Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-116/2024 04.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 12:00 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-nin nümayəndəsi və eyni zamanda mülki iddiaçı Qanuni nümayəndə, Təqsirləndirilən şəxs (eyni zamanda mülki cavabdeh) Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X2 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1985-ci il tarixdə Qazı Məmməd (indiki Hacıqabul) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, Salyan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş cəzadan 01 ay 02 gün müddətə vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Şirvan şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 07 iyun 2023-cü il tarixdə saat 06 radələrində Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Axundov küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Coşqun” marketdən həmin marketin giriş hissəsində yerləşməklə bağlı vəziyyətdə olan və saxlanc yeri hesab edilən kassa aparatını üzərində olan açarla açmaqla içərisindən 1100 manat pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 1100 (min yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 01 noyabr 2023-cü il tarixdə saat 07 radələrində Qaradağ rayonu Sahil qəsəbəsi, E.Quliyev küçəsində yerləşən Şahid Mehdi qızının işlətdiyi Zərərçəkmiş şəxs3 MMC-nin “Sahil-2” kodlu marketdə bağlı vəziyyətdə olan və saxlanc yeri hesab edilən seyfi üzərində olan açarla açmaqla içərisindən 1130 manat pulu gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-yə ümumilikdə 1130 (min yüz otuz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 20 dekabr 2023-cü il tarixdə saat 08 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Elit” Ticarət Mərkəzinin qarşısında dayanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs1 məxsus “Vaz 2107” markalı ** HB *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin yerindən 2 qutu ümumi dəyəri 45 manat olan “Bakı” markalı, 2 qutu ümumi dəyəri 45 manat olan “Arqo” markalı, ümumi dəyəri 309 manat 40 qəpik olan 6 qutu boz “Maqna”, 5 qutu ağ “Maqna” və 2 qutu qara “Maqna” markalı, 5 qutu ümumi dəyəri 114 manat olan “Viceroy” markalı, 5 qutu 142 manat 50 qəpik olan “Pall Mall” markalı, 5 qutu ümumi dəyəri 140 manat olan “Winchester” markalı, 1 qutu ümumi dəyəri 28 manat olan “Rothmans” markalı, 1 qutu ümumi dəyəri 25 manat 50 qəpik olan “West” markalı, 3 qutu ümumi dəyəri 115 manat 50 qəpik olan “Kent” markalı, 2 ədəd böyük qutuda və 5 ədəd kiçik qutuda ümumi dəyəri 103 manat 75 qəpik olan “Sobranie” markalı, 1 qutu ümumi dəyəri 37 manat olan “Winston” markalı, 3 qutu ümumi dəyəri 67 manat 70 qəpik olan “Keno” markalı siqaretləri gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 1173 manat 35 qəpik (min yüz yetmiş üç manat otuz beş qəpik) dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, ittiham olunduğu oğurluq cinayətlərini ehtiyacı olduğu üçün törətmişdir. 07 iyun 2023-cü il tarixdə özünün şəxsi işi ilə bağlı Ələt qəsəbəsinə getmiş, həmin gün orada olarkən oğurluq etmək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs2 məxsus “Coşqun” marketə daxil olaraq ətrafda onu görə bilən heç kimin olmamasından istifadə edib kassanı üzərində olan açarla açaraq oradan təxminən 500 manata yaxın pul götürmüş, həmin vaxt aralıda olan satıcı da onu görməmişdir. Oğurladığı pulu şəxsi ehtiyaclarına sərf etmişdir. 01 noyabr 2023-cü il tarixdə səhər saatlarında Ələt qəsəbəsində yerləşən “OBA” marketdən oğurluq etmək qərarına gəlmiş, marketdə olan seyfi üzərində olan açarla açaraq seyfdən təxminən 1000 manata yaxın pul götürmüşdür. Oğurluq edən zaman tək olmuş, əldə etdiyi pulları ehtiyaclarına xərcləmişdir. 20 dekabr 2023-cü il tarixdə səhər saatlarında Şirvan şəhərində yerləşən “Elit” Ticarət Mərkəzinin qarşısında olarkən orada dayanmış, sonradan Zərərçəkmiş şəxs1 məxsus olduğunu bildiyi “Vaz 2107” markalı avtomobili görüb avtomobilə yaxınlaşmış, bu zaman arxa sərnişin yerində sellofan torbanı görmüş və həmin vaxt avtomobilin qapısını yoxlayaraq açıq olduğunu müəyyən etdikdən sonra maşının arxa qapısını açaraq oturacağın üzərində içərisində siqaret qutuları olan sellofan torbanı götürmüşdür. Oğurladığı siqaretləri sonradan tanımadığı şəxslərə satmışdır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməmişdir. Əməlindən peşmandır, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Həmçinin, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Hacıqabul şəhərində yaşamışdır, ailəlidir, 1 övladı vardır. Heç bir yerdə işləmir. Maddi vəziyyəti ilə əlaqədar olaraq çətinlik çəkdiyi üçün hardansa oğurluq cdib qazanc əldə etmək qərarına gəlmiş, sonra yaşadığı Hacıqabul rayonundan Bakı şəhərinə avtomobillə yola düşmüş, avtomobil Ələt qəsəbəsində saxlayan zaman o da digər sərnişinlər kimi düşərək, orada yerləşən “Coşqun" marketə girmiş, həmin vaxt vitrindən bir ədəd çörək götürmüş və kassaya tərəf yaxınlaşmışdır. Bu zaman kassada kiminsə olmadığını görüb, dərhal kassanın satıçısı oturan hissəsinə keçib, kassanın ağzını açmış va oradan 500 manat pulu götürmüş və oradan uzaqlaşıb gəldiyi avtomobilə minmiş və Bakı şəhərinə gedib, oradan yol maşını ilə Hacıqabul rayonuna qayıtmış və oğurladığı 500 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa bildirmişdir ki, o, ilkin etdiyi oğurluqdan əldə etdiyi 500 manat pulu xərclədiyindən təkrarən oğurluq etmək qərarına gəlmiş, Hacıqabul rayonundan Bakı şəhərinə avtomobillə yola düşmüş, avtomobil Sahil qəsəbəsində saxlayan zaman o da digər sərnişinlər kimi duşərək, orada yerləşən “OBA” marketə girmişdir. Həmin vaxt mağazanın içərisində kimsə olmamış, o da, bu fürsətdən istifadə edib, mağazanın içərisində yan tərəfdə yerləşən otağa girmiş və otaqda olan stolun üstünə və alt tərəfinə baxmışdır. Sonra görmüşdür ki, stolun yan tərəfində kassa var. O da stolun üstündən açarı götürüb kassanı açmış, həmin vaxt kassanın içərisindən 700 manat pulu götürmüş və oradan uzaqlaşıb gəldiyi avtomobilə minmiş və Bakı şəhərinə gedib, oradan yol maşını ilə Hacıqabul rayonuna qayıtmış və oğurladığı 700 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa bildirmişdir ki, o, oğurluqdan əldə etdiyi 700 manat pulu xərclədiyindən pulu qurtarmış və təkrarən oğurluq edib pul qazanmaq qərarına gəlmişdir. Həmin vaxt Şirvan şəhərində olmuş, bu zaman şəhərin M.Ə.Rəsulzadə küçəsində yerləşən “Elit” TM-nin qarşısında olarkən “Vaz 2107” markalı avtomobili görmüş və avtomobilə yaxınlaşan zaman arxa sərnişin yerində sellofan torbanı görmüş və həmin vaxt avtomobilin qapısını yoxlamış, açıq olduğunu görmüş və maşının arxa qapısını açaraq oradan sellofan torbanı götürmüşdür. Sonra oradan uzaqlaşıb getmişdir. Biraz uzaqlaşdıqdan sonra sellofan torbaya baxmış və görmüşdür ki, içərisində siqaretlər var. Bundan sonra o, oradan Bakı şəhərinə gəlmiş və oğurladığı sellofan torbadakı siqaretləri tanımadığı şəxslərə satmışdır. Siqaretlərin satışından 700 manat qazanc əldə etmiş, həmin 700 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o bildirmişdir ki, oğurluq edərkən onu kənardan görən olmamış, o, hər üç oğurluq hadisəsini tək etmiş, yanında kimsə olmamışdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən “Coşqun” market ona məxsusdur. Marketdə əsasən ərzaq məhsulları, içkilər və tütün məhsulları satılır. 07 iyun 2023-cü il tarixdə, səhər saat 06 radələrində Ələt qəsəbəsində işlətdiyi “Coşqun” marketi açmaq üçün marketə getmiş, marketdə olarkən başı marketi nizama salmağa qarışmış, bu zaman geri qayıdıb marketin kassasına baxdıqda kassada olan 1100 manat pulun orada olmadığını aşkar etmiş, bu zaman başı digər işlərə qarışan zaman naməlum şəxsin marketin kassasında olan 1100 manat pulu oğurlayıb qaçdığı ona məlum olmuş, daha sonra bu barədə Qaradağ rayonundakı 11-ci Polis bölməsinə məlumat vermiş, polis bölməsində polis əməkdaşları gəlib hadisə baş verən marketə baxış keçirmişlər. Daha sonra bu barədə onun ərizəsini və izahatını almışlar. Sonradan marketin içərisində quraşdırdığı müşahidə kamerasının yaddaş kartına baxdıqda kassadan pulların hansı şəraitdə oğurlandığını bilmişdir. Baş vermiş oğurluq nəticəsində ona 1100 manat maddi ziyan dəymiş, ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir, onun barəsində qanunla müəyyən edilmiş ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olur, yaşadığı Sabirabad rayonu Azadakənd kəndində yerləşən fərdi yaşayış evinin daş hasarına bitişik mağazası vardır. Həmin mağazada ərzaq və digər məişət ləvazimatları satmış, 20 dekabr 2023-cü il tarixində ona məxsus olan “Vaz 21074” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə alış-veriş etmək məqsədilə Şirvan şəhərində yerləşən “Elit” ticarət mərkəzinə gəlmiş və bazarda tanışı Mətləb adlı şəxsdən 2 qutu cəmi 45 manat dəyərində “Bakı” markalı, 2 qutu 45 manat dəyərində “Arqo” markalı, ümumi dəyəri 309 manat 40 qəpik olan 6 qutu boz “Maqna”, 5 qutu ağ “Maqna”, 2 qutu qara “Maqna”, 5 qutu ümumi dəyəri 114 manat dəyərində “Viceroy” markalı, 5 qutu 142 manat 50 qəpik dəyərində “Palmal” markalı, 5 qutu 140 manat dəyərində “Vinchestr” markalı, 1 qutu 28 manat dəyərində “Rothmans” markalı, 1 qutu 25 manat 50 qəpik dəyərində “West” markalı, 3 qutu 115 manat 50 qəpik dəyərində “Kent”, 2 qutu və 5 ədəd ümumi dəyəri 103 manat 75 qəpik dəyərində “Sobranie” markalı, 1 qutu 37 manat dəyərində “Winston” markalı, 3 qutu ümumi dəyəri 67 manat 70 qəpik dəyərində “Keno” markalı, siqaretləri alaraq, ona ümumilikdə 1173 manat 35 qəpik pul vermiş, siqaretlərin hamısını bir sellofan paketə yığaraq, avtomobilinin sol arxa oturacağının üzərinə qoymuşdur. Sonra bazarın həyətində olan meyvə-tərəvəz satılan hissəyə gəlmişdir. Oradan lazım olan tərəvəzləri alaraq, avtomobilinə yaxınlaşmışdır. Bu vaxt avtomobilin sol arxa qapısının açıq olduğunu görmüşdür. Əlində olan əşyaları yerə qoymuş, arxa oturacağa baxan zaman 15 dəqiqə əvvəl oturacağın üzərinə qoymuş olduğu içərisində siqaret qutuları olan selofan torbanın yerində olmadığını aşkar etmişdir. Ətrafa nəzər salmış, avtomobilinin içərisini, yük yerini axtarsa da siqaret qutularını tapa bilməmişdir. Bundan sonra siqaret qutuları olan selofan torbalarının oğurlandığna əmin olaraq DİN-in 102 Xidmətinə məlumat vermişdir. Hadisə yerinə Şirvan ŞPŞ-nin əməkdaşları gələrək, hadisə yerini müayinə etməyə başlamışlar. Baş vermiş oğurluq hadisəsi 20 dekabr 2023-cü il tarixi saat 08 radələrində baş vermiş və hadisə nəticəsində ona 1173 manat 35 qəpik zərər dəymişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir, onun barəsində qanunla müəyyən edilmiş ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 MMC-nin nümayəndəsi və eyni zamanda mülki iddiaçı Qanuni nümayəndə ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs3 MMC-nin hüquqşünası vəzifəsində işləyir, 01 noyabr 2023cü il tarixdə Zərərçəkmiş şəxs3 MMC-nin Sahil qəsəbəsində yerləşən “Sahil-2” kodlu Zərərçəkmiş şəxs3dən 1130 pulun oğurlanması barədə hüquqşünası olduğu MMC-yə həmin mağazanı işlədən Şahid Mehdi qızı tərəfindən məlumat verilmiş, həmin məlumat Zərərçəkmiş şəxs3 MMC-nin hüquq şöbəsində qeydiyyata alınmışdır. Baş vermiş oğurluq hadisəsi ilə hüquq şöbəsində araşdırma aparılmış, Zərərçəkmiş şəxs3 MMC-yə quraşdırılmış videonəzarət kameralarına baxılmış, nəticədə müəyyən edilmişdir ki, baş vermiş oğurluq hadisəsi nəticəsində Zərərçəkmiş şəxs3 MMC-yə ümumilikdə 1130 manat dəyərində maddi ziyan dəymişdir, həmin maddi ziyan hazırki müddətədək ödənilməmiş qalmışdır. Tərəfindən verilmiş mülki iddianı müdafiə edir, təqsirləndirilən şəxsdən şikayətçidir, onun barəsində qanunla müəyyən edilmiş ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid Mehdi qızı məhkəməyə gəlməmişdir. Şahid Mehdi qızının məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid Mehdi qızı həmin ifadəsində bildirmişdir ki, Sahil qəsəbəsi E.Quliyev küçəsində yerləşən “Oba” marketin müdiri vəzifəsində işləyir, rəsmi icarə müqavilə vardır, mahiyyəti üzrə bildirmişdir ki, müdiri olduğu “Oba” marketdə gündəlik aparılan alış verişdən əldə edilən pul mağazanın içərisində arxa otaqda dəmir seyfdə saxlanılmış, həmin seyfin ağzı kilitli olmuş və açar masanın üzərində olmuşdur. Həmin otağa ondan başqa heç kimin girməsinə icazə olmamış, iş günün sonunda o, seyfinin açarını həmişəki kimi özü ilə aparmış, lakin 31 oktyabr 2023-cü il tarixdə açarı özü ilə aparmaq yadından çıxmış və açarı seyfin üzərinə qoyub getmişdir. 01 noyabr 2023-cü il tarixdə saat 07 radələrində mağazanı açmış və işçilər fəaliyyətə başlamışlar. O, həmin vaxt seyfin açarın üstündə olduğunu görmüş, həmin vaxt o, mağazadan çıxmış və uşaqları məktəbə aparmış və oradan mağazaya qayıtmış və arxa otağa girmiş, bu zaman görmüşdür ki, seyfin qapısı yarı açıq vəziyyətdədir, əvvəl elə bilmişdir ki işçilər seyfdən pul xırdalamaq üçün pul götürüblər. Sonra işçilərdən bu barədə soruşduqda heç kim otağa girmədiyini bildirmişdir. Bundan sonra seyfə baxan zaman seyfdə 1130 manat pulun yerində olmadığını görmüşdür. Bundan sonra nəzarət kamerasına baxmış və kameradan bir nəfər şəxsin sonradan adının Təqsirləndirilən şəxs mağazanın seyfindən oğurluq etməsini görmüş və bu barədə şikayət etmişdir. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 21 dekabr 2023-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X1 icraatına qəbul edilmişdir; 25 dekabr 2023-cü il tarixli zərərçəkmiş şəxs kimi tanımaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; 12 yanvar 2024-cü il tarixli şəxsin şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə şübhəli - xx xxxxxx 1985-ci il tarixdə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Hacıqabul şəhəri, M.Müşfiq küçəsi ev 3-də qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində axtarış elan edilmişdir; 12 yanvar 2024-cü il tarixli cinayət işinin ibtidai istintaqının dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs yerinin müəyyən edilərək istintaq orqanına gətirilib istintaqa təqdim edilənədək cinayət işinin icraatı dayandırılmışdır; 11 mart 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Şirvan şəhərində tutularaq Şirvan şəhər PŞnin MSY-nə təhvil verilmişdir; 11 mart 2024-cü il tarixli cinayət işinin icraatının təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir; 11 mart 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə tutulmuşdur; 07 iyul 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Azər Zeynalovun icraatına qəbul edilmişdir; 14 iyul 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; 07 sentyabr 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır; 12 mart 2024-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* saylı cinayət işinin icraatı təzələnmiş və istintaqı davam etdirilmişdir; 12 mart 2024-cü il tarixli cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq olunmuş ********* saylı cinayət işi istintaq aidiyyəti üzrə Şirvan şəhər PŞ-nin İstintaq bölməsinə göndərilmişdir; 12 mart 2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X1 icraatına qəbul edilmiş və ibtidai istintaqı davam etdirilmişdir; 05 dekabr 2023-cü il tarixli cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, toplanılmış material əsasında Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Vasif Xalıqovun icraatına qəbul edilmişdir; 05 fevral 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır; 12 mart 2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* saylı cinayət işinin icraatı təzələnmişdir; 12 mart 2024-cü il tarixli cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Şirvan şəhərində oğurluq hadisəsi törətdiyindən cinayət işinin materialları istintaqın davam etdirilməsi üçün ərazi aidiyyəti üzrə Şirvan ŞPŞ-nin İstintaq Bölməsinə göndərilmişdir; 12 mart 2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X1 icraatına qəbul edilmiş və ibtidai istintaqı davam etdirilmişdir; 13 mart 2024-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli, ********* və ********* nömrəli cinayət işləri ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə istintaq ********* nömrə altında aparılmış və cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir; 13 mart 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir; 13 mart 2024-cü il tarixli, 4(032)-64/2024 saylı Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Salyan rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 7(057)-29/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, Salyan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş cəzadan 01 ay 02 gün müddətə vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır; 05 may 2024-cü il tarixli zərərçəkmiş şəxs kimi tanımaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 MMC-yə maddi ziyan vurulduğu üçün cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır; 10 may 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir; Zərərçəkmiş şəxs3 MMC tərəfindən təqdim edilmiş mülki iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs3 MMC-dən oğurluq edən Təqsirləndirilən şəxs 1130 manat məbləğində dəymiş ziyanın və ödənilmiş dövlət rüsumunun 32 manat 40 qəpik ümumilikdə 1162 manat 40 qəpik məbləğin sonuncudan tutularaq Cəmiyyətə ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir; Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib, peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət əməli törətməsi cinayətlərin residivini yaratdığından onun cəzasını ağırlaşdıran haldır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, Salyan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş cəzadan 01 ay 02 gün müddətə vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış və məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, cəza təyin edərkən həmin hal nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, əvvəllər də eyni kateqoriyalı cinayət əməlinə görə məhkum edilməsinə baxmayaraq islah olunmamasını nəzərə alaraq hesab edir ki, ona CM-nin 65.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzasını Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 03 (üç) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Eyni zamanda mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, mülki iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 65-ci bəndinə əsasən məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidir. O cümlədən nəzərə alınmalıdır ki, CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar cinayət-prosessual qanunda nəzərdə tutulmadıqda mülki prosessual qanunvericliyin normalarının cinayət prosesində tətbiq edilməsinə yol verilir. Həmin Qərarın 67-ci bəndinə əsasən məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İş materiallarında olan Zərərçəkmiş şəxs3 MMC-nin nümayəndəsi və eyni zamanda mülki iddiaçı Qanuni nümayəndə tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs3 MMC-dən oğurluq edən Təqsirləndirilən şəxs 1130 manat məbləğində dəymiş ziyanın və ödənilmiş dövlət rüsumunun 32 manat 40 qəpik ümumilikdə 1162 manat 40 qəpik məbləğin sonuncudan tutularaq Cəmiyyətə ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talaması, bunun nəticəsində zərərçəkmiş şəxsə 1130 manat ziyan vurulması təsdiq edildiyindən, beləliklə, mülki iddia əsaslı olduğundan, təqsirləndirilən şəxs və mülki cavabdeh mülki iddianı etiraf edərək təmin edilməsinə etiraz etmədiyindən təmin edilməli, Təqsirləndirilən şəxs 1130 (min yüz otuz) manat pul tutularaq Zərərçəkmiş şəxs3 MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki iddiaçı tərəfindən ödənilmiş 32 (otuz iki) manat 40 (qırx) qəpik dövlət rüsumu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 MMC-nin xeyrinə tutulmalıdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Zərərçəkmiş şəxs3 MMC tərəfindən verilmiş mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 1130 (min yüz otuz) manat dəymiş ziyan və 32 (otuz iki) manat 40 (qırx) qəpik dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs3 MMC-yə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 03 (üç) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs münasibətdə isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-116/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-116/2024
04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver