Məhkəmə qərarları › İş №1(032)-114/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-114/2024

11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-114/2024 11.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 14:45 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs hüquqi varisi X1, Müdafiəçi - Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx.xx.1984-cü il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində 03 dekabr 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah olan bir ədəd bıçağı əldə etmiş və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib saxlamaqla daşımış və satmışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda bir ədəd soyuq silah olan bıçağı qanunsuz olaraq əldə etmiş, 02 dekabr 2023-cü il tarixdə, saat 03:45-də Şirvan şəhər PŞ-nin əməkdaşları tərəfindən şəhərin Vidadi küçəsində saxlanılan zaman yaşadığı Vidadi küçəsi 11, ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin çöl pəncərəsinə keçirilmiş 1 (bir) ədəd əldədüzəltmə üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş və soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və vaxtda 0,157 qram narkotik vasitə heroini və 0,236 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, 0,157 qram narkotik vasitə heroini və 0,236 qram psixotrop maddə metamfetaminin 0,081 qramını 02 dekabr 2023-cü il tarixdə saat 23 radələrində əvvəlcədən aralarında olan danışıq əsasında Şirvan şəhəri Vidadi küçəsində tanışı Şahid3 sonuncunun soyğunçuluq yolu ilə əldə etdiyi 01 ədəd 800 manat dəyərində “İPHONE X” markalı mobil telefon əvəzində satmış, qalan 0,155 qram psixotrop maddə metamfetamini isə üzərində saxlamaqla daşımış, 03 dekabr 2023-cü il tarixdə saat 03:45-də Şirvan şəhər PŞ-nin əməkdaşları tərəfindən Şirvan şəhəri Vidadi küçəsində saxlanaraq PŞ-yə gətirilib, üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan şalvarın sol yan cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi - 0,155 qram eyni tərkibli psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi 21 may 2024-cü il tarixdə Şirvan şəhər Məhkəməsinin icraatına daxil olmuş, məhkəmənin hazırlıq iclası 04 iyun 2024-cü il tarixə, saat 15:40-a təyin edilmiş, lakin Təqsirləndirilən şəxs məhkəmədə iştirak etməmiş, onun ölməsi müəyyən olunmuş, bu barədə Şirvan şəhər prokurorluğuna müvafiq sorğu verilməklə məhkəmə iclası 11 iyun 2024-cü il tarixə, saat 14:45-ə təxirə salınmışdır. Şirvan şəhər prokurorluğunun xx.xx.2024-cü il tarixli, 88C-24 nömrəli məktubunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə yaşadığı evin həyətyanı sahəsində olan ağacdan özünü asaraq intihar etmiş, fakta bağlı hazırda Şirvan şəhər prokurorluğunda araşdırma aparılır və araşdırma ilə bağlı yekun qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 106-1.3-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs anası X2 ölmüş təqirləndirilən şəxsin hüquqi varisi qismində tanınması barədə məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmış anası X2 ərizə verərək mərhum oğlu Təqsirləndirilən şəxs öldüyündən barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçisi X3 hüquqlarını müdafiə etdiyi şəxsin əməli törətdikdən sonra öldüyünə görə cinayət təqibinə xitam verilməsinə razı olduğunu bildirdi. Cinayət işinin materiallarına əlavə edilmiş: 22 fevral 2024-cü il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.4 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış və ********* nömrəli cinayət işində olan müvafiq sənədlərin əsli və ya surəti siyahı üzrə ********* nömrəli cinayət işinə əlavə edilmişdir; 03 dekabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan və 1 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynində olan idman şalvarının sağ yan cibindən 1 ədəd elektron tərəzi, 1 ədəd “Samsung” markalı mobil telefon, şalvarının sol yan cibindən 1 ədəd Rothmans markalı siqaret qutusu, 1 ədəd kibrit qutusu və 1 ədəd qırmızı rəngli kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. 03 dekabr 2024-cü il tarixli baxış keçirmə haqqında protokoldan və 1 ədəd DVD diskdən görünür ki, baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yaşadığı küçədə saxlanılarkən aşkar edilmiş 2 ədəd bıçaq təqdim edildi, Təqsirləndirilən şəxs həmin 2 ədəd bıçağın ona məxsus olmasını, həmin bıçaqların mərhum atasından ona qaldığını bildirdi. Təqsirləndirilən şəxs həmin bıçaqdan açılıb qatlanan bıçağı üzərində gəzdirdiyini, digər bıçağı isə evində saxladığını bildirdi. Baxışda iştirak edən CAB-nin əməliyyat müvəkkili Şahid1 bildirdi ki, iri tiyəsi və iri dəstəyi olan bıçaq evin çöl tərəfində pəncərənin yanına sancılmışdı. Həmin vaxt bıçaq tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs bildirdi ki, iri bıçağı heyvan kəsmək üçün saxlayır. Məhkəmə kimyəvi ekspertizasının 03 dekabr 2023-cü il tarixli 18/1095 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən..qırmızı rəngli kağızda olan...” sözləri yazılmış kağız paketi açdıqda 01 ədəd qırmızı rəngli kağız bükümdə təmiz çəkisi-0,155 qram olan ağımtıl rəngli maddə psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən..elektron tərəzi...” sözləri yazılmış kağız paketdə 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən iz mikrohissəciklərinin miqdarını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş 02 ədəd bükümdə olan psixotrop maddə metamfetaminin xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni tərkiblidir. Tədqiqata sərf edildi - 0,05 qram, qalıq 0,105 qram. 03 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir; 03 dekabr 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 dekabr 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 07 dekabr 2023-cü il tarixli, 18/1096 rəyindən görünür ki, İ.Tədqiqata təqdim edilmiş bir ədəd bıçaq - zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, soyuq silah hesab edilmir. İİ. Tədqiqata təqdim edilmiş bir ədəd bıçaq əldədüzəltmə üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, soyuq silah hesab edilir. 07 may 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 234.2-ci maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir; Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla cinayət məsuliyyəti müəyyən edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət məsulliyyəti müəyyən edir. Hazırda məhkəmə hesab edir ki, məhkəmədə işin icraatına xitam verilməsi əsasları müəyyən edildiyindən cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 41.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli şəxsin), habelə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyündən və cinayət təqibinə xitam verilməsi barədə Təqsirləndirilən şəxs hüquqi varisi X1 cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair ərizəsi olduğundan, həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi buna dair razılığı olduğundan, cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri xitam olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,105 qram olan psixotrop madə olan metamfetamin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 03 (üç) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 134 manat 38 qəpik məbləğində dəyəri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.2-ci maddəsinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 39.1.5, 41.2, 300.1.7 və 384.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxs öldüyünə görə xitam verilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. İş üzrə maddi sübut olan və Şirvan şəhər polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,105 qram olan psixotrop madə olan metamfetamin, 01 ədəd elektron tərəzi və 01 ədəd soyuq silah hesab edilən bıçaq məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 03 (üç) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə məhkəmə xərcləri 134 manat 38 qəpik məbləğində dəyəri dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar