Məhkəmə qərarları › İş №1(032)-116/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-116/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-116/2023 04.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 15:55-də Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə təqsirli bilinərək 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə hökm CM-nin 62-ci madəsinin tətbiqinə dair müddəalar xaric edilməklə dəyişdirilib CM-nin 144.3-cü maddəsi ilə 10 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə CM-nin 66.5ci maddəsinə əsasən təqsirli bilinərək 10 il 02 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 1049 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,059 qram çəkidə narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və Şirvan şəhər polis şöbəsinin Cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 fevral 2023-cü il tarixdə, saat 11:00 radələrində Şirvan şəhəri, H.Z.Tağıyev küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman üzərində qanunsuz saxladığı 1,059 qram çəkidə narkotik vasitə heroin əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə heroindən istifadə edir. 26 fevral 2023-cü il tarixdə, saat 20 radələrində yaşadığı evdən çıxıb məhlədə gəzərkən yerdə bir ədəd sellofan büküm görmüş və həmin büküm diqqətini cəlb etdiyi üçün onu yerdən qaldırıb içinə baxmış, bükümün içərisində narkotik vasitə heroin olduğunu görmüşdür. Heroindən istifadə etdiyi üçün həmin bükümü cibinə qoymuşdur. 27 fevral 2022-ci il tarixdə, saat 11 radələrində yaşadığı H.Z.Tağıyev küçəsində olarkən bir neçə nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ona üzərində narkotik vasitələrin qanunsuz gəzdirilməsində şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Üzərində heroin olduğu üçün buna etiraz etmiş, lakin sonra razılaşaraq polis əməkdaşları ilə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təhqiqat bölməsində olarkən hüquqlarının müdafiə olunması üçün vəkil dəvət olunmuş, vəkil gəldikdən sonra üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmış, axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyini təklif etdikdə, o əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd içərisində heroin olan sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən başqa qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 Qabil oğlu ifadəsində göstərmişdir ki, 27 fevral 2023-cü il tarixdə xidmətdə olarkən ona əməliyyat məlumatı daxil olmuşdur ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz yolla narkotik vasitələr əldə edib üzərində saxlamaqla, istifadəsi ilə məşğul olur. Qeyd olunan məlumatın yoxlanılması məqsədilə tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və həmin qərarın icrası ilə bağlı o, İTB-nin sahə polis nəfəri Şahid2 Kərəm oğlu və TB-nin baş təhqiqatçısı X1 ibarət əməliyyat qrupu yaradılmış, saat 11:00 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhər H.Z.Tağıyev küçəsində olarkən Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşmışlar və özlərini təqdim edib, barəsində qanunsuz yolla narkotik vasitələr əldə etməsi, saxlaması, istifadəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, sonuncunu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs ilk öncə yayınmaq istəsə də, sonra etiraz etməyib onlarla birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş və vəkil gəldikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü masanın üzərinə qoyaraq, təqdim etdiyi bükümdə narkotik vasitə olan heroin olduğunu bildirmiş, həmin büküm açıldıqda içərilərndə narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən özünə məxsus “Samsunq S7” markalı mobil telefon aşkar olunmuşdur. Başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində də Şahid1 Qabil oğlunun göstərdiyi xüsusatları bir daha təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. (i.v 100-101) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Şübhəli şəxs qismində tutulmaya dair protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs 27 fevral 2023-cü il tarixdə, saat 11:00-da polis şöbəsinə gətirilmiş, həmin gün saat 11:40da şübhəli şəxs qismində tutulmuş, 28 fevral 2023-cü il tarixdə, saat 19:00-da barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir.(26-27, 65-66) Şəxsi axtarış və götürmə aparılması haqqında 27 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə və 01 ədəd “Samsunq S7” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür (i.v. 30-31) Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntünün məhkəmə iclasında nümayişi zamanı müəyyən olundu ki, o üzərində saxladığı sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər kütləni əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən çıxararaq təqdim edir və Şirvan şəhəri ərazisində yaşadığı evin yaxınlığından yerdən tapdığını bildirir, büküm qablaşdırılır və zərf möhürlənir, əlavə axtarış zamanı təqsirləndirilənin üzərində heç bir qanunsuz əşya və ya predmet aşkar edilmir. (i.v 32) Azərbaycan Respublikası Məhkəmə X3 Regional Bölməsinin 27 fevral 2023-cü il tarixli, 18/236 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs üzərindən..” sözləri yazılmış kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,059 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi -0,05 qram, qalıq -1,009 qram (i.v.39-40) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə təqsirli bilinərək 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə hökm CM-nin 62-ci madəsinin tətbiqinə dair müddəalar xaric edilməklə dəyişdirilib CM-nin 144.3-cü maddəsi ilə 10 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə CM-nin 66.5-ci maddəsinə əsasən təqsirli bilinərək 10 il 02 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 1049 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Şirvan şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v.71-73) Verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər polis şöbəsinin məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyataxtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək üçün müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, məxfi aqentlər təlimatlandırılmış, lakin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir məlumat əldə olunmamışdır. (i.v.82) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin 1 saylı Şirvan-Salyan Regional filialının 31 mart 2023-cü il tarixli, 3-17-1/2-66712/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 1 saylı Şirvan-Salyan (Şirvan, Hacıqabul) Regional filialından xx.xx.2027-ci il tarixədək İİİ dərəcəlik əlilliyə görə sosial müavinət alır. (i.v.85) «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin 29 mart 2023-cü il tarixli PHŞ-6-35/2-112/2023 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ŞMP-nın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. (i.v.86) Məhkəmə-narkoloji ekspertizasının 11 aprel 2023-ci il tarixli, 2081 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.95-96) Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin və psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən - cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun əməlindən peşman olmasını, səmimi etirafını, İİİ dərəcə əlil olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə təqsirli bilinərək 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə hökm CM-nin 62-ci madəsinin tətbiqinə dair müddəalar xaric edilməklə dəyişdirilib CM-nin 144.3-cü maddəsi ilə 10 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə CM-nin 66.5-ci maddəsinə əsasən təqsirli bilinərək 10 il 02 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 1049 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş, hazırda isə onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi mövcuddur və bu hal onun cəzasını ağırlaşdıran hal hesab olunur. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları, onun əvvəllər də cinayət əməlinə görə məhkumluq həyatı yaşamasını, islah olunmamasını, bundan başqa əməlində cinayətlərin residivinin olması kimi ağırlaşdırıcı halın mövcudluğunu və Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi Hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz tələbini nəzərə alaraq onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının müvafiq rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar edilsə də onun İİİ dərəcəli əlil olması barəsində məcburi müalicə təyin olunmasını istisna edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və X7 maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,009 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 49 manat 74 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikas CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2023-cü il saat 11:00-dan xx.xx.2023-cü il saat 19:00-dək şübhəli şəxs qismində tutulduğu müddət 02 gün təyin edilmiş cəzadan çıxılaraq qəti olaraq, üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli hökmün çıxdığı xx.xx.2023-cü il tarixdən hesablansın, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o məhkəmə zalından həbsə alınsın, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – X7 maddi sübutların saxlanma otağında saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,009 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 49 manat 74 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar