Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-108/2023 25.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 09:30-da Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X1 Vəkil bürosunun vəkili X2 iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1983-cü il tarixdə Sabirabad rayonu, Nizami kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, satıcı işləyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Nizami kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 22 aprel 2023-cü il tarixdə saat 07 radələrində yaşadığı Şirvan şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən evində arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı qəsdən sonuncunu yumruqla baş nahiyəsinə bir neçə dəfə vuraraq, Zərərçəkmiş şəxs sol təpə gicgah nahiyəsində şişkinlik-hematoma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 2009-cu ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, üç oğlan övladları vardır. İşi ilə əlaqədar olaraq o, gündəlik səhər saat 8-dən axşam saat 19-a kimi iş yerində olur. Hətta bəzən bazaya mallar gələn zaman o, işdən gec çıxır. Lakin hər dəfə işi ilə bağlı gec gəlməyini Elnurəyə bildirsə də, Elnurə ona inanmır və bu məsələ ilə bağlı onunla münaqişələr yaradır. 22 aprel 2023-cü il tarixdə, səhər saat 07 radələrində oyanıb işə getməyə hazırlaşmış, arvadı Elnurə də ona axşam evə tez gəlməyini bildirmişdir. Elnurəyə ona bir daha evə gəlməyi ilə bağlı bir söz deməməsini bildirmişdir. Bu vaxt Elnurə ilə aralarında münaqişə yaranmışdır. Münaqişə zamanı Elnurə onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Elnurəyə nalayiq ifadələrinə son verməsini bildirmişdir. Lakin Elnurə ifadələrinə ara verməmişdir. Bu vaxt əsəbləşərək Elnurəyə yaxınlaşmışdır. Elnurədən sakit olmasını tələb etdikdə, artıq özünü saxlaya bilməyərək, Elnurənin baş nahiyəsini bir neçə dəfə yumruqla vurub xəsarət yetirmişdir. Bu vaxt Elnurə ona hadisə barədə polisə məlumat verəcəyini söyləmişdir. Əsəbi olduğundan yaşadığı ünvandan, məhəlləyə çıxmışdır. Münaqişə təxminən 5-10 dəqiqəyə yaxın davam etmişdir. Münaqişə zamanı yaşadıqları ünvanda heç kəs olmamışdır. Mübahisə vaxtı heç bir silah və ya silah qismində olan əşyadan istifadə etməmiş, yalnız Elnurənin baş nahiyəsinə bir neçə dəfə yumruqla vuraraq xəsarət yetirmişdir. Mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs ona heç bir xəsarət yetirməmişdir. Arvadı Zərərçəkmiş şəxs əvvəllər heç zaman xəsarət yetirməmişdir. Elnurəyə xəsarət yetirməyini səmimi etiraf edir, əməlindən peşmandır, dəymiş ziyanı ödəmiş və zərərçəkmiş şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə keçirilmiş ekspertiza rəyi və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə 2009-cu ildə ailə həyatı qurmuş, həmin evlilikdən üç oğlan övladları vardır. Əri Təqsirləndirilən şəxs Şirvan şəhəri, M.Mirzəyev küçəsində yerləşən tikinti mallarının satışını həyata keçirən mağazada satıcı işləyir. Rəmanın gündəlik iş reyimi səhər saat 09dan axşam saat 19-a kimidir. Lakin Rəman gündəlik olaraq evə axşam saat 23 radələrində gəlir. O, hər dəfə Rəmandan evə gəlməsini, övladlarına da vaxt ayırmasını xahiş etsə də, Rəman onunla bu səbəbdən münaqişələr yaratmışdır. 22 aprel 2023-cü il tarixdə, səhər saat 07 radələrində Rəman yuxudan oyanaraq, işə hazırlaşmışdır. O da səhər oyanaraq Rəmanı işə yola salmaq üçün yemək hazırlamışdır. Bu vaxt Rəmandan axşam evə tez gəlməsini xahiş etmişdir. Rəman onun xahişindən sonra ona səs tonunu qaldıraraq, qışqırmağa başlamışdır. Rəman evə gec və ya tez gəlməsinin ona heç bir aidiyyəti olmadığını bildirərək, onu söyüb, təhqir etməyə başlamışdır. Rəmandan nalayiq sözlərinə son verməsini xahiş etsə də, Rəman ona məhəl qoymayaraq, onun baş nahiyəsinin sol hissəsinə yumruqla vurmuşdur. O, bu vaxt özünü itirmiş və yerə yıxılmışdır. Dərhal polisə məlumat verəcəyini bildirdikdə, Rəman evdən çıxaraq uzaqlaşmışdır. Rəmanın ona xəsarət yetirməsi ilə bağlı Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermişdir. Olduğu yerə Şirvan ŞPŞ-nin polis əməkdaşları yaxınlaşmışlar. Onunla Rəman arasında mübahisə 5-10 dəqiqə davam etmiş, həmin vaxt Rəman səs-küy salsa da, qonşulardan onlara heç kim gəlməmişdir. Rəman onun baş nahiyəsinin sol hissəsinə bir neçə dəfə yumruqla vuraraq xəsarət yetirmişdir. Hadisə vaxtı yaşadıqları evdə onlardan əlavə heç kəs olmamışdır. Rəman ona yalnız yumruq zərbələri vuraraq, onun baş nahiyəsinin sol hissəsinə xəsarət yetirmişdir. Əri Rəmanla əvvəllər də sözlü münaqişələri olmuşdur. Lakin əvvəllər onu döyməmişdir. Həmin vaxt o, çox əsəbi olduğundan Azərbaycan Respublikası DİN-in 102 xidmətinə bu cür məlumat vermişdir. Ona dəymiş ziyan ödənilmiş, əməli törətmiş şəxs ilə barışmış, ondan heç bir şikayət və ya tələbi yoxdur. İş materiallarına əlavə olunmuş məhkəmə - tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 155 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət sol təpə gicgah nahiyəsində şişkinlik-hematoma küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 22 aprel 2023-cü il tarixdə əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə, qeyd olunan xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Təqsirləndirilən şəxs təqdim etdiyi ərizəsindən müəyyən olunur ki, zərərçəkmiş şəxslə barışmış, ona qarşı heç bir şikayət və ya tələbi yoxdur, barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Həmçinin Zərərçəkmiş şəxs təqdim etdiyi ərizəsindən müəyyən olunur ki, əməli törətmiş şəxslə barışmış, ona qarşı heç bir şikayət və ya tələbi yoxdur, onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı çıxış edərək zərərçəkmiş şəxsin əməli törətmiş şəxslə barışmasını nəzərə alaraq əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. Beləliklə məhkəmə hesab edir ki, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan halda Təqsirləndirilən şəxs cinayət cəzası tətbiq edilmədən barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını məhkəmə qanuni, ədalətli və əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli, 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-nin 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-347, 356 və 385-ci maddələrinin tələblərini rəhbər tutub, qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbayan Respublikası CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsi ilə bağlı sərf etdiyi 02 saata görə 12 (on iki) manat məbləğində pul vəsaiti Şirvan Regional Vəkil Bürosunun vəkili X3 ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Şirvan Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-108/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-108/2023
25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver