Məhkəmə qərarları › İş №1(032)-123/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-123/2025

23.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-123/2025 23.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 16:33-də Şirvan Şəhər Məhkəməsinin hakimi İmanov Əli Sərməz oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər X2 Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Qarağac kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda xeyli miqdarda, yəni 0,245 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, üzərində daşımaqla saxlamış, 19 may 2025-ci il tarixdə saat 14 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında qərar əsasında Şirvan şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən “Sərvət” şadlıq sarayının həyətində yerləşən kafeyə aid kabinetdə saxlanaraq saat 14:43-dən saat 14:51-dək üzərinin yoxlanılması zamanı əynində olan boz rəngli cins şalvarın arxa sol cibindən 01 ədəd bükümdə təmiz çəkisi-0,245 qram ağımtıl rəngli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, cinayət işinin materiallarına əlavə edilmiş maddi sübutlar və digər mötəbər və təkzibedilməz sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, internet şəbəkəsindən istifadə edərək tanımadığı şəxsdən psixotrop maddə metamfetamin əlıdə etmək üçün sifariş vermiş və həmin şəxs psixotrop maddə metamfetamini Şirvan şəhər X3 yaxınlığına atmış, 19 may 2025-ci il tarixdə o, həmin psixotrop maddəni oradan götürərək əldə etmişdir. Ardınca “Sərvət” şadlıq sarayının yan tərəfdə yerləşən kabinetlərindən birinə girmiş və kabinetdə tək olmuş, həmin bükülünü açmış və içərisində psixotrop maddə metamfetamin olmasını görmüş, sonra bükümü cibinə qoymuşdur. O, kabinetdə olan zaman içəri polis əməkdaşları girərək özlərini təqdim etmişlər və ona üzərində psixotrop maddə saxlamaqda şübhəli olduğunu bildirmişlər. Sonra üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı əynində olan şalvarının arxa sol cibindən 1 ədəd büküm aşkar edilmişdir. Bundan sonra üzərindən aşkar edilmiş bükümə baxış keçirilmiş, bükümün içərisindən psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmiş, şifahi suallara cavab olaraq bükümün ona məxsus olmasını, yerdən tapdığını, istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilsə də, üzərindən heç bir qanunsuz əşya, predmet və ya başqa vasitə aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar edilmiş 1 ədəd kütlə müvafiq qaydada qablaşdırılmış və zərf möhürlə bağlanmışdır. Zərfin üzərinə o və polis əməkdaşları imza etmişlər. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Şirvan Şəhər Polis Şöbəsinə gəlmiş, polis şöbəsində üzərində keçirilmiş baxışla bağlı müvafiq protokol tərtib edilmiş, o, həmin protokolla tanış olaraq imza etmişdir. Bundan sonra o, PŞ-nin İstintaq bölməsinə aparılmış, müdafiəçinin iştirakı ilə aşkar edilmiş kütləyə onun iştirakı ilə baxış keçirilmiş və baxış zamanı aşkar edilmiş kütlə elektron tərəzi vasitəsi ilə çəkilərək təkrarən qablaşdırılmışdır. Qablaşdırılmanın protokollaşdırılması ilə tanış olaraq oraya imza etmiş, ondan başqa digər itirakçılar da imza etmişlər. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, saxlanılarkən və polis şöbəsinə gətirildikdən sonra ona qarşı fiziki və ya psixi təsir olunmamışdır. Hazırda əməlindən peşmandır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 19 may 2025-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Sabirabad rayon sakini Əliyev X9 şəhəri ərazisində üzərində qanunsuz olaraq psixotrop maddə saxlamaqla məşğul olur. Bununla bağlı Şirvan şəhər PŞ-nin rəhbərliyinə müraciət edilmiş, təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə müvafiq qərar qəbul edildikdən sonra həmin qərar əsasında əməliyyat axtarış qrupu yaradılmışdır. 19 may 2025-ci il tarixdə saat 14 radələrində videoçəkilişlə xidməti avtomobillərlə Şirvan şəhəri, T.İsmayılov küçəsinə gəlmişlər və həmin küçədə yerləşən “Sərvət” şadlıq sarayının həyətində yerləşən kafenin həyətinə daxil olmuşlar və girişdən sağ tərəfdə yerləşən ikinci otağa daxil olmuşlar, həmin vaxt otaqda Təqsirləndirilən şəxs saxlamışlar və ona özlərini təqdim edərək, saxlanılma səbəbini izah etmişlər. Bundan sonra sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirmişlər, baxış zamanı onun əynində olan boz cins şalvarın arxa sol cibindən 01 ədəd bükümdə ağ rəngli maddə olan kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu, tapdığını və özü istifadə etməsi məqsədi ilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya, predmet, narkotik vasitə ya psixotrop maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə zərfdə qablaşdırılaraq götürülmüşdür. Saxlanılan şəxs Təqsirləndirilən şəxs tərəflərindən Şirvan Şəhər Polis Şöbəsinə gətirilmiş, polis şöbəsində keçirilmiş əməliyyat tədbirinə dair müvafiq protokol tərtib edilmiş və protokolu o və digər iştirakçılar imzalamışlar, sonra əməliyyat tədbirini özündə əks etdirən videogörüntü 1 ədəd DVD diskə köçürülmüş, bundan sonra raportla şöbə rəhərliyinə müraciət edilmiş, raporta 1 ədəd zərfdə olan kütlə, əməliyyat tədbiribini özündə əks etdirən protokol və 1 ədəd DVD diskdə olan videogörüntü əlavə edilmişdir. Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid2 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. Şahid2 həmin ifadəsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 19 may 2025-ci il tarixli “Əməliyyat axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, binaya daxil olma və baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 may 2025-ci il tarixdə saat 14 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən Şirvan şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən “Sərvət” şadlıq sarayının həyətində yerləşən kafeyə aid kabinetdə saxlanaraq saat 14:43-dən saat 14:51-dək üzərinin yoxlanılması zamanı əynində olan boz rəngli cins şalvarın arxa sol cibindən 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. 19 may 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyaya baxış keçirilməsi və onların götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1 ədəd büküm açılarkən içərisində kristallik formada psixotrop maddə olan metanfetaminə bənzər kütlə aşkar edilmişdir. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəyə oxşar kütləni tapdığını, şüşə dedikləri vasitəyə aid olduğunu, bir neçə aydır ki, həmin maddədən istifadə etdiyini bildirmişdir. Aşkar edilmiş kütlə qablaşdırma ilə birlikdə elektron tərəzidə ölçülmüş və çəkisi 0,35 qram təşkil etmişdir. Həmin büküm içərisi boş olan 1 ədəd ağ zərfdə qablaşdırılaraq möhürlənmiş və istirakçılar tərəfindən imzalanmışdır. 19 may 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 may 2025-ci il tarixdə, saat 17:10-da şübhəli şəxs qismində tutulmuşdur. 21 may 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. 21 may 2025-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 5(032)-148/2025 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət əlaqələrinin müəyyən edilməsi, cinayət işinin istintaqının hərtərəfli, tam, obyektiv aparılmasını təmin etmək məqsədi ilə ***-***-**-** saylı mobil nömrələrə 18 may 2025-ci il tarixdən 20 may 2025-ci il tarixədək daxil olan və çıxan zənglərin, cavablandırılmamış zənglərin siyahısının, zəng edən abunəçilərin anket məlumatlarının, daxil olan və çıxan SMS-lərin mətnlərinin və həmin tarixlərdə yuxarıda göstərilən mobil telefon nömrəsinin və həmin nömrəyə zəng etmiş telefon nömrələrinin anten dairəsini əks etdirən məlumatlar "xxxx" MMC-dən əldə edilməsi qərara alınmışdır. 01 avqust 2025-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin məktubuna əlavə edilmiş bir ədəd diskə baxış keçirilmiş, telefon danışıqlarına dair məlumatlar təhlil olunarkən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədə narkotik vasitələrin və ya psixotrop maddələrin alğı-satqısına dair SMS məlumatları aşkar olunmamışdır. Məhkəmə-kimyəvi ekspertizasının 20 may 2025-ci il tarixli 18/401 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs üzərindən... ” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0,245 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi-0,245 qr, tədqiqata istifadə olundu-0,05 qr, qalıq-0,195 qr. Məhkəmə-narkoloji ekspertizasının 05 iyun 2025-ci il tarixli 3358 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanerində profilaktik qeydiyyata alınması məsləhət görülür. Verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan ŞPŞ-nin 01 avqust 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib-etməməsi, psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması və psixotrop maddələri hardan ve kimdən əldə edib-etməməsi istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Məhkəmə-tibbi ekspertizasının 20 may 2025-ci il tarixli, 291 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sabirabad rayon İcra Hakimiyyəti Minbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 23 may 2025-ci il tarixdə verilmiş arayışdan görünür ki, Əliyev X5 RİHB-nin Minbaşı kənd İƏD üzrə nümayəndəliyinin Qarağac kəndində yaşayır. Ailə tərkibi arvadı xx.xx.1987-ci il təvəllüdlü X6, qızı xx.xx.2017-ci il təvəllüdlü X7 və oğlu xx.xx.2019-cu il təvəllüdlü X4 ibarətdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X8 adlı iki övladı vardır. Sabirabad rayon İcra Hakimiyyəti Minbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, o, Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Minbaşı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qarağac kəndində yaşayır. Sabirabad rayon Qarağac kəndində yaşadığı dövrdə özünü nümunəvi aparmağa çalışmış, ictimai işlərdə fəallıq göstərmişdir. Ünsiyətcildir, sakinlərlə mehriban, mülayım davranır. Mənfi xarakterizə olunan hərəkətləri müşahidə olunmamışdır. 2-ci Qarabağ müharibəsi veteranidır, medallarla təltif olunmuşdur. Sabirabad rayon İHB-nin Minbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə Təqsirləndirilən şəxs barəsində bu vaxta qədər heç bir şikayət və ərizə daxil olmamışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Sabirabad rayon Mərkəzi Xəstəxanası” X11 07 iyul 2025-ci il tarixli 18-1-70/3- 518/2025 nömrəli məktubundan görünür ki, Əliyev X5 RMX-nin ruhi əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Medalının Vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Məhkəmə istintaqında əməliyyat axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, binaya daxil olma və baxış keçirilməsi və əşyaların götürülməsinə dair videogörüntüləri əks etdirən diskə baxış keçirilmişdir. Videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs 19 may 2025-ci il tarixdə saat 14 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən Şirvan şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən “Sərvət” şadlıq sarayının həyətində yerləşən kafeyə aid kabinetdə saxlanaraq saat 14:43dən saat 14:51-dək üzərinin yoxlanılması zamanı əynində olan boz rəngli cins şalvarın arxa sol cibindən 01 ədəd bükümdə psixotrop maddə metamfetamin bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyaya baxış keçirilməsi və onların götürülməsinə dair videogörüntüləri əks etdirən diskə baxış keçirilmişdir. Videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1 ədəd büküm açılarkən içərisində kristallik formada psixotrop maddə olan metanfetaminə bənzər kütlə aşkar edilmişdir. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəyə oxşar kütləni tapdığını bildirmişdir. Aşkar edilmiş kütlə qablaşdırma ilə birlikdə elektron tərəzidə ölçülmüş və çəkisi 0,35 qram təşkil etmişdir. Həmin büküm içərisi boş olan 1 ədəd ağ zərfdə qablaşdırılaraq möhürlənmiş və istirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 337.1-ci maddəsinə istinad edərək vəsatət qaldırmış, ittihamın təsdiqi üçün tədqiq edilmiş sübutların kifayət etdiyini, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı əməlini etiraf etdiyini, iş materiallarından da göründüyü kimi, dindirilməmiş şahidin istintaq mərhələsində verdiyi ifadəsinin məhkəmədə dindirilmiş şahidin ifadəsi ilə mahiyyətcə uyğun və eyni məzmunlu olduğunu bildirmişdir. AR CMP-in 337.1.1-ci maddəsinə əsasən, məhkəmə cinayət prosesi tərəflərinin hər birini dinlədikdən sonra ittiham tərəfinin təqdim etdiyi sübutların tədqiqinin məhkəmə istintaqında baxılmış sübutlarla məhdudlaşdırılması barədə vəsatəti təmin edə bilər. İş materiallarının araşdırılmasından müəyyən olunur ki: • Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə əməlini tam etiraf etmişdir; • Məhkəmədə dindirilmiş şahidin ifadəsi ilə istintaq zamanı ifadə vermiş, lakin məhkəmə iclasına gəlməyən şahidin ifadəsi mahiyyətcə üst-üstə düşür, hadisənin eyni faktiki halları təsdiqlənir; Məhkəmə hesab edir ki, mövcud sübutlar ittihamın məhkəmədə hərtərəfli, tam və obyektiv araşdırılması üçün kifayətlidir və əlavə şahidin dindirilməsi sübutların məcmusuna yeni, əhəmiyyətli məlumat gətirməyəcəkdir. Bu səbəbdən, CMP-nin 337.1 və 337.1.1-ci maddələrinin tələblərinə uyğun olaraq, dövlət ittihamçısının verdiyi vəsatət təmin edilmiş, sübutların tədqiqi məhkəmə istintaqında baxılmış materiallarla məhdudlaşdırılmışdır. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub- olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. İstər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli qanununun lİ siyahısının 118-ci bəndində metamfetaminin məsuliyyətə cəlb etməyə imkan verən çəkisi xeyli miqdar olaraq 0,15 qramdan 2 qramadək müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bununla da, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən xeyli miqdarda psixotrop maddəni əldə edib, daşımaqla saxlamışdır. Beləliklə məhkəmə müəyyən etmişdir ki, cinayət hadisəsi törədilmişdir, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin cinayətin törədilməsində aidiyyəti sübuta yetirilmiş, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş, yəni təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, təqsirləndirilən şəxsin əməlində əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsin təqsiri məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzib edilməz sübutlar, sənədlər və şahid ifadələrinin məcmusunda öz təsdiqini tapan təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə tam sübuta yetirilmişdir. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsində təsbit edilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin üzərinə islah olunmasına kömək edən qanundan irəli gələn vəzifələr qoyulur. CM-nin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 61.2-ci maddəsində müəyyən edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Aparılmış məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin törətdiyi əməldən peşmanlıq hissi keçirməsi, özünə və hərəkətlərinə tənqidi münasibət göstərməsi, əvvəllər məhkum olunmaması, “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmasını CM-in 59.2 və himayəsində iki azyaşlı övladının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar olaraq məhkəmə tərəfindən müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-nin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə işin yuxarıda sadalanan obyektiv halları, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun islah olunmalı şəxs olmasını, cəzanın yüngülləşdirici hallarını və ağırlaşdıran halların olmamasını, cəzanın məqsədini, təqsirləndirilən şəxsə tətbiq olunacaq cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olması hallarını, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan xüsusatları, şəxsin cinayət məsuliyyətinə cəlb etməyə imkan verən psixotrop maddə metamfetaminin çəkisinin yuxarıda göstərilən qanunla müəyyən edilmiş minimum çəkiyə yaxın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 may 2025-ci il tarixdən 21 may 2025-ci il tarixədək həbsdə olduğu 02 gün müddət 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalı, üzərinə Sabirabad rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Sabirabad rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza tədqiqatının dəyəri - 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,195 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, binaya daxil olma, baxış keçirilməsi, əşyaların götürülməsi və götürülmüş əşyalara baxış keçirilməsi barədə görüntünü əks etdirən 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 may 2025-ci il tarixdən 21 may 2025-ci il tarixədək şübhəli şəxs qismində həbsdə olduğu 02 gün müddət 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Sabirabad rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Sabirabad Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri - 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,195 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, binaya daxil olma, baxış keçirilməsi, əşyaların götürülməsi və götürülmüş əşyalara baxış keçirilməsi barədə görüntünü əks etdirən 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar