Məhkəmə qərarları › İş №1(032)-118/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-118/2025

04.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-118/2025 04.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, saat 11:00 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirlən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxxx 1987-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində 23 iyun 2025ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 18 mart 2025-ci il tarixdə saat 22 radələrində ictimai yer hesab edilən Şirvan şəhəri X15 küçəsində yerləşən “Əjdaha” adlı kafedə sərxoş vəziyyətdə bir masa arxasında oturduğu, şəxsiyyəti istintaqa məlum olmayan şəxslə mübahisə edib, uca səslə nalayiq ifadələr işlədərkən ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan Zərərçəkmiş şəxs kafedə mübahisəni dayandırmaq və nalayiq ifadələr işlətməmək barədə etdiyi çağırışa məhəl qoymayıb, ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib, sonuncunun ünvanına ucadan nalayiq ifadələr işlətməklə, ətrafdakılara qarşı qanuni mənafelərə toxunan hərəkətlərə yol verib. Digər şəxslərin gözü qarşısında vətəndaşlıq borcunu yerinə yetirən Zərərçəkmiş şəxs üzərinə hücum çəkərək, sonuncunun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə qəsdən vurub Zərərçəkmiş şəxs döş qəfəsinin küt travması, sol döş-körpücük məməyəbənzər əzələlərinin gərilməsi, döş qəfəsinin sol yuxarı dış hissəsində və sağ budun yuxarı 1/3 hissəsində sıyrıqlar kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, 18 mart 2025-ci il tarixdə axşam saatlarında Şirvan şəhəri, X15 küçəsində yerləşən “Əjdaha” adlı yeməkxanada Seymur, Elmin və İsmayıl ilə birlikdə eyni masada əyləşib spirtli içki qəbul etmişdir. Sonradan qardaşı ona zəng etmiş, harada olmasını soruşmuşdur. Olduğu yeri bildirdikdən sonra qardaşı bir nəfər dostu ilə gələcəyini bildirmişdir. Qardaşı həmin dostu ilə gəldikdən sonra onlarla birlikdə başqa masaya keçib əyləşmiş, spirtli içki qəbul etmiş, ucadan danışıb gülmüşlər. Bundan sonra Seymur onlar əyləşdiyi masaya yaxınlaşıb yavaş danışmaları barədə irad bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, ətrafda olan şəxslər onları sakitləşdirmişlər. Hadisə vaxtı Seymuru vurmamışdır. Təqsiri olmadığını nəzərə alıb barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 18 mart 2025-ci il tarixdə bayram münasibəti ilə Şirvan şəhəri, X15 küçəsində yerləşən “Əjdaha” adlı yeməkxanaya getmişdir. Seymur və onun yanında olan tanışları həmin kafedə digər masada əyləşmişdirlər. Onlar əyləşdikləri masada ucadan danışdıqları və nalayiq ifadələr işlətdikləri üçün o, həmin masaya yaxınlaşaraq onlara yaxınlıqda yaşayış binasının olmasını və nalayiq ifadələrə yol verməməklə bağlı iradını bildirmişdir. Bundan sonra onun iradı Cəlala xoş gəlməmiş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Cəlal onun sinəsindən tutaraq itələmişdir. Lakin Təqsirləndirilən şəxs ona heç bir xəsarət yetirməmişdir. Polis şöbəsində təzyiq altında olduğu üçün Təqsirləndirilən şəxs qarşı ifadə vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. Halbuki, Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilərkən ifadəsində göstərmişdir ki, 18 mart 2025-ci il tarixdə, saat 22 radələrində Şirvan şəhəri, X15 küçəsində yerləşən “Əjdaha” adlı yeməkxanaya getmişdir. Həmin vaxt yeməkxanada təqribən 30 nəfər şəxs olmuşdur. O, yeməkxanada oturub spirtli içki olan pivə içmişdir. Yeməkxanada Şirvan şəhər sakini kimi tanıdığı Cəlal adlı şəxs də olmuşdur. Cəlal tanımadığı şəxslərlə yeməkxanada masada əyləşmişdir. Cəlal da spirtli içki qəbul etmişdir. Bir müddət sonra Cəlal yeməkxanada tanımadığı şəxslə mübahisə etməyə başlamışdır. Cəlal yeməkxanada söyüş söyməyə başlamışdır. O, oturduğu masadan qalxıb Cəlala bildirmişdir ki, burada söyüş söyməsin, yeməkxananın yaxınlığında binalar var, orada insanlar yaşayır. Bundan sonra Cəlal onun üzərinə gəlmiş, onun sinə nahiyəsinə yumruq vurmuşdur. Sonra onun əynində olan köynəyin yaxasından tutmuşdur. Onu yeməkxananın dəmir barmaqlıqlarına söykəmiş və bildirmişdir ki, “sən kimsən ki, mənə irad bildirirsən”. Sonra yeməkxanada olan şəxslər Cəlal və onu ayırmışdır. Cəlalı yeməkxanadan kənara çıxarmışlar. Bir müddət sonra Cəlal yenidən onun oturduğu masaya gəlmişdir. Ona bildirmişdir ki, “sən mənə nöqsan tuta bilməzsən”. Həmin vaxt yeməkxanada olan şəxslər Cəlalı ondan uzaqlaşdırmışdır. O, Cəlala heç bir xəsarət yetirməmişdir. Həmin yeməkxanada mübahisə edən şəxsləri tanımır. Cəlal yeməkxanada uca səslə söyüş söydüyü üçün sonuncuya bildirmişdir ki, yaxınlıqda binalar var, həmin binalarda insanlar yaşayır, burada uca səslə söyüş söyməsin. Bundan sonra sərxoş vəziyyətdə olan Cəlal onu döymüşdür. O, yeməkxanada qapının yaxınlığında oturmuşdur. Cəlal həmin yeməkxanada tanımadığı şəxslərlə mübahisə etmiş, həmin şəxsləri tanımır. Hadisə Şirvan şəhəri, X15 küçəsində yerləşən “Əjdaha” adlı yeməkxanada baş vermiş və təxminən 15-20 dəqiqə davam etmişdir. Hadisə vaxtı ətrafda kənar şəxslər olmuş, hadisə yeməkxanada olmuş, həmin yeməkxanada da təqribən 15-20 nəfər şəxs olmuşdur. Hadisə vaxtı Təqsirləndirilən şəxs yumruqla onun sinə nahiyəsinə vurmuşdur. Həmçinin əynində olan köynəyin yaxasından tutub onu yeməkxananın dəmir barmaqlıqlarına söykəmişdir. Təqsirləndirilən şəxs ünvanına uca səslə nalayiq ifadələr işlətmişdir. O, hadisə vaxtı yeməkxanada pivə içmişdir. Təqsirləndirilən şəxs də spirtli içki qəbul etmişdir. Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmuşdur. Onun Cəlalla mübahisə etmək niyyəti olmamışdır. Cəlal uca səslə söyüş söymüşdür. Həmin yeməkxananın yaxınlığında binalar var, həmin binalarda onun qohumları və qadınlar yaşayır. O, Cəlaldan xahiş etmişdir ki, söyüş söyməsin, Cəlal da bundan sonra onun üzərinə gələrək onu yeməkxanada döymüşdür. Hadisə vaxtı o, Cəlala heç bir xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs ona hər hansı bir əşya ilə xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs onu döymüş, sonuncunu sakitləşdirən şəxslərə hər hansı bir xəsarət yetirməsini bilmir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə üzləşdirmə zamanı ifadəsində sonuncunun nalayiq hərəkətləri ilə bağlı irad bildirdikdən sonra Təqsirləndirilən şəxs onun yaxasından tutaraq itələməsini və yumruqla vuraraq onu xəsarətləndirdiyini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 18 mart 2025-ci il tarixdə, saat 21 radələrində dostu Elməddin ilə birlikdə Şirvan şəhəri ərazisində olmuşdur. Qardaşı Təqsirləndirilən şəxs zəng vurmuş, ondan harada olduğunu soruşmuşdur. Qardaşı ona bildirmişdir ki, Şirvan şəhəri, X15 küçəsində yerləşən “Əjdaha” adlı yeməkxanadadır. Qardaşına Elməddin ilə birlikdə ora gələcəyini bildirmişdir. Elməddinlə birlikdə həmin yeməkxanaya getmiş, yeməkxananın arxasında olan masada qardaşı Cəlal və dostları oturaraq yemək yemiş, lakin spirtli içki qəbul etməmişdir. Saat 22 radələrində masadan qalxaraq “Əjdaha” adlı yeməkxananın içərisindən yola tərəf gedən zaman Zərərçəkmiş şəxs onlara yavaş danışması barədə irad bildirmişdir. Bundan sonra Cəlal Seymura “ged otur, çörəyini ye” demiş, Zərərçəkmiş şəxs yenidən onlara “sizə demirəm, yavaş danışın” demişdir. Bundan sonra Cəlal Seymurun üzərinə getmiş, sonuncunun əynində olan köynəyindən tutaraq onu itələmişdir. Bundan sonra o, Cəlal və Seymurun arasına girərək onları sakitləşdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Məmmədli oğlu ifadəsində bildirdi ki, hadisə baş verməmişdən üç-dörd gün əvvəl “Əjdaha” adlı yeməkxanada işləməyə başlamışdır. Həmin gün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə birlikdə yemək yemiş, sonradan aralarında mübahisə yaranmışdır. Özü gələn müştərilərə qulluq etdiyi üçün hadisənin tam olaraq şahidi olmamış, kiminsə döyülməsini və ya xəsarət almasını görməmişdir. İbtidai istintaq zamanı polis şöbəsinə çağırılmış, ona təqdim edilmiş sənədə qol çəkdikdən sonra evə qayıtmışdır. Yazıb oxuya bilmədiyi üçün ifadəsi ilə tanış olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, hadisə baş verən ərəfələrdə Şirvan şəhəri X15 küçəsində yerləşən “Əjdaha” adlı yeməkxananı icarə əsasında işlətmişdir. Şirvan şəhər sakinləri Cəlal, Seymur və Elməddin adlı şəxsləri Şirvan şəhər sakini kimi tanıyır. Həmin şəxslər onun işlətdiyi yeməkxanaya gəlmişdir. 18 mart 2025-ci il tarixdə Cəlal və Elməddin yeməkxanaya gəlmişdir. Cəlal və Elməddin yeməkxanada bir neçə nəfər şəxslə masada oturub spirtli içki qəbul etmişlər. Seymur adlı şəxs onlardan bir qədər aralı masada əyləşmişdir. Özü isə dostları ilə oturub çay içmişdir. Bir qədər sonra Cəlal və Seymur arasında mübahisə yaranmış, hadisə zamanı ətrafda olan şəxslər onları sakitləşdirmişdir. Kiminsə döyülməsini və ya xəsarət almasını görməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, Cəlal və Seymuru tanıyır, hər ikisi ilə dostluq münasibətləri vardır. Hadisə günü Cəlal və Seymurla birlikdə “Əjdaha” adlı yeməkxanada əyləşib spirtli içki qəbul etmişlər, sonradan Cəlal digər masaya keçmişdir. Cəlalın əyləşdiyi masaya başqa şəxslər də gəlmişdir. Bir qədər sonra Seymur Cəlalın əyləşdiyi masada dava olduğunu fikirləşib onların yanına gedərək irad tutmuşdur. Bundan sonra Cəlal ilə Seymurun arasında mübahisə yaranmış, Cəlal Seymurun yaxasından tutaraq onu itələmişdir. Ətrafda olan şəxslər ilə birlikdə onları sakitləşdirmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, Cəlal və Seymuru tanıyır, hər ikisi ilə dostluq münasibətləri vardır. Hadisə günü Cəlal və Seymurla birlikdə “Əjdaha” adlı yeməkxanada əyləşib spirtli içki qəbul etmişlər, sonradan məclis daha da böyümüş və Cəlal digər masaya keçmişdir. Cəlalın əyləşdiyi masaya sonradan adını bildiyi bir nəfər şəxs də gəlmişdir. Bir qədər sonra Seymur həmin şəxs ucadan danışdığı üçün onların yanına gedərək irad tutmuş, Cəlal Seymura yaxınlaşaraq “Mənim qonağımdır” demiş, aralarında mübahisə yaranmış, ətrafda olan şəxslər ilə birlikdə onları sakitləşdirməyə çalışmış sonradan hamı çıxıb getmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə iclasında cinayət işi materiallarında olan “götürmə aparılması və baxış keçirilməsi haqqında” 26 mart 2025-ci il tarixli protokola əlavə edilmiş “DVD” diskə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, “DVD” diskdə 01 ədəd videofayl vardır, həmin videofayldakı video 18 saniyə davam edir. Videoya baxış aparılan zaman Şirvan şəhəri X15 küçəsində yerləşən “Əjdaha” adlı kafedə Təqsirləndirilən şəxs “başın gedib” deyərək Zərərçəkmiş şəxs üzərinə gedərək, onun əynində olan idman köynəyinin yaxasından tutaraq qol nahiyəsi ilə onu vurduğu, sonra onun nəlayiq ifadələrlə təhqir etdiyi, həmin vaxt yeməkxanada olan şəxslərin Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışdığı görünür. Eyni zamanda məhkəmə iclasında cinayət işi materiallarında olan “üzləşdirmə haqqında” 27 mart 2025-ci il tarixli protokola əlavə edilmiş “DVD” diskə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə sonuncunun müdafiəçisinin iştirakı ilə keçirilmiş üzləşdirmə zamanı da həmin ifadəsində göstərdiklərini onun üzünə qarşı bir daha demişdir. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 27 mart 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və Şirvan şəhər polis şöbəsinin istintaq bölməsinin müstəntiqi X4 icraatına qəbul edilmişdir; şübhəli şəxsin tutulması haqqında 27 mart 2025-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2025ci il tarixdə saat 14:41-də tutulmuşdur; zərərçəkmiş şəxs qismində tanınma haqqında 28 mart 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır; məhkəmə-tibbi ekspertizasının 27 mart 2025-ci il tarixli, 155 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər - döş qəfəsinin küt travması, sol döş-körpücük məməyəbənzər əzələlərin gərilməsi, döş qəfəsinin sol yuxarı tış hissəsində, sağ budun yuxarı 1/3-də sıyrıqlar - küt əşya təsirindən törənmiş, müxtəlif şəraitlərdə, eləcə də qərarın təsviri hissəsində göstərilən 18 mart 2025-ci il tarixdə əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə qeyd olunan xəsarətlər ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir; cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 29 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 221.1ci maddəsindən, həmin Məcəllənin 221.2.1 və 221.2.2-ci maddələrinə tövsif edilmişdir; təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 29 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir; Şirvan şəhər Məhkəməsinin 29 mart 2025-ci il tarixli, 4(032)-53/2025 saylı qərarından görünür ki, vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal həbsdən azad edilmiş, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və ev dustaqlığında saxlamanın əvvəli şübhəli şəxs qismində tutulduğu andan, yəni 27 mart 2025-ci il tarixdən hesablanmışdır; vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında 23 iyun 2025-ci il tarixli qərardan görünür ki, Şirvan ŞPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Sahil Şıxalıyevin ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin uzadılması barədə vəsatəti əsassız olduğundan Şirvan şəhər prpkuroru tərəfindən vəsatətin müdafiə edilməsindən imtina olunmuşdur; qətimkan tədbirinin seçilməsinə dair 23 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 219 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 08 oktyabr 2025-ci il tarixli, 18-1-35/2-1214/2025 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin Poliklinika şöbəsinin narkoloji, ruhi-əsəb və nevroloji kabinetlərində qeydiyyatda yoxdur; sübutların qiymətləndirilməsi haqqında 16 iyul 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrindən, həmin Məcəllənin 221.2.2-ci maddəsinə tövsif edilmişdir; təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 16 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununda dəyişiklik olduğu üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə yeni məzmunda yenidən ittiham elan edilmişdir; Təqsirləndirilən şəxs qohumluq məlumatları barədə “AzeMis” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X3 adlı uşaqları vardır. Zərərçəkmiş şəxs cinayət işinin materiallarında olan 18 may 2025-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxs ilə barışmış, hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və ya tələbi yoxdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasına əsasən xuliqanlıq dedikdə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin edilməsi nəzərdə tutulur. Bununla da xuliqanlıq cinayətinin obyektiv tərəfi aşağıda göstərilən 3 əlamətlə xarakterizə edilir: 1) ictimai qaydanın kobud surətdə pozulması; 2) cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi; 3) vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi ilə hədələmə, habelə özgənin əmlakının məhv edilməsi və yaxud zədələnməsi. Buna görə də, əməlin xuliqanlıq cinayəti hesab olunması üçün şəxsin hərəkətlərində bu cinayətin obyektiv tərəfinin yuxarıda göstərilən əlamətlərinin hər üçü mövcud olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 3-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər yalnız sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında hesab etmişdir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq, başqa cinayətlərdən fərqləndirilməlidir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əmələri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya sair tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa xuliqanlıq kimi qiymətləndirilməməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının tövsiyyəsinə görə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ilə olunan hərəkətlər başa düşülür. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının tövsiyyəsinə görə, şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Göründüyü kimi, cinayət olaraq xuliqanlığın xüsusiyyəti onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət qeyd edilən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 nömrəli qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Təqsirləndirilən şəxs X2 məhkəmə iclasında verdiyi ziddiyyətli ifadəsinə, yəni zərərçəkmiş şəxsə xəsarət yetirməməsi barədə bildirdiklərinə (təqsirləndirilən şəxsin əvvəllər ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli dərəcədə ziddiyyətlər olduğu üçün) məhkəmə qiymət verərək onları qəbul etmir. Belə ki, cinayət işi materiallarında olan hadisənin baş verməsini özündə əks etdirən videoçəkilişdən Şirvan şəhəri X15 küçəsində yerləşən “Əjdaha” adlı kafedə Təqsirləndirilən şəxs “başın gedib” deyərək Zərərçəkmiş şəxs üzərinə gedərək, onun əynində olan idman köynəyinin yaxasından tutub qol nahiyəsi ilə onu vurduğu, sonra onun nəlayiq ifadələrlə təhqir etdiyi, həmin vaxt yeməkxanada olan şəxslərin Təqsirləndirilən şəxs sakitləşdirdiyi görünür. Təqsirləndirilən şəxs X2 məhkəmə iclasında bildirdikləri işin halları, eləcə də cinayət işi materiallarında olan hadisənin baş verməsini özündə əks etdirən videoçəkiliş ilə tam təkzib olunur. Belə olan vəziyyətdə təqsirləndirilən şəxs X2 məhkəmə iclasında vermiş olduğu ifadəsinə inanıb onu qəbul etmək üçün məhkəmədə heç bir əsas yoxdur. Məhkəmə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən əməli törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, işdə olan və baş vermiş cinayət hadisəsini özündə əks etdirən videogörüntü, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X7 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respbulikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət əməli törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin digər növdə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalı, hökmün icrası Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2025-ci il tarixdə, saat 14:41-də tutulmuş, barəsində Şirvan şəhər Məhkəməsinin 29 mart 2025-ci il tarixli, 4(032)-53/2025 saylı qərarı ilə, əvvəli 27 mart 2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, 23 iyun 2025-ci il tarixdə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılması barədə vəsatətin müdafiə edilməsindən Şirvan şəhər prokuroru tərəfindən imtina olunmuş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində həbsdə və ev dustaqlığında saxlanıldığı müddət nəzərə nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 10 (on) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 mart 2025-ci il tarixdən 23 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində həbsdə və ev dustaqlığında saxlanıldığı 02 ay 27 gün islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanıb 11 ay 18 gün islah işləri cəzası ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 10 (on) ay 12 (on iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Cəzasını iş yeri üzrə çəksin və cəzaçəkməsinin əvvəli onun qazancından ilkin tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar