Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-11/2024 05.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 16:15-də Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1976-ci ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Cəlal oğlunun Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Cəlal oğlu sərxoş halda 21 may 2023-cü il tarixdə, saat 21 radələrində ictimai yer hesab edilən Şirvan şəhəri, H.Əliyev prospekti 10A ünvanında yerləşən adsız kafenin qarşısında Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, Zərərçəkmiş şəxs və qeyrilərinin timsalında özünü müstəsna şəxsiyyət olduğunu, istədiyi şəxsi istənilən yerdə cəzalandırmaq imkanına malik olmaqla başqalarından üstün olduğunu nümayiş etdirmək, qalmaqal salmaq məqsədilə öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib, ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs silah qismində istifadə etdiyi çəngəllə baş nahiyəsindən vuraraq ona “sol gicgah nahiyəsində deşilmiş yara” kimi dərəcəsi təyin edilməyən xəsarət yetirməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Cəlal oğlu ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs yaşadığı küçənin yaxınlığında kafe işlədir. O, mütəmadi olaraq axşam vaxtları orada yeyib-içir. xx.xx.2023-cü il tarixdə Salyan rayonu, Kərimbəyli kəndində toy mərasimində yeyib içdikdən sonra Şirvan şəhərinə gəlmiş, Bəxtiyarın işlətdiyi kafeyə girmiş, kafedə tanışı Vüqarla görüşmüş, təxminən 10-15 dəqiqə olmuşdur ki, oturub yeyib-içirmiş, bu vaxt Bəxtiyar kafeyə daxil olmuşdur. O həmin vaxtı Bəxtiyarı süfrəyə dəvət edərək onunla yeyib-içməyi təklif etmiş, Bəxtiyar onunla yeyib-içməyi qəbul etməyərək, kafenin çölündə tanışları ilə oturmaq üçün çıxmışdır. Bəxtiyar kafedən çölə çıxarkən onu çölə çağırmış, həmin vaxtı sərxoş olduğundan Bəxtiyarın bu hərəkəti onun xoşuna gəlməmiş və əlində olan çəngəllə Bəxtiyarın arxasınca çölə çıxmışdır ki, Bəxtiyara öz iradını bildirsin ki, onunla niyə oturub yeyib-içmir. Bəxtiyar kafenin qarşısında onun sinəsindən tutaraq kafedən getməyini tələb etmiş, onu söyüb təhqir etmişdir, Bəxtiyarın bu sözü ona təsir etdiyindən, onların arasında mübahisə yaranmışdır. Həmin vaxtı o əlində olan çəngəllə Bəxtiyarın başının sol tərəfindən vurmuşdur. Həmin vaxt orada olan Rafət, Nurlan və Elsevər onlara yaxınlaşaraq onları aralamışdır. Təxminən 5-10 dəqiqədən sonra o təkrarən kafeyə qayıtmış və orada olan Elsevərə bildirmişdir ki, Bəxtiyarı çağırsın. Təxminən 5 dəqiqədən sonra Bəxtiyar kafeyə qayıtmış, onunla kafenin həyətində aralarında sözlə mübahisə etdikləri vaxt səs-küylərinə orada xidmət edən polis əməkdaşları yaxınlaşaraq onları polis şöbəsinə dəvət etmişlər. Hazırda hərəkətindən səmimi peşmandır, hadisənin baş verməsinin səbəbi sərxoş olmağı olmuşdur. Təqsirləndirilən şəxs Cəlal oğlunun təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, Şirvan şəhəri, N.Nərimanov küçəsində yerləşən kafeni icarəyə götürüb işlədir. xx.xx.2023-cü il tarixdə, saat təxminən 21:30 radələrində toy şənliyindən çıxıb işlətdiyi kafeyə gəlmiş, həmin vaxt kafedə 3 nəfər bir masada oturub çay içmişlər, mütəmadi olaraq işlətdiyi kafeyə gələn Yaşar adlı şəxs isə oturub spirtli içki olan araq içirmiş. Həmin vaxt Yaşar onu masaya dəvət etmiş və onunla yeyib içməyi təklif etmişdir. O, həmin vaxt Yaşara hazırda toy şənliyindən gəldiyini, həmçinin toyda yeyib içdiyini bildirərək ehtiyac olmadığını demişdir. Yaşar onun sözünə nəlayiq ifadələrlə cavab vermişdir. O, Yaşara bildirmişdir ki, “mən sənə həmişə əmi demişəm, aramızda olan hörməti gəl itirməyək, ağzından çıxan sözə diqqət et”. Həmin vaxt Yaşar onunla mübahisə etməyə və onun ünvanına nəlayiq söyüşlər söyməyə başlamışdır. Bu vaxt digər masada əyləşib çay içən tanımadığı müştərilər onun nəlayiq hərəkətlərinə görə qalxıb kafeni tərk etmişlər. Kafedə o, Yaşar, dostu olan Nurlan və işçisi Elsevər qalmışlar. O, Yaşarı nizam-intizama dəvət edərək sərxoş olduğunu ona bildirmiş və evinə getməsini xahiş etmişdir. Yaşar ona qərəzli şəkildə cavab verərək kafedən getməyəcəyini bildirmişdir. O, problem olacağını fikirləşərək özü kafeni tərk edərək çölə çıxmışdır. Çölə çıxdıqdan sonra Yaşar da arxasınca çölə çıxmış, ona yaxınlaşaraq onunla nəlayiq söyüşlərlə mübahisə etməyə davam etmişdir. O, Yaşarı sakitləşdirmək istəyərkən Yaşar kafedə oturduğu masadan götürdüyü çəngəli arxa tərəfindən kəmərindən çıxararaq başının sol tərəfinə vuraraq xəsarət yetirmişdir. Yaşar təkrarən onun üzərinə hücum edib vurmaq istəyərkən, onun sinəsindən təpiklə vurmuş və yerə yıxılmışdır. Bu vaxt səsə Nurlan və Elsəvər kafedən çıxaraq onların yanına gəlmişlər. Nurlan və Elsevər onları aralamışlar. O, gedərkən Nurlan və Elsevərdən xahiş etmişdir ki, Yaşarı da evinə ötürsünlər. Evdə olarkən Yaşar istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vurmuş, telefonda onun ünvanına nəlayiq söyüşlər söyərək onu kafeyə çağırmış, o, Yaşara fikir verməyərək telefonu söndürmüşdür. Təxminən 5 dəqiqə sonra dostu Nurlan ona zəng vuraraq bildirmişdir ki, Yaşar kafeyə gəlib səni soruşur və deyir ki, “Bəxtiyarı çağırın təcili gəlsin kafeyə”. O, fikirləşmişdir ki, nəsə problem yaranar və evdən çıxaraq kafeyə gəlmişdir. Kafenin qarşısında Yaşarı görüb onu sakitləşdirmək istəmişdir. Yaşar isə ağır dərəcəli sərxoş olduğundan onu başa düşməmiş və onun üvanına nəlayiq söyüşlər söymüşdür. Bu vaxt ərazidə xidmət aparan polis əməkdaşları avtopatrulla oradan keçərkən onları görmüşlər və onlara yaxınlaşmışlar. Polis əməkdaşları nə baş verdiyini soruşduqda hadisə barədə polislərə bildirmiş və Yaşarın onu çəngəllə baş nahiyəsindən vuraraq xəsarət yetirdiyini demişdir. Həmin vaxt polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər. Yaşar polis şöbəsinə gəlmək istəməsə də, polis əməkdaşları onuda avtopatrula əyləşdirərək, ikisini də polis şöbəsinə gətirmişlər. Hazırda Təqsirləndirilən şəxs Cəlal oğlu ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs Cəlal oğlu tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 21 may 2023-ci il tarixdə, saat 22:05 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində PPXB-nün polis nəfəri Şahid1lə xidmətdə olarkən iki nəfər şəxsin bir-birlərinə əl-qol ataraq mübahisə etdiklərini görüb onlara yaxınlaşmışlar. Onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və nə baş verdiyini soruşmuşlar. Söhbət zamanı məlum olmuşdur ki, həmin şəxslərdən şəhər sakini Təqsirləndirilən şəxs kafeni işlədən Zərərçəkmiş şəxs ilə arasinda yaranan münaqişə zamanı sonuncunun baş nahiyəsindən çəngəllə vuraraq xəsarət yetirmişdir. Onları baş vermiş hadisənin araşdırılması üçün polis şöbəsinə dəvət edərək bu barədə rəhbərliyə raportla məruzə etmişlər. Mübahisənin hansı səbəbdən baş verməsindən isə məlumatları olmamışdır. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid1 Şahid2 dediklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. (i.v 27-30) Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həmyerlisidir, o, mütəmadi olaraq Bəxtiyarın yanına kafeyə gəlib çay içib söhbətləşirmiş. 21 may 2023-cü il tarixdə, saat təxminən 21 radələrində o, Bəxtiyarın işlətdiyi kafeyə çay içmək üçün gəlmiş, kafenin qarşısına çatanda görmüşdür ki, kafenin qarşısında çoxlu sayda insanlar vardır. Nə baş verdiyini soruşduqda, bildirmişlər ki, kafeni işlədən Bəxtiyarla müştəri kimi kafedə olan Yaşar adlı şəxs arasında mübahisə olmuş və Yaşar Bəxtiyarın baş nahiyəsinə çəngəllə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt orada xidmət aparan polis əməkdaşları onlara yaxınlaşaraq nə baş verdiyini soruşmuşlar. Bəxtiyar onlara bildirmişdir ki, Yaşar sərxoş vəziyyətdə kafedə xuliqanlıq edir və onu çəngəllə vuraraq xəsarət yetirmişdir. Polis əməkdaşları Yaşarı və Bəxtiyarı polis şöbəsinə dəvət edərək aparmışlar. Bundan sonra nə baş verdiyindən məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həmyerlisidir, mütəmadi olaraq Bəxtiyarın yanına gəlib söhbətləşirlər. 21 may 2023-cü il tarixdə, saat təxminən 21 radələrində o, Bəxtiyarın işlətdiyi kafedə oturub çay içmiş, bu vaxt Bəxtiyar toydan birbaşa kafeyə gəlmişdir. Həmin vaxt kafedə tanıdığı Yaşar adlı şəxs tanımadığı bir nəfər şəxslə oturub yeyib içmişlər. Bəxtiyar kafeyə daxil olanda Yaşar Bəxtiyarı onlarla birlikdə oturub yeyib-içməyə dəvət etmişdir. Bəxtiyar Yaşara bildirmişdir ki, “nuş olsun, mən toydan gəlirəm, yeyib-içmişəm”. Bu vaxt Yaşar Bəxtiyara aqressiv şəkildə “yeyib-içdiyin oğlanlar məndən artıqdır” deyə bildirmişdir. Bəxtiyar görmüşdür ki, Yaşar sərxoşdur və ona əhəmiyyət verməyib kafedən çölə çıxmışdır. Yaşar isə əlində çəngəllə Bəxtiyarın arxasınca çıxmışdır. O, Yaşarın arxasınca baxdıqda görmüşdür ki, Yaşar Bəxtiyara yaxınlaşıb onunla mübahisə edir. O onlara yaxınlaşmaq istədikdə görmüşdür ki, Yaşar əlindəki çəngəllə Bəxtiyarın baş nahiyəsinə vurmuşdur. O dərhal onlar istiqamətinə qaçaraq Yaşarı Bəxtiyardan aralamışdır. Yaşarı isə orada olan tanımadığı təxminən 2-3 nəfər kənar şəxslər aralayaraq evi istiqamətinə ötürmüşlər. Bundan sonra o Bəxtiyarı Yaşarla birlikdə kafedə yeyib-içən, sonradan adını bildiyi Vüqar adlı şəxslə onun avtomobili ilə evlərinə aparmışlar. Bəxtiyara evdə ilkin yardım olaraq başını sarğı etmişdir. Təxminən 20 dəqiqədən sonra Yaşar Bəxtiyara zəng vuraraq kafeyə gəlməsini tələb etmiş, o, Bəxtiyarı evdə qoyub kafeyə gəlmişdir. Kafeyə gələndə görmüşdür ki, Yaşar sərxoş vəziyyətdə kafeni işlədən Elsevərlə mübahisə edir və Elsevərdən tələb edir ki, təcili olaraq Bəxtiyarı çağırsın. O, Yaşarı sakitləşdirmək istəsə də, Yaşar sərxoş olduğundan onu başa düşməmişdir. X5 zəng vuraraq bildirmişdir ki, “Yaşar kafedə səs-küy salır və sənin gəlməyini istəyir”. Təxminən 10 dəqiqədən sonra Bəxtiyar kafeyə gəlmişdir. Həmin vaxt Bəxtiyarla Yaşarın arasında sözlə mübahisə yaranmışdır. Bu vaxt orada xidmət aparan polis əməkdaşları onlara yaxınlaşaraq nə baş verdiyini soruşmuşlar. Bəxtiyar onlara bildirmişdir ki, Yaşar sərxoş vəziyyətdə kafedə xuliqanlıq edir və onu vuraraq xəsarət yetirmişdir. Polis əməkdaşları Yaşarı və Bəxtiyarı polis şöbəsinə aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dostudur. Bəxtiyar Şirvan şəhəri H.Əliyev küçəsində yerləşən icarəyə kafe işlədir. 21 may 2023-cü il tarixdə Bəxtiyar toyda olduğu üçün kafeni ona tapşırmış və o da kömək etmək məqsədi ilə kafedə olmuşdur. Həmin günü saat təxminən 21 radələrində Bəxtiyar toydan birbaşa kafeyə gəlmişdir. Həmin vaxt kafedə tanıdığı Yaşar adlı şəxs tanımadığı bir nəfər şəxslə oturub yeyib içmişlər. Bəxtiyar kafeyə daxil olanda Yaşar Bəxtiyarı onlarla birlikdə oturub yeyib-içməyə dəvət etmişdir. Bəxtiyar Yaşara bildirmişdir ki, “nuş olsun, mən toydan gəlirəm, yeyib-içmişəm”. Bu vaxt Yaşar Bəxtiyara aqressiv şəkildə “yeyib-içdiyin oğlanlar məndən artıqdır” deyə bildirmişdir. Bəxtiyar görmüşdür ki, Yaşar sərxoşdur və ona əhəmiyyət verməyib kafedən çölə çıxmışdır. Yaşar isə əlində çəngəllə Bəxtiyarın arxasınca çıxmışdır. Həmin vaxtı dostları olan Nurlan da kafedə olduğundan Yaşarın arxasınca getmişdir. Kafedə digər müştərilər olduğu üçün o kafeni tərk edə bilməmişdir. Bir neçə dəqiqədən sonra o onların arxasınca çıxdıqda görmüşdür ki, Bəxtiyarın baş nahiyəsindən qan axır. O onlardan nə olduğunu soruşduqda Bəxtiyar ona bildirmişdir ki, Yaşar onu əlindəki çəngəllə başından vurmuşdur. Həmin vaxtı Yaşar orada olmamışdır. Bundan sonra o Bəxtiyarı Yaşarla birlikdə kafedə yeyib-içən, sonradan adını bildiyi Vüqar adlı şəxslə onun avtomobili ilə dostları Nurlan evlərinə aparmışlar. Onlar çıxıb getdikdən sonra təxminən 15-20 dəqiqə keçmişdir ki, Yaşar yenidən kafeyə qayıdaraq sərxoş vəziyyətdə kafedə olan stola əli ilə çırparaq ondan tələb etmişdir ki, “Bəxtiyarı çağır gəlsin”. O Yaşarı dəfələrlə sakitləşdirmək istəsə də sərxoş olduğundan sakitləşməmişdir. O bundan sonra Bəxtiyara zəng vuraraq bildirmişdir ki, Yaşar kafeyə gəlib səni soruşur və deyir ki, “Bəxtiyara de gəlsin bura”. Təxminən 5-10 dəqiqədən sonra Bəxtiyar kafeyə gəlmişdir. Həmin vaxtı onlar Yaşarı sakitləşdirmək istəsələr də, Yaşar onları eşitməyərək Bəxtiyarın ünvanına ucadan nalayiq söyüşlər söymüşdür. Bu vaxt o Yaşarı çətinliklədə olsa kafedən çıxarıb kafenin həyətinə düşürmüşdür. Yaşarın səs-küyünə orada xidmət aparan post-patrul əməkdaşları yaxınlaşmışlar. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 21 may 2023-cü il tarixdə, saat 19 radələrində özünə məxsus VAZ 2106 markalı **-BD-*** nömrə nişanlı avtomobili Hacıqabul RPŞ-nin YPX-i tərəfindən arxa kəmərlərin olmaması üçün saxlanılaraq duracağa yerləşdirilmişdir. Həmin vaxt o, Şirvan şəhərində olan tanışı Yaşara zəng vuraraq avtomobilini duracaqdan çıxarmağına köməklik etməsini xahiş etmişdir. Həmin vaxt Yaşar ona bildirmişdir ki, “Şirvan şəhərində Azpetrol YDM-nin arxasında olan kafedə əyləşib çörək yeyirəm, gəl bura söhbət edərik”. O, həmin vaxtı Yaşarın yanına gəlmiş və görmüşdür ki, Yaşarla sonradan adını bildiyi Rafət və Nurlan adlı şəxslər oturub çörək yeyirlər. O da onlarla oturub çörək yeməyə başlamışdır. Yaşar ona bildirmişdir ki, “çörək yeyək sonra avtomobilinin duracaqdan çıxarılması barədə söhbət edərik”. Çörək yedikləri vaxt ona məlum olmuşdur ki, onlarla oturan Rafət Hacıqabul RPŞ-nin əməkdaşıdır. Biraz keçdikdən sonra Rafətə zəng gəlmiş və telefonla danışdıqdan sonra bildirmişdir ki, Hacıqabul RPŞ-nin YPX-nin əməkdaşı ona zəng vurub və avtomobili gəlib duracaqdan götürməsini istəyirlər. O avtomobilinin açarını Rafətə vermiş və Rafət masadan qalxıb çıxıb getmişdir. Oturduğu masada əyləşən Yaşarla Nurlan spirtli içki qəbul etmişlər. O isə çörək yemişdir. Təxminən 1 saat keçmişdir ki, kafeni icarəyə işlədən Bəxtiyar kafeyə gəlmişdir. Bəxtiyar da gəlib onlarla əyləşmiş və o da Yaşargillə spirtli içki içməyə başlamışdır. Bəxtiyar mütəmadi olaraq kafedən çölə çıxıb qayıtdığı üçün Yaşar bunun belə hərəkətinə əsəbləşmiş və Bəxtiyara irad bildirmişdir ki, “oturursan otur, gedirsən get”. Bəxtiyar Yaşara bildirmişdir ki, “kafenin çölündə olan masada müdir əyləşib, hərdən onunla da gedib otururam”. Bəxtiyar kafedən çölə çıxanda Yaşar da onun dalınca çıxmışdır. Sonradan kafenin çölündə səs-küy eşidib onlar da kafenin çölünə çıxmışlar. Həmin vaxtı görmüşlər ki, Yaşar Bəxtiyarla mübahisə edir və əlində olan çəngəllə Bəxtiyarın baş nahiyyəsindən vurmuşdur. Həmin vaxtı Yaşarı kənarda olan şəxslər aralayıb aparmışlar. Həmin vaxt Rafət onun avtomobilini gətirib kafenin qarşısında saxlamışdır. Onlar tez Bəxtiyarı avtomobilinə əyləşdirib evlərinə aparmışlar. Bəxtiyarı evinə qoyduqdan sonra Rafət və Nurlan onunla birlikdə kafeyə qayıtmışlar. O onları kafeyə düşürüb çıxıb getmişdir. Bundan sonra nə baş verdiyindən məlumatı olmamışdır. (i.v 103-106) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Məhkəmə-tibbi ekspertizasının 06 iyun 2023-cü il tarixli 201 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarət - sol gicgah nahiyəsində yara - küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 21 may 2023-cü il tarixdə çəngəllə vurma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilmir. (i.v 20-22) Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ “Şirvan şəhər Mərkəzi Xəstəxanası” PHŞ-nin 13 iyul 2023-cü il tarixli, PHŞ-6-35/2-437/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan ŞMX-nın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. (i.v 40) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X1 14 iyul 2023-cü il tarixli 317-1/2- 158354/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 1 saylı Şirvan-Salyan Regional filialından heç bir növ sosial müavinət, pensiya və təqaüd almır.(i.v 41) xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında protokoldan görünür ki, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərmişdir. (i.v. 83- 86) 30 iyul 2023-cü il tarixli 3-13-111/2-9451/23 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığında göstərilən xüsusatlarla bağlı bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, məxfi aqentlər təlimatlandırılmış və müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında 21 may 2023-cü il tarixdə, saat 21:30 radələrində Şirvan şəhəri H.Əliyev prospektində yerləşən adsız kafenin qarşısında baş vermiş mübahisə zamanı ictimai qayda pozulmuş, həmin mübahisə zamanı Təqsirləndirilən şəxs əlində olan çəngəllə Zərərçəkmiş şəxs baş nahiyəsinə xəsarət yetirmişdir. Bununla yanaşı, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisə vaxtı hadisənin baş verdiyi yerdə olan şəxslərin dairəsinin müəyyən edilməsi mümkün olmamışdır. (i.v. 90) Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v 31) Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notariat qaydasında təsdiq edilmiş ərizəsinə əsasən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını, ona vurulmuş maddi ziyan tam ödənilmişdir, onunla barışdığını bildirmişdir. AA4642437 seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixində doğulmuş X6 adında azyaşlı övladı var. Həmçinin AZE 12621354 seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixində doğulmuş X2 adında yetkinlik yaşına çatmayan övladı var. Məhkəmə cinayət işi ilə bağlı tətbiq etdiyi hüquq: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təcrübəsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir.Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir.Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “17 fevral 2006-cı il tarixli,habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsiinn 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmənin mövqeyi, əsaslandığı hallar və cəza təyini Hazırda baxılan iş üzrə hüquqi qiymət verilən cinayət əməlinin yuxarıda göstərilən təsbitindən müəyyən olunur ki, cinayət olaraq xuliqanlığın xüsusiyyəti onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət qeyd edilən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. (Plenum qərarlarına istinadən) Beləliklə, cinayət işinin məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Cəlal oğlunun silah qismində istifadə olunan çəngəl ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməlini törətməsi iş üzrə toplanmış istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxsi təhqir etməsi ilə kifayətlənməyərək, onunla münaqişə yaratmağa başlaması, sonuncunun onun hərəkətlərinə və dediyi sözlərə məhəl qoymayıb kənarlaşmasına rəğmən arxasınca gedərək qərəzli xuliqanlıq hərəkətlərinə davam edərək silah qismində istifadə etdiyi çəngəllə xəsarət yetirməsi kimi hərəkətləri təqsirləndirilən şəxsin həqiqətən də özünün müstəsna şəxsiyyət olduğunu, ictimai qaydanı qəsdən pozmasını, bununla da əməlin subyektiv cəhətinin mütləq şərti kimi çıxış edən xuliqanlıq motivinin - gücünü nümayiş etdirmək, qalmaqal salmaq, özünü ictimai qaydaya qarşı qoymaq məqsədi daşıdığını göstərir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləkilə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs Cəlal oğlu tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsin ittiham olunduğu əməldə özünü qismən təqsirli bilməsini isə məhkəmə məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıması kimi qiymətləndirərək işin sübuta yetmiş halları, zərərçəkmiş şəxs və şahid ifadələri ilə tam təkzib olunması qənaətinə gəlir. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə barəsində ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Cəlal oğlunun Azərbaycan Respublikası CMnin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi əməldən peşman olmasını, yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Cəlal oğlunun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə işin yuxarıda sadalanan obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları və ağırlaşdıran halların olmamasını nəzərə alır və təqsirləndirilən şəxs barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını, cəzaçəkmə müddətinin əvvəlinin şübhəli şəxs qismində tutulduğu vaxtdan hesablanmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Həmçinin iş üzrə mülki iddia, məhkəmə xərcləri, maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Cəlal oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Cəlal oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 15 iyul 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №1(032)-11/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-11/2024
05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver