Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-106/2024 29.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 10:15-də Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qıznın sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış , fərdi əməklə məşğul olan, Şirvan şəhəri, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 21 aprel 2024-cü il tarixdə saat 18 radələrində Şirvan şəhəri, ünvan 1 ünvanının həyətyanı sahəsində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı qəsdən sonuncunu yumruqla üz nahiyyəsinə bir neçə dəfə vuraraq, Zərərçəkmiş şəxs üst dodaqda şişkinlik, əzilmiş-cırılmış yara kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hər gün səhər saatlarında yaşadığı evdən çıxaraq dostları ilə görüşüb, çayxanaya gedir, bəzən evə gec vaxtlarda gəlir. Bu səbəbdən arvadı Aygün ilə aralarında tez-tez münaqişələr yaranır. 21 aprel 2024-cü il tarixində axşam saat 18 radələrində yaşadığı evə getmiş, həyətyanı sahədə olan zaman arvadı Aygün ona gündəlik olaraq evə tez gəlməsini bildirmişdir. Sonra o, Aygünə evə gəlməyi ilə bağlı bir daha ona bir söz deməməsini bildirmiş, həmin vaxt Aygün ilə aralarında münaqişə yaranmış, münaqişə zamanı Aygün onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra o, Aygünə nalayiq ifadələrinə son verməsini bildirmiş, lakin Aygün nalayiq ifadələr davam etmiş, həmin vaxt o, əsəbləşərək Aygünə yaxınlaşıb onun dodaq nahiyyəsinə bir neçə dəfə yumruqla vurmaqla xəsarət yetirmişdir. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmışdır, bu halın nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, əri Təqsirləndirilən şəxs hazırda işsizdir. Nəsib gündəlik olaraq evə gec saatlarda gəlir və o, hər dəfə Nəsibdən evə tez gəlməsini və ona vaxt ayırmasını xahiş etsə də, Nəsib isə əksinə onunla bu səbəbdən münaqişələr yaradır. 21 aprel 2024-cü il tarixində axşam saat 18 radələrində Nəsib yaşadıqları evə gəlmiş, həmin vaxt o, həyətyanı sahədə tək olmuşdur. Nəsib həyətə daxil olduqdan sonra o, gündəlik evə tez gəlməsini söyləyərək, onlara vaxt ayırmasını xahiş etmiş, lakin Nəsib onun xahişindən sonra qışqırmağa başlamış, ona “evə gec və ya tez gəlməsinin ona heç bir aidiyyətinin olmadığını” demiş və söyüb, təhqir etmişdir. O, Nəsibdən nalayiq sözlərinə son verməsini xahiş etsə də, Nəsib ona məhəl qoymamış və dodaq nahiyəsinə bir neçə dəfə yumruqla zərbə vurmuşdur. Bundan sonra o, özünü itirmiş və yerə yıxılmışdır. Həmin günü o, evdən çölə çıxmamış, lakin xx.xx.2024-cü tarixdə əri Nəsibin ona xəsarət yetirməsi ilə bağlı Şirvan şəhər Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı hər hansı şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilərkən Şirvan şəhəri, ünvan 1 ünvanında fərdi yaşayış evində Zərərçəkmiş şəxs yaşayış evinin qarşısında torpaq olan hissəni göstərərək əri Təqsirləndirilən şəxs həmin ərazidə onun dodaq nahiyyəsinə yumruqla vuraraq ona xəsarət yetirdiyini bildirmişdir . Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 196 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər – üst dodaqda şişkinlik-əzilmiş-cırılmış yara - küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən yumruqla yetirilə bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(032)-140/2018 saylı qərarının surətindən görünür ki, ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsi ilə olan cinayət təqibinə zərərçəkmiş şəxslə barışmasına görə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik informasiya idarəsindən göndərilmiş tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Şirvan şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2024-cü il tarixdə verilmiş 2294 saylı arayışdan görünür ki, Zərərçəkmiş şəxs Şirvan şəhər, ünvan 1 ünvanında qeydiyyatdadır. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 183 saylı xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 18-1-35/2-655/2024 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ŞMX Publik hüquqi şəxsin poliklinika şöbəsinin ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs ilə barışdığını bildirmiş, qərar qəbul edərkən bu halın nəzərə alınmasını xahiş etmişdir . Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə alınmış məhkəmə-tibb ekspertizasının rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(032)-140/2018 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə olan cinayət təqibinə zərərçəkmiş şəxslə barışmasına görə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətindən bir dəfə azad edildiyindən onun barəsində CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in : 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxs tərəfindən cinayət əməlinin qəsdən törədilməsini, törədilən əməlin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə, əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı , üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,yaşadığı Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalı, onun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur həmçinin məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №1(032)-106/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-106/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver