Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-120/2024 19.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 10:24-də Şirvan şəhər Məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Cəlilabad rayonu Şiləvəngə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, N.Nərimanov küçəsi ev 50-də qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşımadan ibarət cinayət əməlini törətmişdir. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda 0,355 qram narkotik vasitə heroini, 0,055 qr psixotrop maddə metamfetamini və 0,12 qr narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində daşımaqla saxlamış, 12 yanvar 2024-cü il tarixdə saat 04:39-da Şirvan şəhər polis şöbəsinin Post Partul Xidmətinin əməkdaşları tərəfindən şəhərin M.Ə.Rəsulzadə küçəsində yerləşən “Oba” marketdə saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi-0,355 qr qəhvəyimtil rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi-0,055 qr ağımtıl rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi-0,12 qr bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadə verib göstərdi ki, 11 yanvar 2024-cü il tarixdə saat 21 radələrində Bakı şəhərindən çıxmış və saat təxminən 22-23 radələrində Şirvan şəhərinə çatmışdır. Həmin vaxt o, aralarında kreditlə bağlı mübahisə olan Şakir Məmmədovun yaşadığı evi axtarmağa başlamışdır. O, Şakirin evinin şəhərin M.Ə.Rəsulzadə küçəsində yerləşən “Elit” Ticarət Mərkəzi ilə üzbəüz binada olduğunu bilmişdir. Lakin Şakirin yaşadığı ünvanı dəqiq bilmədiyindən onun evini axtarmışdır. O, təxminən saat 23-dən növbəti gün saat 04-dək olan müddət ərzində həmin yerdə, yəni M.Ə.Rəsulzadə küçəsində yerləşən binanın yanında qalmışdır. Həmin vaxt orada gözləmişdir ki, Şakir hansısa blokdan çıxanda onunla rastlaşsın. Saat 01 radələrində o, həmin yerdə Həsrət adlı şəxslə görüşmüş və sonuncu onu orada gördüyündən yanından əl çəkməmişdir. Hətta onu evinə dəvət etmiş, lakin o, Həsrətlə getməmişdir. Saat 04 radələrində Həsrətlə birlikdə orada yerləşən “Oba” marketə getmişlər və marketə daxil olmuşlar. Onlar Həsrətlə birlikdə marketin içərisində olarkən bir nəfər polis əməkdaşı onlara yaxınlaşmış və onlardan burada nə işlərinin olmasını soruşmuşdur. O da mağazadan günəbaxan tumu aldıqlarını bildirmişdir. Bu zaman polis əməkdaşı onlardan ad və soyadlarını soruşmuş, onlar da özləri barədə ona məlumat vermişlər. Sonra polis əməkdaşı onları marketin çölünə dəvət etmiş və marketin çölündə olarkən sonuncu onlara üzərlərində hansısa bıçaq və ya başqa vasitə olub-olmamasını, həmçinin narkotik vasitələrdən istifadə edib-etməmələrini soruşmuşdur. Onlar da üzərlərində heç bir qanunsuz əşya və ya başqa vasitə olmadığını demişlər. Sonra həmin polis əməkdaşı birinci olaraq Həsrət adlı şəxsin üzərini yoxlamış, bu zaman Həsrətdən narkotik vasitə istifadə edib etməsini soruşduqda, sonuncu istifadə etmədiyini bildirmişdir. Həsrətin üzərindən heç bir əşya və ya vasitə aşkar edilməmişdir. Sonra isə onun üzərini yoxlamış, həmin vaxt ondan narkotik vasitə və ya psixotrop maddə istifadə edib etməməyini soruşmuş, o da çox əvvəl Rusiya Federasiyasında narkotik vasitə istifadə etdiyini, lakin hazırda heç bir narkotik vasitə və ya psixotrop maddədən isifadə etmədiyini bildirmişdir. Onun üzərindən heç bir qanunsuz vasitə və ya maddə aşkar edilməmişdir. Sonra həmin polis əməkdaşı üzərindən telefonunu götürmüş və sonra avtomobildə gözləyən polis əməkdaşını çağırıb, onu polis avtomobilinə aparmasını bildirmişdir. Həmin vaxt polis əməkdaşları Həsrəti oradan yola salmışlar. Sonra polis əməkdaşları onu oradan Şirvan şəhər polis şöbəsinə gətirmişlər. O, Şirvan ŞPŞ-nin Növbətçi Hissəsində təxminən 3-4 saat qalmış, həmin vaxt onu Növbətçi Hissənin saxlama yerinə aparmışlar. Orada olan polis leytenantı və sonradan təhqiqatçı kimi özünü ona təqdim edən şəxs ona demişdir ki, üzərinə az miqdarda narkotik vasitə qoyacaqlar. Sonra həmin narkotik vasitə videoçəkiliş zamanı onun üzərindən aşkar olunacaq, o həmin narkotik vasitəni təqdim edəcəkdir. Sonra onu 48 saat saxlayıb, buraxacaqlar. O da əvvəl onlara etiraz etmiş və təkliflərini qəbul etməmişdir. Lakin, polis əməkdaşları təkid edərək əgər dediklərini qəbul etməsə, yaşadığı evdən külli miqdarda narkotik vasitə çıxaracaqları ilə onu hədələmişlər. O da qorxmuş və ailəsi üçün narahat olduğundan polis əməkdaşları ilə razılaşmışdır. Sonra onu Şirvan ŞPŞ-nin MSY-nə aparmışlar. O, orada təxminən 2-3 saat qalmış, sonra onu MSYdən çıxarmışlar və polis şöbəsinin hansı mərtəbəsində yerləşdiyini xatırlamadığı otaqlardan birinə gətirmişlər. Həmin vaxt otaqda olarkən polis əməkdaşları və bir nəfər mülki geyimli şəxs olmuş, həmin mülki geyimli şəxsin sonradan onun vəkili olmasını bilmişdir. Həmin vaxt təhqiqatçı onun mobil telefonunu və 03 ədəd kağız bükümü ona vermişdir ki, üzərində saxlasın. O da həmin 03 ədəd bükümü və telefonu alıb üzərində saxlamışdır. Həmin vaxt təhqiqatçı bildirmişdir ki, bükümləri videoçəkiliş zamanı üzərindən çıxararaq təqdim etsin. Sonra bükümləri açıb ona içərisində olanları göstərmiş, sonra videoçəkiliş başlamış, bu zaman o, deyilən qaydada ona verilən 03 ədəd bükümləri təqdim etməkdən imtina etmişdir. Sonra ona bildirmişlər ki, narahat olmasın, üzərinə qoyulan maddələr az miqdardadır, külli miqdarda deyildir. Hətta bükümləri orada olan tərəzidə çəkərək ona çəkilərini göstərmişlər. Sonra o onlarla razılaşmış, sonra təkrar videoçəkiliş başlamış, o da ona deyilən qaydada bükümləri cibindən çıxardaraq təqdim etmişdir. Sonra üzərində olan 01 ədəd “İPHONE 7” markalı mobil telefonunu təqdim etmişdir. Bükümlər zərfə qoyularaq qablaşdırılmış, sonra ona sənədlərə imza etdirmişlər və oradan onu Şirvan ŞPŞ-nin MSY-nə aparmışlar. Həmin gün günortadan sonra o, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işinin istintaqının aparılmasını bilmiş və barəsində Şirvan şəhər Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. İlkin təhqiqat və istintaq zamanı vermiş olduğu izahat və ifadələrini təkzib edir, həmin vaxt qorxduğundan və polis əməkdaşları tərəfindən ona verilən yalan vədlərə inandığından elə ifadə vermişdir. Ona qarşı heç bir fiziki zor tətbiq edilməmiş, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, psixotrop maddə istifadə etməmiş, Həsrət adlı şəxsin yalnız adını bilmiş, onun barəsində başqa heç bir məlumatı olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, bu cür ifadə özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə 12 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində cinayət əməlini etiraf edərək göstərmişdir ki, bir müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 10 yanvar 2024 cü il tarixdə Bakı şəhərində olarkən "Telegram" sosial şəhəkəsində tanış olduğu Ramil adlı şəxsdən 01 büküm narkotik vasitə olan marixuana, 01 büküm narkotik vasitə olan heroin və 01 büküm psixotrop maddə olan metamfetamin almış və istifadə etmək məqsədi ilə həmin kağız bükümləri üzərində saxlamışdır. 12 yanvar 2024-cü il tarixdə saat 05:20 radələrində Şirvan şəhəri İstiqlaliyyət prospektində olarkən Şirvan ŞPŞ-nin əməkdaşları yaxınlaşıb özlərini təqdim etmişlər. Bu vaxt ona əsəbləşərək söyüş söydüyü üçün irad bildirmişlər. Bundan sonra o onlarla mübahisə etdiyi üçün onu polis şöbəsinə dəvət etmişlər. O da buna etiraz etməmiş və birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişlər. Polis şöbəsinin Tahqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil Şahid3 seçmişdir. Vəkil Şahid3 gəldikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyi təklif edildikdə o, üzərində 01 büküm narkotik vasitə olan marixuana, 01 büküm narkotik vasitə olan heroin və 01 büküm psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd kağız bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı qanunsuz heç bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Daha sonra protokollar tərtib olunmuş, o da bütün iştirakçılar kimi həmin protokollarla tanış olduqdan sonra ona imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Nadir oğlu ifadə verib göstərdi ki, 12 yanvar 2024-cü il tarixdə saat 04 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində PPXB-nin polis nəfəri Şahid2 ilə birlikdə avtopatrulda xidmətdə olarkən sonradan adının Rəşad olduğunu bildiyi bir nəfər şəxsin özünü şübhəli apardığını və yanında olan şəxslə birlikdə yolun kənarında yerləşən “OBA” marketə girdiyini görmüşlər. Həmin vaxt onlar avtomobillə yolun kənarında dayanmışlar və o, avtomobildən düşüb, “OBA” marketə girmişdir. Sonra Təqsirləndirilən şəxs yaxınlaşmış və özünü təqdim edərək, onu Şirvan ŞPŞ-yə dəvət etmişdir. Həmin vaxt o özünü şübhəli aparmağa başlamışdır. Sonra Təqsirləndirilən şəxs təkrarən polis şöbəsinə getməyi təklif etmiş, o və yanında olan şəxs onlarla birlikdə OBA marketin çölünə çıxmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs yanında olan şəxsin Şirvan şəhər sakini olduğunu və həmin yerdə qaldığını müəyyən etmişlər. Sonra həmin şəxsə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə Şirvan ŞPŞ-yə gəlmişdir. Onlar Şirvan ŞPŞ-nin Növbətçi Hissəsində təxminən 5-10 dəqiqə qalmışlar, sonra Təqsirləndirilən şəxsla birlikdə təhqiqatçının otağında getmişlər. Şirvan ŞPŞ-də Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin TB-də vəkillərin siyahısı təqdim olunmuş, siyahını nəzərdən keçirib hüquqlarını müdafiə etmək üçün vəkil seçmiş, vəkil gələnədək onlar Təqsirləndirilən şəxsla Təhqiqat bölməsində təhqiqatçının otağında gözləmişlər, vəkil gəldikdən sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmiş və təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd kağız bükümü təqdim etmiş, həmin 03 ədəd kağız bükümlərdən psixotrop maddə metamfetamin və narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmiş, şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 03 ədəd kağız bükümdə olan kütlələri İran vətəndaşı Ramil adlı şəxsdən almış və istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı üzərindən heç bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr qablaşdırılaraq möhürlənmiş, həmin vaxt protokol tərtib olunmuş, Təqsirləndirilən şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Onlar Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi qaydada 12 yanvar 2024-cü il tarixdə 04 radələrində şəhərin M.Ə.Rəsulzadə küçəsində yerləşən “OBA” marketdə saxlamışlar. Gətirilmə raportunda texniki səhv olaraq ünvan və saatı səhv yazılmış, düzgün ünvan və saat ifadəsində göstədiyi ünvan və saat olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə Şahid1 Nadir oğlunun ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş üzləşdirmə aparılmasını əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiklərini əyani olaraq Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs isə istintaq zamanı vermiş olduğu əlavə ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, müdafiəçi Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümdə narkotik vasitə heroinə bənzər kütlə, 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və 01 ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə və şalvarının sol yan cibindən 01 ədəd “İphone” markalı mobil telefon aşkar olunmuşdur. İş materiallarında olan 12 yanvar 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə, saat 06:10-də tutulmuşdur. İş materiallarında olan 12 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümdə narkotik vasitə heroinə bənzər kütlə, 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və 01 ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə və şalvarının sol yan cibindən 01 ədəd “İphone” markalı mobil telefon aşkar olunmuşdur. İş materiallarında olan 12 yanvar 2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi barədə qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan 12 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan 12 yanvar 2024-cü il tarixli, 4(032)-12/2024 saylı Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan 16 fevral 2024-cü il tarixli, 4(106)-16/2024 saylı Şirvan Apellyasiya Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Şirvan Şəhər Məhkəməsinin 12 yanvar 2024-cü tarixli, 4(032)-12/2024 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri həmin müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-də heç bir məlumat yoxdur. İş materiallarında olan 12 yanvar 2024-cü il tarixli Kompleks məhkəmə-kimyəvi və məhkəmə bioloji ekspertizasının 18/42-43 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı... ” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0,355 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir, 01 ədəd bükümdə təmiz çəkisi-0,055 qram ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi-0,12 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Heroinin təmiz çəkisi-0,355 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,305 qram. Metamfetaminin təmiz çəkisi-0,055 qram, tədqiqata sərf edildi- 0,02 qram, qalıq-0,035 qram. Marixuananın təmiz çəkisi-0,12 qram, tədqiqata sərf edildi- 0,02 qram, qalıq-0.10 qram. İş materiallarında olan 21 fevral 2024-cü il tarixli Azərbaycan Respublikası ƏƏSMNnin tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından daxil olmuş 3-17-1/2-39538/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlillik və hər hansı növ sosial ödəniş almağı barədə Nazirliyin elektron informasiya sistemində heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan 14 mart 2024-cü il tarixli Məhkəmə-narkoloji ekspertizasının 1743 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanerində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının 18 yanvar 2024-cü il tarixli 24 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan “Cəlilabad rayon Mərkəzi Xəstəxanası” X7 14 fevral 2024-cü il tarixli 18-1-32/2-227/2024 nömrəli məktubundan görünür ki, Əsmanov X4 rayon mərkəzi xəstəxanasının PHŞ-nin poliklinika şöbəsinin narkoloji və ruhi əsəb kabinetində xəstə kimi qeydiyyatda yoxdur. İş materiallarında olan Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 17 yanvar 2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, Əsmanov X4 şəhəri N.Nərimanov küçəsi 50 saylı ünvanında qeydiyyatdadır, atası X2, anası X3r. İş materiallarında olan Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə heç bir təşkilatdan şikayət xarakterli məktub daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi barədə məhkəmə iclasında bildirdiklərinə tənqidi yanaşır, onun ibtidai istintaqda özünü qismən təqsirli bilməklə üzərindən aşkar edilib götürülmüş bir bükümdə narkotok vasitə heroinin, bir bükümdə narkotik vasitə qurudulmuş marixuananın və bir bükümdə psixotrop maddə metamfetaminin ona məxsus olması barədə ifadələrini, narkotik vasitələrin və psixotrop maddənin 3 ədəd ayrı bükümlərdə olmaqla ayrı-ayrı növlərdən olmasını, ekspertiza rəylərini, o cümlədən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətlərinin aşkar edilməməsi barədə iş üzrə keçirilmiş məhkəmə narkoloji ekspertizasının rəyini, üzləşdirmə hallarını, şahid ifadələrini diqqətə alır, daxili inamını və yuxarıda sadalanan qanunvericilik normalarını, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarını rəhbər tutaraq təqsirləndirilən şəxsə qarşı düzgün ittihamın irəli sürülməsini və onun bildirdiklərinin özünümüdafiə xarakteri daşımasını hesab edir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. O həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yerindən müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əvvəllər məhkum olunmamasını, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası hədləri daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan, yəni 12 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 63 manat 90 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Ekspertiza tədqiqatının dəyəri (məhkəmə texniki və məhkəmə xəttşünaslıq ekpertizaları üzrə) – 70 manat və 124 manat məbləğində pul dövlət hesabına aid edilməlidir. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,305 qram heroin, 0,10 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0,035 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan “şəxsi axtarış aparılması haqqında” görüntünü özündə əks etdirən 01 ədəd DVD disk və “üzləşdirmə aparılması haqqında” görüntünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin. Cəzaçəkmə müddətinin əvvəli 12 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 63 manat 90 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Ekspertiza tədqiqatının dəyəri (məhkəmə texniki və məhkəmə xəttşünaslıq ekpertizaları üzrə) – 70 manat və 124 manat məbləğində pul dövlət hesabına aid edilsin. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,305 qram heroin, 0,10 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0,035 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan “şəxsi axtarış aparılması haqqında” görüntünü özündə əks etdirən 01 ədəd DVD disk və “üzləşdirmə aparılması haqqında” görüntünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №1(032)-120/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-120/2024
19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver