Məhkəmə qərarları › İş №1(032)-11/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-11/2023

08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-11/2023 08.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 10:40-da Şirvan şəhər Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, Naxçıvan küçəsi, döngə 1, ev 304-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhərində, Şirvan şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2017-ci il tarixdən hesablanmaqla, xx.xx.2011-ci il təvəllüdlü Rüstəmova (Kərimova) Zəhra Amil qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100.00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Salyan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2017-ci il tarixli, 2(057)-4197/2017 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(032)-877/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək on gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2022-ci il və sonuncu dəfə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixinədək cəmi 3830.00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs ilə qeyri rəsmi ailə qurmuş, el adəti ilə toy edilsə də nikahları rəsmləşdirilməmişdir. Əli-Bayramlı (indiki Şirvan) şəhərində valideyinlərinə məxsus evdə ər-arvad kimi yaşamışlar. Münasibətlərindən xx.xx.2011-ci il təvəllüdlü Rüstəmova (Kərimova) Zəhra Amil qızı anadan olmuşdur. Daha sonra münasibətləri pozulmuş, Aygün uşağı götürüb öz atası evinə qayıtmışdır. Bundan sonra Aygün ona qarşı məhkəmədə atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddia qaldırmış, məhkəmə zamanı uşağın atası olduğunu qəbul etmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2017-ci il tarixdən hesablanmaqla, yuxarıda qeyd edilən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100.00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Şirvan Şəhəri üzrə İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək on gün müddətinə inzibati qayda həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək 3830.00 manat aliment borcu yığılıb qalmışdır. Lakin hal-hazırda 3830.00 manat məbləğində aliment borcunu tam şəkildə ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. İşin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs ilə faktiki ailə qurmuş, Təqsirləndirilən şəxs valideyinlərinə məxsus evdə ər-arvad kimi yaşamışlar. El adəti ilə toy edilsə də nikahları rəsmiləşdirilməmişdir. Münasibətlərindən xx.xx.2011-ci il təvəllüdlü Rüstəmova (Kərimova) Zəhra Amil qızı adında övladları anadan olmuşdur. Birlikdə yaşadıqları müddətlərdə ailəsinə və uşaqlarına baxmadığından Təqsirləndirilən şəxs ilə ayrılmaq qərarına gəlmiş və həmin vaxtdan da övladı ilə birlikdə valideyinlərinin himayəsində yaşayır. Ayrılandan sonra Təqsirləndirilən şəxs uşağın saxlanılması ilə əlaqədər ona maddi kömaklik göstərmədiyindən ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən hesablanmaqla, yuxarıda qeyd edilən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100.00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şirvan Şəhəri üzrə İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təqsirli bilinərək on gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək cinayət məsuliyyəti barədə xəbərdarlıq edilsə də ödəməli olduğu aliment borcunu ödəmədiyindən təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək 3830,00 manat aliment borcu yaranmışdı. Bu müddət ərzində övladı ilə maraqlanmamış, nə maddi, nə mənəvi köməkliyi olmamışdır. Lakin məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs 3830.00 manat məbləğində aliment borcunu tam şəkildə ödəmiş, hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs borcunu tam ödədiyini bildirib bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verib göstərdi ki, Salyan Rayon Məhkəməsinin 2(057)-4197/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2011-ci il il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq borclu Təqsirləndirilən şəxs hər ay 100 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Göstərilən icra sənədi xx.xx.2018-ci il tarixdə Şirvan Şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. Məcburi icra tədbirlərinin tətbiq olunması məqsədi ilə Təqsirləndirilən şəxs mülkiyyətində tələbin yönəldilməsinə yol verilən əmlak və gəlirlərin müəyyən edilməsi məqsədi ilə icra tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. İcra sənədinin icrası ilə əlaqədar borclu şöbəyə dəvət olunmuş, ona hüquq və vəzifələri izah olunmuş və izahatı alınmış, icra sənədi üzrə tələbi icra etməyəcəyi halda məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Borclu Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvana baxış keçirilmiş,həmin ünvanda yaşamaması müəyyən edilmiş və barəsində xx.xx.2021-ci il tarixində “borclunun axtarılması barədə” qərar qəbul edilmişdir. Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən borclu Təqsirləndirilən şəxs saxlanılaraq xx.xx.2021ci il tarixində şöbəyə təhvil verilmişdir. Alimentin ödənilməsi üçün Təqsirləndirilən şəxs dəfələrlə şifahi və rəsmi qaydada xəbərdar olunmasına baxmayaraq, o, üzərinə düşən öhdəliyi lazımı qaydada icra etməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün borclunun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Şirvan şəhər Məhkəməsinə təqdim edilmiş və məhkəmənin 3(032)-877/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təqsirli bilinərək 10 (on ) gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs tələbi yenə icra etməmışdır. İcra sənədinin icrasının təmin olunması məqsədi Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, aliment borcunu tələbkara ödəməmiş, belə ki 3830.00 manat borcu yaranmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərinə düşən öhdəliyi icra etməyərək, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, həmçinin dövlətin adından çıxarılmış məhkəmə qərarını icra etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid2 Şahid3 ilə eyni məzmunlu ifadə verib, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs bir neçə ildir tanıyır. Onunla birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Binə Ticarət Mərkəzinin içərisində avtoyuma məntəqəsində yuyucu işləyir. Daha əvvəllər başqa bir avtoyuma məntəqəsində birlikdə işləsələr də, uzun zamandır qeyd etdiyi avtoyuma məntəqəsində birlikdə işləyirlər. İşlərindən asılı olaraq gündəlik 10,00-20,00 manat gəlirləri olur. Yəni gəlirləri avtoyuma məntəqəsinə gələn avtomobillərin sayından və həmin avtomobillərin hansı formada yuyulmasından asılıdır. Buna uyğun olaraq hər avtomobilə görə faiz alırlar. Əgər avtomobil tam yuyulacaqsa bunun qiyməti ayrıdır, sadəcə üst hissəsi yuyulacaqsa və ya içərisi təmizlənəcəksə bunun qiyməti ayrıdır. Bundan başqa elə gün olur ki, avtoyuma məntəqəsinə gələn avtomobillərin sayı çox olur, elə də olur ki, avtomobillər az gəlir. Avtomobil nə qədər çox olarsa qazancları artır. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli 2(057)-4197/2017 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü Rüstəmova (Kərimova) Zəhra Amil qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün 13 oktyabr 2017-ci il tarixdən başlayaraq atası Təqsirləndirilən şəxs hər ay 100.00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 iyul 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Şirvan şəhər İHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, 3830 manat məbləğində aliment borcu Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin qeyd hissəsində göstərilir ki; Bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olması cinayət təqibini istisna edən hallardadır. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsi əsaslarındadır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tam ödəməklə məhkəmənin qətnaməsini tam icra etdiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməli o, cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2 və 321.2.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icratına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar