Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-12/2023 12.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 09:45-də Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü hissəsinə əsasən 06 ay azaldılmış, cəzasının sonu ilə azad olunmuş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd bükümdə təmiz çəkisi- 0,613 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib əynindəki şalvarının sağ cibində daşıyaraq saxlamış, 07 avqust 2022-ci il tarixdə, saat 12:20 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində qanunsuz narkotik vasitələrin dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Şirvan şəhər polis şöbəsinə gətirilərək müdafiəçinin iştirakı ilə və videoçəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində üzərində olan həmin 01 (bir) ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi – 0,613 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə olan heroi aşkar olunaraq rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 07 avqust 2022-ci il tarixdə Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq həbs olunmuş, polis şöbəsində təzyiq və təhqirə tab gətirmədiyinə görə polis əməkdaşları tərəfindən ona verilmiş narkotik vasitəni guya özünə məxsus olmasını etiraf etməsinə məcbur qalmışdır. Polis şöbəsində epilepsiya xəstəliyindən əziyyət çəkdiyini bildirmiş, lakin heç kim buna məhəl qoymamışdır. Orada olarkən ona işgəncələr verilmiş, sonra isə ona narkotik vasitə olan büküm verilmiş, o da cibinə qoyaraq videoçəkiliş zamanı tapdığını, istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. İbtidai istintaq zamanı isə təqsirləndirilən şəxs elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. 06 avqust 2022-ci ildə səhər saatlarında yaşadığı binanın həyətində gəzən zaman yerdən 01 ədəd sellofan büküm tapmış, həmin bükümü açıb içərisinə baxdıqda narkotik vasitə olan heroin olduğunu görmüş və istifadə etmək üçün cibinə qoyub saxlamışdır.07 avqust 2022-ci il tarixdə, saat 12 radələrində o Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində olarkən özünü şübhəli apardığına görə polis işçiləri ona yaxınlaşıb onlarla birlikdə polis şöbəsinə getməyini təklif etmiş, o da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə onun razılığı ilə üstünə baxış keçirilmiş, baxış zamanı əynindəki şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümün içərisində narkotik vasitə heroin aşkar edilib götürülmüş, sorğu zamanı o bükülünün içərisində olan narkotik vasitə olan heroini 06 avqust 2022-ci il tarixdə yaşadığı binanın həyətində gəzən zaman yerdən tapdığını bildirmiş, polis işçiləri vəkilin və onun iştirakı ilə üstündən aşkar edilib götürülmüş içərisində narkotik vasitə heroin olan sellofan bükümü zərfə qoyaraq möhürləmiş, daha sonra isə polis işçiləri bu barədə protokol tərtib etmiş, o həmin protokolla tanış olaraq imza etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini daha inandırıcı hesab edərək, məhkəmə araşdırması zamanı vermiş olduğu ifadəsini onun cinayət məsuliyyətindən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 07 avqust 2022-ci il tarixdə polis şöbəsində olan zaman ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitəni daşıması, saxlaması barədə məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məlumat verildikdən sonra Şirvan ŞPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili, Şahid1 ilə birlikdə təxminən saat 12:20 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsinə getmiş, Əlini həmin yerdə görmüş, ona yaxınlaşıb özlərini təqdim edərək onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində vəkil dəvət edilmiş, təqsirləndirilən şəxsə hüquq və vəzifələri izah edildikdən sonra vəkilin iştirakı ilə onun üstünə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Əlinin əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan büküm aşkar olunmuş, sorğu-sual zamanı Əlinin özü həmin 1 ədəd sellofan bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin sellofan bükümdə olan heroini yaşadığı binanın həyətində yerdən tapdığını və üstündə gəzdirməkdə məqsədinin gələcəkdə istifadə etmək olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin kütlə vəkilin iştirakı ilə və videoçəkilişlə qablaşdırılaraq zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, iştirakçılardan irad və təklif daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində də Şahid2 göstərdiyi xüsusatları bir daha təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. (i.v 70-71) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Şübhəli şəxs qismində tutulmaya dair protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs 07 avqust 2022-ci il tarixdə, saat 12:20-də polis şöbəsinə gətirilmiş, həmin gün saat 13:15də şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür (i.v 18-19, 27-28) Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntünün məhkəmə iclasında nümayişi zamanı müəyyən olundu ki, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxararaq təqdim edir və həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirir, büküm qablaşdırılır və zərf möhürlənir, əlavə axtarış zamanı təqsirləndirilən şəxsin üzərində heç bir qanunsuz əşya və ya predmet aşkar edilmir. (i.v 29) Azərbaycan Respublikası Məhkəmə X2 Regional Bölməsinin 08 avqust 2022-ci il tarixli, 18/835 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs məxsus..” sözləri yazılmış kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi -0,613 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata sərf edildi -0,05 qram, qalıq -0,563 qram (i.v.35-37) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 məhkəmə-narkoloji ekspertizasının 22 sentyabr 2022-ci il tarixli, 5412 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 120-121) 10 avqust 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş ekspertiza tədqiqatından sonra qalan 0,563 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və PŞ-də maddi sübutlarin saxlanma otağına təhvil verilmişdir. (i.v.67-69) «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin 20 avqust 2022-ci il tarixli, 850 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan ŞMP-nın ruhi-əsəb narkoloji kabinetlərində qeydiyyatda yoxdur. (i.v.84) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 10 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. (i.v. 85-87) Bakı şəhəri Nizami rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü hissəsinə əsasən 06 ay azaldılmışdır. Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin 20 avqust 2022-ci il tarixli, 850 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-xx.xx.2022-ci il tarixində Şirvan ŞMX-nin Cərrahiyyət şöbəsində “Epidermal kısta” diaqnozu ilə stasionar müalicə almışdır. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin və psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun əməlində cəzasını yüngülləşdirən hallar aşkar olunmadı. Təqsirləndirilən şəxs oğlu sonuncu dəfə Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 01 il 10 ay müddətə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü hissəsinə əsasən 06 ay azaldılmış, cəzasının sonu ilə azad olunmuş, hazırda isə onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi mövcuddur və bu hal onun məsuliyyətini ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halların olmaması, onun əvvəllər də eyni xarakterli cinayət əməlinə görə məhkumluq həyatı yaşamasını, islah olunmamasını, bundan başqa əməlində cinayətlərin residivinin olması kimi ağırlaşdırıcı halın mövcudluğunu və Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi Hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz tələbini nəzərə alaraq onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının müvafiq rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və X6 maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,563 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 31 manat 95 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 07 avqust 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – X7 maddi sübutların saxlanma otağında saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,563 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 31 manat 95 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №1(032)-12/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-12/2023
12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver