Məhkəmə qərarları › İş №1(032)-115/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-115/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-115/2023 07.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ SAAT 11.50-DƏ Şirvan şəhər Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, 14 yanvar 1988-ci ildə Qazı-Məmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta-ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 5-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 27 yanvar 2023-cü il tarixdə saat 17 radələrində ünvan 1 ünvanda yerləşən Şirvan şəhər mərkəzi xəstəxanasının yanında olarkən həmin xəstəxananın inzibati binasının çöl hissəsinə quraşdırılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus bankomatdan qızı Zərərçəkmiş şəxs məxsus identifikasiya nömrəsi olan elektron məlumat daşıyıcısı hesab edilən 4169-7416-8905-0324 nömrəli bank kartından sosial müavinəti çıxarmaq istəyən Şahid1 bank kartından pulun çıxarılmasında köməklik göstərilməsi ilə bağlı müraciətindən sonra sonuncuya yaxınlaşaraq, bank kartını götürüb 4169-7416-8905-0324 və arxasında olan «110» nömrəsini istifadəsində olan “iPhone” markalı mobil telefona qeyd etdikdən sonra bank kartını bankomata formal olaraq daxil edib, çıxardaraq bank kartını Şahid1 qaytarıb, hesabda pul olmadığını bildirdikdən sonra mobil telefonundakı "xxxx" ASC-nin mobil tətbiqindən istifadə etməklə Zərərçəkmiş şəxs məxsus həmin bank kartının hesabındakı 398 manat 50 qəpik pulu saat 17:33-də 108 manat, saat 17:35-də 150 manat, saat 17:37-də 10 manat, saat 17:37-də 10 manat, saat 17:38-də 10 manat, saat 17:39-da 4 manat, saat 17:49-da 10 manat, saat 17:40da 50 manat, saat 17:41-də 30 manat, saat 17:42-də 15 manat, saat 17:45-də 1 manat 50 qəpik olmaqla cinayətin törədilməsindən məlumatı olmayan dostu Şahid2 məxsus "xxxx" ASC tərəfindən verilmiş 5213-6751-4183-3914 nömrəli bank kartına köçürərək, sonradan Hacıqabul rayonunda yerləşən «Hacıqabul market» adlı mağazanın qarşısındakı bankomatdan dostu Şahid2 məxsus bank kartından qeyd olunan 398 manat 50 qəpik pulu çıxarıb, gizli olaraq talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla elektron məlumat daşıyıcısından istifadə edib oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək vermiş olduğu ifadəsində bildirdi ki, Hacıqabul şəhər sakini, Şahid2 onun uşaqlıq dostudur, onunla 27 yanvar 2023-cü il tarixdə Şirvan şəhərinə gəlmişlər, o, özünə paltar alacaqdı, lakin pulu az olmuşdur. Maddi cəhətdən sıxıntısı olduğundan kart vasitəsi ilə onlayn üsulla oğurluq etmək qərarına gəlmiş, lakin bu fikrini dostu Balaqədirə bildirməmiş, sadəcə Balaqədirə demişdir ki, «sən öz bank kartının seriya nömrəsini mənə ver, kartına pul atacam, mənim plastik bank kartım limitlidir, pul çıxartmaq olmur». Balaqədir onunla razılaşmış, lakin ondan haradan kartına pul atacağını soruşmamış, o da Balaqədirə bu barədə bildirməmişdir. Birlikdə piyada Şirvan şəhər mərkəzi xəstəxanasına tərəf getmişlər, Balaqədirə demişdir ki, «gözlə məni gəlirəm». Balaqədir onu həmin xəstəxananın yaxınlığında yerləşən parkda gözləmişdir. Qeyd etsin ki, Balaqədirin Azərtürk banka məxsus plastik kartı vardır, onun da sarı rəngdə olan həmin banka məxsus plastik kartı olmuşdur. Təxminən saat 17:30 radələrində qəti olaraq plastik bank kartından onlayn üsulla oğurluq etmək qərarına gəlib tək Şirvan ŞMX-nın yerləşdiyi binanın yan tərəfində olan bankomata getmişdir. Bankomatın qarşısında yaşlı qadın və bir kişi vardır. O, ətrafda təhlükəsizlik kameralarının olubolmadığına baxmışdır. Görmüşdür ki, cavan oğlan yaşlı qadının bankomatdan plastik kartından pul çıxartmağına kömək edir, fikirləşmişdir ki, yaşlı qadını aldadıb plastik kartından onlayn üsulla pulunu oğurlaya bilər. Cavan oğlanı və yaşlı qadının fikirlərini yayındırmaq üçün plastik kartını bankomata daxil edib balansını yoxlamış, dəqiq yadında deyil təxminən 12-13 manat pul olmuşdur. Bununla bağlı bankomatdan qəbz götürmüş, lakin heç yerə getməmiş, orada gözləmişdir. Yaşlı qadının əlində 4-5 plastik bank kartı vardır, qadına kömək edən tanımadığı cavan oğlan ona sual vermişdir ki, «mən tələsirəm, sən yaşlı qadına kömək edə bilərsən», o da kömək edə biləcəyini demiş, yaşlı qadın ona göy rəngli plastik bank kartını vermiş, o, həmin plastik kartı bankomata daxil etmiş, balansında pul olmadığından çıxarıb qadına vermiş, qadın ona başqa bir plastik kart vermiş, o, kartı bankomata daxil etmiş, onun da balansında pul olmamışdır. Sonra qadın ona qara rəngli plastik bank kartını vermiş, o, həmin qara rəngli bank kartının üzərində və arxasında olan nömrəni mobil telefonuna tez yazmış, bankomata daxil etmiş, yalandan pulun olmadığını deyib bankomatdan çıxarıb qadına vermişdir. Elə həmin vaxt işlətdiyi iPhone mobil telefonu vasitəsi ilə Azərtürk bank proqramı vasitəsi ilə karta mədaxil hissəsinə daxil olub yaşlı qadından götürdüyü qara rəngli plastik bank kartın üzərində olan nömrəsini yazmış, kart həmin vaxt təhlükəsizlik kodu istəməmiş, o, plastik kartın üzərində olan, yəni mobil telefonuna az əvvəl yazdığı nömrəni proqrama yazıb 108, 150, 10, 10, 10, 4, 10, 50, 30, 15 və 1.5 manat pulu dostu Balaqədirin Azərtürk bankına məxsus plastik bank kartına onlayn mədaxil etmiş və dərhal oradan uzaqlaşıb Balaqədirin yanına getmişdir. Balaqədirə demişdir ki, kartını yoxlasın, pul atmış, gedib Hacıqabul şəhərində çıxartsınlar. Balaqədir mobil telefonda proqram vasitəsi ilə kartına baxmış, 398 manat pulun mədaxil olduğunu demişdir. Onunla birlikdə tanımadığı taksi ilə Şirvan şəhərindən Hacıqabul şəhərinin mərkəzinə getmişlər. Hacıqabul şəhərinin mərkəzində yerləşən “Hacıqabul” marketin qarşısında olan bankomatdan xahiş etdiyi üçün Balaqədir 398 manat pulu məxaric etmişdir. Balaqədir məxaric etdiyi 398 manat pulu ona vermişdir. Balaqədirə 398 manat pulu onlayn üsulla az əvvəl yaşlı qadının plastik bank kartından oğurladığını deməmiş, nədə ki, Balaqədir bundan şübhələnməmişdir. Bundan başqa o, heç yerdən və ya heç kimin plastik bank kartından oğurluq etməmişdir. O, həmin hadisədən sonra Balaqədirlə Hacıqabul şəhərində bir neçə dəfə görüşmüş, lakin söhbət zamanı Balaqədirə 398 manat pulu onlayn üsulla oğurladığını deməmiş, nədə ki, Balaqədir bu barədə ondan heçnə soruşmamışdır. Plastik bank kartından onlayn üsulla oğurluq etdiyi yaşlı qadını üzdən tanımış, adını əvvəl bilməmiş, lakin sonradan bilmişdir ki, həmin şəxs Şirvan şəhərində yaşayan Şahid1dır. Etdiyi əməldən peşmandır. Oğurluğu tək etmiş, bunda ona heç kim köməklik etməmişdir. Əməlindən peşmandır. Halhazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tam şəkildə aradan qaldırmışdır. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, başsız ailə olduğundan ona dövlət tərəfindən 3 uşaqlı ana olduğuna görə sosial müavinat verilir. Kapital Banka məxsus plastik kartı onda olmuş, lakin onun bankomatdan pulu çıxarmağa vaxtı olmadığından anası Gülxanıma vermişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 18 radələrinə yaxın anası ona zəng edib plastik kartdan pul çıxara bilmədiyini demişdir. Axşam anası ilə görüşmüş, fikirləşmişdir ki, anası yəqin pulu bankomatdan çıxara bilməmişdir. Özü 196 xidmətinə zəng edib məlumat aldıqda ona məxsus plastik kartdan 398 manat 50 qəpik pulun onlayn çıxarıldığı bildirilmişdir. O, bundan sonra xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidmətinə məlumat vermiş və anası Gülxanım bu barədə Şirvan polisinə ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində ona 398 manat 50 qəpik maddi ziyan dəymişdir. Hazırda ona dəymiş zərər tam olaraq aradan qaldırılmış, təqsirləndirilən şəxslə barışmış, ona görə də ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qərar qəbul edərkən bu halın nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, qızı Əmirova X2 Bank ASC-dən 4169 7416 8905 0324 nömrəli plastik kart vasitəsi ilə sosial müavinat alır, qızı Şirvan şəhəri, F.X.Xoyski küçəsində yerləşən Mənzil Təsərrüfat idarəsində xadimə işləyir, işlə əlaqədar vaxtı olmadığı üçün qızının sosial yardımını o, alır. xx.xx.2023-cü il tarixdə təxminən saat 18 radələrinə yaxın sosial yardımı almaq üçün Şirvan şəhəri, H.Əliyev prospektində Şirvan ŞMX-nın qarşısındakı bankomata yaxınlaşmışdır. Bankomatdan pul məxaric edə bilmədiyi üçün orada olan bir cavan oğlana ona köməklik etməyini xahiş etmişdir. Həmin vaxt onda 4-5 plastik kart vardır. Həmin plastik bank kartlarını cavan oğlana vermiş, oğlan bank kartlarını bir-bir yoxlamış və həmin bank kartlarında pul olmadığını demişdir. Cavan oğlan qızına məxsus bank kartını əlində tutan zaman əlində telefon vardır və həmin telefonla nəsə etmişdir. Oğlan qızına məxsus bank kartını bankomata salıb sonradan çıxararaq ona vermiş və kartda pul olmadığını demiş, sonra isə çıxıb getmişdir. O, həmin şəxsdən şübhələndiyi üçün orada olan digər şəxsdən bank kartını yoxlamasını xahiş etmiş, həmin şəxs bank kartını bankomata salmış, lakin bankomatda heçnə görünməmişdir. Bundan sonra o, "xxxx" ASC-nin Şirvan şəhər filialına yaxınlaşmış, lakin oradan ona sistemin bağlı olduğunu demişlər. Sonra isə o, 196 çağrı mərkəzinə zəng vurmuş və oradan onlara qızına məxsus bank kartından 398 manat 50 qəpik pulun başqa karta yönləndirildiyi bildirilmişdir. Bu səbəbdən də polisə müraciət etmişlər. Qeyd etsin ki, qızına məxsus bank kartından pulu oğurlayan şəxs arıq bədən quruluşlu olmuş, boyu 180 sm, ağbəniz oğlan olmuş, əynində qara rəngli idman paltarı, başında boz rəngli papaq olmuş, həmin şəxsi görsə tanıya bilər, hadisə nəticəsində qızı Zeynəbə 398 manat 50 qəpik maddi ziyan dəymişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid2 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində göstərmişdir ki, Hacıqabul şəhər sakini, Təqsirləndirilən şəxs onun uşaqlıq dostudur, onunla 27 yanvar 2023-cü il tarixdə Şirvan şəhərinə gəlmişlər, o, diş həkiminə gedəcəkdi, Aydın isə özünə paltar alacaqdır. Təxminən saat 18 radələrinə yaxın Aydın ona bankomatdan pul çıxardacağını demişdir. Onunla birlikdə piyada Kapital Bankın yerləşdiyi əsas binanın yanında bankomata getmişlər, O, bankomatın yanında gözləmiş, bankomatın qarşısında çoxlu şəxslər vardır. Aydın plastik bank kartını bankomata daxil etmiş, sonra oradan balans barədə qəbzi çıxartmış, gəlib ona demişdir ki, buradan pul çıxartmaq alınmamış, gedib o biri bankomatdan pul çıxarsınlar. Aydından bunun səbəbini soruşduqda ona heç bir söz deməmişdir. Aydınla birlikdə Şirvan ŞMX-nın yerləşdiyi binanın yan tərəfində yerləşən bankomata doğru getmişlər. Yolda olarkən Aydın ondan plastik bank kartının üzərində olan nömrəni istədikdə sonuncudan bunun səbəbini soruşmuş, Aydın ona demişdir ki, onun plastik bank kartı limitdədir, plastik bank kartına pul atacaq. O, razılaşmış, plastik kartı Aydına vermiş, Aydın onun üzərində olan nömrəni mobil telefonuna yazmış, o, bankomatın yaxınlığında olan parkın girəcəyində Aydını gözləmişdir. O, dayandığı yerdən Aydını görmüşdür. Aydın bankomata yaxınlaşmış, özündə olan Azərtürk banka məxsus plastik kartını əlində saxlamış, Aydından başqa bankomatın qarşısında yaşlı qadın və bir cavan oğlan vardır. Təxminən 5 dəqiqədən sonra Aydın onun yanına gəlmiş, ona demişdir ki, sənin plastik kartına pul atmışamə. O, mobil telefonunda olan Azərtürk bank mobil proqrama daxil olduqda 398 manat pulun mədaxil olunduğunu görmüş, həmin pulun necə onun kartına mədaxil etdiyini soruşmamışdır. Aydınla birlikdə Hacıqabul şəhərinə getmişlər, şəhərin mərkəzində Hacıqabul marketin qarşısındakı bankomatın qarşısında Aydın ondan xahiş etdiyi üçün oradakı bankomatdan 398 manat pulu bankomatdan məxaric etmiş, Aydın marketin içərisində olmuşdur. O, 398 pulu Aydına vermiş, sonuncuya həmin puldan ona da verməyini istəmiş və yaxud ona siqaret almağını xahiş etmiş, lakin Aydın həmin puldan ona verməmiş, nədə ki, siqaret almamışdır. Bundan sonra Aydın çıxıb Setmişdir. Şirvan şəhər polis şöbəsinə dəvət olunanda ona məlum olmuşdur ki, Aydın onun blastik bank kartına mədaxil etdiyi 398 manat pulu Aydın yaşlı qadının plastik kartın ünlayn üsulla onun plastik kartına atmış, lakin onun bundan heç bir xəbəri olmamışdır. Ünun heç ağlına gəlməzdir ki, Aydın kiminsə plastik bank kartın onlayn üsulla pul Uğurlayar, çünki onun özünə də, pul lazım olanda hərdən Aydından borc pul almışdır. Aydın ilk dəfə olmuşdur ki, onun plastik bank kartına pul mədaxil etmiş, bundan əvvəl ona həxsuş plastik bank kartına pul mədaxil etməmişdir. Bundan başqa, Aydın 27 yanvar 2023. 3 il tarixdə onunla birlikdə Şirvan şəhərinə gedərkən kiminsə plastik bank kartından Ünlayn üsulla pulunu oğurlayacağını deməmişdir, heç o, Aydından şübhələnməmişdir. Onun Aydının etdiyi cinayətlə heç bir əlaqəsi yoxdur. Həmin hadisədən sonra 2 və ya 3 dələ Aydınla Hacıqabul şəhəri ərazisində görüşmüş, söhbət zamanı Aydın ona kiminsə plastik bank kartından oğurluq etdiyini deməmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 28 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanda yerləşən Şirvan şəhər mərkəzi xəstəxanasının inzibati binasının sol tərəfidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş İnformasiya Kommunikasiya İdarəsindən Şirvan ŞPŞ-nə daxil olmuş məktubda “Üztanıma”sistemi vasitəsi ilə aparılan araşdırmalar nəticəsində naməlum şəxsin xx xxxxxx 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. İş materiallarında olan şəxsin tanınmaya təqdim edilməsi haqqında 10 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 ona təqdim olunmuş şəxslərin arasından Təqsirləndirilən şəxs göstərərək məhz həmin şəxsin 27 yanvar 2023-cü il tarixdə onun verdiyi bank kartlarını bankomata daxil edib bank kartlarında pul olmadığını bildirdiyini qeyd etmişdir. İş materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyəti başçısının Hacıqabul şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 13 mart 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yaşayır. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2023-cü il tarixdə saat 00:55-də şübhəli şəxs qismində tutulmuş, 11 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ittiham elan edilmiş və həmin tarixdə, saat 20:55-də barəsində polisin nəzarəti altına qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür, hazırda ona dəymiş zərər tam olaraq aradan qaldırılmış, təqsirləndirilən şəxslə barışmış, ona görə də ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair » Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir.Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır.Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Həmin qərara əsasən ödəniş kartı ilə həyata keçirilən bütün bank əməliyyatları kartın sahibi və emitent (bank) arasında bağlanmış müqavilə əsasında və çərçivəsində həyata keçirilir. Kartı bankomata daxil edərək və klaviatura ilə müvafiq əməliyyatlar apararaq, təqsirli şəxs bilavasitə bankın seyfinə daxil olmur, sadəcə bank-emitentin əməliyyat sisteminə qoşularaq hesaba müdaxilə edir və banka müəyyən əməliyyatın aparılması üçün göstəriş verir. Burada bankomatın yarılmasından fərqli olaraq, saxlanc yerinə (bankomatın seyfinə) fiziki daxil olma baş vermir. Həmin qərara əsasən konkret şəxşin adına olan və oğurlanmış bank kartından istifadə etməklə nağd pul vəsaitlərinin oğurlanması zamanı, şəxs hər hansı texnologiyadan istifadə etmir, sadəcə olaraq ona məlum olan identifikasiya nömrəsini (pin kodu) bankın kompyuter sisteminə daxil etməklə kart sahibinin pul vəsaitini ələ keçirməyə nail olur, yaxud həmin şəxsin pul vəsaiti hesabına müxtəlif ödənişləri həyata keçirir. Həmin qərara əsasən Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, ödəniş kartında şəxs haqqında və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı kimi qiymətləndirilməli, ondan istifadə edilməklə törədilən oğurluq cinayəti isə Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 27 yanvar 2023-cü il tarixdə saat 17 radələrində ünvan 1 ünvanda yerləşən Şirvan şəhər mərkəzi xəstəxanasının yanında olarkən həmin xəstəxananın inzibati binasının çöl hissəsinə quraşdırılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus bankomatdan qızı Zərərçəkmiş şəxs məxsus identifikasiya nömrəsi olan elektron məlumat daşıyıcısı hesab edilən 4169-7416-8905-0324 nömrəli bank kartından sosial müavinəti çıxarmaq istəyən Şahid1 bank kartından pulun çıxarılmasında köməklik göstərilməsi ilə bağlı müraciətindən sonra sonuncuya yaxınlaşaraq, bank kartını götürüb 4169-7416-8905-0324 və arxasında olan «110» nömrəsini istifadəsində olan “iPhone” markalı mobil telefona qeyd etdikdən sonra bank kartını bankomata formal olaraq daxil edib, çıxardaraq bank kartını Şahid1 qaytarıb, hesabda pul olmadığını bildirdikdən sonra mobil telefonundakı "xxxx" ASC-nin mobil tətbiqindən istifadə etməklə Zərərçəkmiş şəxs məxsus həmin bank kartının hesabındakı 398 manat 50 qəpik pulu saat 17:33-də 108 manat, saat 17:35-də 150 manat, saat 17:37-də 10 manat, saat 17:37-də 10 manat, saat 17:38-də 10 manat, saat 17:39-da 4 manat, saat 17:49-da 10 manat, saat 17:40da 50 manat, saat 17:41-də 30 manat, saat 17:42-də 15 manat, saat 17:45-də 1 manat 50 qəpik olmaqla cinayətin törədilməsindən məlumatı olmayan dostu Şahid2 məxsus "xxxx" ASC tərəfindən verilmiş 5213-6751-4183-3914 nömrəli bank kartına köçürərək, sonradan Hacıqabul rayonunda yerləşən «Hacıqabul market» adlı mağazanın qarşısındakı bankomatdan dostu Şahid2 məxsus bank kartından qeyd olunan 398 manat 50 qəpik pulu çıxarıb, gizli olaraq talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla elektron məlumat daşıyıcısından istifadə edib oğurluq etmişdir. Həmin əməllər isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin tərkibini təşkil edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən qəsdin obyektinin mülkiyyət münasibətlərinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanın aradan qaldırmasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə, eyni zamanda təqsirləndirilən şəxsin əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, üzərinə Hacıqabul şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə”qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış oğurluq hadisəsini özündə əks etdirən 01 ədəd kompakt disk iş materiallarında saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 fevral 2023-cü il tarixdən, 11 fevral 2023-ci il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Hacıqabul rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Hacıqabul rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış oğurluq hadisəsini özündə əks etdirən 01 ədəd kompakt disk iş materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar