hər hansı bir qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.). Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlaması və onun həmin əməli törətməkdə təqsirli olması özünün və şahidlərin ifadələri və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X5 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs 44 günlük “Vətən müharibəsinin” iştirakçısı olmaqla medallarla təltif olunması, törətmiş olduğu cinayəti etiraf etməsini və əməlindən peşman olduğunu Azərbaycan Respbulikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, qəsdən cinayət törətməyə görə barəsində məhkəmə hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasından nəticə çıxarmayaraq hazırkı qəsdən cinayət əməlini törətməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu qaydasında müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddi daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş cəzaya əvvəlki, yəni Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(032)-190/2022 nömrəli hökmü ilə təyin edilmiş 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi CM-nin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla qismən birləşdirilməklə qəti cəza təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,597 qram iş üzrə maddi sübut kimi Şirvan şəhər Polis şöbəsində saxlanılan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş bir ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPMnin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(032)- 190/2022 nömrəli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 02 (iki) ay 01 (bir) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Şirvan şəhər Polis şöbəsində maddi sübut kimi saxlanılan 0,597 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik miqdarında dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-105/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-105/2023
06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver