Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-112/2023 05.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 14:50-da Şirvan şəhər Məhkəməsinin hakimi X7 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxx 1996-cı ildə Sabirabad rayonu, Qəzli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Şirvan şəhər Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şirvan şəhər Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarı ilə “08 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, Şirvan Apelyasiya Məhkəməsinin 19 may 2022-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 05 ay 22 gün hissəsi 02 ay 26 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham olunaraq məhkəməyə verilmişdir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 345,23 qram olan narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və Şirvan şəhər polis şöbəsinin Cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 fevral 2023-cü il tarixdə, saat 13:20 radələrində Şirvan şəhəri, S.Zeynalov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman üzərində qanunsuz saxladığı əynində olan şalvarının sağ yan cibindən 2 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,11 qram, 0,12 qram, əynində olan gödəkçəsinin içəri sol qoltuq hissəsindən 1 ədəd polietilen torbada isə təmiz çəkisi 345,0 qram, ümumilikdə 345,23 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verib göstərdi ki, 26 fevral 2023-cü il tarixdə axşam saatlarında Şirvan şəhəri ərazisindən keçən Kür çayının yaxınlığında yerdə üç ədəd, ikisi kağız biri isə sellofan olan büküm görmüş və həmin bükümlər diqqətini cəlb etdiyi üçün onları götürüb yerdən qaldırıb içinə baxmış, bükümlərin içərisində narkotik vasitə marixuana olduğunu görmüşdür. Özü marixuanadan istifadə etdiyi üçün həmin bükümləri götürüb oradan uzaqlaşmışdır. Bundan sonra yaşadığı məhləyə gələrək tapdığı narkotik vasitə marixuananın binalarının zirzəmisində gizlətmişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında qeyd etdiyi zirzəmidə gizlətdiyi içərisində narkotik vasitə marixuana olan sellofanı və kağız bükümləri zirzəmidən götürüb etibarlı yerdə gizlətmək qərarına gəlmişdir. Həmin gün saat təxminən 13 radələrində evdən həyətə düşmüş və zirzəmidə gizlətdiyi marixuananı götürərək kağız bükümləri şalvarının sağ yan cibinə qoymuş, sellofan bükümü isə cibinə yerləşmədiyindən əynində olan gödəkçəsinin içəri qoltuq hissəsinə qoyaraq zirzəmidən çıxmışdır. Məhəllədən uzaqlaşmaq istəyərkən bir neçə nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində narkotik vasitələrin qanunsuz gəzdirilməsində şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O, üzərində marixuana olduğu üçün buna etiraz etmiş, lakin sonra razılaşaraq polis əməkdaşları ilə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi1 seçmişdir. Bir müddət sonra vəkil Müdafiəçi1 gəldikdən sonra üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyini təklif etdikdə, o əynində olan şalvarının sağ yan cibindən iki ədəd içərisində marixuana olan kağız bükümləri və gödəkçəsinin içəri qoltuq hissəsində gizlətdiyi içərisində narkotik vasitə marixuana olan sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə narkotik vasitə marixuana olduğunu bildirmişdir. Bundan sonra şalvarının sol yan cibindən özünə məxsus Nokia markalı mobil telefonunu çıxarıb onuda masanın üzərinə qoymuşdur. Özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir, Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, ondan aşkar edilib götürülmüş narkotik vasitə qurudulmuş marixuananı da satmaq niyyəti olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz yolla narkotik vasitələr əldə edib üzərində saxlamaqla, istifadəsi və dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması məqsədilə tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və həmin qərarın icrası ilə bağlı o, CAB-nin əməliyyat müvəkkili Şahid2 Qabil oğlu və TB-nin təhqiqatçısı X1 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra saat 13:20 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhər S.Zeynalov küçəsində olarkən Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşmışlar və özlərini təqdim edib, barəsində qanunsuz yolla narkotik vasitələr əldə etməsi, saxlaması, istifadəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirərək, sonuncunu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs ilk öncə yayınmaq istəsə də, sonra etiraz etməyib onlarla birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Polis şöbəsində raportla rəhbərliyə müraciət etdikdən sonra raport üzrə araşdırma aparılması Təhqiqat bölməsinə həvalə olunmuşdur. Təhqiqat bölməsində təhqiqatçı Səxavət Garayev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş və vəkil gəldikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ balaca yan cibindən iki ədəd kağız büküm və əynində olan qara rəngli gödəkçəsinin içərisinin qoltuq hissəsindən bir ədəd sellofan torbanı çıxarıb masanın üzərinə qoyaraq, təqdim etdiyi bükümlərdə və sellofan torbada narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd kağız büküm və bir ədəd sellofan torba təhqiqatçı tərəfindən açıldıqda içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən özünə məxsus “Nokia TA-1017” markalı mobil telefonu aşkar olunmuşdur. Başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd kağız bükümlərdə və bir ədəd sellofan torbada olan maddələrin narkotik vasitə marixuana olduğunu, həmin marixuananı xx.xx.2023-cü il tarixdə axşam saatlarında Şirvan şəhərində Kür çayının sahilindən tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytanantı Şahid2 Qabil oğlu Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ balaca yan cibindən iki ədəd kağız büküm və əynində olan qara rəngli gödəkçəsinin içərisinin qoltuq hissəsindən bir ədəd sellofan torbanı çıxarıb masanın üzərinə qoyaraq, təqdim etdiyi bükümlərdə və sellofan torbada narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. İş materiallarında olan 27 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan və diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının sağ yan cibindən 2 ədəd kağız bükümdə və əynində olan gödəkçəsinin içəri sol qoltuq hissəsindən sellofan torbada içərilərində narkotik vasitə marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə-bioloji ekspertiza” üzrə 28 fevral 2023-ci il tarixli, 18/240 №-li rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «…4/imza var/ Təqsirləndirilən şəxs…» imzalar olan kağız paketdə 2 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,11 qram, 0,12 qram, 1 ədəd polietilen torbada təmiz çəkisi-345,0 qram, ümumi çəkisi-345,23 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumiçəkisi 345,23 qram, tədqiqata sərf edilən miqdarı 0,06 qram (hər ob-0,02 qr), qalıq 345,17 qramdır. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2023-cü il tarixdə, saat 14.00-da şübhəli şəxs qismində tutulmuş, Şirvan şəhər Məhkəməsinin 01 mart 2023-cü il tarixli qərarı ilə həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmiş, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 31 mart 2023-cü il tarixdə verilmiş 1994 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşayır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və ya şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 11 aprel 2023-cü il tarixli, 2070 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olmasıını nəzərə alaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Məhkəmə-psixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 1026 saylı rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Tibbi sənədlərə əsasən anamnezində keçirilmiş “Yüngül dərəcəli ifadə olunmuş nevrasteniya, özünü kəsmələrlə” qeyd edilmişdir. Təqsirləndirilən şəxs xasiyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixatrik müayinənin nəticələri və s. Sübut edir. Belə ki, A.A.Bağırovda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar edilir. Təqsirləndirilən şəxs təsvir edilən hadisəni törədən zaman hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs öz hərəkətlərinə qiymət vermək və onları dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hadisə törədilən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirinin tətbiq edilməsinə ehtiyac yoxdur. İş materiallarında olan verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər polis şöbəsinin məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə marixuananı haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək üçün müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, məxfi aqentlər təlimatlandırılmış, lakin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən olunmuşdur. İş materiallarında olan «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin 29 mart 2023-cü il tarixli, PHŞ-6-35/2-111/2023 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan ŞMP-nın ruhi-əsəb kabinetində “Yüngül dərəcəli ifadə olunmuş nevrasteniya, özünü kəsmələrlə” qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan şəhər Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şirvan şəhər Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarı ilə “08 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, Şirvan Apelyasiya Məhkəməsinin 19 may 2022-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 05 ay 22 gün hissəsi 02 ay 26 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş AZ-İİİ № 958759 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2016-cı il tarixdə Şirvan şəhərində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X2r. Cinayət işi materiallarına əlavə edilmiş AZ-İV № 936061 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2017-ci il tarixdə Şirvan şəhərində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X2r. Cinayət işi materiallarına əlavə edilmiş AZ-İV № 593758 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2021-ci il tarixdə Şirvan şəhərində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X2r. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan 345,23 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, daşıyaraq həmin qurudulmuş marixuananı 345 qramını 01 ədəd polietilen torbada, 0,11 qram və 0,12 qramını isə 02 ədəd kağız bükümdə qablaşdıraraq üzərində saxlamış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Halbuki istintaq orqanı Təqsirləndirilən şəxs üzərində olan şəxsi istehlak miqdarından artıq miqdarda 345,23 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlaması qənaətinə gəlib ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham irəli sürmüşdür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətdir. Göründüyü kimi qanunun mənasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satmaq üçün əldə edib saxlaması haqda nəticəyə gəlmək üçün məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib saxlaması sübut edilməlidir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət elən narkotik vasitələri və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahıya əsasən qurudulmuş marixuana narkotik vasitədir, onun 5 qramı şəxsi istehlak miqdarının yuxarı həddidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında»Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki,cinayət qanunvericiliyinə əsasən CM-in 234.1-234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri formal tərkibli olduğundan onların başa çatmış hesab edilməsi üçün təqsirkarın qeyd olunan maddələrlə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. İş materiallarından və eləcə də təqsirləndirilən şəxsin verdiyi ifadələrdən də görünür ki, onun məqsədi məhz narkotik maddəni şəxsi istifadəsinə yönəlmişdir. İş materiallarında bu xüsusatı təkzib edən hər hansı bir sübut mövcud deyil. Bu hal həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6-Narkoloji tibbi müayinənin ekspert komissiyasının 11 aprel 2023-cü il tarixli, 2070 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Beləliklə cinayət işi materiallarına əlavə edilmiş sənədlərə baxdıqda və məhkəmə istintaqında tədqiq edilmiş sübutlardan aydın olur ki,Təqsirləndirilən şəxs qarşı ittihamın irəli sürülməsinə üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananın miqdarı əsas olmuşdur. İş üzrə dindirilmiş əməliyyat-axtarış tədbirində iştirak etmiş polis əməkdaşı Şahid1 aşkar olunmuş narkotik vasitənin satış niyyəti ilə əldə edilməsi haqqında deyil, müstəsna olaraq əməliyyat axtarış tədbirinin gedişində baş verənlər və narkotik vasitənin üzərində saxlaması faktını aşkar etməsi barədə məlumat verən şəxsdir. İbtidai istintaqı aparan orqan ittihamın sübut olunmasında yaranan, sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verməyən şübhələr olmasına baxmayaraq bu şübhələrin aradan qaldırılması üçün qanunda nəzərdə tutulan tədbirləri görmədən, sübutlar arasında ziddiyyətləri aradan qaldırmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 345,23 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 2 ədəd xırda bükümlərə bölünməsini və miqdarını nəzərə alaraq ona qarşı CM-in 234.2-ci maddəsi ilə cinayət törətməsi ittihamı irəli sürmüşdür. Halbuki şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə və ehtimallara əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Ona görə də məhkəmə qeyd edilən səbəbdən hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə tövsif edilməsi cinayət qanunvericiliyinə münasibətdə əsaslı və qanuni sayıla bilməz,onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında,qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-in 28.4.2ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. CPM-in 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə cəza təyin edərkən qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində 3 azyaşlı uşaqların olmasını, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddəsilərinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddləri daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli – 27 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbiri ləğv edilməli, həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalında həbsə alınmalı, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X3 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 345,23 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalında həbsə alınsın, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X3 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 345,17 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(032)-112/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-112/2023
05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver