Məhkəmə qərarları › İş №1(032)-124/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-124/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-124/2024 09.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 12:50-də Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 26 dekabr 2023-cü il tarixdə Sabunçu rayon Məhkəməsinin qərarı ilə 01 (bir) ay 16 (on altı) gün müddətə vaxtından əvvəl şərti azad edilmiş, cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Şirvan şəhəri Fariz Eynullayev küçəsində yerləşən yataqxanada yaşamış, həbsetmənin əvvəli 01 mart 2024-cü il tarixdən hesablanmaqla barəsində Şirvan şəhər Məhkəməsinin 02 mart 2024-cü il tarixli qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq xeyli miqdarda, yəni 0,684 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edərək əynində olan boz rəngli şalvarının sağ yan cibində saxlamaqla daşımış və 01 mart 2024-cü il tarixdə, saat 13:00 radələrində Şirvan şəhər polis şöbəsinin Cinayət-Axtarış bölməsinin əməkdaşları tərəfindən Şirvan şəhəri, Heydər Əliyev prospektində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman üzərində qanunsuz saxladığı həmin çəkidə psixotrop maddə olan metamfetamin əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə və psixotrop maddə istifadəçisidir. 01 mart 2024-cü il tarixdə, saat 09 radələrində yaşadığı yataqxananın küçəsində piyada gəzən zamanı yerdə sellofan bükümün olduğunu görmüş, diqqətini cəlb etdiyindən həmin bükümü yerdən götürmüş, bükümün içərsinə baxan zaman psixotrop maddə olan metamfetamin olduğunu görmüş, həmin bükümü sonradan özü istifadə etmək məqsədi ilə cibinə qoymuşdur. Həmin bükümdə olan psixotrop maddədən istifadə etməmişdir. 01 mart 2024-cü il tarixdə, saat 13 radələrində Şirvan şəhəri, Heydər Əliyev prospektində piyada hərəkətdə olduğu zaman bir neçə nəfər polis əməkdaşı ona yaxınlaşmış, özlərini təqdim edib üzərində narkotik vasitə və ya psixotrop maddə olması barədə onlara məlumat daxil olduğunu bildirmişlər. Onu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Etiraz etməmiş, polis əməkdaşları ilə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil seçmiş, vəkil gəldikdən sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyi təklif etdikdə, üzərində psixotrop maddə olan metamfetaminin olduğunu bildirmişdir. Sonra əynində olan şalvarının cibindən 01 ədəd sellofan bükümü təqdim etmiş, həmin bükümün içərsində psixotrop maddə olan metamfetaminin olmasını bildirmişdir. Həmin büküm onun və şəxsi axtarışda iştirak edən şəxslərin iştirakı ilə açıldıqda içərsində psixotrop maddə olan metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Polis əməkdaşları ona həmin bükümü haradan əldə etdiyini soruşduqda həmin bükümü Şirvan şəhəri, Fariz Eynullayev küçəsindən yerdən tapdığını bildirmişdir. Üzərindən aşkar olunmuş psixotrop maddə elektron tərəzidə çəkilmiş, həmin psixotrop maddənin 0,75 qram olduğu müəyyən edilmişdir. Sonra əynində olan şalvarının sol yan cibindən özünə məxsus olan “Redmi” markalı mobil telefonu təqdim etmiş, polis əməkdaşı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən qanunsuz əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamin 01 ədəd zərfdə qablaşdırılmış, zərfin ağzı möhürlənmiş, o və digər iştirakçılar zərfin üzərinə imzalamışlar. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, lakin narkotik vasitə və psixotrop maddə istifadə etmişdir. Polis şöbəsinə gətirilərkən və ya polis şöbəsində olduğu zaman ona qarşı hər hansı bir qanunsuz hərəkətə yol verilməmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin Uçot- Qeydiyyat və Statistik Qrupunun kiçik inspektor Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Şirvan ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 icraatına Şirvan şəhəri, 1 May küçəsi, ev 138-də qeydiyyatda olmaqla, Şirvan şəhəri, Fariz Eynullayev küçəsində yerləşən yataqxanada yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri üzərində saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmadan Təqsirləndirilən şəxs üzərində axtarış aparılması zərurəti yaranmışdır. Şirvan ŞPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 və CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 Tağı oğlu və Şirvan ŞPŞ-nin TB-nin təhqiqatçısı İsmail Qasımov tərəfindən Təqsirləndirilən şəxs yeri müəyyən edilərək xx.xx.2024-cü il tarixdə, saat 13:00 radələrində Şirvan şəhəri Heydər Əliyev prospektində saxlanılıb şəhər polis şöbəsinə gətirilmişdir. Şəhər polis şöbəsinin inzibati binasının otaqlarının birində saat 13:50-dən 14:05-ə qədər olan müddət ərzində videoçəkiliş vasitəsilə vəkilin, CAB-ın əməliyyat müvəkkili Şahid2 və CAB-ın əməliyyat müvəkkili Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sağ yan cibindən bir ədəd sellofan büküm təqdim etmiş, həmin bükümün içərsində psixotrop maddə olan metamfetaminin olmasını bildirmişdir. Daha sonra əynində olan şalvarının sol yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefon çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılıb içərisinə baxış keçirildikdə içərisindən psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə tərəfindən şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd kağız bükümdə psixotrop maddəyə bənzər maddə ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, həmin protokol iştirakçılar, o cümlədən vəkil və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirlən zaman video görüntü Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X5 tərəfindən video kamera vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahidlər Şahid3 Tağı oğlu və Şahid2 məhkəməyə gəlmədiklərindən onların ibtidai istintaqda verdiyi ifadələri elan olunmuş, onlar həmin ifadələrində Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, müdafiəçi X3 iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin 1 ədəd sellofan bükümün içərisindən psixotrop maddə olan metamfetamin olduğu müəyyən olunmuş, şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 1 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamindir və istifadə etmək üçün üzərində saxlamışdır. Elektron tərəzi vasitəsilə həmin psixotrop maddəyəbənzər kütlə çəkilən zaman onun çəkisinin 0,75 qram olması müəyyən olunmuşdur. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində əynində olan boz rəngli idman şalvarının sol yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefon aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı üzərindən heç bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. İş materiallarında olan: 01 mart 2024-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokol və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs hüquqları 01 mart 2024-cü il tarixdə, saat 13:00-da məhdudlaşdırılmış, 01 mart 2024-cü il tarixdə, saat 13.40-da şübhəli şəxs qismində tutulmuşdur. 01 mart 2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan boz rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və təqdim etdiyi sellofan bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 01 mart 2024-cü il tarixli, 3-16-16/2-18/228 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs üzərindən….” sözləri yazılmış kağız paketdəki 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,684 qram olan maddə psixotrop maddə olan metamfetamindir. 02 mart 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Şirvan şəhər Məhkəməsinin 4(032)-53/2024 saylı, 02 mart 2024-cü il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 01 mart 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər polis şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetamini haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir məlumat əldə olunmamışdır. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X6 xx.xx.2024-cü il tarixli, 18-1-35/2-737/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-in poliklinika şöbəsinin psixonevroloji kabinetində qeydiyyatda yoxdur. Məhkəmə-narkoloji ekspertizasının 11 may 2024-cü il tarixli, 3186 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, eləcə də Təqsirləndirilən şəxs barəsində Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 26 dekabr 2023-cü il tarixdə Sabunçu rayon Məhkəməsinin qərarı ilə 01 (bir) ay 16 (on altı) gün müddətə vaxtından əvvəl şərti azad edilmiş, cəza müddəti başa çatmışdır. Hər iki məhkumluğu ödənilməmişdir. Şirvan şəhər Məhkəməsinin 4(032)-125/2024 saylı, 24 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 (bir) ay olmaqla, yəni 01 iyul 2024-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin xx.xx.2024-cü il tarixli 110№-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən şəthində heç bir xəsarət aşkar olunmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,684 qram təşkil etmişdir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın İİ siyahının 118-ci qrafasına əsasən həmin miqdar xeyli miqdar təşkil etməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin residivi təhlükəli sayılır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 26 dekabr 2023-cü il tarixdə Sabunçu rayon Məhkəməsinin qərarı ilə 01 (bir) ay 16 (on altı) gün müddətə vaxtından əvvəl şərti azad edilmiş, cəza müddəti başa çatmışdır. Hər iki məhkumluğu ödənilməmişdir. Hazırda Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivi mövcuddur. Məhkəmə bu halı Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlində cinayətin residivinin olmasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 01 mart 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nın 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri - 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsinin maddi subutların saxlanılıması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,634 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 01 mart 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nın 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri - 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,634 qram psixotrop maddə metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar