Məhkəmə qərarları › İş №1(032)-110/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-110/2025

18.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-110/2025 18.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 14:30 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X1 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxx 1998-ci il tarixdə Saatlı rayonu, Yuxarı Hacıqasımlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Saatlı rayonu, Məzrəli ərazi dairəsi, Naharlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində 26 iyun 2025-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs Şirvan şəhər ərazisində yerləşən TTYS-na sürücü vəzifəsinə işə düzəltməsinə dair yalan vəd verib aldadaraq, aralarında yaranmış yaxın münasibətə görə Zərərçəkmiş şəxs ona qarşı yaranmış inam və etimaddan istifadə edərək vahid niyyətlə əhatə olunmuş qəsdlə 10 sentyabr 2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Qurd qapısının yaxınlığında yaxınlığında yerləşən “50 qəpik” çay evində 2750 manat, xx.xx.2024-cü il tarixdə saat 15:38-də ünvan 1 ünvanında yerləşən 1223 nömrəli "xxxx" ödəmə terminalından istifadəsində olan Kapital Bank ASC-yə məxsus 5239 1517 1747 4780 nömrəli plastik kart hesabına 200 manat, xx.xx.2024-cü il tarixdə saat 22:01-də ünvan 2 ünvanında yerləşən “Neptun” suoermarketin içərisində olan 01840 nömərli "xxxx" ödəmə terminalından cinayətdən xəbəri olmayan tanışı Şahid3 adına olan Leobanka məxsus son 4098 5844 6571 7120 nömrəli olan plastik kart hesabına 100 manat, xx.xx.2024-cü il tarixdə saat 22:40-da ünvan 2 ünvanında yerləşən “Neptun” suoermarketin içərisində olan 01840 nömərli "xxxx" ödəmə terminalından cinayətdən xəbəri olmayan tanışı Şahid2 adına olan Leobanka məxsus 4098 5844 9229 6627 nömrəli plastik kart hesabına 200 manat pulu gömdərilməsinə nail olmaqla ələ keçirib, qeyd olunan məbləğləri şəxsi ehtiyaclarına xərcləyərək vədinə əməl etməyib etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 3250 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Sabirabad rayon sakini Şahid1 ilə dostluq münasibəti olmuş, Zərərçəkmiş şəxs də Məhəmmədin sayəsində tanımışdır. Şahid1 ona zəng vuraraq Rafis adlı tanışının olmasını və həmin şəxsi Şirvan şəhər ərazisində yerləşən TTYS-na sürücü kimi işə düzəltməyə köməklik etməsini istəmişdir. Məhəmmədlə bir qədər danışdıqdan sonra Rafislə də danışaraq onu işə düzəltmək üçün onun 2750 manat pul verməli olacağını bildirmişdir. Zərərçəkmiş şəxs Hafiz oğlu ilə danışdıqdan sonra ona 2750 manat pulu götürüb Bakı şəhərinə gəlməsini bildirmişdir. Bundan sonra Rafis və Məhəmməd 10 sentyabr 2024-cü il tarixdə 2750 manat pulu götürüb Bakı şəhər, Qurd qapısının yaxınlığında yerləşən “50 qəpik” adlı çay evinə gətirmiş və həmin yerdə saat təxminən 22 radələrində Rafis və Məhəmməd adlı şəxslə görüşmüşdür. Rafisə onu Şirvan şəhər əraizində “Təcili tibbi yardım stansiyasına” sürücü kimi işə düzəldəcəyini bildirdib ondan Məhəmmədin yanında 2750 manat pulu alaraq ona 2024-cü ilin oktyabr ayında işə çıxacağını bildirmişdir. Bundan sonra o, Rafislə əlaqə saxlayaraq əlavə olaraq 500 manat pulunda lazım olduğunu bildirmiş, Rafis onunla razılaşaraq xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-yə məxsus plastik kart hesabına 200 manat, xx.xx.2024-cü il tarixdə isə nişanlısının dayısı Şahid3 adına olan “Leobank”a məxsus olan plastik kart hesabına 100 manat, xx.xx.2024-cü il tarixdə tanışı Şahid2 adına olan “Leobank”a məxsus olan plastik kart hesabına 200 manat pul göndərmişdir. Lakin o, Rafisə verdiyi sözə əməl etməyərək onu müxtəlif bəhanələrlə aldadıb ona qarşı dələduzluq etmiş və həmin pulu Bakı şəhərində xatırlamadığı ünvanlarda xərcləmişdir. Zərərçəkmiş şəxs 3250 manat pulu 10 sentyabr 2024-cü il tarixdə saat təxminən 22 radələrində Bakı şəhər, Qurd qapısının yaxınlığında yerləşən “50 qəpik” adlı çay evində, Məhəmmədin yanında, qalan 500 manatı isə xx.xx.2024-cü il tarixdə istifadəsində olan "xxxx" ASC-yə məxsus plastik kart hesabına 200 manat, xx.xx.2024-cü il tarixdə nişanlısının dayısı Şahid3 adına olan “Leobank”a məxsus olan plastik kart hesabına 100 manat, xx.xx.2024-cü il tarixdə tanışı Şahid2 adına olan “Leobank”a məxsus olan plastik kart hesabına 200 manatı köçürtməklə əldə etmişdir. Zərərçəkmiş şəxs məxsus 3250 manat pulu aldadıb ələ keçirdikdən sonra həmin pulu öz şəxsi təlabatına xərcləmişdir. Zərərçəkmiş şəxs aldığı 3250 manat puldan Şahid1, Şahid2 və Şahid3 verməmiş, həmçinin ondan aldığı 3250 manat pul ilə bağlı Şirvan şəhər ərazisində yerləşən TTYS-na və ya hər hansı bir şəxsə müraciət etməmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmiş, lakin aralarında barışıq yoxdur, törətmiş olduğu əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 2024-cü ilin sentyabr ayının əvvələrində tanışı Məhəmməd adlı şəxs ona Təqsirləndirilən şəxs adlı tanışının olduğunu və həmin şəxsin onu “Təcili tibbi yardım” avtomobilinə sürücü kimi işə düzəldə biləcəyini bildirmişdir. Daha sonra o, bu barədə 2-3 gün düşündükdən sonra, Məhəmməd adlı tanışı ila əlaqə saxlayaraq onunla Sabirabad rayonu, Həşimxanlı kəndində görüşüb, Cəfər adlı şəxslə telefon vasitəsi ilə əlaqə saxlamışdır. Cəfər adlı şəxs onu işə düzəltmək üçün ona 2750 manat pul verəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs ilə danışdıqdan sonra Cəfər ona 2750 manat pulu götürüb Bakı şəhərinə gəlməyini bildirmiş, bundan sonra o, 10 sentyabr 2024-cü il tarixdə 2750 manat pulu götürüb Bakı şəhəri, Qurd qapısının yaxınlığında yerləşən “50 qəpik” adlı çay evinə gedərək həmin yerdə saat təxminən 22 radələrində Cəfər adlı şəxslə görüşmüşdür. Cəfər onu “Təcili tibbi yardım” sürücüsü kimi işə düzəldəcəyini bildirdib ondan 2750 manat pulu almış və 2024-cü ilin oktyabr ayında işə çıxacağını bildirmişdir. Bundan sonra Cəfər onunla əlaqə saxlayaraq əlavə olaraq 500 manat pulun da lazım olduğunu bildirmişdir. O, xx.xx.2024-cü il tarixdə saat 15:38:39-da ünvan 1 ünvanında yerləşən 1223 nömrəli "xxxx" ödəmə terminalından həmin şəxsin ona göndərdiyi R***** C***** E***** oğlu adına olan "xxxx" ASC-yə məxsus plastik kart hesabına 200 manat, xx.xx.2024-cü il tarixdə saat 22:01:33-də ünvan 2, Neptun Supermarketdə yerləşən 01840 nömrəli "xxxx" MMC ödəmə terminalından həmin şəxsin ona göndərdiyi Şahid3 adına olan “Leobank”a məxsus olan plastik kart hesabına 100 manat, xx.xx.2024-cü il tarixdə saat 22:40:55-də ünvan 2, Neptun Supermarketdə yerləşən 01840 nömrəli "xxxx" MMC ödəmə terminalından həmin şəxsin ona göndərdiyi Şahid2 adına olan “Leobank”a məxsus olan plastik kart hesabına 200 manat göndərmişdir. Lakin Cəfər verdiyi vədə əməl etməyərək müxtəlif bəhanələr gətirməklə onu aldadıb ona qarşı dələduzluq etmişdir. Dələduzluq nəticəsində ona 3250 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ondan pulu alan zaman onu Şirvan şəhər ərazisində yerləşən “Təcili tibbi yardım stansiyasına” sürücü vəzifəsinə düzəldəcəyini bildirmişdir. O, Cəfərə verdiyi pulu bankdan kredit kimi götürmüş, həmin kreditə görə banka əlavə olaraq 1000 manata yaxın pul da ödəmişdir. Hazırda Cəfər ona 3250 manat pulu tam olaraq ödəsə də, banka faiz olaraq ödədiyi 1000 manat pulu ödəməmişdir. Ona görə də aralarında barışıq yoxdur, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Şahid1 məhkəmə baxışı iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etməsini və işi ilə bağlı məhkəmənin baxış iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid1 həmin ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2014-cü ildən tanıyır, onunla arasında dostluq münasibəti var. Rafislə təxminən 2014-cü ildən 2018-ci ilə kimi bir yerdə işləmişdir. Rafis 2024-cü ilin sentyabr ayında ona iş lazım olduğunu, dolanışığının olmadığını bildimiş, o isə “məndə işdən çıxmışam və işləmirəm amma məni işə düzəldən adama deyərəm imkanı olsa sənədə iş düzəldər” deyə bildirmişdir. Təxminən bu söhbətdən 5 gün sonra Rafis yaşadığı kəndə gəlmiş, onlar birlikdə tanışı Təqsirləndirilən şəxs ilə mobil teleton vasitəsi ilə əlaqə saxlayaraq Rafisə iş lazım olduğunu Rafis isə Təcili tibbi yardım sürücüsü işi istədiyini bildirdi. Cəfər Rafisə onu Təcili tibbi yardımda boş yer olsa düzəldə biləcəyini bildirmiş, bundan sonra o, Cəfərin mobil nömrəsini Rafisə əalqə saxlaması üçün vermişdir. Təxminən bir müddət sonra Rafis oan zəng edərək “Gəl Şirvan şəhərində, birlikdə Bakı şəhərinə gedib Cəfərlə görüşək işimi həll etsin” deyə bildirmişdir. Bu təkliflə razılşaraq Rafislə birlikdə 2024-cü ilin sentyabr ayının 10 da Bakı şəhərinə gedərək Qurd qapısının yaxınlığında yerləşən “50 Qəpik” adlanan kafedə Cəfərlə görüşmüş, bundan sonra Cəfər Rafisə onu işə düzəldəcəyini bildirib, həmin “50 Qəpik” çay evinin qarşısında saat 22 radələrində iştirakı ilə 2750 manat pulu sayaraq almışdır. Daha sona oradan çıxıb, Bakı şəhərinə, Xırdalan adlanan əraziyə tanışıgilə getmişdir. Daha sonralar Rafislə Cəfər arasında başqa hər hansı söz-söhbətin olub olmamasında məlumatı yoxdur. Cəfər adlı şəxs Rafisi Təcili tibbi yardım sürücüsü kimi işə düzəldəcəyini bildirib ondan 2750 manat pul almışdır. Cəfəri təxminən bu söhbətdən 8-9 ay əvvəl tanımışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldadıb pulun almaqda vasitəçi olmaqda məqsədi sadəcə olaraq Zərərçəkmiş şəxs kömək etmək olmuşdur.Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı 2750 manat puldan bir manatda olsa belə verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid2 məhkəməyə gəlməmişdir. Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid2 həmin ifadəsində bildirmişdir ki, ünvan 4 ünvanında daimi qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs 2024-cü ilin iyun-iyul aylarından tanımışdır. Tanışlıqlarına səbəb Təqsirləndirilən şəxs ona icarə verdiyi “Hyundai” Elantra markalı avtomobili ondan icarəyə götürməsindən sonra yaranmışdır. Təxminən 2024-cü ilin yay aylarında qəza törətdikdən sonra avtomobili düzəltdirdiyi üçün Cəfər onda özünə qarşı inam yaratmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ondan müxtəlif markalarda avtomobil icarəyə götürmüşdür. Leobanka məxsus son 8 rəqəmi 92296627 nömrəli olan plastik kartın tam nömrəsi 4098 5844 9229 6627 nömrədir və həmin kart hesabı ona məxsusdur. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində 4098 5844 9229 6627 nömrəli plastik kart hesabına 200 manat pul köçürülmüşdür, Həmin pulun 200 manat pulu köçürən şəxsi şəxsən tanımır. Lakin həmin pulu Təqsirləndirilən şəxs ona olan borcu əsasında köçürmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldadıb pul alması barədə məlumatı yoxdur və Cəfər bu barədə ona heç bir söz deməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid3 məhkəməyə gəlməmişdir. Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid3 həmin ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır, fərdi əməklə məşğul olaraq gəlir əldə edir. Təqsirləndirilən şəxs 2024-cü ilin təxmini olaraq avqust ayında tanımışdır. Tanışlıqlarına səbəb Cəfərin mənim bacısı qızı ilə nişanlı olması olmuşdur. Beləki, Cəfərlə bacısı qızı nişanladıqdan sonra aralarında səmimi münasibət yaranmışdır. Leobanka məxsus son 8 rəqəmi 65717120 nömrəli olan plastik kartın tam nömrəsi 4098 5844 6571 7120 nömrədir və həmin kart hesabı ona məxsusdur. Lakin həmin kartı 2024-cü ilin, sentyabr ayının əvvələrində istifadəsi üçün Cəfərə vermişdir. Belə ki, Cəfər ona özünün istifadəsi üçün bank kartı lazım olduğunu demiş, o isə həmin kartı istifadə etmək üçün Cəfərə vermişdir. xx.xx.2024-cü il tarixdə saat 22:01:33-də 4098 5844 6571 7120 nömrəli plastik kart hesabına köçürülmüş 100 manat məbləğ barədə məlumatı yoxdur. Çünki həmin vaxt qeyd olunan kart Cəfərin istifadəsində olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldadıb pul alması barədə məlumatı yoxdur və Cəfər bu barədə ona heç bir söz deməmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 17 fevral 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X2 icraatına qəbul edilmişdir; 10 mart 2025-ci il tarixli şəxsin şübhəli şəxs qismində tanınması və barəsində axtarış elan olunması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tanınmış və barəsində axtarış elan olunmuşdur; Saatlı rayon İcra Hakimiyyəti Başçısının Məzrəli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə özünü yaxşı aparmış, kənd sakinləri ilə normal münasibət saxlamış və kəndin ümumi işlərində camaatla bərabər olmuşdur; “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 05 mart 2025-ci il tarixli, 18-1-65/2-194/2025 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs “Saatlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində narkoloji, alkoqol və ruhi-əsəb xəstəlikləri ilə bağlı dispanser qeydiyyatda yoxdur; Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; 19 mart 2025-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Saatlı rayonu ərazisində tutularaq Şirvan şəhər polis şöbəsinin İstintaq bölməsinə təhvil verilmişdir; 19 mart 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir; 19 mart 2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; 16 aprel 2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; 26 iyun 2025-ci il tarixli qətimkan tədbirinin dəyişdirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri daha ciddi qətimkan tədbiri ilə əvəz olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir; 27 iyun 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid3 məxsus 4098 5844 6571 7120 nömrəli və Şahid2 məxsus 4098 5844 9229 6627 nömrəli kart məlumatları üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2024-cü il tarixədək həyata keçirilən əməliyyatlar barədə məlumatların əsk olunduğu, cinayət işi materillaırna əalvə edilmiş «X3» ASC-dən xx.xx.2025-ci il tarixli, HTİD-OUT-02721-2025 nömrəli məktubla əldə olunmuş 01 ədəd “CD” disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Təqdim olunan sənədlərə baxış keçirilərək cinayət işi materillarına əlavə edilməsi haqqında xx.xx.2025-ci il tarixli protokolla cinayət işi materillarına əlavə edilmiş xx.xx.2024-cü il tarixdə, saat 15:38:39 dəqiqədə, ünvan 5 ünvanında yerləşən "xxxx" elektron ödəmə sistemi vasitəsilə R***** C***** E***** OG** adına olan, 5239915******4780 nömrəli bank karıtna ********** nömərli əməliyyat üzrə 200 manat, xx.xx.2025-ci il tarixdə saat 22:01:33 dəqiqədə ünvan 6 ünvanında yerləşən “MilliÖN” elektron ödəmə sistemi ilə Şahid3 məxsus son 8 rəqəmi 65717120 olan bank karıtna **********7 nömərli əməliyyat üzrə 100 manat və xx.xx.2025-ci il tarixdə saat 22:40:55 dəqiqədə ünvan 6 ünvanında yerləşən “MilliÖN” elektron ödəmə sistemi ilə Şahid2 məxsus son 8 rəqəmi 92296627 olan bank karıtna **********9 nömərli əməliyyat üzrə 200 manat ödənməsini təsdiq edən 03 ədəd qəbzin surəti cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 141.2-1, 142.1, 142.2, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etmədiyindən Qanunun həmin müddəası onun barəsində tətbiq edilməməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə təqsirləndirilən şəxsin ifadəsini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıqaşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü, əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cəza təyin edərkən, təqsirləndirilən şəxsin azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə, həmçinin törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, lakin zərərçəkmiş şəxs ilə aralarında barışığın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 13:15-da axtarış nəticəsində tutulmuş, həmin tarixdə, saat 16dan sonra saxlanıldığı Şirvan şəhər Polis şöbəsinin MSY-dən azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən həmin hal nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd “CD” disk və 03 (üç) ədəd ödəmə qəbzləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə, hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Zərərçəkmiş şəxsə tələb etdiyi əlavə maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2025-ci il tarixdə tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılsın və onun üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Saatlı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Saatlı rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd “CD” disk və 03 (üç) ədəd ödəmə qəbzləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Zərərçəkmiş şəxsə tələb etdiyi əlavə maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar