Məhkəmə qərarları › İş №1(032)-123/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-123/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-123/2024 25.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 17:25-də Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs , Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində nömrəsiz evdə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “Qazel markalı” **-FZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin cərimə borcunun silinməsi üçün ona müraciət edən Zərərçəkmiş şəxs “Qazel markalı” **- FZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin cərimə borcunun silinməsi barədə yalan vəd verərək, aralarında yaranmış yaxın münasibətə görə Zərərçəkmiş şəxs ona qarşı yaranmış inam və etimadından istifadə edərək xx.xx.2024-cü il tarixdə, saat 11:45:34-də Şirvan şəhəri, H.Əliyev prospekti 10 ünvanında yerləşən “Əmin Bazar” mağazasında quraşdırılmış 140033 nömrəli terminaldan 900 manat pulu faktiki istifadəsində olan anası X1 adına "xxxx" tərəfindən verilmiş 4169 7388 0070 2403 nömrəli bank kartına köçürülməsinə nail olub həmin pulu ATM-dən çıxarmaqla şəxsi ehtiyaclarına xərcləyərək vədinə əməl etməyib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 il bundan qabaq yaxın qohumuna məxsus fermaya yük aparmaq üçün Şirvan şəhəri, G.Şıxbala oğlu küçəsində dayanan “Qazel” markalı, **-FZ-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilini görmüş və həmin avtomobilə yaxınlaşıb özünü DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşı kimi təqdim edərək özünə məxsus fermanın olduğunu və fermaya getmək üçün ona QAZ-66 markalı avtomobil lazım olduğunu bildirmişdir. Bundan sonra orada olan Zərərçəkmiş şəxs ona köməklik etmiş və ona istifadəsində olan mobil nömrələri vermiş və köməklik lazım olanda onunla əlaqə saxlamasını bildirmişdir. 2023-cü ilin dekabr ayında Mehti ona zəng vurub istifadəsində olan “Qazel” markalı, **-FZ-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinin cəriməsinin çox olduğunu, cərimələri sildirməsini xahiş etmiş, o da buna etiraz etməmişdir. Mehti ona inanmış və xx.xx.2024-cü il tarixdə istifadə etdiyi lakin, anası X1 adına olan 4169-73******2403 saylı kart hesabına ona ümumilikdə 900 manat pulu göndərmişdir. Bundan sonra Mehti ondan aldadıb aldığı pula heç bir iş görmədiyini bilib onunla bir neçə dəfə əlaqə saxlayaraq pulunu tələb etmiş və həmin vaxtlarda Zərərçəkmiş şəxs 300 manat pul qaytarmışdır. Bundan sonra Mehti ondan pulun qalanını da dəfələrlə tələb etsə də o, Mehtini müxtəlif bəhanələrlə aldatmış və Mehtinin zənglərinə cavab verməmişdir. Sonradan ona məlum olmuşdur ki, Mehti ondan Şirvan ŞPŞ-yə ərizə ilə müraciət etmişdir. Hazırda aldığı 900 manat pulu Zərərçəkmiş şəxs tam həcmdə ödəmişdir. Yekun olaraq əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və onunla barışdığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təxminən 2 il bundan qabaq özünə məxsus “Qazel” markalı, **-FZ-*** d.q.m-lı yük avtomobili ilə Şirvan şəhəri, G.Şıxbala oğlu küçəsində dayanıb sifariş gözləmişdir. Həmin vaxtı bir nəfər ona yaxınlaşmış və özünü DİN-nin BDYPİ-nin (Baş Dövlət Yol Polis İdarəsi) təqdim edərək adının Vüqar olduğunu bildirmişdir. Daha sonra həmin şəxs özünün fermasının olduğunu və fermaya getmək üçün ona QAZ-66 markalı avtomobil lazım olduğunu bildirmişdir. O da ona köməklik etmiş, Vüqar ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrini ona vermiş, köməklik lazım olandan onunla əlaqə saxlamasını bildirmişdir. 2023-cü ilin dekabr ayında ona məxsus Qazel” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin cəriməsi çox olduğundan o, həmin Vüqar adlı şəxslə əlaqə saxlayıb cərimələri sildirməsini xahiş etmiş və Vüqar da buna etiraz etməmişdir. O Vüqara inanmış və xx.xx.2024-cü il tarixdə ümumilikdə 900 manat pulu Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Əmin Bazar” adlı marketdə “Millön” ödəmə terminalı vasitəsilə Vüqarın göndərdiyi kart hesabına göndərmişdir. Sonradan Vüqarın onu aldatdığını başa düşərək onunla bir neçə dəfə əlaqə saxlayıb pulunu tələb etmiş və həmin vaxt Vüqar 300 manat pulunu qaytarmışdır. Bundan sonra bu günə qədər Vüqar onun zənglərinə cavab verməmiş, baş verənlərdən sonra o, Vüqarın ona qarşı dələduzluq etməsi qənaətinə gəlib və bu barədə Şirvan ŞPŞ-nə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Son olaraq Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını, aralarında barışıq əldə olunduğunu bildirmişdir. Məhkəmə iclasında X1 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi tədqiq edilmiş, Xavər Təhməzova həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. O, uzun müddətdir ki, xəstə olduğu üçün ona məxsus 4169 7388 0070 2403 nömrəli "xxxx" ASC-yə məxsus plastik kartını oğlu Təqsirləndirilən şəxs vermişdir ki, təqaüdü köçəndə alıb ona versin. xx.xx.2024-cü il tarixdə ona məlum olmuşdur ki, Vüqar Zərərçəkmiş şəxs 900 manat pulu aldadıb almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : xx.xx.2024-cü il tarixli şəxsin şübhəli şəxs qismində tanınması və barəsində axtarış elan olunması haqqında qərara əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tanınmış və barəsində axtarış elan olunmuşdur. xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə, saat 14:00-da Bakı şəhərində tutularaq Şirvan şəhər PŞ-nın MYS-nə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli 02 vərəqdən ibarət qəbzin ksero surətinin götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 11:45:34-də Şirvan şəhəri, H.Əliyev prospekti 10 ünvanında yerləşən “Əmin Bazar” mağazasında quraşdırılmış 140033 nömrəli terminaldan 900 manat pulun göndərilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “X2 “Ə.D.Məlikov adına X4” X2 xx.xx.2024-cü il tarixli, 18-1-18/2-279/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Ə.D.Məlikov adına X4” X6 müraciət etməmişdir. “Ə.D.Məlikov adına X4” X5 alkoqol, ruhi-əsəb və ya narkoloji kabinetdə mövcud deyildir. Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür və Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli CM-nin 128-ci maddəsi ilə cinayət təqibinə CPM-nin 73.2-ci maddəsi ilə xitam verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. CM-in 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, CM-nin 128-ci maddəsi ilə cinayət təqibinə CPM-nin 73.2-ci maddəsi ilə xitam verilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə Qanunun yuxarıda qeyd edilən müddəası tətbiq edilməklə əvvəllər (xx.xx.2021-ci il tarixli qərarla) bir dəfə xitam verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətindən bir dəfə azad edildiyindən onun barəsində CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin onunla barışmasını, ona dəymiş ziyanın tam ödənilməsini CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CMnin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxsnın barəsində Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs məhz təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 aprel 2024-cü il tarixdən 27 aprel 2024-cü il tarixədək 1 gün həbsdə saxlanılma müddəti nəzərə alınmaqla təyin edilmiş cəzası yüngülləşdirilməli və onun üzərində qəti olaraq 1000 manat cərimə cəzası saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Binəqədi rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə Zərərçəkmiş şəxs 900 manat maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1200 manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 aprel 2024-cü il tarixdən 27 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 gün müddət nəzərə alınmaqla təyin edilmiş cəzası yüngülləşdirilsin və üzərində 1000 manat miqdarda cərimə cəzası saxlanılsın. Cəzasının əvvəli hökmün icraya yönəldiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Bakı şəhəri Binəqədi rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci yoxdur. İş üzrə Zərərçəkmiş şəxs 900 manat maddi ziyanın ödənilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar