Məhkəmə qərarları › İş №1(032)-122/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-122/2025

23.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-122/2025 23.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 14:39-da Şirvan Şəhər Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə etmiş və gəzdirmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd soyuq silah hesab edilən bıçağı üzərində gəzdirərkən, 23 may 2025-ci il tarixdə saat 01:35-də Şirvan şəhəri, X5 küçəsində səs küy salaraq ictimai qaydanı pozan zaman Şirvan ŞPŞ-nın əməkdaşları tərəfindən nizam intizama dəvət edilməsinə baxmayaraq, irada məhəl qoymayıb öz hərəkətlərini davam etdirdiyinə görə saxlanılaraq Şirvan ŞPŞ-nin növbətçi hissəsinə çatdırılıb üzərinə baxış keçirilərkən əynindəki şalvarın kəmərinə keçirilmiş vəziyyətdə bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, tiyyəsinin üzərində “STRİDER KNİVES F45” yazısı həkk olunmuş, ümumi təyinatlı, istifadəyə yararlı soyuq silah hesab edilən ov bıçağı aşkar edilmiş və bununlda o, qanunsuz olaraq soyuq silahı əldə edərək gəzdirmişdir. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş maddi sübutlar və digər mötəbər və təkzibedilməz sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə 01:35 dəqiqədə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində Şirvan “Şirvan Astanovka” adlanan yerdə 24 saatlıq Şirvan marketə siqaret almağa gedən zaman telefonla danışarkən daha öncə spirtli içki qəbul etmiş olduğuna görə ucadan danışmış və nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşıb, nalayiq ifadələr işlətməyinə dair iradlarını bildirmişlər. Polis əməkdaşları onu Şirvan ŞPŞ-nin Növbətçi Hissəsinə dəvət etmişlər. O, könüllü olaraq Şirvan ŞPŞ-yə gəlmişdir. Növbətçi hissəyə gəldikdən sonra özünün razılığı ilə üzəri yoxlanılmışdır. Yoxlanılan zaman üzərindən bir ədəd gümüşü rəngli qatlanan bıçaq aşkar edilmişdir. Aşkar edilmiş bıçaq ondan növbətçi hissədə akt tərtib olunaraq təhvil alınmışdır. Bundan sonra Şirvan ŞPŞ-nin Təhqiqat bölməsinin təqiqatçısı Faiq İmanov tərəfindən tərtib edilmiş baxış və götürülmə aparılması haqqında protokolla bıçaq özünə təqdim edilmişdir. Fəhlə işlədiyindən işdə yemək yeyən zaman lazım olduğu üçün bıçağı üzərində gəzdirmiş, soyuq silah hesab edildiyini bilməmişdir. Bıçağı “Elit” ticarət mərkəzində tanımadığı və hal hazırda xatırlamadığı şəxsdən almışdır. Ovçuluqla məşğul olmamış və bununla bağlı Azərbaycan Respublikası Ovçular və Balıqçılar Cəmiyyətinin İctimai Birliyində qeydiyyatda deyildir. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Əlikram oğlu ifadəsində göstərmişdir ki, Şirvan şəhər polis şöbəsinin Post Patrul Xidmətinin polis serjantı Şahid3 ilə xidmətdə olarkən xx.xx.2025-ci il tarixdə 01:35 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində ucadan nalayiq ifadələr işlədən Təqsirləndirilən şəxs görmüşlər. Ona yaxınlaşaraq nizam-intizama dəvət etsələr də, buna məhəl qoymadığı üçün X7 ŞPŞyə dəvət etmişlər. Bundan sonra ŞPŞ-nin növbətçi hisəsində onun üzərində olan əşyalar saxlanılması üçün təhvil alınarkən üzərində bir ədəd bıçaq olması aşkar edilmişdir. Bıçağın soyuq silah ola biləcəyi ehtimal edilərək Sərxan Əliyev tərəfindən dərhal araşdırma aparılması üçün raportla şöbənin rəhbərliyinə məruzə edildi. X2 barəsində araşdırma aparılması təhqiqatçı, polis kapitanı Faiq İmanova həvalə edilmişdir. Faiq İmanov da Təqsirləndirilən şəxs üzərində olan əşyalara baxış keçirilməsi və götürmə aparılması haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 Əlikram oğlunun ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid1 məhkəməyə gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid1 həmin ifadəsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Əlikram oğlu və Şahid3 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişdir . Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 23 may 2025-ci il tarixli götürmə aparılması haqqında qərardan, protokoldan və aktdan görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd bıçaq aşkar olunaraq götürülmüşdür. 10 iyun 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 10 iyun 2025-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə-ballistik ekspertizasının 27 may 2024-cü il tarixli, 18/405 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqqim edilmiş bir ədəd bıçaq – zavod üsulu ilə hazırlanmış, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağıdır, istifadəyə yararlıdır, soyuq silah hesab edilir. 11 sentyabr 2025-ci il tarixli arayışdan görünür ki, Əliyev X3 AND MMC-də fəhlə peşəsində işləyir. Şirvan Şəhər Məhkəməsinin 1(032)-324/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan 4 gün çıxılaraq qəti olaraq ona 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Şirvan şəhər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci və 69.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 02 il 02 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.2023-cü il tarixdə hökm qanuni qüvvəyə minmişdir. 18 sentyabr 2025-ci il tarixli Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin məktubundan görünür ki, Şirvan Şəhər Məhkəməsinin 1(032)-324/2022 saylı, xx.xx.2022ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 02 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzası 21 iyun 2025-ci il tarixdə başa çatmışdır. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 21 iyun 2025-ci il tarixdə verilmiş 2720 saylı arayışdan görünür ki, Əliyev X4 şəhəri, Gülbala Şıxbala oğlu küçəsi, dalan 1, ev 15A ünvanında qeydiyyatdadır. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 20 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. 21 iyul 2025-ci il tarixli Şirvan Şəhər Polis Şöbəsinin verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Azərbaycan Respublikası CM-in 228.5-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş soyuq silah hesab edilən bıçağı haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində tərəflərindən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyataxtarış tədbirlərinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Məhkəmə istintaqı zamanı dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 337.1-ci maddəsinə istinad edərək vəsatət qaldırmış, ittihamın təsdiqi üçün tədqiq edilmiş sübutların kifayət etdiyini, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı əməlini etiraf etdiyini, iş materiallarından da göründüyü kimi, dindirilməmiş şahidin istintaq mərhələsində verdiyi ifadəsinin məhkəmədə dindirilmiş şahidlərin ifadəsi ilə mahiyyətcə uyğun və eyni məzmunlu olduğunu bildirmişdir. AR CMP-in 337.1.1-ci maddəsinə əsasən, məhkəmə cinayət prosesi tərəflərinin hər birini dinlədikdən sonra ittiham tərəfinin təqdim etdiyi sübutların tədqiqinin məhkəmə istintaqında baxılmış sübutlarla məhdudlaşdırılması barədə vəsatəti təmin edə bilər. İş materiallarının araşdırılmasından müəyyən olunur ki: • Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə əməlini tam etiraf etmişdir; • Məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə istintaq zamanı ifadə vermiş, lakin məhkəmə iclasına gəlməyən şahidin ifadəsi mahiyyətcə üst-üstə düşür, hadisənin eyni faktiki halları təsdiqlənir; Məhkəmə hesab edir ki, mövcud sübutlar ittihamın məhkəmədə hərtərəfli, tam və obyektiv araşdırılması üçün kifayətlidir və əlavə şahidin dindirilməsi sübutların məcmusuna yeni, əhəmiyyətli məlumat gətirməyəcəkdir. Bu səbəbdən, CMP-nin 337.1 və 337.1.1-ci maddələrinin tələblərinə uyğun olaraq, dövlət ittihamçısının verdiyi vəsatət təmin edilmiş, sübutların tədqiqi məhkəmə istintaqında baxılmış materiallarla məhdudlaşdırılmışdır. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-nin 228.5-ci maddəsinə əsasən, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla –üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 may 2005-ci il tarixli, 2 nömrəli qərarının 14-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-nin 228.5-ci maddəsində milli geyim ləvazimatı hesab olunduğu ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 6-cı bəndinə (soyuq atıcı silaha münasibətdə isə həmin maddənin 7-ci bəndinə) əsasən soyuq silahlara konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) sair kəsici-deşici və qarışıq təyinatlı silahlar (nizə, döyüş baltası, süngü və s.), habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan soyuq atıcı silahlar (atıcı bıçaq və atıcı baltalar, mizraq, arbalet, ox və s.) eləcə də zərbə-dağıdıcı təsirli əşyalar (beşbarmaqlar, nunçaklar, gürzlər, toppuzlar və s.) aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bununla da, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 23 may 2025-ci il tarixdə saat 01:35 radələrində Şirvan şəhəri, X5 küçəsində ictimai qaydanı pozaraq səs-küy salmış, polis əməkdaşlarının nizam-intizama dəvətinə məhəl qoymayaraq ŞPŞ-nin növbətçi hissəsinə gətirilmişdir. Növbətçi hissədə aparılan baxış zamanı onun üzərində, şalvar kəmərinə yerləşdirilmiş vəziyyətdə, zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, üzərində “STRİDER KNİVES F45” yazısı həkk olunmuş, ümumi təyinatlı və istifadəyə yararlı ov bıçağı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs hadisəni tam etiraf etmiş, ifadəsində bıçağı nə üçün və haradan əldə etdiyini izah etmiş, bıçağın işdə yemək kəsimi və ümumi gündəlik ehtiyac üçün lazım olduğunu, soyuq silah hesab edildiyini bilmədiyini bildirmişdir. Məhkəmə-ballistik ekspertizasının rəyində müvafiq bıçağın ümumi təyinatlı ov bıçağı olduğu, istifadəyə yararlı və soyuq silah hesab edildiyi göstərilmişdir. İşdə dindirilmiş şahidlərin məhkəmə istintaqında verdikləri ifadələri, götürmə-protokol və aktlar, eləcə də təqsirləndirilən şəxsin etirafedici ifadəsi və digər materiallar işin faktiki halları kimi qiymətləndirilmişdir. Məhkəmə qiymətləndirməsinə görə, toplanmış sübutlar, o cümlədən təqsirləndirilən şəxsin özünün verdiyi etirafedici ifadəsi, şahidlərin məhkəmə istintaqında verdiyi ifadələrinin qarşılıqlı uyğunluğu, götürmə-protokol və aktların məzmunu, eləcə də ekspert rəyi birgə nəzərə alınmaqla, hadisənin baş verməsi, bıçağın təqsirləndirilənin üzərində aşkar edilməsi və onun həmin bıçağı gəzdirməsi faktı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin etirafı, hadisə zamanı spirtli içki qəbulu ilə əlaqəli davranışları və bıçağı gündəlik zəruri məqsədlər üçün gəzdirdiyi barədə onun açıqlamaları nəzərə alınmış, lakin bu, həmin hərəkətin cinayət hüquqi tərkibini aradan qaldırmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsinin dispozitiv tələbləri və həmin maddənin tətbiqinə dair məhkəmə praktikasının norma və prinsipləri işə tətbiq edilməklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin hərəkətləri — qanunsuz olaraq soyuq silahı əldə etmə, saxlama və gəzdirmə (ovçuluq peşəsi ilə bağlı və milli geyim ləvazimatı hesab olunan hallar istisna olmaqla) — qeyd olunan normativ tərkibə uyğun gəlir və qanunvericilikdə nəzərdə tutulmuş cinayət tərkibini təşkil edir. Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin plenum pratikasında nəzərdə tutulduğu kimi, cinayət əməlini düzgün tövsif etmək, faktiki hallar ilə norma dispozisiyasının uyğunlaşdırılması və sübutların tam, hərtərəfli və obyektiv qiymətləndirilməsi təmin edilmişdir. Beləliklə məhkəmə müəyyən etmişdir ki, cinayət hadisəsi törədilmişdir, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin cinayətin törədilməsində aidiyyəti sübuta yetirilmiş, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə tövsif edilmiş, yəni təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, təqsirləndirilən şəxsin əməlində əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsin təqsiri məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzib edilməz sübutlar, sənədlər və şahid ifadələrinin məcmusunda öz təsdiqini tapan təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə tam sübuta yetirilmişdir. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsində təsbit edilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. CM-nin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 61.2-ci maddəsində müəyyən edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Aparılmış məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin törətdiyi əməldən peşmanlıq hissi keçirməsi, özünə və hərəkətlərinə tənqidi münasibət göstərməsi, yaşayış yerindən müsbət xarakterizə olunması CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar olaraq məhkəmə tərəfindən müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-nin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyini zamanı CM-nin 8.1, 41.1, 41.2 və 58.1, 58.3-cü maddələrində təsbit olunmuş ədalətlilik, fərdiləşdirmə və məqsədəuyğunluq prinsiplərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinin ictimai təhlükəlilik dərəcəsi yüksək deyil, o, törətdiyi əməli etiraf etmiş, peşmançılıq bildirmiş, yaşayış yerindən müsbət xarakterizə olunmuş və sabit iş yerinə malikdir. AR CM-nin 59.2-ci maddəsinə uyğun bu xüsusatlar cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir, AR CM-nin 61-ci maddəsi üzrə ağırlaşdıran hallar müəyyən edilməmişdir. AR Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum qərarlarında vurğulandığı kimi (o cümlədən xx.xx.1999, xx.xx.2012 tarixli qərarlar), cəza cinayətin xarakterinə və təqsirkarın şəxsiyyətinə adekvat olmalı, məhkumun islahına, sosial ədalətin bərpasına və yeni cinayətlərin qarşısının alınmasına yönəlməlidir. xx.xx.2017-ci il tarixli Prezident Sərəncamının da ruhuna uyğun olaraq cəmiyyətdən təcridetməyə alternativ tədbirlərin üstün tutulması zəruridir. Bu şərtlərdə CM-nin 49.1-49.2ci maddələrinə əsasən islah işləri cəzası — məhkumun iş yeri üzrə cəzanın çəkilməsi və qazancından qanunla müəyyən edilmiş həcmdə (5–20%) tutulma tətbiqi — cəzanın məqsədlərinə daha münasib, təqsirləndirilən şəxsin islahına real imkan yaradan, onun ailə-məişət şəraitinə həddən artıq mənfi təsir göstərməyən və törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsinə proporsional reaksiyadır. Buna görə də məhkəmə ədalətli nəticə kimi azadlıqdan təcrid etməyə nisbətən yüngül, lakin tərbiyəedici təsiri kifayət edən islah işləri cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs onun qazancından ilk tutulmalar aparıldığı vaxtdan hesablanmalı, cəzasını iş yeri üzrə çəkməlidir. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza tədqiqatının dəyəri - 57 manat 40 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan 01 ədəd soyuq silah hesab edilən üzərində “STRİDER KNİVES F45” yazısı həkk olunmuş bıçaq məhv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.5-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzanın icrası Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli onun qazancından ilk tutulmalar aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş baqşqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza tədqiqatının dəyəri - 57 manat 40 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan Şirvan şəhər Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan 01 ədəd soyuq silah hesab edilən üzərində STRİDER KNİVES F45 yazısı həkk olunmuş bıçaq məhv edilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar