Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-119/2023 20.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 10:30-da Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Heydərov Fərrux Fəttah oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, Salyan rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.2.3-cü maddəsi ilə təqsirli bilinib 1500 manat cərimə cəzasına məhkum edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə və 1500 manat cərimə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən hökm dəyişdirilərək 01 il 05 ay müddətə azadlıqdan məhrum etmə və 1500 manat cərimə cəzası saxlanılmış, xx.xx.2019-cu ildə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad olunmuş, Şirvan şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən cərimə cəzası 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində «08 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.5-ci bəndi tətbiq edilməklə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 09 ay 05 gün hissəsindən azad edilmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,614 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində daşımaqla saxlamış, 24 fevral 2023-cü il tarixdə, saat 11:50 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbiri nəticəsində Şirvan şəhəri, H.Əliyev prospektində saxlanılaraq Şirvan şəhər polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sol yan cibində olan bir ədəd bükümdə təmiz çəkisi 1,614 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 23 fevral 2023cü il tarixdə Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılmış, polis şöbəsində təzyiqlərə tab gətirmədiyinə görə polis əməkdaşları tərəfindən ona verilmiş narkotik vasitəni guya özünə məxsus olmasını etiraf etməsinə məcbur qalmışdır. Xəstə olduğundan tez-tez özünə xəsarətlər yetirir, valideynləri də ondan polisə şikayət edirlər. İbtidai istintaq zamanı isə təqsirləndirilən şəxs elan olunmuş ittihamla özünü təqsirli bilərək müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. 23 fevral 2023-cü il tarixdə, saat 20 radələrində yaşadığı Şirvan şəhəri, Əli Bayramov küçəsində gəzən zaman yerdə bir ədəd sellofan büküm görmüş, marağını cəlb etdiyi üçün həmin bükümü yerdən götürüb açmış, əvvəllər də, narkotik vasitə olan heroindən istifadə etdiyindən tanıdığı üçün içərisinə baxan zaman içərisində narkotik vasitə heroin olmasını bilmiş və həmin heroini sellofan bükümdə əynindəki qara rəngli cins şalvarının sol yan cibinə istifadə etmək məqsədilə qoymuşdur. 23 fevral 2023-cü il tarixdə, saat 12 radələrinə yaxın Şirvan şəhəri, H.Əliyev prospektində piyada hərəkətdə olduğu zaman bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamağında və narkotik vasitədən istifadə etməyində şübhəli olduğunu və üzərində şəxsi axtarış aparacaqlarını demişlər. Həmin vaxt ətrafda başqa insanlar olduğu, həmçinin onun üzərində narkotik vasitə heroin olduğu üçün şəxsi axtarış aparılmasına etiraz etmişdir. Həmin vaxt polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər, polis şöbəsində olarkən otaqların birində ona hüquqlarının müdafiə olunması üçün vəkil dəvət olunmuş, vəkil gəldikdən sonra polis əməkdaşlarının, vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərində axtarış aparılmağa başlanılmışdır. Axtarış aparılan zaman polis əməkdaşı ondan üzərində narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya olub-olmamasını soruşub, olduğu halda könüllü təqdim etməyini təklif etmiş, o, da, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini masanın üzərinə qoymuş və həmin bükümün içərisində narkotik vasitə heroin olmasını söyləmişdir. Bundan başqa üzərində axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd mobitel markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuş, üzərindən aşkar edilmiş bükümün içərisi açılıb baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Sonra polis əməkdaşları tərəfindən üzərində axtarış aparılmış və başqa narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Polis əməkdaşları ondan həmin bükümdə olan heroini haradan əldə etdiyini soruşduqda tapdığını demiş, sonra polis əməkdaşına təqdim etdiyi narkotik vasitə heroin bükümlə birlikdə zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol vəkil, polis əməkdaşları və onun tərəfindən imzalanmışdır. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini daha inandırıcı hesab edərək, məhkəmə araşdırması zamanı vermiş olduğu ifadəsini onun cinayət məsuliyyətindən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs təqsirli olması özünün ibtidai istintaq zamanı etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə icraatına ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi, narkotik vasitə olan heroin istifadə etməkdə, üzərində gəzdirməkdə və satışı ilə məşğul olmaqla şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı rəhbərliyə məruzə etdikdən sonra ŞPŞ-nin ƏİÜ rəis müavini, polis polkovnik leytenantı Farid Vəliyev, CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı X3 ilə birlikdə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11:50 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində hərəkət edən zaman saxlanılıb şəhər polis şöbəsinə gətirilmiş, Polis şöbəsində vəkil dəvət edilmiş, təqsirləndirilən şəxsə hüquq və vəzifələri izah edildikdən sonra vəkilin iştirakı ilə onun üstünə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd sellofan büküm aşkar olunmuş, həmin büküm açılıb içərisinə baxış keçirildikdə içərisində narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, həmin protokol onun, digər polis əməkdaşı, vəkil və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs barəsində onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olsa da, istintaqın gedişində bu hal öz təsdiqini tapmamışdır. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində də Şahid2 göstərdiyi xüsusatları bir daha təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. (i.v 100-101) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Şübhəli şəxs qismində tutulmaya dair protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs 24 fevral 2023-cü il tarixdə, saat 11:50-də polis şöbəsinə gətirilmiş, həmin gün saat 12:15də şübhəli şəxs qismində tutulmuş, 25 fevral 2023-cü il tarixdə, saat 11:50-də barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, şəxsi axtarış və götürmə aparılması haqqında 24 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür (i.v. 23-24, 31-32, 68-69) Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntünün məhkəmə iclasında nümayişi zamanı müəyyən olundu ki, o üzərində saxladığı sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər kütləni əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən çıxararaq təqdim edir və Şirvan şəhəri ərazisində yaşadığı evin yaxınlığından yerdən tapdığını bildirir, büküm qablaşdırılır və zərf möhürlənir, əlavə axtarış zamanı təqsirləndirilənin üzərində heç bir qanunsuz əşya və ya predmet aşkar edilmir. (i.v 33) Azərbaycan Respublikası Məhkəmə X2 Regional Bölməsinin 24 fevral 2023-cü il tarixli, 18/230 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs üzərindən..” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,614 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi -0,05 qram, qalıq -1,564 qram (i.v.40-41) Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və tədqiqatdan sonra çəkisi 1,564 qram qalan narkotik vasitə heroin xx.xx.2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və saxlanılması üçün Şirvan şəhər polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. (i.v.77-79) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr Salyan rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.2.3-cü maddəsi ilə təqsirli bilinib 1500 manat cərimə cəzasına məhkum edilmiş, Şirvan şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə və 1500 manat cərimə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən hökm dəyişdirilərək 01 il 05 ay müddətə azadlıqdan məhrum etmə və 1500 manat cərimə cəzası saxlanılmış, xx.xx.2019-cu ildə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad olunmuş, Şirvan şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən cərimə cəzası 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində «08 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.5-ci bəndi tətbiq edilməklə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 09 ay 05 gün hissəsindən azad edilmişdir. (i.v.94-96) “Şirvan şəhər mərkəzi xəstəxanası” X10 arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikada ruhi-əsəb kabinetində “Dissosiativ pozuntu” və narkoloji kabinetində isə “Opoidlərin qəbulu nəticəsində davranış pozuntusu” diaqnozu ilə qeydiyyatdadır.(i.v.97) Məhkəmə-narkoloji ekspertizasının 11 aprel 2023-cü il tarixli 2076 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.102-103) Məhkəmə-psixiatrik ekspertizasının 11 may 2023-cü il tarixli, 1299 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs qeyd olunan aşkar edilən şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda “emosional davamsız şəxsiyyət pozuntusu” aşkar olunur. Təqsirləndirilən şəxs qeyd olunan emosional davamsız şəxsiyyət pozuntusu onu halhazırda öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətindən məhrum etmir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs yalan danışmağa patoloji meyllik və qondarma fikirlər söyləməyə səbəb ola biləcək hər hansı psixi xəstəlik aşkar olunmayıb.(i.v.112-114) Elektron məhkəmə portalından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü, X4 adında azyaşlı uşağı var. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin və psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən - cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə vermiş olduğu ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməməsi özünümüdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bundan əlavə təqsirləndirilən şəxsin istintaq zamanı polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması, fiziki zor göstərilərək döyülməsi ilə əlaqədar bildirdiklərinə gəldikdə isə, məhkəmə qeyd edir ki, bu xüsusatları təqsirləndirilən şəxs nə ilkin, nə də ki, barəsində qətimkan tədbirinin seçilməsi ilə əlaqədar məhkəmədə iştirakı zamanı göstərməmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs oğlu Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən CM-nin 67.1-ci maddəs tətbiq edilməklə 01 il 09 ay azadlıqdan məhrum etmə və 1500 manat cərimə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən hökm dəyişdirilərək 01 il 05 ay müddətə azadlıqdan məhrum etmə və 1500 manat cərimə cəzası saxlanıılmış, xx.xx.2019-cu ildə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad olunmuş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən cərimə cəzası 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində «08 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.5-ci bəndi tətbiq edilməklə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 09 ay 05 gün hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş, hazırda isə onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi mövcuddur və bu hal onun məsuliyyətini ağırlaşdıran hal hesab olunur. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları, onun əvvəllər də eyni xarakterli cinayət əməlinə görə məhkumluq həyatı yaşamasını, islah olunmamasını, bundan başqa əməlində cinayətlərin residivinin olması kimi ağırlaşdırıcı halın mövcudluğunu və Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi Hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz tələbini nəzərə alaraq onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının müvafiq rəyinə əsasən Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və X9 maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,564 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 49 manat 74 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikas CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2023-cü il saat 11:50-dən xx.xx.2023-cü il saat 11:50-dək şübhəli şəxs qismində tutulduğu müddət 01 gün təyin edilmiş cəzadan çıxılaraq qəti olaraq, üzərində 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o məhkəmə zalından həbsə alınsın, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – X9 maddi sübutların saxlanma otağında saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,564 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 49 manat 74 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №1(032)-119/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-119/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver