Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-109/2025 25.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 11:30 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər X4 Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxxxx 1993-cü il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də qablaşdırıcı işləyən, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Kür Qaraqaşlı ərazi dairəsi, Ərəbqardaşbəyli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində 24 iyun 2025-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx xxxxxx 1992-ci il tarixdə Türkmənistan Respublikası, Marı vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 10 aprel 2025-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 06 aprel 2025-ci il tarixdə saat 15:30 radələrində qohumu Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək ictimai yer hesab edilən Şirvan şəhəri Sahib Zeynalov küçəsində Zərərçəkmiş şəxs onun həyat yoldaşı ilə münasibətinin olması barədə əsassız iddiallarla günahlandıraraq sonuncunun idarə etdiyi “Mersedes Benz” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısını özünün idarə etdiyi “Azsamand” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillə kəsib Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə yaxınlaşaraq sonuncu ilə mübahisə edib, ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq ifadələr işlədərək, ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib, qrup üzvü Təqsirləndirilən şəxs2la birlikdə yumruq və təpiklə Şahmar Əmrovun bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq, sonuncuya sağ paraorbital nahiyədə şişkinlik-qançır və sağ göz yarığının daralması, sağ gözün ağlı qişasına qansızma, sağ almacıqda şişkinlik-hematoma, boyunun sağ yan və arxa səthlərində qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül bədən xəsarətləri yetirməklə, həmçinin Zərərçəkmiş şəxs idarə etdiyi Mersedes Benz markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə təpiklə zərbələr endirib, avtomobilin ön kapot, sol ön qapı və arxa sol qapısını zədələyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 520 manat məbləğində maddi ziyan vurmaqla bir qrup şəxs halında qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 06 aprel 2025-ci il tarixdə saat 15:30 radələrində qohumu Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşərək ictimai yer hesab edilən Şirvan şəhəri Sahib Zeynalov küçəsində Zərərçəkmiş şəxs bacısı ilə münasibətinin olması barədə əsasız idiallarla günahlandıraraq, sonuncunun idarə etdiyi “Mersedes Benz” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısını qrup üzvü Təqsirləndirilən şəxs1 idarə etdiyi “Azsamand” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillə kəsib Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə yaxınlaşaraq sonuncu ilə mübahisə edib, ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq ifadələr işlədərək, ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib, qrup üzvü Təqsirləndirilən şəxs1lə birlikdə yumruq və təpiklə Şahmar Əmrovun bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq, sonuncuya sağ paraorbital nahiyədə şişkinlik-qançır və sağ göz yarığının daralması, sağ gözün ağlı qişasına qansızma, sağ almacıqda şişkinlik-hematoma, boyunun sağ yan və arxa səthlərində qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül bədən xəsarətləri yetirməklə, həmçinin Zərərçəkmiş şəxs idarə etdiyi Mersedes Benz markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə təpiklə zərbələr endirib, avtomobilin ön kapot, sol ön qapı və arxa sol qapısını zədələyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 520 manat məbləğində maddi ziyan vurmaqla bir qrup şəxs halında qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq edib bildirdi ki, Zərərçəkmiş şəxs təxminən 10 ildir ki, tanıyır. Münasibətləri yaxşı olmuş, ədavətləri olmamış, ailəvi münasibətləri olmuşdur. Şahmar mütəmadi olaraq onun evinə gəlib getmişdir. Təxminən 2025-ci ilin mart ayının 8-də Şahmarla Şirvan şəhəri H.Əliyev prospektində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsində olarkən Şahmarın telefonuna zəng gəlmişdir. O, gələn zəngə diqqət yetirəndə arvadı Leylanın nömrəsi olduğunu görmüşdür. Şahmar telefonu gizlətmişdir. O da səhv gördüyünü zənn edib Leylaya zəng etmişdir. Leyla ona Şahmarı yığmadığını bildirmişdir. O isə Şahmar və Leylanın bir biri ilə danışmağından şübhələnmişdir. Lakin Leyla ona and içərək Şahmar ilə münasibətinin olmadığını bildirmişdir. 05 aprel 2025-ci il tarixdə evdə olarkən evdə olan mebelin çəkməcəsindən “Bakcell”-ə məxsus nömrə tapmışdır. Həmin nömrəni Leyladan kimə məxsus olduğunu soruşduqda Leyla ona sosial müavinət almaq üçün verilən nömrə olduğunu bildirmişdir. Lakin o, buna inanmamış və nömrənin kimin adına olduğunu yoxlatdırmaq qərarına gəlmişdir. Həmin nömrəni yoxlatdırdıqda isə Zərərçəkmiş şəxs adına olduğunu görmüşdür. Leyladan bu barədə soruşduqda Leyla anasıgildən çanta gətirdiyini, nömrənin həmin çantanın içərisindən çıxdığını bildirmişdir. Həmin nömrə bağlı olduğu üçün nömrəni aktiv etdirib “Bakcell”-in online tətbiqini yükləmişdir. Həmin tətbiqdə nömrəyə gələn və gedən zənglərin tarixçəsinə baxmışdır. Həmin nömrəyə gələn və gedən zənglərə baxdıqda Şahmarın nömrəsini orada görmüşdür. Bu barədə Leylaya bildirdikdə Leyla Şahmarla telefonda danışdığını etiraf etmişdir. Bundan sonra Şahmara onunla əlaqə saxlaması məzmununda mesaj yazmışdır. Lakin Şahmar nə onun mesajına, nə də zənglərinə cavab vermişdir. 06 aprel 2025-ci il tarixdə qaynı Təqsirləndirilən şəxs2 ilə birlikdə dostu Telman İbadova məxsus avtomobillə şəhərin S.Zeynalov küçəsindən keçərkən Şahmarın avtomobillə keçdiyini görmüş və sonuncuya siqnal verərək avtomobili saxlamasını bildirmişdir. Lakin Şahmar avtomobili saxlamamışdır. O da avtomobili Şahmarın avtomobilinin qarşısına vermiş və Şahmarın avtomobilini saxlatdırmışdır. Bundan sonra Şahmar avtomobildən düşmüş və Şahmara onun ailəsinə niyə zəng etdiyini, ona qarşı niyə bu hərəkəti etdiyini soruşduqda Şahmar cavab verməsinə imkan verməmiş sağ yumruğu ilə Şahmarın sifətinin sol çənə nahiyyəsinə zərbə endirmişdir. Bundan sonra Şahmar onun boynundan tutaraq avtomobilinin içərisinə tərəfə çəkmiş və onlar bir-birlərinə yumruq zərbələri endirməyə başlamışlar. O, həmin vaxt Şahmara neçə yumruq zərbəsi vurduğunu və hansı nahiyyələrə vurduğunu xatırlamır. Həmin vaxt yanında olan qaynı Bayramgəldi də Şahmara yumruq və təpik zərbələri endirmişdir. Lakin Şahmar onu avtomobilin içərisinə saldığı üçün Bayramgəldinin Şahmara hansı naiyyələrinə zərbələr endirdiyini görməmişdir. Aralarında olan mübahisə zamanı Şahmar da onun boyun və əl nahiyyələrinə zərbələr endirmişdir. Lakin ilk zərbəni Şahmara o, endirmişdir. Bundan sonra onlar bir-birlərindən aralaşmışlar və Şahmara etdiyi hərəkətin kişi hərəkəti olmadığını bildirmiş, qaynı Bayramgəldi ilə oradan uzaqlaşmışlar. Axşam saatlarında isə polis əməkdaşları onu polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs1 ifadəsində həmçinin göstərmişdir ki, dava-dalaş xx.xx.2025-ci il tarixdə təxminən saat 15:30 radələrində Şirvan şəhəri, S.Zeynalov küçəsində baş vermiş, onların Şahmarla olan dava-dalaşları təxminən 4 dəqiqə müddətində davam etmiş, həmin davanı konkret olaraq orada yaşayan şəxslər görmüşlər, lakin onların adlarını hazırda xatırlamır. Həmin vaxt orada səs-küy yaranmış, ora başqa şəxslər toplaşmışdır. Mübahisə zamanı o və Bayramgəldi Şahmarla qarşılıqlı nalayiq söyüşlər işlətmişlər. O və qaynı Bayramgəldi Zərərçəkmiş şəxs hər hansı əşya ilə xəsarət yetirməmişlər, Şahmara ancaq yumruq və təpik zərbələri vurmuşlar. Törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı tələb və ya şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq edib bildirdi ki, Zərərçəkmiş şəxs uzun müddətdir, təxminən 20 ildir ki tanıyır. Münasibətləri normal olmuş, ədavətləri olmamışdır. Təqsirləndirilən şəxs1 onun bacısının əridir. xx.xx.2025-ci il tarixdə Murad anası, yəni qaynanası Arzu Heydərovanı və onu yaşadığı evə çağırmışdır. Anası Arzu ilə Murad söhbət edərkən Muradın Şahmarın adını çəkdiyini eşitmiş və otağa daxil olmuşdur. Muraddan Şahmarın adını niyə çəkdiyini soruşduqda Murad ona bacısı, yəni yoldaşı Leylanın Şahmarla telefonda danışdığını, Şahmarın ona nömrə verdiyini bildirmişdir. O, bacısı Leyladan məsələnin dəqiq nə olduğunu öyrənmək istəsə də, Leyla ona cavab verməmişdir. Leyla ona həmin nömrənin Muradın öz nömrəsi olduğunu bildirmiş, daha sonra isə Leyla etiraf etmişdir ki, həmin nömrəni Şahmar vermişdir. Leyladan niyə belə etdiyini soruşduqda Şahmarın ona çoxlu vədlər verdiyini, boşanacağı təqdirdə yaxşı baxacağını bildirmişdir. Bundan sonra Muradla evdən çıxaraq Muradın adını bilmədiyi dostunun “Azsamand” markalı avtomobili avtoyuma məntəqəsinə aparmışlar. Şəhərin S.Zeynalov küçəsindən avtomobil ilə keçərkən Şahmarın öz avtomobili ilə oradan keçdiyini görmüşlər. Murad avtomobilini Şahmarın avtomobilinin qarşısına verərək Şahmarın avtomobilinin qarşısını kəsmişdir. Bundan sonra avtomobildən düşmüşlər. Şahmara onlara qarşı bu hərəkəti niyə etdiyini bildirdikdə, Şahmar ona qarşı nalayiq ifadə işlətmişdir. Murad Şahmarın üzərinə hücum edərək yumruq və təpik zərbələri ilə Şahmara vurmağa başlamışdır. Şahmar ona nalayiq ifadələr işlətdiyi üçün o da əsəbləşib Şahmarın üzərinə hücum edərək Şahmara yumruq və təpik zərbələri endirməyə başlamışdır. Bu zaman Şahmar da onlara yumruq və təpik zərbələri atmağa çalışmış, lakin Şahmar onlara xəsarət yetirə bilməmişdir. Aralarında baş verən dava-dalaşdan sonra Muradla avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. Təqsirləndirilən şəxs2 ifadəsində həmçinin göstərmişdir ki, dava-dalaş xx.xx.2025-ci il tarixdə təxminən saat 15:30 radələrində Şirvan şəhəri S.Zeynalov küçəsində baş vermiş, onların Şahmarla olan davadalaşları təxminən 10 dəqiqə müddətində davam etmiş, həmin davanı konkret olaraq orada yaşayan şəxslər görmüşlər, lakin onların adlarını hazırda xatırlamır. O və yeznəsi Murad Zərərçəkmiş şəxs hər hansı əşya ilə xəsarət yetirməmişlər, Şahmara ancaq yumruq və təpik zərbələri vurmuşlar. Şahmar həmin vaxt ona yumruq və təpik zərbələri atmaq istəsə də xəsarət yetirə bilməmişdir. Törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı tələb və ya şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, istifadəsində olan “Mercedes” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2025-ci il tarixdə təxminən saat 15:30 radələrində Şirvan şəhəri, S.Zeynalov küçəsində avtomobilini idarə edərkən arxadan göy rəngli, “Azsamand” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin işarə verərək saxlamağını tələb etmişdir. Tanımadığından əvvəl avtomobili saxlamamış, daha sonra həmin avtomibil onun idarə etdiyi avtomobilin qarşısına keçərək onun hərəkətinə mane olmuş və o avtomobili saxlamağa məcbur olmuşdur. O, avtomobildə tək olmuşdur. Həmin avtomobildən sürücü tərəfdən əvvəldən tanıdığı Şirvan şəhər sakini Təqsirləndirilən şəxs1 və Bayram adlı şəxs düşərək heç bir əsaslı səbəb olmadan avtomobilin qapısını açmağını tələb etmişlər, daha sonra isə qapını özləri açmışlar. O, səbəbini soruşduqda ona heç bir söz demədən təpik və yumruqla onun sifət nahiyəsinə vurmuşlar. Hər ikisi onun boğazından yapışıb boğmağa başlamış, boynundan və boğazından yapışıb yerə endirməyə çalışmışlar. Lakin o, özünü müdafiə etmiş, zərbələrdən yayınmağa çalışmışdır. Hər iki şəxs onu təxminən 10 dəqiqə döydükdən sonra onun artıq halsız vəziyyətdə olduğunu görüb onu buraxmışlar. Avtomobilinin sürücüsü tərəfdən olan qapısına təpik və yumruq vurmuşlar, bundan başqa isə avtomobilinin kapot hissəsində yumruq və təpik vurmuşlar. Həmin vaxt ətrafda çoxlu sayda şəxslər olmuşdur. Bundan sonra o, Şirvan şəhər polis şöbəsinə gəlib bu barədə ərizə vermişdir. Dava-dalaş xx.xx.2025-ci il tarixdə təxminən saat 15:30 radələrində Şirvan şəhəri S.Zeynalov küçəsində baş vermiş, Murad və Bayramgəldinin onu döyməsi təxminən 10 dəqiqə müddətində davam etmiş, həmin davanı konkret olaraq orada yaşayan şəxslər görmüşlər, lakin onların adlarını hazırda xatırlamır. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslərlə barışmış, onlardan heç bir şikayət və ya tələbi yoxdur, hər iki təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 06 aprel 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və Şirvan şəhər polis şöbəsinin istintaq bölməsinin müstəntiqi X1 icraatına qəbul edilmişdir; zərərçəkmiş şəxs qismində tanınma haqqında 06 aprel 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır; şübhəli şəxsin tutulması haqqında 06 aprel 2025-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2025-ci il tarixdə saat 22:30-da tutulmuşdur; təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 08 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; Şirvan şəhər Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 4(032)-60/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalında dərhal həbsdən azad edilmiş, Təqsirləndirilən şəxs1 barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Ev dustaqlığında saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş və ev dustaqlığında saxlama müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 06 aprel 2025-ci il tarixdən hesablanmışdır; şübhəli şəxsin tutulması haqqında 08 aprel 2025-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2025-ci il tarixdə saat 22:00-da tutulmuşdur; təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 10 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında 10 aprel 2025-ci il tarixli qərardan görünür ki, Şirvan ŞPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Heydər Məmmədov ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunmuş, Təqsirləndirilən şəxs2 MSY-dən dərhal azad olunmuşdur; qətimkan tədbirinin seçilməsinə dair 10 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2025-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar; cinayət işinin icraata qəbul edilməsi haqqında 21 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Şirvan şəhər polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi X6 icraatına qəbul edilmiş və ibtidai istintaqı davam etdirilmişdir; Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 209 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs2 barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 210 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; məhkəmə-tibb ekspertizasının 07 aprel 2025-ci il tarixli, 177 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər – sağ paraorbital nahiyədə şişkinlik-qançır və sağ göz yarığının daralması, sağ gözün ağlı qişasına qansızma, sağ almacıqda şişkinlik-hematoma, boyunun sağ yan və arxa səthlərində qançırlar küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 06 aprel 2025ci il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir; təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 24 iyun 2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir; vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında 24 iyun 2025-ci il tarixli qərardan görünür ki, Şirvan şəhər PŞ-nin istintaq bölməsinin baş müstəntiqi, polis mayoru Pərviz Qasımovun ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri müddətinin uzadılması barədə vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunmuşdur; qətimkan tədbirinin seçilməsinə dair 24 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2025-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; Təqsirləndirilən şəxs1 qohumluq məlumatları barədə “AzeMis” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, onun himayəsində xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 adlı uşaqları vardır; Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etmiş olduğu 10 sentyabr 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, onlara qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasına əsasən xuliqanlıq dedikdə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin edilməsi nəzərdə tutulur. Bununla da xuliqanlıq cinayətinin obyektiv tərəfi aşağıda göstərilən 3 əlamətlə xarakterizə edilir: 1) ictimai qaydanın kobud surətdə pozulması; 2) cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi; 3) vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi ilə hədələmə, habelə özgənin əmlakının məhv edilməsi və yaxud zədələnməsi. Buna görə də, əməlin xuliqanlıq cinayəti hesab olunması üçün şəxsin hərəkətlərində bu cinayətin obyektiv tərəfinin yuxarıda göstərilən əlamətlərinin hər üçü mövcud olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 3-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər yalnız sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında hesab etmişdir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq, başqa cinayətlərdən fərqləndirilməlidir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əmələri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya sair tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa xuliqanlıq kimi qiymətləndirilməməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının tövsiyyəsinə görə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ilə olunan hərəkətlər başa düşülür. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının tövsiyyəsinə görə, şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Göründüyü kimi, cinayət olaraq xuliqanlığın xüsusiyyəti onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət qeyd edilən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 nömrəli qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddədə göstərilən cinayət əməlini törətmələri, yəni bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması, habelə əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmələri və onların həmin əməli törətməkdə təqsirli olmaları özlərinin etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X5 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respbulikası Cinayət Məcəlləsinin 59.1.4-cü, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci, yaşayış yerindən müsbət xarakterizə olunmasını, törətmiş olduğu cinayəti etiraf edib əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci, yaşayış yerindən müsbət xarakterizə olunmasını, törətmiş olduğu cinayəti etiraf edib əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CMnin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətilərini, o cümlədən onun barələrində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzalarını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxslərin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmalarını mümkün sayaraq, hesab edir ki, onlara azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxslərin barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır, cəzaçəkmə müddətinin əvvəli onların cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2025-ci il tarixdə, saat 22:30-da tutulmuş, barəsində Şirvan şəhər Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 4(032)-60/2025 saylı qərarı ilə, əvvəli 06 aprel 2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, 24 iyun 2025-ci il tarixdə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılması barədə vəsatətin müdafiə edilməsindən Şirvan şəhər prokuroru tərəfindən imtina olunmuş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Həmçinin, iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2025-ci il tarixdə, saat 22:00-da tutulmuş, 10 aprel 2025-ci il tarixdə, saat 13:10-da saxlanıldığı Şirvan şəhər Polis şöbəsinin MSY-dən azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində həbsdə və ev dustaqlığında saxlanıldığı, eləcə də Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində həbsdə saxlanıldığı müddət nəzərə nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində təyin edilən cəzanın növünü və onların barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək barələrində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut olan “Mercedes Benz” markalı, **-BJ-*** dövlət nömrə qeydiyyat nişanlı minik avtomobilinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 06 aprel 2025-ci il tarixdən 24 iyun 2025-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 02 ay 18 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanıb ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 05 ay 06 gün çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şirvan şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı 08 aprel 2025-ci il tarixdən 10 aprel 2025-ci il tarixədək tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanıb ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 04 gün çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şirvan şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan “Mercedes Benz” markalı, **-BJ-*** dövlət nömrə qeydiyyat nişanlı minik avtomobilinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-109/2025
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-109/2025
25.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver